Modern.az

İstefa verən Mahmudəli Çöhrəqanlı: "İranda dəyişiklik üçün Amerika ordusuna ehtiyacımız yoxdur"

İstefa verən Mahmudəli Çöhrəqanlı: "İranda dəyişiklik üçün Amerika ordusuna ehtiyacımız yoxdur"

3 İyun 2010, 11:21

Bir neçə gün öncə Güney Azərbaycan Milli Oyanış Hərəkatının sədrliyindən istefa edən, hazırda ABŞ-da yaşayan Mahmudəli Çöhrəqanlı “Türküstan” qəzetinə müsahibə verib. Modern.az saytı müsahibəni təqdim edir. 

- Mahmudəli bəy, ABŞ-da yaşadığınızı bilirik, amma hansı ştatda, hansı şəhərdə...

- Mən ABŞ-ın başkəndi Vaşinqtonun 15 km uzaqlığında,  Vircinia ştatının Fiarfax şəhərində yaşayıram.

- Ailə üzvlərinizin hamısı yanınızdadır, yoxsa Təbrizdə qalanları var?

- Çoxu burdadır, Təbrizdə qalanlar da var. 

- Soruşmaq bəlkə bir qədər doğru çıxmır, yaşayışınız, dolanışığınız necədir?

- Ailə üzlərinin çalışması ilə, Vətən və Milləti saymayıb bilməyənlərə möhtac olmadığımıza şükür edirik.

- Artıq 8-9 ildir Amerikadasınız. Uyğunlaşmısınızmı oranın mühitinə?

- Yox, hər tür özgürlük və azadlıqlara baxmayaraq sanki ev dustağı həyatı yaşamaqdayıq, buralar bizlər üçün deyilmiş ay qardaş. Dünyanı dəyişməm Təbrizimin küçələrində yelin qaldırdığı toz topraqlara, keşkə buralara qədər gəlib çatsaydı, gözlərimizi sürmələyərdik işıqlansın deyə, vətənin toz topraqları ilə.

- Son illər siyasi fəaliyyətiniz duyulmur. Yoxsa, birdəfəlik mücadiləyə əlvida dediniz?

- Milli mücadiləyə girdiyim andan, bir gün belə bü mübarizə meydanından uzaq olmamışam. Bu yola əlvida demək, milli namusu təcavüzkar fars faşizminə tapşırmaq deməkdir. Ulusal namusunu təcavüzkarlara tapşıranlara nə deyəllər, hamımız yaxşı bilirik. İnşallah onlardan olmamışıq və heç zamanda olmayacağıq. Bizim çalışmalarımız bir gün belə dayanmayıb və günü gündən milli hərəkatımız güclənməkdədir. Mücadilənin bir bölümü zatən qıraqdan duyulmaz. Məncə sönük el ocağına gərəkən alışıq və odun toplanmışdır, önəmli olanda o alışıq və odunları yığmaqdır. Dərin baxsanız ocaq düşmənin kökünü yandıracaq qədər pörtmüşdür.

Mənim missiyam bəlkə də yalnız ocağa gərəkən odunu yığaraq alovlandırmaq və bir də onu yanar saxlayaraq, hərarətini bütün dünyaya səpələnmiş soydaşlarımıza çatdırmaqmış. Qalanını da həm bizlər, həm də millətimizin doğaraq bəslədiyi və mənim kimilərə dərs verə biləcək qədər güclü liderlər yürüdəcək bəlkə də...

Heç unutmayaq ki, Güneydə qurtuluş prosesi çox gözəl və dərin yürüməkdədir. Biz zatən tam başarı ilə bir böyük devrim yapmışıq. O da əriyib bitmə halında olan 35 milyon toplumun böyük bir kəsimini oyadaraq millətləşdirmək devrimidir. Məncə Güneydə bu proses Quzeydən və hətta Türkiyədən də dərin və sağlam bir şəkildə sona ərmişdir, İndi Güneydə olan ulusal bilinc, milli şüur nə Quzeydə var  nə də Türkiyədə.

- Təbrizdən ayrılmağınızdan 10 ilə yaxın vaxt keçir. Bu 10 ilin kəsiyində geriyə dönüb baxanda, ölkədən çıxmaq qərarınızı haqlı sayırsınız, yoxsa əksini düşünürsünüz?

- Vətəndən ayrılmaq və qürbətlərdə mübarizəni davam etmək, milli hərəkatımızın tarixi zərurətindən doğan bir qərarıdır. Bu zərurət ortadan qalxarsa və yenidən Güneydə olmağım gərəkərsə, zaman qaçırmadan geri dönərəm. Bu dönüş olacaq. Ancaq zamanını milli mənfəətlərimiz təyin edəcək.

- Təbrizlə bağlı yaşantılarınızda daha çox xatırladığınız nədir?

- Qardaşım, sirdaşım və silahdaşım mühəndis Qulamrıza Əmani ilə olan xatirələr. Təbrizdəki evimdə millətçilərlə görüşlərim və onlarla gülüb ağlaşmalarım. Məhkəmə, zindan və ardıca ölüm orucu tutduğum günlər. Və bunlara bənzər çoxlu dəyərli xatirələr.

- Güney Azərbaycandakı milli hərəkatın hazırkı durumunu necə qiymətləndirirsiniz?

- Milli hərəkət illər çalışmadan sonra millətimiz içində özünə yer açıb. Artıq bu gün Güney Azərbaycanda millətçilik ən üstün söyləmə çevrilib. Hər an bu hərəkatın gücü artmaqdadır və hər gün millətimiz arasında daha artıq yayğınlaşmaqdadır.

- İranda keçirilən son prezident seçkisində "yaşıl hərəkat" deyilən bir cərəyan yarandı və hazırda da fəaliyyətdədir. "Yaşıl hərəkat"a, onun lideri Mirhüseyn Musəviyə münasibətinizi bilmək istərdik.

- Yaşıl hərəkat bir neçə yönlü siyasi qrupu birləşdirib. Durumun dəyişməsi ilə hədəflərinə çatmaq istəyirlər. Yaşıl hərəkatın görünən liderləri İran İslam Cumhuriyyətini qorumaq üçün bir sıra dəyişmə və islahatın gərəkli olduğunu ortaya qoysa da, yaşıl hərəkatda rejimi tam devirmək istəyən qüvvələr də çalışmaqdadır. Ancaq burada başlıca bir məsələ var. O da artıq indiki sistemin ömrünün bitməsidir. İranda monarxiyanın, istibdad və istismarın din pərdəsi altında sürülməsi artıq dözülməz olub. İllərdir ki, İran deyilən ölkədə fars olmayan millətlər bu duruma qarşı etirazlarını bildirirlər. Bu gün isə artıq fars milləti də öz hakimiyyətini demokratlaşdırmaq istəyir. İrandakı hakim millətin demokratlaşması özü müsbət bir hərəkət olsa da, neçə illik şovinist təbliğatı altında tərbiyə alan fars millətinin demokratiya anlayışı kölgə altındadır. Əgər onlar Azərbaycan türklərinin millət olaraq haqlarını tanımazlarsa, bir araya gəlməyimiz mümkün olmayacaq. Bunu millətimiz "yaşıl hərəkat"a susqun yanaşması ilə də ortaya qoydu.

- Güney Azərbaycanla təmaslarınız hansı səviyyədədir?

- Oradan çıxandan bugünədək orqanik ilişkilərimiz qırılmayıb, bu gündə istədiyim kimidir.

- GAMOH başqanlığından istefa verdiyiniz. Təşkilatın bundan sonrakı taleyi necə olacaq?

- GAMOH millətimizin taleyini əsarətdən azadlığa dəyişmək istəyən bir təşkilatdır. GAMOH təməli içəridə (güneydə)  qurulmuş və əsas gücü içəridə olan bir təşkilatdır. Milli oyanış, örgütlənmə, kadrolaşma və yeniləşməyi öndə tutub, son illərdə dəyərli gəlişmələr yaşamış təşkilatımız, bu gün elə bir səviyyəyə çatmış ki, artıq ona güvənərək millətimizin gələcəyini aydın görürəm. Bu təşkilatın millət yolundan sapmayacağına və milli gücə dayanaraq millətimizi qurtaracağına tam əmin olduğumuz üçün başqanlığını demokratik seçki yolu ilə ayrı bir başqana tapşırmağımızı  düşünürük.

- Belə bir fikir var ki, Güney hərəkatının ən böyük problemi lidersizlikdir. Bu iddanı bölüşürsünüz?

- Lidersiz və yönətimsiz milli siyasi hərəkatın sonuc alması çətindir. Bu gün milli hərəkatımız yüzlərlə yeni lider yetişdirib. İndi əsas məsələ milli hərəkatımızın mərkəzləşmiş bir sistemə çevrilməsidir. 

- Hazırda məskunlaşdığınız ölkə - ABŞ, içərisində milyonlarla soydaşımızın yaşadığı, tarixi torpaqlarımızın olduğu İran adlı dövlətə qarşı savaş açmaq istəyir. Siz buna tərəfdarsınızmı?

- Mən hələlik ABŞ-ın İrana qarşı savaş açmaq istəyinin qəti olduğunu rədd edirəm. Ancaq onun son seçənək kimi masa üzərində olduğunu ABŞ yönətimi dəfələrlə vurğulayıb.

Söz qonusu savaşla bağlı mənim mövqeyimə gəlincə, mən milli mənfəətlərimizi əldə edərək qorumayan bir savaşa qarşı olduğumu ilk başdan deməliyəm. Onun nədənisə bəllidir. Güney Azərbaycan milli hərəkatının zatən insancıl və mədəni ruh daşıdığından, bölgənin demokratiyaya, barış və stabilliyə çatmasına tərəfdar olduğu üçün bu tip savaşları arzulamırıq.

Amma aydındır ki, vətənimizə göz dikmiş qonşuluğumuzda olan bəzi etnosların terror qrupları ya hər hansı təcavüzkar qüvvənin qarşısında milli savaş və milli müdafiə, elə vurğuladığım insancıllığın birinci zərurətidir.

ABŞ-la İranın gözlənilən savaşına dönərsək, deməliyəm ki, onsuz da İrandakı azadlıqsevər millətlər və onların başında gedən Güney Azərbaycanın qəhrəman türk milləti tarix boyu sübut etdikləri kimi İranın irqçi recimini yıxmağı başaracaqlar. Bu ulusun sarsılmaz balları milli hərəkatı siyasi, iqtisadi, toplumsal, ailə və hətta bu gün idman sahələrində də yürüdüb önə aparırlar. Onların yaradacaqları devrim, müasir tariximizdə, istismarçı qüvvələrin öz maraqlarına uyğun İranda yaratdıqları üzdə siyasi inqilablar kimi deyil, tarixi bir dönüş olacaq. Bü dönüş, bölgənin bariş, rifah və modern bir çağa girişim dönüşü olacaq. Bu devrim üçün bizim Amerika ordusuna heç ehtiyacımız yoxdur. Bu rejim inkişafa qarşı dayanıb, zamanla dirənməkdədir. O onsuzda getmək üzərindədir, buna əmin olun.

Ancaq nə edəlim ki, savaşün baş verməsi bizim ixtiyar dairəmizdən xaricindədir. Hər nə baş verirsə, siyasi təşkilatlarımız və liderlərimiz önə çıxan hündür böhran dalğalarını aşmağı və başardıqca onları girəvəyə çevirib  yararlanmalıdırlar. Mən artıq, ulusumuzda bu gücü görürəm.

- 2006-cı ilin yayında Ankaraya və Bakıya səfər etdiniz. Və İranın təpkisi ilə qısa zamanda hər iki ölkədən çıxarıldınız. Bu yanlara nə zaman gəlməyi düşünürsünüz?

- Quzey Azərbaycana və Türkiyəyə səfərim onlarda olan şəraitin müsaid olması və milli hərəkət öncüllərindən məsləhətləşdikdən sonra olasıdır. Demək ki, imkan olan zaman doğma Azərbaycan vətənimin Quzey hissəsinə səfərimə heç nə əngəl olmayacaq.

- Və son sualım. 1999-cu ildə Bakıda Qarabağla bağlı ümumxalq mitinqində Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçbəyin Sizə xitabən "Dünən Güney Azərbaycanın ən böyük liderlərindən birisi olan Çöhrəqanlı ilə telefonla danışmışam" sözlərini bu gün də xatırlayıram. Elçibəyin görmək istədiyi "ən böyük lider" missiyasını daşımağa Mahmudəli bəyə nə mane oldu?

- Ulusal öndərimiz rəhmətlik Əbülfəz Elçibəyin xatirəsini mən də hər zaman fikrimdə canlandırıb və bəzi acı olaylarda Bəyin sözündən ruh alıb, o ağır görəvi xatırlayaraq yola davam deyirəm. Qəhrəman Azərbaycan türk ulusunun yolunda o görəvi daşımağa heç nə mane olmayıb, olmaz da. 1996-cı ildə Təbrizdə Güney Azərbaycan millətilə bağladığım ilqara hər zaman çox vəfalıyam, onunla ayaqdayam zaten. Daha doğrusun sorsanız, yaşamağımın təkcə nədəni milli məfkurəmiz, milli mücadiləmiz və milli qurtuluşumuzdur.

Ancaq baxışlarda fərq var. Bu gün Güneydə savaş qılıncla, tüfənglə, bomba ilə deyil, düşüncə ilə, mədəniyyətlə, oyanışla yürüməkdədir. O yurdda gedən savaş, mədəniyyət və kültür savaşıdır. Bir millətin dirilmə,yenidən doğma və var olma savaşıdır. O varlıq mücadiləsidir və ulusun bütün kəsimlərinə aid bir savaşdır. Təbii ki, o nəhəng ulus tam keyfiyyət və kəmiyyət cəhətdən milli ideologiyaya varınca, o son qurtuluş savaşı çox tezliklə hədəfinə çatar.

Belə bir hərəkatda öndərliyə mənsub olan birisi də, böyük və tələsməz bir ruha sahib olmalı və bu döyüşü uzun sürəli bir mücadilə görməlidir. Belə bir yolun hərəkatçıları isə çox dirəngən, sarsılmaz olmalı və belə bir baxışı hərəkatın hamısına aşılamalıdırlar. Bu gün Güney Azərbaycan milli hərəkatı yüzlərlə Çöhrəqanlı yetişdirib. Bu isə bu fəlsəfənin özəlliyidir. Bu liderlər birinci özlərinə tam güvənirlər və sonra eyni güvənci Güney Azərbaycan ulusunun tapdaq altında olan ruhiyyatına aşılayaraq birlikdə hərəkatı bütün qatlara aparıb, bu gün İranda ən böyük gücə bədəl olmaqdadırlar. Bir gün bu hərəkat bu milləti qurtaracaq, oysa dünyada azad və məğrur millətlər sırasında öz iradəsini ortaya qoyacaq. O gün bəlkə mən o fəlsəfənin bir parçası kimi artıq aranizda olmayam. Ancaq mən o parlaq günü indidən çox aydınca görürəm. 

Aqil CAMAL

“Türküstan” qəzeti

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi