Modern.az

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media

9 İyun 2010, 12:21

Modern.az “Media əhvalatları» rubrikasının budəfəki qonaqlarını təqdim edir. Əhvalatları “Bizim yol” qəzetinin əməkdaşı Natiq Cavadlı, “Həftə içi” qəzetinin əməkdaşı Əli İbrahimov, eks-jurnalist Hicran Qurbanlı və “Mərkəz” qəzetinin əməkdaşı Vasif  Cəfərov danışır. Hicran Qurbanlı, eks-jurnalist

 

Ekspressinoperativ” əməkdaşları

 

- Jurnalist kimi ilk fəaliyyətə başladığım "Ekspress"  qəzetinin gündəlik çıxan vaxtları idi. Məni göndərdilər İnsan Haqları Müdafiə Mərkəzinin keçirdiyi tədbirə. Mərkəzin ofisinin yerləşdiyi ünvanı da mənə başa saldılar. Gedib birtəhər tapdım. Tədbiri hanısa QHT keçirirdi. Gördüm hamı 5-10 dəqiqəyə informasiya götürüb çıxdı. Fikirləşdim ki, mən də

getsəm nəyisə yazmaram, işimi bəyənməzlər. Sonadək oturdum.

Tədbirdən çıxanda axşam idi. Fikirləşdim ki, Bayıldan şəhərə gedənə, informasiyanı yazana qədər çox gec olacaq. Yaxşısı budur, gedim

evə, rahatca yazım, sabah aparım redaksiyaya. Nə isə, evə getməli oldum.

Evdə yazını bir neçə dəfə qaralamaya yazdıqdan sonra səliqə ilə ağlamaya köçürdüb. Səhəri gün işə getdim, içəri girəndə hamı birdən “gəldi" dedi.

Şöbə müdiri dedi: “Ay qız sən dünən hara getdin?”.

Dedim: "Gec idi deyə, yazını aparıb, evdə yazdım. Budur informasiya hazırdır”. Sən demə, bunlar dünən gözləyiblər, narahat olublar ki, bu qız necə oldu. İnformasiya da təbii ki, gündəlik qəzet üçün yararsız idi. Bu vaxt digər bir qız içəri girdi. O, da işə yeni başlayıbmış.

Şöbə müdiri dedi: “Aygün gəl görək sən nə gətirmisən?”.

O qız da eynən mənim kimi lovğa-lovğa "Paşa müəllim, şok informasiya

gətirmişəm" dedi.

Hamı maraq içində qıza tərəf döndü. Qız qürrələnə-qürrələnə xəbəri oxudu: “Sabunçuda 12 qoyun ogurlayıblar". Hamını qəhqəhə götürdü”.

 

“Çox yazmadım ki, müdir yenə əsəbləşər”

 

- Yenə "Ekspress"ə təzə getdiyim vaxtlarda məni göndərdilər bir hüquq müdafiə təçkilatına. Qadın təşkilatı idi. Təşkilat rəhbərliyi məni bəh-bəhlə keçirdi yuxarı başa. İndi bunlar özlərini tərifləyir, mən yazıram, bunlar tərifləyir, mən yazıram. Nəsə, deyilənləri yazıb, gəldim redaksiyaya. Hardasa 10 min işarəlik yazı hazırladım. Sonra redaktora təhvil verdim. Yazının böyüklüyünü görəndə onun gözləri kəlləsinə çıxdı. Hirsli0hirsli dedi: "Bunlara mən 3 min işarədən çox yer ayırmaram. Ancaq özlərini tərifləyiblər, göstərsinlər görüm, kimin hüquqlarını

müdafiə eləyiblər, kimin hüquqlarının bərpasına nail olublar?!”.

Sonra mənə dedi ki, yazını qısaldıb, informasiya şəklində yazım. Mən də elə etdim. Üstündən bir-iki gün keçmişdi, "Space" telekanalının məhkəməsi vardı (yadımda deyil kimlərlə), dedilər vəkil Adil İsmayılovla danış, yazı hazırla. Getdim Adil İsmayılovun ofisinə. O da suallarımı ətraflı cavablandırdı. Redaksiyaya gəlib, 3 min işarəlik yazı hazırlayıb redaktora verdim. Çox yazmadım ki, yenə əsəbləşər. Amm ayenə hirsləndi: "Nə yaxşı alınıb, niyə bəs az yazmısan?". 

Dedim: “ Çox danışmışdı, mən azaltdım”. Yazıq hirsindən az qaldı dəli olsun.

“Adı Günəş, özü kişi”

 

- "Üç nöqtə" qəzetində çalışdığım vaxtlar idi. Hansısa nazirliyin Günəş adlı səlahiyyətlisini axtarırdım. Soyadının sonluğu “zadə” olduğundan aglıma gəməyib ki, o, kişi olar.

Zəng vurdum, xəttin o başından kişi səsi eşitdim:

- Salam. -Salam. - Günəş xanımı olar?

- Eşidirəm.

- Günəş xanım, sualım vardı sizə...

Dərhal anladım ki, kişi ilə danışıram. Pərt olub üzr istədim. Müsahibim dedi ki, üzr istəməyə ehtiyac yoxdu, belə şeylərə öyrəşib. yazıq kişiyə o qədər “Günəş xanım” deyən olubmuş ki… Bir sözlə adı başına bəla olubmuş.

1 aprel zarafatları 

-  Yenə "Üç nöqtə"də işləyirdim. Aprelin 1-i idi, redaksiyaya təmir üçün bir neçə fəhlə gəlmişdi. Keçdilər baş redaktorun otağına söhbət etməyə.

Uşaqlar gedib məsul katib Rasim Mədətə dedilər ki, baş redaktor Xoşqədəm xanım deyir ki, fotoqraf burada yoxdu, gəlsin qonaqların şəklini çəksin. Rasim müəllim də fotoaparatı götürüb, getdi. O, içəri keçib, soruşub: “Kimin şəklini çəkmək lazımdı?”. Fəhlələr də çaş-baş qalıblar.

Həmin gün uşaqlar redaktorumuz Şahbaz müəllimlə də zarafat eləmişdilər.

Şahbaz müəllimə evindən iş telefonuna zəng eləmişdilər. Uşaqlar dəstəyi götürüb, dedilər ki, “Şahbaz müəllim Manana ilə görüşə gedib”. Heç bunun üstündən iki dəqiqə kecmədi ki, Şahbaz müəllimin mobil telefonuna zəng gəldi. Evdən idi, soruşdular: “Hardasan?"”.

 

Əli İbrahimov, “Həftə-içi” qəzetinin əməkdaşı

 

Günlük “oğru”su

 

- Bir dəfə Təxris olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə hərbi hissəyə getmişdik. Şəmkir, Gədəbəy və Gəncədə yerləşən hərbi hissələrdə olduq. Şəmkirdə bizə hərbi forma verdilər və Gədəbəydə xidmət edən əsgərlərə baş çəkməyə getdik. Gədəybədə bizə zirehli gödəkçə və kaska geyindirdilər. Elə oldu ki, mən hərbi hissədən müvəqqəti olaraq bizə verilən günlüyü çıxarıb “525-ci qəzet”in müxbiri Bəxtiyar Məmədliyə verdim (məndən fərqli olaraq, onun çantası var idi). Nə isə, əsgərlərə baş çəkəndən sonra Şəmkirə qayıtdıb, paltarlarımızı dəyişdik. Günlük isə yaddan çıxıb Bəxtiyarın çantasında qaldı. Korpus komandiri Çingiz Şəfiyev və onun müavinləri də daxil olmaqla xeyli insan əsgər yeməkxanasında yemək yedik. Yeməkxanadan Bəxtiyarla bir yerdə çıxdıq. Korpus komandiri və müavinləri bizdən 5-6 addım arxada gəlirdi. Birdən Bəxtiyar çantasını açdı və günlüyü oradan çıxararaq dedi: «Bunu mənə niyə yükləmisən. Ala, özün neynirsən, elə». Yadıma düşdü ki. Onu hərbi hissəyə qaytarmamışam. Bəxtiyara dedim ki, günlüyü tez çantasına qoysun. Çünki korpus komandliri və müavinləri görsə ki, çantadan hərbi günlük çıxır, elə biləcəklər ki, onu oğurlamışıq. Bəxtiyar isə səsini daha da ucaltdı. Xoşbəxtlikdən hərbçilər bunu görmədilər və Bəxtiyar günlüyü yenidən çantasına qoydu…

Bakıya səhərə yaxın çatdıq. Güclü yağış yağırdı. Həmin məsələyə görə mübahisə etdiyimizdən Bəxtiyar məndən küsmüşdü və mikroavtobusun arxa oturacaqlarında əyşəmişdi. «Elmlər Akademiyası» stansiyasının yanında düşərkən Bəxtiyara dedim:

- Yağış yağır, yolum uzaqdır, günlüyü ver qoyum başıma.

- Başıma dönərsən, günlük görsən . Məni oğru kimi tanısınlar, sən isə günlük qazan?!” Beləcə, o, günlüyü vermədi.

 

“Bəs deyirdin müxalifəti təriflə…”

 

- Bir dəfə redaksiyamıza gələn təzə müxbirlərdən biri (hazırda başqa yerdə işqləyir) məndən “Bakı xəbər” qzəetinin baş redaktoru Aydın Quliyevin telefon nömrəsini istədi. Mən isə ona bilərəkdən deputat Aydın Mirzəzadənin telefonunu verdim və dedim ki, müxalifəti təriflə, iqtidarı isə pislə, yoxsa müsahibə verməyəcək. Müxbir Aydın Mirzəzadəyə zəng vurur.

- Aydın müəllim salam.

- Əleyküm salam.

Guya müsahibə almaq üçün müsahibi dilə tutur:

- Aydın müəllim, ölkədəki özbaşınalıq nə vaxt bitəcək?

- Hansı özbaşınalıqdan danışırsan?

Gözləmədiyi reaksiya ilə qarşılaşan müxbir özünü itirir:

- İstiyirdim sizdən müsahibə götürüm.

- Sən hələ ölkədəki vəziyyəti dərindən öyrən, sonra müsahibə götürərsən.

Təzəgələn mənə tərəf dönüb dedi:

- Bəs deyirdin müxalifəti təriflə…

 

Vasif Cəfərov, “Mərkəz” qəzetinin əməkdaşı

 

“Osman müəllimləri səhv salmışdım”

- Bir dəfə hüquqi prosedurla bağlı mövzu işləyirdim. Mənə vəkilin fikirlərini öyrənmək lazım idi. Mən vəkil Osman Kazımovun nömrəsini dəftərçədə axtardım. Nəhayət tapa bildim. Ancaq dəftərçədə yalnız ad və nömrə yazılmışdı. Həmin nömrəni yığıb, tez-tələsik sualımı verdim. Osman müəllim mənə qulaq asıb, axırda dedi: “Bu sual çox maraqlıdır. Həqiqətən də burada məntiqi bir şey var. Amma təəssüf ki, mən bu sualınızı cavablandıra bilməyəcəm. Yaxşı olar ki, vəkilə müraciət edəsiniz”. Mən dedim: “Bəyəm siz vəkil deyilsiz ki? Yoxsa sual çətin oldu ona görə cavablandırmaq istəmirsiz…”. Osman müəllim sözümü kəsib, dedi: “Mən Osman Gündüzəm, yəqin kim olduğumu bildin!”

Mən pərt halda “bağışlayın Osman müəllim. Siz Allah bağışlayın”.

Osman müəllim də “eybi yox” dedi.

Sən demə, vəkil Osman Kazımov əvəzinə, Milli İnternet Forumunun prezidenti Osman Gündüzə zəng etmişəm.

"Sərdar Cəlaloğlunun atasının adı nədir?"

 

- “Hürriyyət” qəzetində işlədiyim vaxtlar idi. Redaksiyaya bir nəfər zəng etdi. Dəstəyi mən qaldırdım. Həmin şəxs Azərbaycan Demokratik Partiyasının o vaxtki baş katibi, indiki sədri Sərdar Cəlaloğlunun atasının rəhmətə getməsi ilə bağlı başsağlığı vermək istədiyini bildirdi. Ancaq dedi ki, onun atasının adını bilmir. Mən də ha fikirləşdim, yadıma düşmədi. Dəstəyi kənara qoyub, qaçdım həmkarlarımın yanına ki, onlardan soruşum. Amma hamı bir-birinin üzünə baxdı. Heç kim bilmədi. Xeyli fikirləşdikdən sonra birdən həmkarlarımdan biri dedi: “Ağzınızda Sərdar Cəlaloğlu deyirsiniz...”. Təsəvvür edin ki, heç kim bunun fərqinə varmayıb. Sərdar bəyin atasınına adı Cəlaldı.

 

Natiq Cavadlı, “Bizim yol” qəzetinin əməkdaşı

 

“Kim idi ə, o gülən şərəfsizlər..?”

 

- 1999-cu il idi. O vaxt mən qəzetlərdən birinin parlament müxbiri idim. Parlamentin iclası gedirdi. Həmkarlarım Azər Rəşidoğlu, Tapdıq Fərhadoğlu və mən ayağımızı üst-üstə aşırıb, jurnalist lojasında birlikdə oturmuşduq. Millət vəkili Cəlal Əliyev çıxış edən zaman biz üçümüz də birdən qəhqəhə çəkib güldük. Əslində biz öz aramızda başqa şeydən danışırdıq və gülməli bir məqamda özümüzü saxlaya bilməyib eyni vaxtda pıqqıladadıq.

Bunu Cəlal Əliyev də eşitdi. Ancaq bilməzdik ki, Cəlal müəllüm bizim güldüyümüzü eşidər. Birdən o çıxışını yarımçıq kəsib altan-yuxarı biz oturan lojaya tərəf qışqırdı: “Kim idi ə, o gülən şərəfsizlər? Dursun ayağa görüm? Bu nə hərəkətdi eləyirlər?”.

Onun həmkarı Mikayıl Mirzə tez əli ilə biz oturan tərəfə işarə edərək dedi: “Odur Cəlal müəllim, oturublar orada”.

İşin ciddiliyini görüb, məyus olduq. Amma bu vaxt köməyimizə yetişən tapıldı. Spiker Murtuz Ələsgərov tez dedi: “Cəlal müəllim onlar deyildi. Narahat olmayın. Biz bu məsələ ilə məşğul olarıq”. Bilmədik Murtuz müəllim bizi müdafiə etdi, yoxsa iclasın sədri kimi özünü...”. Deputatın yalanı   - Parlament jurnalistləri Milli Məclisin foyesində durmuşduq. Bir də gördük Sumqayıtdan olan deputat Xıdır Alovlu (əvvəlki Milli Məclisin tərkibindən söhbət gedir) gəlir. Jurnalistlər onu dövrəyə aldı, başladılar müxtəlif məsələlərdən sual verməyə. Seçicilərilə necə işləməsindən danışan Xıdır Alovlu dedi ki, tez-tez Sumqayıt sakinlərini qəbil edib, onların problemlərini araşdırır. Mən də Sumqayıtda yaşadığımdan bilridim ki, Xıdır Alovlu 5 ildə bir nəfəri qəbul etməyib. O, danışanda həmin məqamda hirsləndim, özümü saxlaya bilməyib dedim: “Xıdır müəllim, niyə yalan danışırsınız? Axı mən sumqayıtlıyam, nə vaxt seçiciləri qəbul etmisiniz, bizm xəbərimiz olmayıb?”. Belə deyəndə elə bil deputata od qoydular. Özünü saxlaya bilməyib üstümə yeridi ki, mənimlə tutaşsın, parlament jurnalistləri bir təhər onu sakitləşdirib uzaqlaşdırdılar. Hazırladı Günay Musayeva

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi