Modern.az

Parlament seçkiləri və «ekzit-poll»...

Parlament seçkiləri və «ekzit-poll»...

6 İyun 2010, 19:15

Azərbaycanda bu ilin payızında keçiriləcək parlament  seçkisinin rəsmən elan olunmasına bir qədər vaxt var. Seçkiyə qalan vaxt daraldıqca bu marafonla bağlı gərginliklər də şübhəsiz artacaq. Maraqlıdır, parlament seçkisində «ekzit-poll» olacaqmı və onu hansı xarici təşkilat keçirəcək? MSK rəsmiləri bu barədə danışmağın tez olduğunu bildirsələr də, bəzi məlumatlara görə, yerli QHT-lərdən prosesə hazırlıq görənlər var.

 

 

«Ekzit-poll» bu gün bütün dünyada geniş tətbiq olunur, yəni seçki günü seçki məntəqəsinin çıxışında səs vermiş seçicinin rəy sorğusu aparılır, onun hansı namizədə səs verdiyi öyrənilir. Bu yolla seçki komissiyasının seçkinin nəticələrini rəsmən elan etməsindən öncə ilkin nəticələri əldə etmək imkanı yaranır. Qeyd etmək lazımdır ki, yalnız elmi metodologiyaya uyğun keçirilən «ekzit-poll»un nəticələri seçkilərin nəticələrini düzgün qiymətləndirməyə imkan verir. Beynəlxalq müşahidəçilərin qənaətinə görə, «ekzit-poll» sorğusu tədricən Azərbaycanda da seçkiləri müşayiət edən, seçkilərin demokratik keçirilməsini və legitimliyini qiymətləndirməyə imkan verən bir vasitəyə çeviriləcək. Hələlik isə ölkəmizdə seçki məntəqələrinin çıxışında həyata keçirilən bu təkrar sorğuya birmənalı münasibət yoxdur.

Qeyd edək ki, Azərbaycanda beynəlxalq təşkilatların iştirakı ilə «ekzit-poll» sorğusu ilk dəfə 2005-ci ilin noybrında keçirilən parlament seçkilərində təşkil olunub və o zaman onun nəticələri müxalifət və iqtidar tərəfindən heç də normal qarşılanmayıb. Xatırladaq ki, 2005-ci il noyabrın 6-da keçirilən parlament seçkiləri zamanı bir neçə təşkilat «ekzit-poll» keçirmişdi. Onlardan ən əsası ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi «PA Consulting Group» şirkəti idi ki, onun da Azərbaycanda yerli tərəfdaşları «Sorğu» Tədqiqatlar Mərkəzi və Sosial Tədqiqat üzrə Beynəlxalq Mərkəz idi. 2005-ci ildə «PA Consulting Group»un keçirdiyi «ekzit-poll»un nəticələri ABŞ hökuməti, ATƏT, Avropa Şurası tərəfindən də qəbul olunurdu və buna görə də əsas diqqət bu qurumun təşkil etdiyi sorğuya yönəlmişdi. Bunu nəzərə alan Azərbaycan müxalifəti də o zaman («Azadlıq» bloku) əvvəlcədən bəyan etmişdi ki, yalnız «PA Consulting Group»un keçirdiyi «ekzit-poll»un nəticələrini tanıyacaq. Amma «PA Consulting Group» «ekzit-poll»un nəticələrini elan edəndə məlum oldu ki, göstəricilər MSK-nın nəticələri lə 80 faiz üst-üstə düşür. Belə nəticə isə müxaifəti razı salmadı.

Ötən parlament seçkiləri zamanı ABŞ-ın digər qeyri-hökumət təşkilatı olan «Mitofski İnterneşnl» də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ilə birgə «ekzit-poll» keçirmişdi, lakin onların elan etdiyi nəticələr ciddi qəbul olunmadı. Çünki bu sorğu zamanı şəffaflıq tam təmin olunmamışdı. Hətta «Azadlıq» bloku «Mitovski İnterneşnl» qrupunun keçirdiyi «ekzit-poll»un hakimiyyətin sifarişi ilə təşkili barədə bəyanatla çıxış etmişdi.

2005-ci il seçkilərində Estoniyanın «Saar-poll», Azərbaycanın  «İnamlı Səs» QHT-lər Birliyi, «Proqnoz» təşkilatının keçirdiyi «ekzit-poll»un nəticələrinə də onların özlərindən başqa heç kim əhəmiyyət vermədi.

Artıq Azərbaycanda yeni seçki marafonu yaxınlaşır, hələlik «ekzit-poll» keçirəcək beynəlxalq və yerli təşkilatlar barədə səs-soraq yoxdur.

Mərkəzi Seçki Komissiyasından Modern.az-a bildirilib ki, payızda keçiriləcək parlament seçkisi ilə bağlı yeniliklər seçki marafonuna rəsmən start verildikdən sonra məlum ola bilər. MSK rəsmiləri indidən «ekzit-poll» və onu keçirəcək təşkilatlar barədə danışmağın tez oluğunu deyirlər. 2005-ci ildə dövlət başçısı tərəfindən seçki prosesinin təkmilləşdirilməsi ilə bağlı imzalanan sərəncamda «ekzit-poll»un həyata keçirilməsi geniş əks olunub. Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanunda da «ekzit-poll»un MSK tərəfindən akkreditasiyası məsələsi öz əksini tapıb. Milli Məclis tərəfindən iki il öncə «Qeyri-hökumət təşkilatları haqqında» Qanuna edilən dəyişikliyə əsasən, bütün yerli QHT-lərə seçkilərdə «ekzit-poll» keçirməyə icazə verilib.

MSK-dan deyiblər ki, seçkilərə rəsmən start verildikdən sonra «ekzit-poll»a məşğul olmaq istəyən hər bir xarici və yerli təşkilat quruma müraciət edib qeydiyyatdan keçə biləcək. MSK rəsmiləri budəfəki parlament seçkilərində «ekzit-pol”a marağın böyük olacağına əmindirlər. Bəzi məlumata görə, Azərbaycanda bir neçə iri QHT parlament seçkiləri zamanı «ekzit-poll» keçirməkdə maraqlıdır. Hazırda həmin təşkilatlar daxilində prosesə ciddi hazırlıq işlərinin görüldüyü, və onların xarici tərəfdaş axtarışında olduğu söylənilir.

Əfqan Qafarlı

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər