Modern.az

Kənddən şəhərə transfer olunan, “yunanlaşan” Səməd Vurğun heykəli - LAYİHƏ

Kənddən şəhərə transfer olunan, “yunanlaşan” Səməd Vurğun heykəli - LAYİHƏ

Mədəni̇yyət

7 Aprel 2014, 11:30

Azərbaycanın tərənnüm simvoluna çevrilən “Azərbaycan” şeirindən sonra Səməd Vurğunu demək olar ki, hamı o qiyafədə təsvir edirdi. Dəmiryol vağzalının qarşısında yerləşən bağın əsas fiquru olan bu heykəl Bakıya gələn qonaqlara məhz, Bakını, Azərbaycanı təqdim etməli idi. Bu işi də təbii ki, “Səməd Vurğun” öz boynuna götürür. Beləliklə, Modern.az saytı “Yeni Bakının köhnə heykəlləri” layihəsindən növbəti yazını “Səməd Vurğun” heykəlinə həsr edir...

“Yunanlaşan” Səməd Vurğun

Heykəl 1961-ci ildə xalq rəssamı Faud Əbdürrəhmanov tərəfindən hazırlanıb. Memarı Mikayıl Hüseynovdur. Bu, keçmiş SSRI-də ədəbiyyat xadiminə ölümündən dərhal sonra düzəldilən ilk abidə olub. Heykəlin yerləşdiyi Səməd Vurğun parkının sahəsi böyükdür və burada bir neçə fəvvarə var. Parkın sahəsinin böyük olması heykəlin ucalığına zəmin yaratmış olur. Səməd Vurğun heykəli Fuad Əbdürrəhmanovla Mikayıl Hüseynovun ikinci ortaq işidir. Belə ki, Nizami heykəlində olduğu kimi, burada da heykəlin ətrafında olan parkı salmaq işləri ilə Hüseynov məşğul olub.

Monumental heykəltəraşlıqda özünəməxsus üslubu olan Fuad Əbdürrəhmanov bu işində də aristokratizmi ön plana gətirib. Bütün yaradıcılığında klassik rəssamlıq üslubunu qoruyan Əbdürrəhmanov Səməd Vurğunun heykəlində də o ənənəni davam etdirib. El şairi kimi xalqın ruhunu özündə əks etdirməli olan Səməd Vurğunun əvəzinə yunan akademik üslubunda hazırlanan aristokrat bir filosof (rəssam, dramaturq) görmək olur. Belə ki, heykəltəraş burada şairi el ruhundan çıxararaq onu “yunanlaşdırıb”. Bu, əslində müəllifin yunan klassisizmindən ayrılmamasına bir sübutdur.

Üstəgəl Leninqradda Repin adına Rəssamlıq Akademiyasını bitirənlərin çoxu kimi onun da klassika sevdasına daha bir sevda əlavə olunmuşdu. Çünki SSRİ-nin bütün yerlərindən bu akademiyanı bitirən rəssam, heykəltəaraşlar klassisizmə vurğunluğu ilə seçilirdilər. Odur ki, buradakı klssik yunan-Roma elementlərinin çoxluğu Səməd Vurğunun təbiiliyini pozsa da, onun estetik baxımdan görünüşünə heç bir xələl gətirmir. Heykəltəraşa həsr olunan bir buraxılışda xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov da bu nüansı vurğulayaraq deyirdi: “Fuad Əbdürrəhmanov antik yunan stilində işlərini hazırlayırdı. O akademik üsluba həmişə sadiq qaldı. Onun Azərbaycandakı “Nizami”, Tacikistanda isə “Rudəki” (orta əsrlərin məşhur tacik şairi) heykəli dünya klassik heykəltəraşlıq nümunələrinin önündə gedir”.

“Unutmaz bu oba, bu mahal məni...”

Heykəlin postamentini rəssamın köməkçisi, memar Mikayıl Hüseynov hazırlayıb. Heykəlin özü ilə postament sintez təşkil edir. Belə ki, postament də antik yunan formasında dəyirmi şəkildə hazırlanıb. Səməd Vurğunun kiril əlifbasında yazılan ad və soyad və yaşam tarixindən başqa postamentin üzərində heç nə yoxdur! Burada müəllif heykəlin estetik quruluşunu pozmamaqdan ötəri bu kiçik informasiyadan başqa heç nəyə gərək görməyib. Heç olmasa Səməd Vurğunun “vizit kartı” olan Azərbaycan şeirindən bir bəndi verib, onun tərənnümçü missiyasını artırmaq olardı. Lakin Əbdürrəhmanov burada da klassik janrdan yararlanıb. Amma bu, monumentallıq baxımından qəbul olunsa da, maarifçilik və təbliğat cəhətdən o qədər də önəm daşımır. Təsəvvür edin, bu gün həmin heykəlin yerləşdiyi bağda toplaşan gənclər onu ancaq vizual baxımdan tanımağa məhkumdur. Sovetin qəliblərinə xas olaraq 6 metrlik postamentin quruluşunu pozmamaqdan ötrü heç nə yazılmasa da, bu işi indi həyata keçirmək olar. Müəllif görünür, milli koloriti daş üzərində əlindən alınmış Səməd Vurğunun bu sözlərinə güvənirmiş:

Demə, Səməd Vurğun gəldi, gedərdi
Unutmaz bu oba, bu mahal məni...

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!