Modern.az

Qonaqpərvərliyimiz niyə unudulur? - ARAŞDIRMA

Qonaqpərvərliyimiz niyə unudulur? - ARAŞDIRMA

Mədəni̇yyət

10 Aprel 2014, 13:07

 

 

 

 

 

 

 

 

 

 

Modern.az  saytı “Unudulmuş adətlər” rubrikasını davam etdirir. Bu dəfəki mövzumuz qonaq qəbul etmə ilə bağlıdır. Keçmişdə deyərdilər ki, qonaq gəlməyən ailənin cəmiyyət içində də nüfuzu olmur. Hətta belə atalar məsəlləri də var: “Qonaqsız ev suyu soğulmuş dəyirmandı”, “Qonaqsız ev uğursuz olar”, “Qonaq ruzudur”, “Qonaq özü ilə ruzusunu da gətirər”. Qapını döyən yad bir insanı da “Qonaq Allah qonağıdır”, “Tanrı müsafiri” deyib evə  dəvət edərdilər. Qonaqdan nə zaman gedəcəyini heç zaman soruşmazdılar. Qaldığı müddətdə ona hörmət göstərib evin yuxarı başında əyləşdirər, yedirib-içirərdilər. Bəs, çağdaş dövrümüzdə qonaq qəbul etmə adət-ənənəsi unudulmayıb ki?

Modern.az  bununla bağlı sosioloq və etnoqrafın fikirlərini öyrənib.

Sosioloq Əhməd Qəşəmoğlu adət-ənələrimizin unudulmasının heç də yaxşı bir hal olmadığını deyir :“Adət-ənənələrimizlə bağlı cəmiyyətimizdə dəyişikliklər baş verməlidir. Amma bu dəyişikliklərin bəziləri ürəkaçan olsa da, elələri var ki, tam əksinədir. Əlbəttə, bizlər də hər zaman qorunub saxlanması vacib olan adət-ənənlərimizin yaşadılmasının tərəfdarıyıq. Elə adətlərimiz var ki, onlar bizim üçün ahəng yaradır. Qonaq qəbul etmə ilə bağlı adətimizə gəlincə, tariximizə də nəzər yetirsək, bunun əslində bir mədəniyyət nümunəsi olduğu və evə gələn insanın əslində Allah tərəfindən göndərildiyi deyilirdi. Qonağın əhəmiyət və ehtiramı o dərəcədə idi ki, ruzisini də özü ilə gətirdiyini deyərdilər. Bir faktı da deyim,  əvvəllər insanların sayı az olduğundan tez-tez qonaq gedənlər də olmurdu. O vaxtlar  atla, ulaqla gedərdilər və onların mənzil başına çatması bir gün vaxt aparardı. İndiki vaxtda isə gedəcəyimiz yerə tez çatırıq. İndi mühit dəyişib, get-gəl çoxalıb, insanlar bir-birini daha tez-tez görürlər. Belə dövrdə əlbəttə, əvvəlki adət-ənənə olduğu kimi qala bilməz. O vaxtlar hər bir evdə qonaqlar üçün ayrıca qonaq otağı ayrılardı. Bu adət-ənənələr bəzi ucqar dağ kəndlərində indi də qalmaqdadır”.

Sosioloqun fikrincə, çağdaş dövrümüzdə sosiallaşma daha sürətlə gedir və  qərb mədəniyyətinin dəyərləri ölkəmizdə daha geniş yayılıb: “Bu da insanların bir-birinə münasibətinin mənəvi dəyərdən çıxaraq, maddi müstəviyə keçməsinə gətirib çıxarıb. Bütün bunların hər birində qanunauğyunluqlarla yanaşı, itirdiyimiz bəzi şeylər də var. Əvvəllər insanların münasibətlərində mənəvi, dini amillər mühüm rol oynayırdısa, indi bunlar azalıb və əlbəttə, bu təəssüf hissi doğurur. Düşünürəm ki,  bununla elmi-tədqiqat institutlarımız məşğul olmalıdır. Çünki indi qloballaşma prosesi gedir və qorunub saxlanması vacib olan adət-ənənlərimizi də unuduruq. Cəmiyyətimizin düşüncə tərzində yetərincə dəyişikliklər var. İndi hər bir prosesdə elmi təminata böyük ehtiyac duyulur. Ona görə də belə adət-ənənələrimizin davam etdirilməsi və qorunub saxlanması üçün kulturologiya ilə bağlı da institutlar daha geniş fəaliyyət göstərməli və insanlara da bunlarla bağlı təlimatlar verilməlidir”.

Etnoqraf  Məhəbbət Paşayeva Azərbaycan xalqı üçün qonağın hər zaman dəyərli və əziz olduğu fikrindədir: “Keçmişdə qonaq gəlməyən ailənin cəmiyyət içində də nüfuzu olmurdu. Atalarımız, “Qonaqsız ev suyu soğulmuş dəyirmandı”, “Qonaqsız ev uğursuz olar”, “Qonaq ruzudur”, “Qonaq özü ilə ruzusunu da gətirər” deyərdilər. Qapını döyən yad bir insanı da “Qonaq Allah qonağıdır”, “Tanrı müsafiridir” deyib evə  dəvət edərdilər. Qonaqdan nə zaman gedəcəyini heç zaman soruşmazdılar. Qaldığı müddətdə ona hörmət göstərib evin yuxarı başında əyləşdirər, yedirib-içirərdilər. Uzaq yerdən gələn qonağı hər kəs növbə ilə evində qonaq etməyə can atardı. Evin ən işıqlı, ən gözəl döşənmiş otağı qonağa ayrılardı. İndi yalnız kənd yerlərində bu ənənə qalmaqdadır”.

Şəhər həyatının bir çox adət-ənənlərimizin unudulmasına gətirib çıxardığını söyləyən etnoqrafın fikirincə, bu təəssüf hissi doğurur və əlbəttə, qonaq və qonaqlıq ənənələrini arxa plana keçirir: “Yeni texnologiyalar, müxtəlif sosial şəbəkələr insanların bir-birilə ünsiyyətini asanlaşdırdığı üçün, qohum-əqrəbanın, dost-tanışın bir-birinin evinə qonaq getməsi ənənəsi zəifləməkdədir. Görünür, bu, həm  də vaxt məhdudluğu ilə bağlıdır. Zamanın su kimi axdığı bir əsrdə yaşayırıq. Təəsüflə qeyd etmək istəyirəm ki, artıq qonaq qəbul etməyə və qonaq getməyə vaxt ayırmaq çətinləşir.  Lakin buna baxmayaraq, düşünürəm ki, xalqımızın ən mühüm etnik xüsusiyyətlərindən biri olan qonaqpərvərliyimizi qorumaq üçün səy göstərməliyik”.     

 

Pərvin ARZUQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar