Modern.az

Azərbaycan-erməni musiqi savaşı ANS-də

Azərbaycan-erməni musiqi savaşı ANS-də

2 Aprel 2014, 12:50

“Gülüş günü” erməniləri nə güldürə bilərdi?

Nəhayət, “Adam içində” millətin mədəniyyətinə, musiqi dəyərlərinə həsr olunmuş ciddi bir mövzunu bir yayımlıq (bir atımlıq) da olsa, gündəmə gətirdi.  Sağ olsun. Aprelin 1-də, yəni telekanallarda və radio yayımlarında “Gülüş günü” kimi təqdim olunan bir tarixdə ANS-in “Adam içində” verilişində Azərbaycan-erməni musiqi münasibətləri kimi çox ciddi bir mövzu müzakirə olundu. Söhbət müğənnilərimizin repertuarına daxil olan bəzi mahnıların ermənilər tərəfindən erməni dilində və “erməni mahnısı” kimi oxunmasından, ermənilərin musiqi dəyərlərimizə “sahib  çıxmasından” gedirdi. Belə ciddi mövzudan kimlərin danışdığını görüncə, verilişə baxmaq istəməsəm də, baxdım. Fikirləşdim, torpaq savaşında uda bilməsək də, bəlkə sənət savaşında uda bildik.  (Yeri gəlmişkən, 1 aprelə dünənə qədər xalqımız içində, elə ermənilərin arasında da “aldatma günü” deyilirdi).

Mahnı yiyəsini tanımır: Oğurluq mahnıların müəllif hüququna dair mühazirə

Oğurlandığı zənn etdiyimiz mahnıların heç də hamısını Azərbaycanın müəllif musiqisi hesab etmək olmaz. Çünki mahnı bumu yaşayan ölkəmizdə şou-bisnes incəsənətinin tələblərindən biri kimi qeyri-ixtisaslı mahnı yazanlar (bəlkə də özbəklər demiş, mahnı bəstəkorları) meydana gəliblər. Lakin onların heç də hamısı istedadlı, yaxud ibtidai musiqi savadı almış deyillər. Mahnı bazarına və ya şou-biznes təmsilçilərinin “professional” prodaşnlarının, yaxud cangüdənlərinin xeyir güddükləri mahnı alverinə girişə bilmək naminə belə bəstəkorlar hər yerdən və hamıdan melodiya oğurlayırlar.  Bir gündə İnternet saytlarında xarici ölkələrin ifaçılarından yayımlanan onlarla mahnıya, melodiyaya qulaq asmaq mümkünsə, niyə də olmasın?

Buyurun, hazır melodiyalar günün istənilən vaxtı asanca oğurlanır, sonra ya olduğu kimi saxlanılır, və ya cüzi “azərbaycansayağı” intonasiya dəyişikliyi ilə mahnı kimi “qoşulur” və şou-biznes təmsilçilərinə satılır. Şou-biznes aləmində isə çox az müğənni tapılar ki, müəllifdən alıb oxuduğu mahnının oğurluq olub-olmamasını ağlına gətirsin, yaxud bunun fərqinə varsın.

Ədəbiyyatçı, deputat, iş adamı, market işlədən, maşın alverçisi, meyvə satan, kompüter ustası, toylarda “usilitel” xidmətçisi, müğənnilərə bazarlıq eləyənlər, polis işçisi, prokuratura əməkdaşı, həkim, evdar qadın, təqaüdçü, şair... Daha kimlər mahnı yazıb satmaqla məşğul deyillər, hətta mahnı biznesinin liderinə də çevrilirlər. Vəziyyət o həddə çatıb ki, belələrindən həvəslə mahnı alıb, sonra onu “abıra salan”, yəni aranjiman etdirən şou-biznes əhli belə müəlliflərlə əməkdaşlığa o qədər aludə olublar ki,  peşəkar musiqi təhsili alanlar onlara hətta aranjimanlı mahnı verəndə belə, öz bəstəkorlarını üstün tuturlar.

Təəssüf ki, melodiya oğurluğu peşəkar mahnı bəstəkarlarımız arasında da olub və yenə də var. Erməni də eynilə həmin mənbədən həmin melodiyanı oğurlayıb onu öz sözləri ilə oxuyanda isə haray salırıq ki, bəs erməni bizim filan müğənninin mahnısını oxudu. Təsəvvür edin ki, fortepianonun klavirini belə tanımayan, normal sluxu olmayan şəxslər mahnı bisnesində “at oynadırlar”. Hətta “mən melodiyaları xarici müğənillərdən götürüb, onlara söz qoşuram, mahnı düzəldib müğənnilərə satıram” deməkdən belə çəkinməyənlər də var. Habelə “mahnılarımın musiqisini yunan melodiyalarından götürürəm, ona şeir tapıram, sonra yenidən aranjirovka edib, müğənnilərə verirəm” deyənlər  “yazdıqları” mahnıları müğənillərə çox baha məbləğə satmağı da bacarırlar.

Vəziyyətin belə məqamında hər bir müğənninin istər həvəskar, istərsə də peşəkar mahnı bəstəkarından oğurluq “mal” almaq ehtimalı daha da artır və belə alınır ki, müğənnilərimiz oğurluq mahnıları  almaqdan və ya oxumaqdan sığortalanmayıblar.

Günlərin bir günü isə həmin melodiyanı məhz həmin xarici mənbədən bizimkilər kimi götürən və onu öz mahnısına çevirən erməni oxuyanını eşidən kimi, “müəllif hüquqlarından” dəm vurmağa, “erməni bizim mahnımızı oxuyur” deyə populistlik etməyə başlayırıq. Daha bilmirik və bilmək də istəmirik ki, bizimkilər də müəllif hüquqlarını poza bilirlər. Odur ki, belə hallara rast gələndə danışmaqla bahəm, ehtiyatlı olmağa da dəyər. Bəs deməzsən, birdən həmin erməni “bəstəkarı” da “Adam içində”yə baxıb, “Gülüş günlərinin” birində gülə-gülə açar sandığı, tökər pambığı.  Məsələn, adama deyər ki, ayə mən oxuduğum mahnının melodiyasını səndən yox, filan xarici radio kanalından oğurlamışam. Onda bizə qalır, bəstəkar və müğənnilərimizə müəlliflik hüququndan dərs vermək, ya da həmin xarici radio kanalının  bizimkilərdən və erməninin də bu radiodan oğurladığını dilə gətirmək.

Bundan sonra ehtiyatlı olun, ey milli şou-biznes əhli. Oğurluq mal fayda verməz, oğurluqla sənət və sənətkar olmaz, oğurluq çörək yeyilməz. Bu qəbildən “erməni oğurluğu” sizləri və telekanalları publika gözündə nə qədər “qəhrəman” eləsə də, “oğurluq qırx gün çəkər” atalar məsələni lütfən unutmayın.  


Komitas, Elgiz və balaban 

Ermənilər bizim tarixi ərazimizlə, dilimizlə, adətlərimizlə, mətbəximizlə, xalçalarımızla birlikdə xalq rəqslərimizi, xalq mahnılarımızı, mərasim nəğmələrimizi, musiqi alətlərimizi, saz havalarımızı, muğam və zərbi-muğamlarımızı, xalq instrumentalı musiqimizi, folklorumuzu da qərinələr əsrlər boyu mənimsəyiblər. Özünə tarix uydurmağı bacaran ermənilər, özlərinə yaxşıca mədəniyyət, ənənələr də uydura biliblər. Ən dəhşətlisi isə dünyanı “erməni tarixinə”, “erməni rəqslərinə”, “erməni muğamlarına”, “erməni alətlərinə” özlərinə məxsus “elmi sübutlar” ilə inandıra biliblər.  

Bəli, dünya nədəndirsə, ermənilərin bütün bu uydurmalarına inanır. Bəs bizin uydurmalarımıza necə, inanırmı? Məsələn, “Adam içində” bəstəkar Aygün xanım Səmədzadə  bəyan edir ki, erməni bəstəkarı Komitas milliyətcə türkdür. Məni bağışlayın, həqiqətə qalsa, erməninin balabana “erməni aləti” deməsi bizə necə qeyri-inandırıcı və qeyri-ciddi gəlirsə, Komitasın türk olması barədə fikrimiz də şübhə eləmirəm ki, erməniyə bu cür təsir bağışlayır. Çünki Türkiyədə də, bizdə də bilən bilir ki, “Komitas” bəstəkarın təxəllüsüdür, o, Almaniya konservatoriyasında bəstəkarlıq və nəzəriyyə təhsili alıb, bir müddət Ermənistanda, sonra Türkiyədə yaşayıb. Fransa ermənilərinn dəvəti ilə ömrünün sonlarında qədər bu ölkədə qalıb, konsertlər verib, əsərlərini yazıb. Həmən Komitasın 2 cilddən ibarət “Etnoqrafik məcmuə”si nəşr olunub və bu məcmuələr erməni xalq mahnılarının not yazılarından ibarətdir. Elə bu məcmuələrdə erməni adına yazılan Azərbaycan xalq melodiyaları da var.  

Balaban kimindir, Faiq Sücəddinov?

Komitas bilərəkdən, ya bilməyərəkdən Azərbaycan xalqı üçün çox yaxşı işlər də görüb. Məsələn, Ermənistanın yerli əhalisi olan azərbaycanlılardan, eləcə də Qarabağ xanlığı ərazilərdən xalq mahnılarımız nota yazıb, xor üçün işləyib, xalq rəqslərimizi fortepiano üçün işləyib. Amma Faiq Sücəddinov 40 illik yaradıcılığında  xalq içində xalqın mahnılarını toplamaq bir yana, bir rayonda, kənddə yaradıcılıq görüşlərini keçirməyib, konsert verməyib. Amma Faiq Sücədiinov 40 illik yaradıcılığında nə tar, kamança, nə də balaban üçün bir dənə də əsər yazmayıb. Bəstəkar olaraq, F.Sücəddinova da, A. Səmədzadəyə də  qəti əminliklə bildirirəm ki, UNSECO-nun balabanı erməni musiqi aləti kimi tanımasında bizim bəstəkarlarımızn “xidmətləri” vardır. Həqiqət acı olsa da, belədir. Soruşursunuz, necə? Baxın, Azərbaycanda balaban 50 ildir musiqi kolleclərində, 12 ildir Milli Konservatoriyada, Mədəniyyət və İncəsənət Universitetində tədris edilir. Amma bu illər ərzində Azərbaycan bəstəkarları balaban aləti üçün bir dənə də olsun əsər yazmayıblar ki, məktəb şagirdləri və konservatoriya tələbələri onları dərsdə, konsertlərdə çalsınlar. Baxın, 20 və 21-ci əsrdə Azərbaycanda məxsusi balaban üçün yazılan cəmi 1 ədəd əsər var: “Xəyala dalarkən”. Onu da 1970-ci illərdə Süleyman Ələsgərov balaban ilə xalq çalğı orkestri üçün yazıb, vəssalam. Eynilə kamançaya bəstəkar və müəllimlərin münasibəti belədir.

Sual yaranır, bəs Azərbaycanda balaban, kamança ixtisasları üzrə musiqi təhsili alanlara hansı əsərlər keçilir. Deyə bilərəm, rus və Avropa bəstəkarlarının, sonra da Azərbaycan bəstəkarlarının romansları, skripka, violonçel, fortepiano, qaboy, tar üçün yazdıqları pyeslər, balet və operalardan fraqmentlər... Belə olan halda, bu gün heç bir bəstəkarın da, musiqişünasın da, müəllimin də “balaban bizimdir” deməyə mənəvi haqqı çatmır. Bəli, ermənilər Amerikada yaşayan tək bir balabançı sayəsində balabanımızı dünyada erməni aləti kimi tanıtdılar. Bundan sonra ağıllı-ağıllı, özümüzdən razı halda telekanallarda bəyan edirik ki, erməninin heç nəyi yoxdur, erməni isə durmadan bəyan edir ki, erməninin balaban aləti var, üstəlik onu xarici kanallarda da çalır.

Balaban bizdən nə istəyir, cənab ANS?

Hörmətli, ANS, “Adam içində”, F.Sücəddinov və A.Səmədzadə. Tutaq ki, UNESCO günü sabah Azərbaycana müraciət elədi ki, Parisdə xüsusi olaraq balaban alətimizlə konsert verməliyik. Sual: Biz dünyanın musiqi ictimaiyyətinə balabanda nə çalacağıq? Cavab: Konsertin 1-ci hissəsində muğamlar, rəqslər, mahnı melodiyaları. Sual: Bəs konsertin 2-ci hissəsində? Cavab: heç nə. Utanmayın, Azərbaycan bəstəkarları indiyə qədər balaban üçün əsər yazmayıblar.  Üzeyir bəy orkestrdə balabana notla çalğı tətbiq etsə də, sonra gələn bəstəkar nəsilləri bu alət üçün əsər bəstələməyiblər. Bəlkə balaban əsərinə az qonorar verildiyi üçün, bəlkə də balabana əsər yazanlar peşəkar dairələrdə ciddi bəstəkar kimi qarşılanmadığı üçün? Balaban ustalarımız musiqi kolleclərində və ali musiqi məktəblərində öyrəndikləri və ya öyrətdikləri Motsartın, Şubertin, Şopenin, Çaykovskinin, Budaşkinin, Şostakoviçin pyeslərini, öz bəstəkarlarımızın isə vokal əsərlərini (mahnılarını) çalırlar. Bu fakt isə Avropa dinləyicisi üçün, əlbəttə, gülməli ola bilər. Adama deyərlər, bu qədər ki “balaban bizimdir” deyirsiniz, onda niyə bəstəkarlarınız hər bir Avropa aləti üçün əsər yazdıqları halda, milli alətə üz tutmurlar?

Mən Azərbaycan-erməni musiqi münasibətləri kimi ciddi bir mövzudan dərin bir şey bilməyən, buna baxmayaraq, ciddi və geniş tədqiqatlar, elmi təhlillər, arqumentlər, elmi sübutlar tələb edən belə bir mövzudan danışmağı özünə rəva bilən kəslərə (bəstəkarlara, ifaçılara, müəllimlərə) üzümü tutub deyirəm: uşaq musiqi məktəblərindən musiqi kolleclərinə, buradan da ali musiqi təhsilinə qədər tar, kamança, balaban, qanun alətləri üçün yazılan dərs proqramlarında (bu proqramlar Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi tərəfindən rəsmi təsdiq olunub) pyeslərin cəmi 5-6 faizini məhz həmin alətlər üçün əsərlər təşkil edir. Bu biabırçılığın qarşısında, musiqi alətlərimizdən, xalq musiqisimizdən danışmağa, müəllif hüququmuzdan dəm vurmağa haqqımız çatırmı? Görəsən, balaban, kanamça, tar, qanun üçün əsərlər yazıb onların müəllifi olmağa bizim bəstəkarlara (musiqi müəllimlərinə də) kim və nə mane olur? Bəlkə bu mədəniyyət vəzifəmizi də utanmadan Heydər Əliyev Fonduna həvalə edək? Bəlkə, musiqi təhsilinə baxan nazirlərimiz ifaçılarla və müəllimlərlə birlikdə erməni bəstəkarlarından xahiş eləsinlər ki, bizim milli alətlər üçün əsərlər yazıb bizə versinlər? 

Təklif

Canlı yayımda F.Sücəddinov görkəmli balaban ifaçısı Əlixan Səmədova buyurdu ki, vəziyyətdən çıxmağa dair təkliflər irəli sürüb. Açığı, F.Sücəddinovun təklifləri mənasız və qeyri-real idi. Digər tərəfdən, belə təklifləridən qat-qat yaxşılarını da təklif etmək olar. Məsələn, mən təklif edərdim ki, Azərbaycan bəstəkarları tar, kamança, qanun, balaban alətləri üçün yüzlərlə pyes yazsınlar – uşaq musiqi məktəblərinin 1-5-ci sinif şagirdləri üçün də, musiqi kolleclərinin və konservatoriyanın tələbələri üçün də, peşəkar konsert ifaçıları üçün də.

Verilişdəki bir fikrə də münasibət bildirmək istəyirəm. Faiq Sücəddinova görə,  biz bu məsələdə o qədər geçikmişik ki, daha itirdiklərimizi geri almaq çətindir. Mən də razıyam, çox geçikmişik. Amma  nəyə isə nail olmaq hələ də mümkündür. Diqqət edin, məkrli və qərəzli ermənilərin yüz illər boyu Azərbaycan xalqı haqqında dünyada yaratdığı “vəhşi”, “mədəniyyətsiz”, “qaniçən” obrazını, xalqımıza qarşı informasiya blokadasını Ulu Öndər Heydər Əliyev on illik hakimiyyəti ərzində tamamilə xeyrimizə dəyişdi, barəmizdə dünya ictimaiyyətinin rəyini birmənalı olaraq, xalqımızın maraqlarına, tarixi həqiqətlərə yönəltdi. Bizim musiqi ictimaiyyəti isə buna  musiqi sahəsində nail ola bilər. Əlbəttə, əgər istəsə...

Azərbaycan telekanalları  erməniləri ifşa edir, yoxsa özlərini?

Açığını deyim, Azərbaycan telekanallarında savadsızlıqla birlikdə, milli maraqlara, mədəniyyətimizə tam biganəlik hökm sürür. Az qala tamaşaçılarda milli dəyərlərə və ənənələrə gülüş, nifrət yaratmaq istəyirlər, bu anlayışı ironiya, lağlağı obyektinə çevirirlər. Üstəlik də dilimizi, dialektlərimizi, musiqi alətlərimizi, muğamı, aşıq sənətini, ifaçıları açıq-aşkar ələ salan, dolayan, gözdən salan “komediyalar”, “şou proqramlar”, “yarışmalar” düzənləyirlər. Həm də olduqca səviyyəsiz, maraqsız və qeyri-peşəkarlıqla...

Əgər şounu, gülüşü, yumoru (mən isə deyərdim mənasızlığı) dilimzin ləhcələrini əkə salmaqla yaradırsınızsa, onda ermənidən nə istəyirsiniz? Belə televiziyaları, radioalar, televizionşikləri olan bir millətin və ölkənin mədəniyyətini də, musiqisini də işğal edərlər, lap üstəlik torpağını da, lap üstəlik kişiliyini də... Xəzər TV, ANS, ATV, Spase, Lider, İTV... Elə bil bir-biriləri ilə mənasızlıq, savadsızlıq, qeyri-peşəkarlıq, lağlağı, “savadsız ekspertlər” yarışına giriblər. Yəni bir verilişi hazırlayanda mövzu ilə əlaqədar danışa bilən, mədəniyyəti olan, nə danışmasının fərqinə varan, düzünü deyə bilən insanları dəvət etmək olmazmı? Niyə telekannallara həmişə eyni adamları çağırır və danışdırırlar? Sizin mənasıszlıq tele-prinsiplərinizə beləmi sərf edir? Bezməyibsiniz? Amma tamaşçılar sizlərdən çoxdan və çox-çox beziblər.

Telekanallara: Bəstəkarın, ifaçının öz işi var, musiqişünasın öz işi var

Qayıdaq, Azərbaycan-erməni məsələsinə. Musiqi sahəsində bu məsələnin tədqiatçıları, bilənləri var. Faktları və arqumentləri illərlə toplayıb ermənilərin yalanlarını dünyaya sübut edə bilən musiqi tədqiqatçılarımız var. Birdəfəlik bilin ki, hər yerdə olduğu kimi, Azərbaycanda da musiqişünaslıq adlı bir ixtisas mövcuddur və musiqişünasın vəzifəsi musiqi tədqiqatları aparmaqdan, musiqi tarixini, musiqi nəzəriyyəsini, xalq musiqisini, bəstəkar yaradıcılığını və s. bu kimi məsələləri öyrənməkdən, təhlil və təbliğ etməkdən, musiqidən məhz musiqişünas kimi danışa bilməkdən ibarətdir.

Ona görə də, Azərbaycan-erməni musiqi münasibətləri kimi ciddi bir mövzudan söz düşəndə də, musiqi yaradıcılığı, ifaçılıq məsələləri gündəmə gələndə də bəstəkarları, ifaçıları dəvət etməyə birdəfəlik son qoyulmalıdır. Yaxşı olar, bəstəkar da, ifaçı da öz işi ilə məşğul olsun – bəstəkar əsər yazsın, ifaçı  musiqini ifa eləsin. Nəhayət, musiqi haqqında ciddi problemlər barədə danışmaq üçün musiqişünaslara söz verilsin. Bəs deyilmi, belə musiqi mövzularına bəstəkarların, ifaçıların, hətta bəzi musiqişünasların, folklorşünasların verdikləri sadəlövh, populist, diletant şərhlər, yozumlar?

Bütün bunlarla erməni musiqiçiləri qarşısında məğlub olmağımızın fərqindəyikmi?

İndiyə qədər “Sarı gəlin” melodiyasının Azərbaycan-türk melodiyası olmasını nəzəri cəhətdən sübut edə bilmədiyimizin, balabanın Azərbaycan aləti olmasını tarixi baxımdan sübut edə bilmədiyimizin fərqindəyikmi?

“Sarı gəlin”i Şur ladı ilə, kvinta sışrayışı ilə, sekvensiya ilə, saçın ucunun hörülməməsi ilə, Xətainin sarı paltarlı rəqqasəsi ilə əlaqələndirib, bu yolla bizə məxsus olmasını sübut eləmək sadəlövh olduğu qədər də gülməlidir? Elmlərin inkişaf etdiyi bir vaxta bizlərin dünyaya təqdim elədi bu arqumentlərin heç birinin təsdiqedici-elmi kəsəri olmadığının fərqindəsinizmi?

Bu gün Azərbaycanda hansı bəstəkar, hansı ifaçı, hansı musiqişünas dəqiq deyə bilər ki, XX əsrdə “Sarı gəlin” mahnısının notu nəşr olunub, yoxsa yox? Bu gün hansı birimiz deyə bilərik ki, türk xalqlarının “Sarı gəlin” və “Saru gəlin” mahnıları eyni musiqidir, yoxsa ayrı-ayrı mahnılardır?

Əvəzində, maşallah, lovğalımız xüsusi çəkimizi də ötüb keçib, əvəzində ermənilər musiqimizi, mahnılarımız, rəqslərimizi, alətlərimizi günbəgün işğal etməkdədir. Maraqlıdır, Beynəlxalq Muğam Mərkəzində müxtəlif türkdilli ölkələrin musiqiçilərinin ifasında səslənən “Sarı gəlin” nümunələrindən ibarət konsertin video yazısı niyə bir dənə olsun İnternet mediasının, informasiya agentliyinin, telekanalın, ali məktəbin, muzeyin, Mədəniyyət və turizm nazirliyinin saytına yerləşdirilməyib? Amma yol qəzalarına, gözlçələrin soyunmasına, hansı isə məmur oğlunun kef-damağına, şou-bisnesdəki və telekanallardakı perspektivli xanımların yarımçılpaq foto-sessiyalarına, paytaxt merinin aforizmlərinə, zorlama və intihar faktlarına, yolnəqliyyat müfəttişlərinin şoferləri döyməsinə, kimlərinsə toylarına aid nə qədər istəsən video material tapa bilərsən...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı