Modern.az

İsmayıl Şıxlıdan məzəli ƏHVALATLAR - İsa Hüseynov kotletdən necə qurtuldu?

İsmayıl Şıxlıdan məzəli ƏHVALATLAR - İsa Hüseynov kotletdən necə qurtuldu?

1 Aprel 2014, 18:49

Modern.az saytı xalq yazıçısı İsmayıl Şıxlının qələmə aldığı bir neçə məzəli əhvalatı təqdim edir.

Qabillə İsa Hüseynov bir mənzildə yaşayırdılar. Dörd otaqlı mənzilin ikisində o olurdu, ailəsi ilə, ikisində də İsa. Bir yay mənzildə tək qalırlar. (Arvad-uşağı rayona, istirahətə göndəriblərmiş). İsa adəti üzrə oturub işləyir, Qabil də mətbəxdə kotlet qızardır ki, nahar vaxtı birlikdə çörək yesinlər. İsa xeyli işlədikdən sonra gərnəşib ayağa durur və mətbəxə keçir. Görür ki, Qabil qolsuz köynəkdə, qan-tər içində kotlet qızardır. Sapılcadakı kotletlər cızhacızla, çathaçatla qızarır. İsa kənarda dayanıb müşahidə edir. Bilmək istəyir ki, kotletlər niyə belə parta-partla bişir. Görür ki, Qabilin alnından axan tər zolaqlanıb, burnunun ucuna yığılır və orada iri damcıya çevrilib tappıltıyla sapılcaya, kotletlərin üstünə düşür və dərhal da çatıltı-partıltı başlayır. İsa göz qoyur. Damcılar hey bir əldən sapılcaya tökülürdü.

Qabil tüstü-duman içində, burnunun-gözünün suyu axa-axa bişirdiyi kotleti çəngələ keçirib yuxarı qaldırır, diqqətlə o üz-bu üzünə baxır və İsaya yaxınlaşır.

- Əla qızarıb. Bir dadına bax.

Onsuz da vasvası olan İsa geri çəkilir.

-  Toxam.

-  Elə şey yoxdu. Zəhmət çəkib kotlet qızartmışam. Oturub birlikdə ləzzətlə yeyəcəyik. Əl çəkən deyiləm. Bilirəm acsan. Naz eləmə.

İsa başa düşür ki, Qabil əl çəkməyəcək, onu da başa düşür ki, nə qədər ac olsa da, kotletə yaxın dura bilməyəcək. Birdən əlac tapmış kimi dillənir:

-  Qabil, onda belə eləyək. Sən kotletləri qızart, süfrə aç, mən də gedim təzə çörək alım.

-  Nə olar, lap yaxşı.

İsa gedir. Qabil şövqlə süfrə açır, pomidor-xiyar doğrayır, nimçələri düzür, sapılcanı ortaya qoyur və İsanı gözləyir.

İsa evə bir də səhər qayıdır.

“OSTOROJNO, QABİL!”

Bir gün dostlar dəstə ilə Zaqatalaya, Sabir Rüstəmxanlının toyuna gedirlərmiş. Maşın karvanının sarbanı Qabil imiş. Özü qabağa düşübmüş ki, qaçhaqaç, qovhaqov olmasın. Dərələr, təpələr aşırlar, çaylar, körpülər keçirlər, kəndlərdən, şəhərlərdən ötürlər və birdən yolun ən geniş, ən düz  və meşə ilə əhatə olunmuş səfalı yerində Qabil gözlənilmədən əyləci basıb maşını saxlayır. Yoldaşları tökülüşüb yanına gəlirlər.

- Nə olub, Qabil, niyə dayandın?

- Görmürsünüzmü, qabaqda nə yazılıb?

- Nə yazılıb?

- Yazılıb ki, “Ostorojno, Qabil!”

Yoldaşları yazını diqqətlə oxuyurlar.

-  “Ostorojno, kabel!

-  Nə, kabel? Onda getdik.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi