Modern.az

Azərbaycan Rusiyanın qarşısına Qarabağ şərtini qoya bilər

Azərbaycan Rusiyanın qarşısına Qarabağ şərtini qoya bilər

Aktual

10 Aprel 2014, 15:57

Mübariz Azərbaycanlı,  müstəqil jurnalist

Biz kor deyilik, istəyimiz də biri əyri və biri düz olan iki göz deyil, sadəcə vətənimizin gözü sayılan Qarabağdır 

Rusların məşhur “vur özününkünü ki, başqaları qorxsunlar” atalar sözü, sanki Rusiya siyasətinin məhz bu gününə hesablanaraq söylənilmiş və özündə geniş bir siyasi anlayış kəsb edən “atalar konsepsiyadır”. Din bir, dil bir adət-ənənələri bir olan iki qardaş slavyan xalqın bu gün ki siyasi duruma gəlib düşməsini şübhəsiz heç kim gözləmirdi. Amma böyük qardaş kiçik qardaşının başına-gözünə vuraraq onun əlindən Krım adlı tikəsini aldı, hələ üstəlik yerdə qalan tikə-parçalarını da qoparacağını dolayısı ilə nümayiş etdirir.

Bu yaxınlarda sosial şəbəkələrdə yayılan Rusiyanın Malavi və Zimbabvedəki səfiri S.Baxarevlə Eritreyadakı səfiri İ.Çubarovun telefon danışığı çoxlarını təəccüblndirib. Belə ki, BMT-də Ukrayna ilə bağlı keçirilən iclasdan sonra baş tutan telefon bağlantısında, Krımın Rusiyaya birləşdirilməsindən danışan səfirlər bunun hələ başlanğıc və sırada başqa “muxtar bölgələrin” də olduğunu vurğulayıblar.

Ukraynanın vahid dövlət kimi mövcudluğunu qəbul edə bilməyən, onu federasiyaya çevirmək istəyən Rusiya, ərazisində müxtəlif azsaylı xalqların  yaşadığı bütün qonşu ölkələri açıq-aşkar qorxuya salıb. 

Əgər virtualaz.org saytına istinad etsək, V.Putinin Krımla kifayətlənməyib Ukraynanın Cənub-Şərq ərazilərini, daha sonra Moldovanın Dnestryanı bölgəsini, hətta Baltikyanı ölkələri və Finlandiyanı da tutmaq əmri verəcəyinə dair az qala hər gün Qərb KİV-lərində xəbərlər, ekspert rəyləri, məqalələr dərc olunduğunu görərik. Nüfuzlu fransız tarixçisi və sovetoloqu Alen Bezanson Polşanın Polityce.pl portalına müsahibəsində Avropanın ruslara qarşı çarəsiz olduğunu və Putinin planlarına qarşı heç cür müqavimət göstərə bilməyəcəyini deyib.

Bu arada publika.az yazır ki, İsveç xüsusi xidmət orqanı SAPO Rusiyanın İsveçə hücum etməyə hazırlaşması barədə hökumətə göndərdiyi hesabatda məlumat verib. Rus agentləri, əsasən, İsveçin hərbi obyektləri haqqında məlumat toplayırlar və SAPO “Ruslar hər şeyimizlə maraqlanır, ölkə siyasəti, iqtisadiyyatı, texnologiyası və hərbi sirləri də daxil olmaqla hər şeylə” deyə, hesabatda qeyd edib.

Bütün bunlar onu göstərir ki, Rusiyanın Krımı ilhaq etməsindən sonra Avropanı tamamı ilə qorxu bürüyüb. Bu qorxudan azad olmaq isə, Qərbin Rusiyaya tətbiq etdiyi və əlavə tətbiq edəcəyi sanqsiyalardan çox asılıdır. Amma bu da sirr deyil ki,  hələlik Rusiyanın qaz “asılqanı”, Qərbin sanqsiya “asılqan”ından daha dayanaqlı və dözümlüdür.

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton “The Los Angeles Times”a verdiyi məlumatda qeyd edib ki, “Rusiyanın təcavüzü digər dövlətlərə də yayıla bilər”. Monrealda keçirilən tədbirdə çıxışı zamanı H.Klinton “Rusiya prezidenti Krıma qoşun yeritmək üçün gətirdiyi arqumenti Ukraynanın digər hissələrində, habelə Estoniya, Latviya və Litvada da istifadə edə bilər” deyə, onun həyacan təbili çalmağı təbii ki əsassız deyil. Zənnimcə, xanım Klintonun “ABŞ Avropanın enerji müstəqilliyi üçün daha çox işlər görməlidir” ifadəsi isə, Rusiyanın qonşu dövlətlərə etdiyi və edəcəyi təcavüzlərin qarşısının alınmasında ən optimal təklifdir.

Çünki, 1 aprel dünyada gülüş günü olsa da, artıq Rusiya Ukrayna üçün qazın qiymətini məhz bu tarixdən 43 faiz qaldıraraq onu “ağlatdı” və Ukraynanı müdafiə edən bütün ölkələrə baxıb özü qəşş elədi. Faiz dilində yox, nəğd pul dilində danışsaq, onda görərik ki, Rusiyanın Ukrayna ilə nə zarafatı olubsa, elə 1 aprelə qədər olub və öz qazını ona hər kubmetrinə görə 268.5 dollara satıb. İndi isə zarafat yeri deyil, ortada bu boyda Krım və ona “qazi”lik etmək istəyən Avropa var. Odur ki, Rusiya öz təbii qazını hər kubmetrinə görə 485 dollara satmağa qərar verib. Burada bir şeyi bilmək lazımdır ki, hələlik bu dünya da qaziliyi yalnız “qazı” olan edə bilir. Bu azmış kimi Rusiya Prezidenti V.Putin bu günlərdə hökumət üzvləri ilə Rusiyadan Ukraynaya qaz ixracı məsələsini müzakirə edib. Hazırda Ukraynanın Rusiyaya qaz borcunun 2 milyard dollar olduğu bildirilir. Nəzərə almaq lazımdır ki, hələ 2009-cu ildə Kiyevlə Moskva arasında baş verən qaz münaqişəsinə görə Avropa 2 həftə Rusiyanın “qazsızmasızlığından” boğuldu.

Krımın Rusiya tərəfindən işğalı zamanı əli qoynunda boynu buruq şəkildə seyrici mövqedə dayanan ABŞ, deyəsən xanım Klintonun vəsiyyətnaməyə bənzər “ABŞ Avropanın enerji müstəqilliyi üçün daha çox işlər görməlidir” deyimindən sonra o artıq bu “vəsiyyəti” həyata keçirmək üçün hərəkətə keçib.


Belə ki, Rusiyanı blokadaya salmaq üçün ABŞ Qətərdən Avropaya qaz ötürəcəyi barədə razılıq alıb. Axar.azın məlumatına görə Qətər şeyxinin artıq C.Kerri ilə razılığa gəldiyi bildirilir. Hərə öz hayında olurmuş kimi, bununla Qətər Rusiyanı blokadaya salmaqla Suriyadan yaxasını qurtarmağa çalışır və sonra buradan Türkiyəyə neft kəməri çəkmək istəyir.

Bundan əlavə isə, ABŞ Rusiyanı siyasi gedişlə “vurmaq” üçün, Səudiyyə Ərəbistanı ilə Rusiya əleyhinə ittifaq yarada bilib. Xeberdar.az xəbərləyir ki, Barak Obama Səudiyya Ərəbistanını neftin ixracını artırmağa razı sala bilib. Hazırda Səudiyyə Ərəbistanı dünyada yeganə ölkədir ki, məhz onun sayəsində dünya bazarında neftin qiymətini dəyişmək olur. Görünür B.Obama Rusiyanı və ya V.Putini bu yolla cəzalandırmaq istəyir. Yəni, dünya neftinin qiymətinin aşağı salınması, Rusiya iqtisadiyyatını vura bilən ən güclü silahdır. Yada salmaq lazımdır ki, bir vaxtlar Rusiya Əfqanıstana ordu yeridəndə də ABŞ bu “silahdan” istifadə etmişdi.      

Bu arada Axar.azın məlumatına görə Avropa Komissiyasının Prezidenti Joze Manuel Barrozu “Rusiyanın təkidinə baxmayaraq, “Cənub axını” kəməri Avropa üçün prioritet marşrut sayılmır, çünki “Şimal axını” bu layihədən fərqlənsə də, qazı satan yenə eyni şirkət - Qazpromdur” deyib. O, bildirib ki, “əgər Azərbaycan Rusiyanın təzyiqi qarşısında dayana bilsə, “Cənub axını” kəmərinin əvəzinə Azərbaycan qazı Avropa üçün daha əhəmiyyətli ola bilər”.

Zənnimcə bu deyimi ilə Borrozu Azərbaycanı açıq-aşkar Rusiya ilə üz-üzə gətirmək istəyir. Onsuzda neçə illərdir Rusiya tərəfindən Qarabağla boğulan Azərbaycanı bu qaz təzyiqinin qarşısına vermək hansı məntiqə uyğundur? Birdə ki, Rusiya qazının təzyiqi qarşısında duruş gətirə bilməyən ABŞ və Avropa bizi özlərindən güclümü hesab edir? Gözqaytaranlıqla desək, bizim vur-tut gözümüzü dikdiyimiz bir Bakı – Tiflis – Ceyhan kəmərimiz var ki, Barrozunun bu sözündən sonra artıq ona qarşı təzyiqlər olunur.

Belə ki, ANS TV-nin məlumatına görə “Gürcüstan və tanınmamış “Cənubi Osetiya Respublikası”nın sərhədlərini qoruyan Rusiya sərhədçiləri Bakı – Tiflis – Ceyhan neft kəmərinin keçdiyi ərazilərdə Cənubi Osetiyanın “dövlət sərhədini” bildirən lövhələri irəliyə çəkməyə başlayıblar”. Yəni, əvvəllər neft kəmərindən 600 metr kənarda olan Cənubi Osetiya “sərhədi” indi dəyişdirilərək kəmərin 250 metrliyinə qədər yaxınlaşdırılıb. Bu isə o deməkdir ki, Cənubi Osetiyadakı Rusiya sərhədçiləri istəsələr həm kəmərimizi, həm də bu kəməri sıxmaqla belimizi kəsə bilərlər. Bu məsələ ilə bağlı Gürcüstan rəsmilərinin hələ ki səsinin çıxmamasını isə müəyyən mənada başa düşmək olar, çünki Gürcüstanın səsi 2008-ci ildən bu günə kimi Abxaziya və Cənubi Osetiyada batıb qalıb.         

Maraqlıdır, kim təminat verə bilər ki, sabah Rusiya bizi Gürcüstanın “gününə” salmayacaq? Kim bizə açıq mətnlə “qorxma mən səninləyəm” deyə bilər? Axar.aza açıqlama verən tanınmış politoloq Vəfa Quluzadənin fikirlərinə əsaslansaq, bu ayın axırına Azərbaycana səfəri planlaşdırılan ABŞ-ın Dövlət Katibi C.Kerri Azərbaycana Rusiyaya qarşı mübarizədə təminat verməyə gəlir. V.Quluzadə “Azərbaycan Rusiyaya qarşı blokadaya Qərbdən təminat almamış qoşula bilməz və Ərdoğanın, eləcə də Türk generallarının Azərbaycana gəlməsi ölkəmizin təhlükəsizliyini təmin etməyə xidmət edir” deməsi nə qədər məntiqli səslənsə də, məncə indiki durumda bizi Gürcüstanın 2008-ci ildəki aqibəti ilə üzləşəcəyimiz daha çox narahat etməlidir. Yadınızdadırsa Gürcüstan işğal olunmamışdan qabaq ABŞ-ın sabiq Dövlət Katibi Kandaliza Rays da Gürcüstana təminat verməyə gəlmişdi. Nəticə də isə Gürcüstanı Rusiyanın əlindən sabiq Fransa Prezidenti Sorkazi “güc-bəla” ilə aldı.

Yaxşı olardı ki, C.Kerri Azərbaycana səfəri zamanı qoltuğunda ABŞ-ın Azərbaycana qarşı ədalətsizcəsinə tətbiq etdiyi “907-ci maddə” olan qovluğu da gətirsin. Avropa isə orada yaşayan dilənçi xislətli ermənilərə Qarabağla bağlı “millətlərin öz müqəddəratını müəyyən etmə” prinsipi barədə daha çox danışanda, heç olmasa onlara “ərazi bütövlüyü”nü də qandırsın. Axı, Avropanın arzuladığı qaz, “müqəddərat”dan çox, “ərazidən” keçir. Belə olan halda kimlərisə Azərbaycanın üstünə “qazlandırıb” özünü isə təbii qazsız qoymaq Avropaya nə qədər sərfəlidir? 

Zaman göstərir ki, Qərb indiyə qədər Gürcüstanın Abxaziyasını, Cənubi Osetiyasını və Ukraynanın Krımını işğal edən, illər boyudur Azərbaycanın Qarabağını və Moldovanın Dnestryanı bölgəsini əlində əsir saxlayan Rusiyaya heç bir ciddi təsir göstərə bilməyib. Odur ki, Avropanın qazla işləyən “hamamında” dəmlənib boğulmamaq üçün, Azərbaycan Putin Rusiyasına münasibətdə Sovet DTK-nin yaradıcısı hesab olunan Djerzinski sayaq desəm, “soyuq başlı, isti ürəkli və təmiz əlli” olmalıdır. Əks təqdirdə başımız qazdan dumanlanar, ürəyimiz qaz qoxusundan bulanar, əllərimiz isə təmiz neftə deyil, “mazuta” bata bilər. Amma burada bir incə məqam da var, Azərbaycan Qərbin Rusiyanı blokadaya salınmasında iştirakçı olmasın deyə, Rusiyanın qarşısına Qarabağ şərtini qoya bilər. Biz kor deyilik, istəyimiz də biri əyri və biri düz olan iki göz deyil, sadəcə vətənimizin gözü sayılan Qarabağdır.   

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir