Modern.az

“Mənim üçün xalqın rəyi daha vacibdir...”

“Mənim üçün xalqın rəyi daha vacibdir...”

Müsahibə

7 İyun 2010, 19:03

Modern.az saytının suallarını 55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı Lalə Abbasova cavablandırır

- Lalə xanım, parlamentin 5 illik fəaliyyətini necə qiymətləndirisiniz? - Ola bilsin ki, dediklərim birmənalı qarşılanmayacaq, ancaq bunlar mənim subyektiv fikirlərimdir. Təbii ki, məni qane edən və etməyən məsələlər var. Hər bir işdə mənfi və müsbət cəhət olur. Parlamentin işində müsbət cəhətlər az deyil. Mən isə daha çox insanların fikrinə diqqət yetirirəm. Çünki xalqın  rəyi daha vacibdir. Onu deyə bilərəm ki, son illər insanlarda qanunların icrasına  inam artıb. Başqa məsələ ki, bəzi məmurlar öz işlərinə başqa prizmadan yanaşırlar. İstərdim onların öz xalqına, öz dövlətinə daha çox ürəyi yansın. Təəssüflər olsun ki, bu gün  bəzi məmurlarda eqoizm və özünü düşünmə var. Mən çox şadam ki, bu 5 ildə parlamentdə qadınların sayı artıb, onlar aktivlik nümayiş etdirir. İstəməzdim kişilər incisin. Bir şeyi qeyd edim ki, kişilərə  nisbətən qadın deputatlar daha çox seçiciləri ilə görüşür, çalışırlar, onlara həm maddi, həm də mənəvi dayaq dururlar. Hətta elə rayonların deputatları var ki, seçiciləri onları tanımır. Mən həmin deputatların adın çəkmək istəmirəm. Əgər xalq bu millət vəkilini seçibsə, o, mütləq qaydada öz seçicisinin qayğısına qalmalıdır. Bu gün hər bir millət vəkili Azərbaycan vətəndaşına can yandırmalı, onun probleminin həll edilməsinə yardımçı olmalıdır. Mən arzu edərdim ki, Milli Məclisin deputatları seçiciləri ilə daha çox görüşsün və onların problemlərinin içərisinə daxil olaraq çalışıb insanların hüquqlarının müdafiəsi və həyat şəraitinin yaxşılaşdırılması üçün qanunlar təklif etsinlər. - Sizcə, əhalinin güzəranını tam təmin edən qanunvericilik bazamız varmı? - Biz nədənsə bəzi qanunları “Avropaya inteqrasiya edirik” adı ilə bağlayırıq. Bu, pis deyil. Ancaq öz mentalitetimizi, öz həyat tərzimizi nəzərə alaraq bu qanunları qəbul etməliyik. Əfsuslar olsun ki, bəzən buna əməl etmirik. Müəyyən qanunlarda buna əməl olunsa da, çox zaman bu, nəzərə alınmır. Nəticədə yarımçıq bir millət əmələ gəlir. Nə o yanlıq olur, nə də bu yanlıq. Məncə, biz öz qanunlarımızı Avropa,  Amerika və Şərqin gözəl qanunları sintezində etsək, nümunəvi bir dövlət yarana bilər və başqa dövlətlərə örnək ola bilərik. - Deputatların biri-biri ilə münasibətləri necə, sizi qane edirimi? - Əlbəttə  ki, hər bir millət vəkilinin mənfi cəhəti var. Ancaq mən düşünürəm ki, hər bir millət vəkilinin müsbət cəhətləri daha çoxdur. Onların dövlətçilikdə köməyi və dəstəyindən istifadə etmək lazımdır.  Mən bu gün parlamentdəyəmsə, demək bura  mənim ailəmdir. Çünki ömrümün bir hissəsi burada keçir. Kimdəsə nəsə xoşuma gəlmirsə, sözümü onun üzünə mədəni surətdə deyirəm. Biz çalışmalıyıq bir-birimizə qarşı daha dürüst olaq. Bütün varlığımızla dövlətimizə və Prezidentimizə xidmət etməliyik. Bu dövlətdə bizim gələcək nəsillərimiz yaşayacaq. Ona görə də dövlətimizin inkişafına təkan verməliyik. - Lalə xanım, bu gün çox rayonda icra başçılarının deputatlarla münasibəti arzuolunan səviyyədə deyil. Sizin dairədə də eyni halın yaşandığı bildirilir. - Təəssüf ki, bu gün bəzi icra başçıları ilə millət vəkilləri arasında cılız münasibətlər var. Bu gün millət vəkili ilə icra başçısı arasında nə alveri ola bilər? Biz qanun çərçivəsində işləyirik. Rayona gedən zaman qanunun hansısa məmur tərəfindən pozulduğunu gördükdə icra başçısına bu barədə məlumat veririk ki, insanların hüquqları pozulmasın və bunun qarşısı alınsın. Bunu düşmənçilik kimi qəbul etmək düzgün deyil. Nədənsə mən məmur barədə fikir səsləndirəndə bunu düşmənçilik kimi qəbul edirlər. Ancaq başa düşmürlər ki, öz həmvətənlərinin hüqüqlarını qorumaq niyyətindədir. Bəziləri bunu şəxsi qərəzlik kimi qəbul edirlər. - Konkret Xaçmazın icra başçısı ilə münasibətləriniz barədə nə deyə bilərsiniz? - Xaçmazın icra başçısına ağsaqqal olduğu üçün  hörmətim var. Mənə ailədə elə tərbiyə veriblər ki, özümdən böyüyə hörmət etməyə borcluyam. Bəzən düşünmüşəm ki, mənə qarşı yersiz hərəkət olanda nəyə görə onu qabartmalıyam. Bəzi deputatlar öz rayonlarının icra başçılarından şikayətlidir. Mən isə daha böyük amillərlə yaşayıram. - Ümumiyyətlə, bu gün Azərbaycanda məmur ordusunun işini necə qiymətləndirirsiniz? - Düşünürəm ki, bu gün Azərbaycanda Prezidentin ailəsinin fəaliyyəti hər birimiz üçün örnək olmalıdır. - Lalə xanım, parlamentdə qadın deputatlar arasında müəyyən intriqaların olduğu da söylənilir. Bu mənada dostlarınız və düşmənləriniz varmı? - Milli Məclisdə mənim düşmənim yoxdur. Həmkarım Elmira Axundova ilə daha çox təmasda oluram. Digərləri ilə də normal münasibətim var. Hər birinin müsbət və mənfi cəhəti var. Mən çalışmışam ki, onları necə varsa,elə də qəbul edim. - Heç hansısa xanım deputatdan küsüb incidiyiniz zamanlar olubmu? - Mən xanım deputatların heç birindən küsməmişəm. Yalnız xanım deputatlardan biri ilə kiçik bir mübahisəmiz olmuşdu. Amma mən onun hərəkətini rəhbərliyə demədim. Ona isə dedim ki, aramızdakı söhbəti birdəfəlik bağlayaq. İndi biz bir-birimizlə salamlaşırıq. Ola bilsin onun ürəyində hələ də kin var. Amma mən kinli deyiləm. Düşünürəm ki, biz millət olaraq yalnız dövlətimizin düşmənlərinə qarşı kinli olmalıyıq. - Beş illik deputatlıq dövründə qazancınız çox oldu, yoxsa itirdikləriniz? - Düşünürəm ki, qazanmışam. Heç nə itirməmişəm. Həyat təcrübəm daha da artıb. Müxtəlif xasiyyətli insanlarla rastlaşmışam. Bəlkə də çox sahələrdə daha çox püxtələşmişəm. - Qarşıdakı parlament seçklərində namizədliyiniz irəli sürəcəksinizmi? - Əlbəttə. Namizədliyimi seçildiyim dairədən irəli sürəcəm. Əgər bu il  seçkilərdə Xaçmazda  mənə mane olmasalar, çox asan yolla qalib gələcəm. Mən çalışmışam öz işimi  yerinə yetirim. Hər bir problemli məktubları yerində araşdırmışam. Bu gün seçicilərimin hansısa biri deyə bilməz ki, millət vəkilinə müraciət edib, ancaq ona cavab verilməyib. Belə şey qətiyyən ola bilməz. Seçicilərim məndən soruşanda ki, yenidən deputatlığa nazmizədliyinizi verəcəksinizmi? Cavabım belə oldu: “Seçim sizindir. İstəsəniz olaram”.

Günay MUSAYEVA

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir