Modern.az

Deputat Etibar Hüseynov Milli Məclisdə üzr istədi: "Gərək elə deməyəydim"

Deputat Etibar Hüseynov Milli Məclisdə üzr istədi: "Gərək elə deməyəydim"

Parlament

4 Aprel 2014, 12:15


Modern.az saytının xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Hüseynov Qarabağ camaatından üzr istəyib. "Gərək elə deməyəydim" deyən E.Hüseynov parlamentdəki bugünkü çıxışı zamanı üzr istəyib.

Etibar Hüseynov KİV-də onun adından yayılan müsahibə və açıqlamaları təkzib edib. Bugünkü plenar iclasda çıxış edən deputat bildirib ki, sosial mediyada təxribatla üzləşib. O, qeyd edib ki, 10 gün ərzində heç bir KİV orqanına açıqlama və müsahibə verməyib.

“Mənim barəmdə eyni adam və eyni ünvandan məlumatlar yayılır, insanlarda mənfi emosiya, qıcıq yaradan başlıqlar qoyurlar. İki gündür heç bir televiziyaya və qəzetə açıqlama vermirəm. Amma gün ərzində bəlkə də 10 dəfə mənim dilimdən insanları qıcıqlandıran açıqlamalar yayılır. Guya deyirəm ki, qarabağlılar gedib torpaqlarını azad etsinlər, gedib Suriyada vuruşmağı öyrənsinlər. Bunların hamısı bir mərkəzdən idarə olunan qara kampaniyadır.
Səmimi şəkildə bəyan edirəm ki, televiziyadakı çıxışım zamanı heç kimi təhqir etmək fikrim olmayıb. Gərək həmin məsələ ilə bağlı daha ətraflı danışardım ki, insanlar arasında belə çaşqınlıq olmasın. Əgər kiminsə heysiyyətinə toxunan ifadə işlətmişəmsə, həmin insanlardan üzr istəyirəm. Səhvini anlayıb üzr istəmək böyüklük əlamətidir”.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, məsələni şişirtməyə ehtiyac yoxdur. Parlament sədrinin sözlərinə görə, dünən o və Milli Məclisin intizam komissiyasının sədri Siyavuş Novruzov Etibar Hüseynovla ciddi söhbət aparıb və deputatı  ciddi tənqid ediblər.
"Bacardığı qədər, qabiliyyəti çatdığı qədər üzr istədi. Millət vəkillərindən xahiş edirəm ki, bu məsələni xırdalamayaq”.

Sonra spiker üzünü Etibar Hüseynova tutaraq “Əslində, yaxşı ki ətraflı danışmamısan. Bu vəziyyətdən sonra nə qədər az danışsan, daha yaxşıdır”. Sədr deputata bundan sonra uğursuz açıqlama verməməyi məsləhət görüb.

Etibar Hüseynov bir neçə gün öncə ANS telekanalının efirindən qaçqın və köçkünlərin Bakı mühitini korlaması barədə fikirlər səsləndirmişdi və bu, ciddi etirazlara səbəb olub. E.Hüseynov doğma torpaqlarını itirmiş insanlar haqqında efirdən dediyi epitetlərin ("ac-yalavac", "təhsilsiz", "mədəniyyət görmədilər" və s.) ardından özünün Facebook səhifəsində ona irad bildirən qarabağlıları Suriyaya döyüşməyə gedənlərlə müqayisə edib və ikincilərin əmr gözləmədiklərini vurğulayıb.
“Əgər aranızda belə qeyrəti qıcqıranlar varsa, onda bunu nümayiş etdirmək üçün Facebook meydanına deyil, bu gün hələ də işğal altında olan müqəddəs Qarabağ meydanına üz tutun". 

Deputatın çıxışından qəzəblənən qaçqın və köçkünlər qarabağlı deputatlardan Etibar Hüseynovun məsuliyyət məsələsini Milli Məclis rəhbərliyi qarşısında qaldırmağı tələb etmişdilər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir