Modern.az

“Kinomuzda “təsadüfi” məşhurlar” - Moskvanı heyrətləndirən Nüsrət Kəsəmənli

“Kinomuzda “təsadüfi” məşhurlar” - Moskvanı heyrətləndirən Nüsrət Kəsəmənli

9 Aprel 2014, 10:23

Modern.az saytının “Kinomuzda “təsadüfi” məşhurlar” rubrikasının növbəti qəhrəmanı vaxtilə bütün gənclərin sevimli məhəbbət şairi olan mərhum Nüsrət Kəsəmənlidir. O, 1989-cu ildə ekranlaşdırılan “Doğma sahillər” filmində İran generalı obrazını canlandırıb. Rejissor Əbdül Mahmudov tərəfindən lentə alınan film Azərbaycan sərhədçilərinin şərəfli peşə fəaliyyətindən bəhs edir. Film məhz Azərbaycanın ilk sərhəd generalı Mustafa Nəsirova həsr edilib. Baş rolun ifaçısı olan Tariyel Qasımov da (Musa Nəsibov) bu şəxsin prototipidir. 

“General” Nüsrət Kəsəmənli seçimi

Nüsrət Kəsəmənli isə filmə təsadüf nəticəsində cəlb edilib. Rejissor Əbdül Mahmudov bütün işlərində debüt etməyə həvəsli olub: “Debüt etməyi çox sevirdim, Nüsrət Kəsəmənli də bu rola çox uyğun gəlirdi. O canlandırdığı obrazı duya bilirdi, yüksək intellekti buna imkan verirdi”.

“Özbaşınalıq edirsən cənab polkovnik”

Filmin ssenari müəllifi Əhmədağa Muğanlıdır. “Doğma sahillər” filmi özünəməxsus süjet xətti ilə seçilir. Belə ki, burada sistemləri, ideologiyaları müxtəlif olan iki qonşu dövlət sərhəddə birgə iri su-elektrik stansiyası inşa etməyə hazırlaşır. Lakin bu əməkdaşlıq Qərb dairələrində müsbət qarşılanmır. Müxtəlif yollarla tikintini dayandırmağa çalışırlar. Sərhədçilərin təxribat törətməyə can atan düşmənlərlə mübarizəsi filmin əsas süjetini təşkil edir. Filmdə xalqımızın Cənubi Azərbaycanla bağlı dərdlərinə də toxunulub. Bu xətt Araz və Aşıq Həsrət obrazları vasitəsilə göstərilib. Burada İran tərəfinin yüksək çinli hərbçilərini iki obraz canlandırır. Biri Rasim Balayevin canlandırdığı polkovnik Həbibi, digəri isə Nüsrət Kəsəmənlinin ifa etdiyi general obrazı.

Polkovnik Həbibi milli ideologiyaya bağlı bir insandır. Aşıq Həsrətin yurdun ikiyə bölünməsi ilə bağlı oxuduğu yanıqlı nəğmə polkovnik Nəsibov kimi onu da kövrəldir. Amma general isə sırf dövlətçiliyi mühafizə edən bir sərkərdədir. Onların arasındakı dialoq Nüsrət Kəsəmənlini Rasim Balayevdən heç də fərqləndirmir:

- Özbaşınalıq edirsən cənab polkovnik. O gədəni niyə həbs etmisən?

- O taydan idi, cənab general.

- Qurtarın bu o tay,  bu tay söhbətini. Görürəm son vaxtlar hamınızın əzbəri olub bu söz.


Bu girişlə başlayan dialoq Rasim Balayevlə (polkovnik Həbibi), Nüsrət Kəsəmənlinin (İran generalı) arasında baş verir. Filmi izləyən mütəxəssislər də şairi aktyordan fərqləndirə bilmirlər. Çünki hər ikisi rolun öhdəsindən demək olar ki, eyni dərəcədə gəlir. Bu dialoq özündə bir çox siyasi-ideoloji məsələləri əks edir. Rejissor əslində böyük ustalıqla mətnaltı mənada çox məqamlara işarə edib. Rejissor özü də bu dialoq barəsində bu cür danışır:

“Nüsrət Kəsəmənlinin Rasim Balayevlə kəllə-kəlləyə gəldiyi səhnə filmdə ən maraq doğuran hadisələrdən idi. Çəkiliş qrupunun çoxu Nüsrətin ifasına heyran olmuşdu. O, bir İran generalı kimi situasiyanı duya bilmişdi. Rasim Balayev, Tariyel Qasımov kimi peşəkar aktyorlarla  çəkilmək onun üçün çətin olmadı.”

Moskvanı təəccübləndirən şair

Təbii ki, film barəsində şairin özü daha yaxşı danışa bilərdi. Artıq on ildən çoxdur ki, dünyasını dəyişən şairin filmə çəkilməsi ilə bağlı oğlu Rəşad Kəsəmənli məlumatlı olmadığını qeyd etdi. Amma rejissor Əbdül Mahmudovun dediyi bir cümlə Nüsrət Kəsəmənlinin aktyor qabiliyyətini özündə tamamilə xarakterizə edir: “ Filmi Moskvaya aparanda Nüsrətin ifa etdiyi obraza baxıb dedilər ki, bu aktyor harada idi ki, onu indiyə qədər filmə çəkməmisiz? Hətta azacıq qınadılar da. Gülərək cavab verdim ki, o şairdir, aktyor deyil”.

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?