Modern.az

Rusiya “parçaları topla və hökmranlıq et” üsulunu üstün tutur

Rusiya “parçaları topla və hökmranlıq et” üsulunu üstün tutur

5 Aprel 2014, 15:17

Mübariz Azərbaycanlı, 
müstəqil jurnalist

Mübariz Azərbaycanlı,  müstəqil jurnalist

Ermənilər Jirinovskinin sözünü Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsində yerə salmadılar

Bizim cəmiyyətdə dəli və ya sərsəm kimi adlandırılan Rusiya Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski əslində daha çox Rusiya İmperiyasının baş ideoloqu kimi görünür. Bunu mənə belə deməyə Rusiyanın son zamanlarda qonşu ölkələrə qarşı atdığı siyasi addımların Jirinovskinin işlətdiyi sözlər ilə tamamı ilə üst-üstə düşməsi əsas verir. Jirinovski bizim düşündüyümüz dəlilərdən, yəni etik qaydaya riayət edərək desək, “ruhi xəstə” deyil, əksinə o, Rusiya iqtidarının düşünən, ruhlu beyninin dəlicəsinə danışan dili və ya ifadəçisidir.

Belə ki, V.Jirinovskinin “Biz istənilən ərazidə yeni dövlət yaratmağa səs verən və ya Rusiyaya birləşmək istəyən xalqları tanıyacağıq və qəbul edəcəyik”, eləcə də “Qarabağ və Dnestryanını da istəsələr tanıyarıq” deməsini, heç də “bir dəlinin danışdığı nağıl” kimi qiymətləndirmək olmaz. Bunu sadəcə Rusiyanın Gürcüstanın Abxaziya, Cənubi Osetiya və Ukraynanın Krım Muxtar Respublikalarını işğal etdikdən sonra digər “problemli” bölgələrə göndərdiyi “Jirinovskiy mesajı” kimi qiymətləndirsək daha doğru olar. Aydın məsələdir ki, “Jirinovski mesajı”na görə hansısa ölkə Rusiyaya nota göndərsə, o bunu rəsmi Moskvanın mövqeyi olmadığını söyləyəcək, üstəlik Jirinovskini onların özləri də dəli adlandıracaqlar. Əlbəttə özünü sadəlövh hesab edənlər buna inanıb, hətta  gülümsəyərək xoşhal da olacaqlar. Amma heç kim güman etməyəcək ki, Moskva Jirinovskini dünyaya “Rusiyanın dəlisi” yəni, həm aşiqi, həm də Putinin dəlilərindən biri kimi təqdim edir. Amma biz özümüzü Koroğlunun nəvələri hesab etsəkdə, nədənsə içimizdən Jirinovskinin cavabını verən nə bir nəfər “Azərbaycan dəlisi”, nə də Koroğlu dəlisi tapılır.

Əslində isə məsələ tamamı ilə başqadır. Zənnimcə Rusiya idarəçilik sistemində əsası ABŞ-dan qaynaqlanan məşhur “parçala və hökmranlıq et” üsulunu deyil, bunun tam əksinə, yəni bütün “parçaları topla və hökmranlıq et” üsulunu daha məqsədə uyğun üsul hesab edirlər. Çünki Rusiya öz imperiyalığını elə halhazırda olduğu kimi əsrlər boyudur ki, bu “idarəetmə” üsulu hesabına qoruyub saxlaya bilir. İndi isə o özünü sayca az olan xalqların gözündə rəhimdil və himayədar kimi nümayiş etdirərək, bu xalqları öz kaloniyasına salmaq üçün “Jirinovskiy mesajı”ndan istifadə edir. Buna səbəb isə sadəcə olaraq Rusiyanın demoqrafiq problemlə üz-üzə qalmasıdır. Beləliklə, Rusiya “millətlərin öz müqəddəratını müəyyən etmə” prinsipi adı altında, millətlərin müqəddəratını o özü bildiyi kimi və ya öz xeyrinə “müəyyən” etmək istəyir. 

V.Jirinovskinin “Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində heç vaxt razılığa gələ bilməyəcəklər” fikrini, Ermənistanın keçmiş müdafiə naziri olmuş Norat Ter-Qriqoryants kimi “Jirinovskidən möhtəşəm təklif” deyə qiymətləndirənlər olsa da, amma bu heç də bütün ermənilər tərəfindən dəstəklənmir. Hətta belə fikri ilk dəfə gündəmə gətirən ermənilərin sevimli yazıçı Zori Balayanı, ötən ilin payızında “Gülüstan” müqaviləsini əsas gətirərək Rusiya prezidenti Vladimir Putinə “Qarabağı Rusiyaya birləşdirin” məzmunlu yalvarış dolu yazdığı məktuba görə, Ermənistanın xalq düşməni elan edənlər də oldu.
Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlının Modern.az saytına verdiyi məlumata əsaslansaq, ermənilərin əksəriyyətinin Qarabağı Rusiyaya deyil, Ermənistana birləşdirilməsini istəyirlər. Yeri gəlmişkən, Qarabağı Azərbaycana qaytarılmasını və ya birləşdirilməsini istəyən bir qisim Qarabağ ermənilərinə isə müxtəlif yollarla təzyiqlər olunur.

“Jirinovski mesajı”nın Rusiya üçün səmərə verməsi artıq göz qabağındadır.  Yəni Krımın işğalından sonra indi də Ukraynanın Cənub-şərqində yerləşən Xarkovda yaşayanların muxtariyyat yaratmaq tələbləri gündəmə gəlib. Rusiyanın İTAR-TASS agentliyi qeyd edir ki, Xarkovun mərkəzində mitinq iştirakçıları,  Ukraynanın səkkiz vilayətindən ibarət Cənub-şərq Muxtariyyatı yaratmağa çağırış ediblər. Bu isə Rusiya xarici işlər naziri Sergey Lavrovun Fransanın paytaxtı Parisdə ABŞ dövlət katibi Con Kerri ilə Ukrayna ilə bağlı görüşü ərəfəsində olub. Sizcə, S. Lavrovun “Ukrayna vahid dövlət kimi fəaliyyət göstərə bilməz. Dövlət federativ idarəetmə formasına keçməlidir” deməsi, Ukraynanın səkkiz vilayətindən ibarət Cənub-şərq Muxtariyyatı yaratmaq tələbi ilə mitinq edənlərin istəyinə rəvac verməyibmi? Elə isə gəlin Lavrovdan soruşaq niyə? Ukrayna niyə vahid dövlət kimi fəaiyyət göstərə bilmir, niyə dünənə qədər bunu bacardı, amma bu gün yox? Cavab əlbəttə ki məlumdur, çünki Ukrayna öz perspektivini Gömrük İttifaqında deyil, Avropa İttifaqında görür. Buna görə də Rusiya Ukraynanı cəzalandıraraq onu parça-parça edib sonra Avropaya vermək istəyir. UNİAN və modern.az saytlarına əsaslansaq, artıq məlum olaylardan sonra Ukrayna Müstəqil Dövlətlər Birliyini tərk etmək qərarına gəlib, üstəlik Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Rusiyaya qarşı viza rejiminin tətbiq edilməsi barədə qərar da qəbul edilib.

 
“Jirinovski mesajı”na hay verən, APA-nın məlumatına görə tanınmamış “Dnestryanı Respublikası”nın Ali Soveti, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə müraciət ünvanlayaraq, Rusiya qanunvericiliyində tanınmamış Respublikanın Rusiyaya birləşdirilməsinin mümkünlüyü üçün dəyişikliklər etməsini xahiş edib. Qeyd edək ki, hələ 2006-cı ildə  Moldovadan Rusiyanın əli ilə qopardılmış “Dnestryanı Respublika”da keçirilən referendumda əhalinin güya 97,2 faizi tanınmamış Respublikanın Rusiyaya birləşməsinə səs verib. Nəzərə almaq lazımdır ki, Rusiyanın Moldovada yaratdığı Dnestryanı problemin nəticəsidir ki, bir vaxt əvvəl rəsmi Kişinyov elə kişicəsinə yəni Rusiyadan qorxmayaraq Avropa Birliyi ilə assosiativ saziş imzaladı və Moldovanın MDB-dən çıxa biləcəyini bəyan etdi. Rusiya “liberalçısı” Jirinovskidən fərqli olaraq, Moldovanın müxalif Liberal Partiyasının sədri Mixay Qimpunun “MDB-nin bir üzvünün təşkilatın təməl prinsiplərini pozmasından və başqa bir üzv ölkənin ərazisini qəsb eləməsindən sonra Moldova bu qurumu tərk eləməlidir” deməsi tamamı ilə məntiqə uyğun ifadədir.

Bu arada tarix boyu müxtəlif bəhanələrlə özlərinə yer-yurd edən ermənilər Jirinovskinin sözünü Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsində yerə salmaq istəməyiblər. Belə ki, onlar kompakt yaşadıqları bu bölgənin Rusiyaya birləşməsini dilə gətiriblər. Qafar Çaxmaqlının fikrinə əsaslananda görürük ki, Gürcüstanın NATO-ya üzv olma ehtimalı böyük olduğundan Cavaxetiya ermənilərinin Rusiyaya birləşmə məsələsi Ermənistanın özündə də gündəmə gətirilir. Ermənilərin fikrincə güya NATO-nun tərkibində Türk qoşunlarının olması amili onlar üçün böyük təhlükə törədə bilər. Bunu bəhanə gətirən “Böyük Ermənistan” arzusunda olan ermənilər özlərini Rusiyanın tərkibində görmək istəyirlər.

Bütün bunlar bir daha onu sübut edir ki, Rusiya demokratik ölkə deyil, o İmperiyadır. Bu gün ölkəsini “parçalar” hesabına hərtərəfli möhkəmlətmək istəyən V.Putin və onun “carçısı” V.Jirinovski əvvəlcə onu bilməlidilər ki, Rusiya soyuq ölkədir, onların topladıqları hazırda öz milliliyinə soyuq yanaşan parçalar heç vaxt Rusiya qazanında qaynayıb, bişib əriməyəcəklər. Əksinə, elə ruslarsayaq desəm gözəl günlərin birində bu qazan daşaraq onun altında yanan odu birdəfəlik söndürəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir