Modern.az

Azərbaycan kinosunun ƏCNƏBİ QƏHRƏMANLARI: “Mən mahnı qoşuram”ın məşhurlaşdırdığı rus qızı

Azərbaycan kinosunun ƏCNƏBİ QƏHRƏMANLARI: “Mən mahnı qoşuram”ın məşhurlaşdırdığı rus qızı

Mədəni̇yyət

29 Mart 2014, 11:53

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.

Modern.az saytı “Azərbaycan kinosunun əcnəbi qəhrəmanları” adlı rubrikasında oxuculara milli filmlərimizdə əsas rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir. 


1979-cu ildə lentə alınmış “Mən mahnı qoşuram” filmi Azərbaycan kino tarixində özünəməxsus yeri və rolu olan ekran əsəridir. Rejissorlar. Kənd dəyirmançısının qızı Sona gözəl mahnılar oxuyur. Bakıdan gələn musiqi müəllimi bu qızı özü ilə şəhərə aparmaq, musiqi məktəbində oxutdurmaq istəyir. Qızın atası isə uşağını həkim görmək arzusundadır. “Qız hara, müğınnilik hara deyən daş atıb, başını tutan ata onun yanına gəlmiş müəllim həyətindən qovur. Amma sonda kənd camaatının təkidi və qızın istəyi ilə nəhayət ata nəinki razılıq verir, hətta uşağını özü Bakıya oxumağa aparır.

Filmin ssenari müəllifləri İbrahim İbrahimov, Tofiq İsmayılovdur. Tofiq İsmayılov həm də bu ekran əsərinin quruluşçu rejissorudur.

Filmdə maraqlı aktyor heyəti çıxış edib. Onlardan biri də baş qəhrəman olan Sonanı canlandırmış rus aktrisa
Olqa Sergeyevna Rojdestvenskayadır; 

Olqa Sergeyevna Rojdestvenskaya (məşhur müğənni Janna Rojdestvenskayanın qızı) 6 avqust 1969-cu ildə Rusiyanın Saratov şəhərində mədəniyyət xadimlərinin ailəsində doğulub. Onun atası Sergey Akimov musiqiçi (barabançı) olub. Olqa doğulandan sonra isə ata-anası müxtəlif səbəblərdən yola getməyərək, boşanıblar.

Olqa ağlı kəsəndən sonra atasını bircə dəfə, 14 yaşı olanda görüb. Və indiyədək də atasının sonrakı taleyindən xəbərsizdir. 


Valideynləri boşanandan sonra Olqa Rojdestvenskaya babası və nənəsinin yanında böyüyüb.

Olqanın kino aləmi ilə ilk tanışlığı 1977-ci ildə ekranlara çıxan "Qırmızıpapaq haqqında” bədii filmində Qırmızıpapağın və 1979-cu ildə ekranlara çıxan "Qız və delfin” multfilmində qızın mahnılarını ifa etməklə baş tutub.  Daha sonra onu 1979-cu ildə "Azərbaycanfilm” kinostudiyasının çəkdiyi "Mən mahnı qoşuram” tammetrajlı bədii filmində Sona rolunda çəkiblər. Sona roluna görə Olqa Rojdestvenskaya keçmiş SSRi məkanında əməlli-başlı məşhurlaşıb, tanınıb. Bu, həm də onun kinoda ilk və yeganə roludur.
Bundan başqa o, kinorejissorlardan təklif almayıb.

Yeri gəlmişkən, "Mən mahnı qoşuram” filminin azərbaycanca variantının neqativi bərbad halda olduğu üçün Azərbaycan Televiziyasında filmin azərbaycanca variantındakı səsləri rus variantına köçürərək filmi bərpa ediblər. Film 1-ci kateqoriyaya layiq görülüb.

Qeyd etdiyimiz kimi, O.Rojdestvenskaya məhz uşaq vaxtı bədii və multfilmlərdə kadrarxası ifa etdiyi mahnılara görə məşhurlaşıb.

1988-ci ilin əvvəlində Olqa musiqiçi Arkadi Martınenkoya ərə gedib. Elə həm ildə onların oğlu dünyaya gəlib və buna görə Olqa oxuduğu təhsil müəsisəsini atmağa məcbur olub. Beləliklə də o, peşəkar müğənni ali təhsili ala bilməyib.

1998-ci ildən başlayaraq Olqa Rojdestvenskaya Moscow Grooves Institute proyekti ilə əməkdaşlıq edir. Bununla yanaşı, o, anası, müğənni Janna Rojdestvenskaya ilə bir sıra mahnıların yazılmasında, reklam roliklərinin çəkilməsində  iştirak edib.

Bu gün də Rusiya telekanallarında yayımlanan bəzi reklamların səsləndirilməsi Olqa Rojdestvenskaya ilə bağlıdır. O, 1994-cü ildən bəri reklam roliklərinin səsləndirilməsində iştirak edir.

2009-cu ildə Olqa Rojdestvenskaya mədəniyyət sahəsindəki xidmətlərinə görə “Qızıl orden”lə təltif olunub.

45 yaşlı Olqa Rojdestvenskaya bu gün həm də vokalçılıq fəaliyyətini davam  etdirir. 










A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir