Modern.az

Xalq artisti İlham Namiq Kamalla FOTOSÖHBƏT

Xalq artisti İlham Namiq Kamalla FOTOSÖHBƏT

26 Aprel 2014, 13:15

Modern.az saytı teatr rejissoru, xalq artisti İlham Namiq Kamalla FOTOSÖHBƏT layihəsini təqdim edir. 

İlham Namiq Kamal oğlu Əhmədov 9 yanvar 1949-cu ildə Şamaxıda anadan olub. 1966-cı ildə Şamaxıda 31 saylı orta məktəbi bitirərək, Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Görkəmli aktyorlar Adil İsgəndərovun və Rza Təhmasibin kursunda təhsil alıb. Tələbə vaxtı fransız ədibi Jan-Batist Molyerin "Jorj Danden" satirik komediyasının tamaşasında baş qəhrəman rolunu uğurla oynayıb. Onu institutun tədris teatrının aktyor truppasına qəbul ediblər (16 dekabr, 1968). Bu kollektivdə Mirzə Cavad ("Aydın", Cəfər Cabbarlı) Şvester ("Meteor" Fridrix Dürrenmatt), Lomov ("Elçilik", Anton Çexov), Rekrutçu ("Sahildə Bir Ev", Stefan Sveyq), Baş katib ("Sehirli Kreslo", Friteş Korinti), Molla Səbzəli ("Üləma Məclisi" Mirzə Ələkbər Sabirin  şerləri əsasında) rollarını oynayıb.

O, 1971-ci il noyabrın 25-dən 1972-ci il fevarl ayının 2-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrınının aktyor truppasında olub. Dövlət Gənclər Teatrında işləməklə yanaşı, eyni zamanda 1989-1991-ci illərdə paralel olaraq, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyorluq edib. 1993-cü il  iyun ayının 14-də bu truppadan çıxıb və özünün “İlham” Miniatür Teatrını yaradıb.
Hazırda direktor və bədii rəhbər olduğu bu teatrda həm quruluşçu rejissor, həm də aktyor kimi çalışır. Teatrda hazırlanan bütün tamaşalara quruluş verir və onların əksəriyyətində baş rollarda oynayır. 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, "Estrada sənəti" kafedrasının müdiridir. 25 iyun 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib.10 mart 2014-cü il Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" ordeninə layiq görülüb.

Ailəlidir, iki qızı və iki oğlu var.


Dörd yaşımda çəkilən və o illərdən qalan yeganə uşaqlıq şəklim...


Məktəbdə 9-cu sinifdə oxuduğum zaman çəkilib. O vaxtlar belə bantikli paltarlar dəbdə idi.


Şəkildəki anamdır. Burda anama kömək məqsədilə ət çəkirəm. Birdən qohumlarımızdan biri əlində fotoaparatla gəlib şəklimi çəkdi. Şəkildən də görünür ki, mən elə doğurdan da hər zaman qoçaq uşaq olmuşam.
 


Birinci kursda oxuduğum illərdi. Burda müəllimə  hansısa tapşırıqlar verir, mən də heyrətlə ona baxıram.

 

Üçüncü kurs. Tamaşadan  çəkilən maraqlı bir şəkil...



Yenə də 3-cü kurs. Müəllimlərimdən Rza Təhmasib, Zəfər Nemətov, digərlərinin adını unutmuşam. Rza Təhmasib məni yanında əyləşdirdi və gülərək dedi ki, sənin yerin buradı...



21 yaşında və həyatın çətinliklərini dərk etməyə çalışan cavan oğlan... Bu şəklin çəkilmə tarixi teatrda işlədiyim dövrlərə təsadüf edir.
 


Burda  İlyas Əfəndiyevin “Dağlardan gələn səs” tamaşasında 50 yaşındakı bir insanın rolunu oynamışam. Rejisorumuz Tofiq Kazımov idi. Onu da deyim ki, 24 yaşım var. Ququş obrazını oynamaq mənim üçün maraqlı olmuşdu.

Cavanlıqda günəşli havada mən də hamı kimi eynək taxardım. Bu şəklimə baxanda cavanlığın necə də qiymətli olduğunu anlayıram...

Sovet vaxtı nümayişlərə gedirdik. Dostlardan Əliağa Ağayev, Kamal Xudaverdiyev, Yaşar Nuri, Eldəniz Zeynalovla birgə...

  

Şəkildəki insanlar yaxın dostlarımızdır. Hüseynağa Atakişiyev isə  mənim uşaqlıq dostumdur.


Siyavuş Aslan, Yaşar Nuri, Hacıbaba Bağırovla bir yerdə...

Cavanlığımızın qədrini bilək...

Gülşən Qurbanova unudulmaz sənətkarlarımızdandır...

 Hər zaman üzümüzdə təbəssümə səbəb olan Əliağa Ağayev və dostlarla...

Rejissor Lütfi Məmmədbəyov, AzTV-nin aparıcıları Ofelya Sənani və Davud Əhmədov, aktrisa Leyla Bədirbəyli və mən.

Nəsibə Zeynalova ilə bir səhnəni paylaşmaq mənim üçün fəxrdir...

Gözəl və istedadlı aktrisamız Amalya Pənahova ilə...

Sənətdə izi qalacaq Fuad Poladovla kino ilə yanaşı, teatrda da tərəf müqabili olmuşuq.

Gülüş ustası Afaq Bəşirqızı ilə...

Səhnəmizin Xanım Qafarova kimi aktrisalara hər zaman ehtiyacı var...

Televiziyada efir vaxtını gözləyirəm. Sağ olsunlar, mənə çay verdilər... 

Bu şəklə baxan "sənin şəklindir?" deyə hamı soruşur. Bu böyük oğlum Ülvibəydi.

Oğlum Ziyabəy. Ziyabəyimiz 4-cü sinifdə oxuyur. 

Ailəvi çəkilmiş bir şəkildir. Kürəkənim, qudam, qızım, yoldaşım və oğlanlarım

Hər zaman mənimlə fəxr edən və zirvələrə qalxmağımda ən böyük dayağım ANAM...

 

Qardaşlarım Cəfər və İlqar Namiq Kamal və İlqar qardaşımın oğlu balaca Namiq Kamal

Qızlarım və oğlanlarım... Qızlarım ailəlidir, oğlanlarım isə orta məktəbdə oxuyurlar.


Baba və nəvə. Canan nəvəm bizdən uzaqdadı.

Onlar kim olacaqlarına özləri qərar verəcəklər...

 

İki oğlum, qızım və evimizin nəşəsi balaca balamız...

55 illiyimdə çəkilib. Mədəniyyət nazirinin müavini Ədalət Vəliyev məni təbrik edir. Aparıcılar rəhmətlik Telman Adıgözəlov və səhnəmizinin gözəl xanımlarından Firəngiz Mütəllimova. 


Görkəmli sənətkarımız, sənətimizin fəxri Zeynəb Xanlarova.

Burda isə 60 illiyimi qeyd edirik. Sənətimizin görkəmli insanları ilə bir arada. 

Pərvin ARZUQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir