Modern.az

“...Zeynəb Xanlarovaya dedim ki, bəlkə parlamentdə “Yaltaqlığın dərəcəsi haqqında” da qanun qəbul edək...”

“...Zeynəb Xanlarovaya dedim ki, bəlkə parlamentdə “Yaltaqlığın dərəcəsi haqqında” da qanun qəbul edək...”

Müsahibə

4 İyun 2010, 18:34

Modern.az saytının suallarını  65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin deputatı Yeni Azərbaycan Partiyasının üzvü Gülhüseyn Əhmədov cavablandırır

 

- Gülhüseyn müəllim, parlamentdəki 5 illik fəaliyyətiniz sizi qane edirmi?

- Beş ilə yaxın bir müddətdir parlamentdə çalışıram. Bu illər mənim üçün çox qiymətli oldu. Bundan əvvəl istehsalat sahəsinə rəhbərlik etmişəm. Ancaq birdən-birə gəlib parlamentə düşməyim mənim üçün həm çətin, həm də asan oldu. Vaxtilə elmi-tədqiqat institutunda işləmişəm, Abşeron rayonunda çalışmışam, sonra Saatlıya rəhbərlik etmişəm. Saatlıda işə səhər saat 8.00-dan başlayırdım, axşam saat 22.00-a kimi çalışırdım. Mən xoşlayırdım  ki, kiməsə kömək edim, nəsə tikim,  Kənd təsərrüfatı məshullarının bol olması eyni zamanda rayon sakinlərinin yaxşı yaşamağı demək idi. Ancaq birdən-birə parlamentə düşmək mənim üçün çox ağır oldu. Hesab edirəm deputatlıq mənim üçün çətin işdir.

- İcra başçısı postunu deputat mandatı ilə dəyiməyinizə peşman deyilsiniz ki?

- Düzünu deyim, həqiqətən peşmançılıq çəkirəm ki, deputat olmuşam. Məsələ orasındadır ki, başçı işləməklə deputat olmaq eyni deyil. Çünki başçının işi yaradıcı işdir. Hər gün kiməsə nəsə kömək edirsən, yaradırsan, tikirsən və s... Milli  Məclisdə hər gün gedib qanun yaradıcılığı ilə məşğul olmaq, iqtisadçılar, hüquqşunaslar üçün çox maraqlıdır. Ancaq mənə maraqlı odur ki, kəndlərdə əkin-biçin necədir, məhsuldarlıq nə qədərdir? Hansı məktəbə, hansı mədəniyyət evinə kömək edə bildik? Hansı yolu çəkə bildik? Bir daha qeyd edim ki, bunlar mənim üçün daha maraqlıdır. Açığını deyim, təsəvvürümə gətirməzdim ki, belə bir səhv buraxa bilərəm. - Bizdə icra başçıları daha çox qazanırlar. Fikirləriniz bundan dolayı deyil ki...?

- Bu işun maddi tərəfini ümüumiyyətlə fikirləşmirəm. Deputatlıq dövründə də çox işləmişəm. Bir-iki nəfəri çıxmaq şərtilə, hesab etmirəm ki, hansısa deputat məndən çox regionlarda olub, əhali ilə görüşüb. Mən daim seçilərin içərisində, Kürdəmir, Sabirabad, Saatlıda olmuşam. İmkanlarım daxilində onlara kömək etmişəm. Sadəcə, bunları sadalamaq istəmirəm. Deputat kimi də mən üzərimə düşən öhdəlikləri yerinə yetirmişəm. Bu müddətdə ola bilər az çıxış etmişəm. Ancaq bəzi təkliflərimi vermişəm. Hesab edirəm ki, Milli Məclisdə 5 ildə nəsə öyrəndim.

- İnsanlarla təmasda olmaq üçün deputat, yoxsa icra başçısı olmaq yaxşıdır?

- Deputat üçün seçicilərlə əlaqə saxlamaq, görüşmək problem deyil. Ancaq deputat kimi onlara kömək etmək çətindi. Mən seçildiyim bölgədə uzun müddət icra başcısı işləmişəm. Saatlıda 7-dən 77-yə hamı məni tanıyır. Mən xoşlayıram ki,  uşaqdan  böyüyə hamı ilə ünsiyyətdə olum. Mənim üçün gecə-gündüz olmayıb. İstədiyim vaxt istədiyim kəndə getmişəm. Bütün hamı məni tanıyır. Deputat kimi də Saatlı, Sabirabad, Kürdəmir ərazisindən seçilmişəm. Orada da hamı bilir ki, mən onlarla daim əlaqə saxlayıram.

- İndi çox rayonda deputatlarla icra başçıları arasında ciddi problemlər yaşanır. Bu mənada sizdə vəziyyət necədir?

- Mən icra baçısı olanda həmişə deputatlara hörmətlə yanaşmışam. Düzdür, indi qəzetlət belə şeylər yazırlar, hətta mənim barəmdə də yazmışdılar. Cavabım odur ki, Azərbaycanda nə qədər icra başçısı var, mənim hamısı ilə münasibətim var. Sabirabad, Kürdəmir, Saatlının icra başçılarının mənə  münasibətlərinın pis olduğunu hiss etmirəm. Bəlkə də içlərində belə şey var, bunu deyə bilmərəm. Mən həmişə seçicilərin yanında olmşam. Hətta təbbi fəlakət zamanı da orada idim. Təbii fəalkət ayın 7-si baş verdi. Ancaq mən mayın 3-də Sabirabad, Saatlı və Kürdəmir ərazisini gəzdim. Orada aparılan işlərlə tanış oldum. Sonra hökumət nümayəndəlırinə dedim ki, həqiqətən yaxşı işlər gedir. Ancaq Kür və Arazla bağlı gərginliyin olduğunu da onların diqqətinə çatdırdım.

- Bu beş il ərzində ürəyinizdən keçən, ancaq qəbul edilməyən qanun olubmu?

- Yaxşı olardı “Kənd təsərrüfatının inkişafı  haqqında” qanun qəbul edilsin. Bir də “İnnovasiya haqqında” qanun qəbul olunmalıdır. Bir sıra məsələlərin həlli üçün  “Kənd təsərrüfatının inkişafı haqqında” qanunun qəbulu vacibdir. Yəqin ki, növbəti parlamentdə bu kimi məsələlərə baxılacaq.

- Ümunyyətlə, Milli Məclisin beş illik fəaliyyətinə necə qiymət verirsiniz?

- Şəxsən mən çox yüksək qiymətləndirirəm. Çünki, Milli Məclis çox mühim demokratik qanunlar qəbul edib. Hesab edirəm ki, Milli Məclis üzərinə düşən işin öhdəsindən gəldi. Ancaq məni Mlli Məclisdə qane etməyən məsələlər də var. Hərdən elə şeylər görürəm ki... Məsələn çoxlu məddahlıq görürəm. Elə ona görə, bir dəfə Zeynəb Xanlarovaya dedim ki, bəlkə burada “Yaltaqlığın dərəcəsi haqqında” da qanun qəbul edək. Bizdə belə şeylər var. Belə şeyləri mən qəbul edən deyiləm. Belə şeylərdən uzaq olmaq lazımdır. Düzü düz, açıq demək lazımdır. Yaltaqcasına kimisə tərifləmək lazım deyil. Mən şəxsən bunu qəbul etmirəm. Son qoyulmalıdır bunlara. Seçicilər də kimə səs verdiklərinin fərqində olmalıdırlar.

- Uzun illər icra başçısı olmusunuz. Seçicinin səsi nəyisə həll edirmi?

- Bəli, camaatın səsi hər şeyi həll edə bilər. Elə adama səsə vermək lazımdır ki, sabah bu ölkəni həm Milli Məclisdə, həm də xaricdə təmsil edə bilsin. - Növbəti parlamentin tərkibini necə görmək istərdiniz?

- Mən parlamentdə təcrübəli, ağıllı adamlar görmək istəyərdim. Hesab edirəm ən çox hüquqşünaslar, iqtisadçılar, mədəniyyət, ədəbiyyat sahəsində olan böyük alimlərimiz orada olmalıdır. Biznesmenlər isə öz işləri ilə məşğul olmalıdırlar. Həmin biznesmen xaricə çıxsın , böyük işlər görsün və vergi ödəsin. Bu yolla xalqa xidmət etmiş olsun. Hamı tanısın ki, bu firma ölkəyə ildə bu qədər vergi ödəyir və bu da Azərbaycana xeyirdi. Yoxsa gəlib Milli Məclisdə deputat olum, buna ehtiyac yoxdur. Gedib o şeylərlə məşğul olsunlar.

- Bəlkə həmin deputatlar mandatla özlərinə “toxunulmazlıq” statusu almaq istəyirdilər...

- Milli Məclisin deputatı olmaqla vergidən qaçmaq olmaz. Vergi hamı üçün qanundur.

- Sizin də sahibkar olduğunuz söylənilir...

- Mənim dostlarım da bilir, mən sahibkarlıqla həqiqətən məşğul olmuram. Saatlıya icra başcısı gedənə qədər böyük imkanlarım vardı. Abşeronda böyük istixanam var idi. Bir də Nəsimi Rayon İcra hakimiyyətinin binasının birinci mərtəbəsi mənim mağazam idi. Çox təəssüf olsun ki, onları satdım. Çünki icra başcısı getdim həmin obyektlər qaldı başlı-başına, onları satmaqda böyük səhv etmişəm. İndi heç bir biznesim yoxdur. Ancaq onu da deyim ki, 2004-cü il fevral ayının 11-də regionların sosal-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edildi, onda iş yerləri açmaq lazım idi, gördüm heç kəs açmaq istəmir, həqiqətən bir Süd sexi açdırdım ki, 15 nəfər adam işləsin. Bu proqrama uyğun idi. Əvvəllər yaxşı işləyirdi, son 1 ildi ki, o da zəifləyib. Ona görə zəifləyib ki, o sahə artıq genişlənib, bizim regionda o qədər belə sexlər açılıbdır ki...Başqa heç nəyim yoxdur.

- Amma qəzetlər yazır ki, sizin Saatlıda akademik Cəlal Əliyevlə birgə əkin sahələriniz, fermer təsərrüfatlarınız var...

- Bunu yazan “Azadlıq” qəzetidir. “Azadlıq” qəzetində işləyənlərin 3-ü bizim Saatlının Azad kəndindən, 3-ü isə Ağarəhimli kəndindəndir. Yazırlar ki, Gülhüseyn Əhmədovla Cəlal Əliyevin torpaq sahələri var, Arazı qoymadılar ki, Baş Mil-Muğan kollektoruna tökülsün. Baş Mil-Muğan kollektoru 150 kub metr həcmində su götürə bilər, artıq götürmək gücündə deyil. Bunu dəfələrlə “Meliorasiya və su təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə, qurumun digər üzvləri də deyib. Deyirlər mənlə Cəlal Əliyevin torpaq sahələri olduğuna görə suyun bu kolektora açılmasına imkan verməmişik.  Əgər bu kollektora 150 əvəzinə 1150 kub metr su axıdılsa, onda bütün Saatlı su altında qalardı. Bu gün Saatlının Novruzlu, Dəllər kəndinin 70 faizinə, Nərimankəndin 20 faizinə ziyan dəyib, 10-15 ev də Qusarlı kəndində ziyan çəkib, qalan heç bir yerə ziyan dəyməyib. Düzdür, Sarısudan bir neçə borular qoymaqla 60 kub metr su Baş Mil-Muğan kollektoruna axıldıldı ki, yüngüllük olsun. Ancaq mənim və Cəlal Əliyevin orda torpaq sahələri yoxdur. Orada qardaşım Xanhüseyn Əhmədovun 170 hektar torpağı var. O, çalışqan insandır. Bütün Saatlının seldən qorunması işi onun üzərinə qoyulmuşdu. Qardaşım artıq 15 ildir yüksək səviyyədə taxılçılıqla, pambıqçılıqla məşğul olur. Respublikanın əksər rayonları taxıl toxumunu ondan alır. Hansı ki, həmin toxumlar akademik Cəlal Əliyevin yetişdirdiyi sortlardı. Məhsuldar, əzəmətli, qiymətli... Başqa ölkədən Azərbaycana taxıl toxumu gətirmək lazım deyil. Xanhüseyn bunu bütün Azərbaycana satır, bunu hamı bilir. Mənə qalınca, hətta öz kəndimizdə də torpağım yoxdu. Halbuki, bu kəndi mənim atam qurub. Bütün respublika onu tanıyır, bilir ki, necə işləyib. Yaxşı yadıma saldınız, 2004-cü ildə qış otlağı sahəsindən 500 hektar torpaq götürmüşdüm, bu, sırf heyvandarlıq üşün yer idi. Düzü o yer bir neçə il istifadə olunmadı. Bir müddət keçdi, mən o torpağı hökumətə qaytarmaq üçün ərizə verdim, bundan heç Saatlının icra başçısı Vaqif Hüseynov xəbər tuta bilmədi, rayon torpaq şöbəsinin rəhbərinə dedim, “istəmirəm, gəlib eləməyəcəm”. Sonra Vaqif Hüseynov bilib, mənə özü dedi ki, “bəlkə bizdən incimisən”. Dedim, “mən inciməmişəm”, istəmirəm, ona görə ki, bu mənə sərf etmir.

- Cəlal Əliyevin adamı olduğunuz da bildirilir...

- Cəlal Əliyevlə mən 33 ildi dostam. Bakı Dövlət Universitetini bitirmişəm. Təyinatla getmişəm Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnsitutuna, hansı ki Cəlal Əliyev mənim çalışdığım şöbəyə rəhbərlik edirdi. O, 33 il dostum, rəhbərim, müəllimim olub, yaxşı, bu şeyləri mən necə ata bilərəm. Cəlal Əliyev deyərdim ki, 500-dən çox kadr hazırlayıb Azərbyacana verib. Bu gün Cəlal Əliyevin yetirmələrindən 23 nəfəri dünyanın ən böyük elmi mərkəzlərində çalışır. Azərbaycanda kim belə bir alim, belə bir mütəxəssis yetişdiribsə, varsa, çıxsın qabağa, desin ki, Cəlal Əliyev qədər Azərbaycana nəsə etmişəm. Onu deyə bilməyəcək. Heç akademiya sistemi tək Cəlal Əliyevin yetişdirdiyi qədər xaricdə alim yetişdirməyib. Cəlal Əliyev mənim elmi rəhbərim olub. O vaxt mənə də təklif etmişdi Leninqradda oxuyum, dedim evlənirəm, mən heç hara getməyəcəm, burada qalıb işləyəcəm. Burada işlədim, müdafiəmi isə Tacikstanda etmişəm. Mənim Cəlal Əliyevlə dostluğum budur. Cəlal Əliyevə hörmətim var. Bu gün də əlaqə saxlayıram, heç kimdən çəkinmirəm. Dostam, mən onu dana bilmərəm. Müəlliminə, rəhbərinə xor baxan adamın axırı yoxdur. Mən vəzifəyə, deputatlığa görə heç kimə..., biləsən, mən elə adam deyiləm. Heç deputatlığı istəmirəm. Mənim öz ləyaqətim var. Yaxşı mənim öz işimə nə deyirsən? Saatlıda 12 il yarım icra başcısı işləmişəm. Statistikanı da əzbər bilirəm. Gəlsinlər, baxsınlar, Allah Heydər Əliyevə rəhmət eləsin. Daim bütün müşavirələrdə birinci məni qaldırardı. Həmişə də yüksək səviyyədə çıxış etmişəm. Pambıqçılıq, taxılçılıq, bütün sahələrdə hamıdan qabaqda omuşam. Bu mənim işimdir. Mən bununla fəxr edirəm ki, Saatlı rayonunda bu qədər pambıq, taxıl olub, bu camaatın çörəyidir. Bir müqayisə deyim. Saatlıda 2004-cü ildə 35 min tona yaxın pambıq tədarük etmişdik, 2005-ci ildə bu rəqəmi 37 min tona qaldırdıq. Halbuki 2009-cu ildə Azərbaycan Rspublikası 33 min ton pambıq verib. Bu kimin hesabına olub. Mən çalışmışam, işləmişəm. Saatlıda 3 pambıq zavodu var, onun 2-si mənim hesabıma olub. İndi isə Saatlı 10 min ton pambıq verir. Niyə? Cünki o vaxt əkilən sortlar keyfiyyətli olub, onların suyu vaxtında verilib. Mən bu işimlə fəxr edirəm.  Quyuya su tökməklə quyu dolmur, quyunun özündə də su olmalıdır.

- Gülhüseyn müəllim, uzun illər Kürqıragı rayona rəhbərlik etmisiniz. Bu təbii fəlakəin qarşısını almaq olardımı?

- Düzdür, bəziləri başa düşür ki, bu təbii fəlakətdi, bəziləri başa düşmür. Əlbəttə mən də hesab edirəm ki, vaxtında Kür çayının deltası təmizlənsəydi, belə olmazdı, indi Kürün içərisində adalar əmələ gəlib. Adalar olmasaydı, oradakı təbii fəalkət az fəsad verərdi. Ancaq bu təbii fəlakətdir. Mən orada işləmişəm. 2003-cü ildə Araz cayında maksimum su 850 kub metr olub. Onda çox çətinlik çəkirdik. İndi Arazda da su çoxdur, Kürdə də dəhşət çoxdur, hər saatda artır. Mən insanları başa düşürəm, tikdikləri ev əllərindən gedir. Düzdü cənab Prezident bildirdi ki, onlara konpensasiya veriləcək. Hər halda insanları qınamayın, 50-100 ilə tikilən evlər su altında qalıb. Onlar bizim də, deputatın da, icra başçısının da üstünə çığıracaqlar. Dözmək lazımdı, onları başa düşmək lazımdır. Yaxın müddətdə bu məsələ həll olunandan sonra həmin camaat da görəcək ki, dövlət onların arxasında durub.

- Heç bu beş ildə ozünüzə deputat dost qazana bildinizmi?

- Tahir Süleymanov, Novruz Aslan, Ərəstun Cavadov- orada ziyalı, ağasaqqal adamlar var ki, mənim onlara böyük hörmətim var. Onlarda azərbaycanlılıq xarakteri görürəm. Mən də özümə bəzi şeyləri götürürəm, baxmayaraq mənim 55 yaşım var, ancaq hər halda görürəm ki, onlardan götürüləsi, öyrəniləsi şeylər çoxdur.

- Növbəti seçkilərdə namizədliyiniz irəli sürəcəksinizmi?

- Namizədliyimi verməmək fikrim var. İstəmirəm. Lazım gəlsə elmi işlə məşğul olacam. Ancaq hər halda münasib iş olsa, daha yaxşı olar. Mən işləyən adamam. Dayanmaq nədi? Məndə yorulmaq söhbəti yoxdur.

- Bir qədər də qarşıya qoyduğunuz işlər barədə məlumat verə bilərsinizmi?

- Mən prinsipial adamam. 1987-ci ildə elmi işimə görə Leninqrada getmişdim. Oradan qırmızı rəngdə bloknot almışdım. Qarşıma məqsəd qoymuşdum ki, nə vaxt Saatlının birinci katibi olsam, bu kitabçanı o vaxt işlədəcəm. Doğrudan da icra başcısı olanda onu işlətdim.

- Belə kitabçalarınız yenə varmı?

- Məqsədlərim var. Bundan sonra da ola bilər.

 

Təhminə PAŞAYEVA

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi