Modern.az

Hadı Rəcəbli: “Eurovision”u Bakıda keçirməklə dünyaya mesaj verdik” – MÜSAHİBƏ

Hadı Rəcəbli: “Eurovision”u Bakıda keçirməklə dünyaya mesaj verdik” – MÜSAHİBƏ

Müsahibə

1 May 2014, 12:49

Bu gün may ayının biridir. 1 may dünyanın 86 ölkəsində bu və ya digər adla bayram edilir. Bir sıra ölkələrdə bu gün əmək və bahar bayramı kimi qeyd olunur. Dövlətlərin çoxunda 1 may tarixi gənclərin sevimli bayramına çevrilmişdir.


Belə bir Beynəlxalq bayram günündə Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli Modern.az-a gənclərin bugünkü qayğıları ilə bağlı müsahibə verib.

Hadı müəllim, bugünkü Azərbaycan gəncliyini necə qiymətləndirirsiniz?

Öncə, zamanla, günün tələbləriylə səsləşən aktual mövzuları gündəmə gətirdiyinə görə Modern.az saytına minnətdaram. Bu gün sosial siyasətin ən prioritet sahələrindən biri gənclər siyasətidir. Düzdür, gənclər zəhmətkeş, vətənpərvər, daha fəal olmaqla yanaşı həm də emosional insanlar olurlar. Gənclərin hissləri ilə oynamaq konfliktologiya elmində xüsusi siyasi texnologiyalarla idarə olunur. Bu elementlər daha çox gənclərin içində biruzə verilir. Ona görə də Gənclər siyasətindən gənclərin problemlərindən danışanda emosiyalarla, hisslərlə yox, dəqiq, diqqətli, ölçülüb-biçilən dildə danışılmalı, addımlar atılmalıdır. Gənclər siyasətinin vacib tərəflərindən biri və başlıcası budur.

Azərbaycanda gənclər siyasətinin düzgün qurulması ölkəmizin beynəlxalq arenada hərtəfərli tanınmasına şərait yaradır. Dövlət başçımızın Azərbaycan gənclərinə xüsusi diqqəti və qayğısı hər zaman var və daim hiss olunur. İstedadlı gənclərə dövlət qayğısı yüksək səviyyədə təşkil olunub. 2013-cü ilin 3 iyul tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən “Gənclər mükafatı” təsis edilib. 2014-cü il 2 fevral tarixində isə 6 nəfər gənc həmin Mükafatın laureatı olub.

7 telelayihə hazırlanıb və efirdə nümayiş olunub. Mən Azərbaycanlıyam, Çağırarsa Vətən, MAG, Böyük səhnə, Fort Boyard.

Gənclərin ictimai fəallığının artması gənclər qeyri-hökumət təşkilatlarının sayının dinamikasında daha aydın görünür. 10 il ərzində onların sayı təxminən 5 dəfə artaraq 51-dən 250-yə qədər yüksəlib. Son illər xüsusilə kənd rayonlarında gənclər QHT-lərinin sayında artım hiss olunan dərəcədə nəzərə çarpır.

Siz Sovet dönəmində, 70-ci illərdə Lənkəranda rayon Komsomol komitəsinin ikinci, birinci katibi olmusunuz. Belə deyək də, birbaşa cavanlarla çalışan qurumdan irəli çəkilmisiniz, yüksəlmisiniz. Bizə elə gəlir ki, gənclərin problemlərindən danışmağa sizin daha çox mənəvi və peşəkar haqqınız var. Bu barədə fikirlərinizi eşitmək istərdik.

Tamamilə, doğru qeyd etdiniz. Kommunist dönəmində bütün postsovet məkanında tərbiyənin daha çox ictimai forması önə çəkilirdi. Oktyabryat, pioner, komsomol təşkilatları uşaqların tərbiyəsinin bütün formaları ilə ictimai qaydada məşğul olurdular. Dünya təcrübəsi isə tərbiyənin ailədən başladığını daim təsdiq və tarix bunu sübut etmişdir. Bilirsiniz, tərbiyənin bünövrəsi, ailədə qoyulur. Heydər Əliyev ailənin təməl, bünövrə olduğunu bir daha təsdiq etdi və Azərbaycan müstəqillik əldə edəndən sonra ulu öndərimiz Gənclər və İdman Nazirliyini, eyni zamanda, Ailə, Qadın, Uşaq Komitələrini yaratdı. Bu bir daha onu göstərir ki, gənclər problemi daim gündəmdə olan problemdir.

Hadı müəllim, siyasi elmlər doktoru, professor kimi sizcə, gənclər siyasətinin hüquqi bazası elmi əsaslarla necə formalaşıb?

İndi bütün detalları sizə danışsam çox vaxt və yer almış olaram. Əvvəla, bizim bu sahələrlə bağlı çox böyük ciddi və təməl qanunlarımız var. “Azərbaycan Respublikasının gənclər siyasəti”, “Bədən tərbiyəsi və idman”, “Təhsil haqqında” çox təkmil qanunlarımız var. Gördüyünüz kimi, bu qanunlarda cəmiyyətimizin inkişafı və genefondumuzun keyfiyyətli artması üçün bir neçə vacib məsələlər hüquqi baza şəklində ortaya qoyulmuşdur. Təhsil və sağlamlıq bütün uğurlarımızın əsasıdır. Ağıldan, təhsildən danışanda onun içində mənəviyyatdan da, beynəlxalq, dünyəvi məsələlərdən də söhbət açırıq. Ona görə də zaman-zaman bu mövzuya da toxunuruq. Azərbaycanın beynəlxalq gənclər siyasətinin ortaya qoyulmasında da bir sıra işlər görülüb. “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirilməsi və hər il gənclərimizin bu müsabiqələrdə iştirakı Azərbaycanı dünya gənclərinə tanıtdı. İkinci böyük istiqamət olimpiya oyunlarıdır, onun bir qolu olan paralimpiyada iştirakımızdır. Biz hər dəfə olimpiyadalardan qələbə medallarıyla ölkəmizə geri dönürük. Bütün bunlar ardıcıl işin nəticəsidir. Xüsusi vurğulamalıyıq ki, gənclər və İdman Nazirliyi bu baxımdan uzaqgörən, sistemli, müasir texnologiyalarla, uğurlu işlər görür.

Azərbaycan 2015-ci ildə olimpiya oyunlarına ev sahibliyi edəcək. Bir vətəndaş olaraq, olimpiya oyunları sahəsindəki uğurları necə qiymətləndirirsiniz?

Əslində, 2015-ci ilin may-iyun ayında Azərbaycanda olimpiya oyunlarının keçirilməsi inqilabi addımdır. Sözün əsl mənasında prezidentimizin nüfuzuna dəlalət edən hadisədir. Olimpiya oyunlarının Azərbaycanda reallaşmasını İlham Əliyevin adına, xarizmasına dünya olimpiya hərəkatının verdiyi böyük, inamlı qiymətdir. Uzun illərdir ki, möhtərəm prezidentimiz ölkəmizdə olimpiya komitəsinin sədridir. Bu sahədə böyük işlər görür. Parolimpiya ilə bağlı əlillərin idmanla məşğul olması üçün Sumqayıtda stadion tikilib. Olimpiya hərəkatında Azərbaycan və onun prezidenti İlham Əliyev dünyada tanınmış liderdir.

Təsəvvür edin ki, Rusiyada keçirilən olimpiya oyunlarına, tikinti komplekslərinin hazırlanmasına 8 il vaxt ayrıldı. Təbii ki, Rusiyada da tikintiyə sərf olunan vəsait müzakirə olundu. Boş söz-söhbətlər Azərbaycanda da gəzir. Biri deyir bu qədər xərclənib, biri deyir o qədər xərclənib. Bu insanın içində olan tamahdan irəli gəlir. Bunun üçün xüsusi qurumlar, təftiş orqanları var. İstənilən nöqsanı tapıb üzə çıxarırlar. Tenderlər elan olunur. Hər şey göz önündədir, aşkarlıq var. Olimpiya komplekslərinin neçəyə başa gəlməsini beynəlxalq təşkilatlar da bilirlər. Onları aldatmaq olmaz. Komplekslərin tikilməsi ilə yollar da çəkiləcək, otel təsərrüfatı da düzələcək, şəhərin qonaq qəbul etmək səriştəsi formalaşacaq. “Eurovision” mahnı müsabiqəsini Bakida keçirməklə dünyanı ayağımıza gətirdik, biz də öyrəndik, bizdən də öyrəndilər. Olimpiya oyunlarının Bakıda keçirilməsi daha masştablı, daha ciddi hərəkatdır. Biz Rusiyadan fərqli olaraq İl yarıma bu kompleksləri tikib təhvil verməliyik. Dünyada analoqu olmayan işdir. Gələcək uğurlarımızın qarantı, həmçinin, qurumun başında Azərbaycanın birinci xanımı, deputat həmkarımız Mehriban Əliyeva durur.

Hadı müəllim, bəziləri belə düşünür ki, Azərbaycanda idman sahəsinə ayrılan vəsait düzgün xərclənmir, səmərəli istifadə olunmur. Bir millət vəkili, ziyalı kimi Azərbaycanda tikilən idman kompleksləri haqqında nə düşünürsünüz?

Təbii ki, cəmiyyətdə fərqli fikirlərə rast gəlmək mümkündür. Onsuz da Azərbaycanda hər hansı tikintiyə barmaqarası baxan, özü başa düşdüyü kimi qiymət qoyanlara rast gəlmək olur. Məgər, körpü tikintisində qiymət söhbəti yoxdur, məgər məktəb tikintisində qiymət söhbəti yoxdur. Bu gün bu cür söhbətlərlə görülən işləri aşağılamaq olmaz. Doğru hərəkətlər deyil. Hər şeyə şübhə ilə yanaşmaq olmaz. Ortada faktiki işlər var. 30-a yaxın idman kompleksi tikilib. Məktəblərimizdə idman zalları var. Vaxtaşırı yarışlar keçirilir. İdman sahəsində görülən işlərin nəticəsi odur ki, bu sahədə uğurlarımız artır. Tələbə, yaradıcı gənclərlə bağlı çoxlu sayda işlər görülür, konkurslar keçirilir. Əlbəttə, bütün bunlar Gənclər və İdman nazirliyinin gördüyü ardıcıl işlərin nəticəsidir.

Növbəti sualım bu qədər yaxşı işlərindən və uğurlarından söz açdığımız Gənclər və İdman Naziri Azad Rəhimov haqqındadır. Son günlər mətbuatda Azad Rəhimova qarşı qərəzli yazılar yazılır. Hətta, bir il bundan qabaq da belə bir kampaniya təşkil olunmuşdu. Maraqlıdır, siz Azad Rəhimov haqqında nə deyə bilərsiniz?

Azad Rəhimov çox görkəmli, əsilli-köklü nəslin nümayəndəsidir. Onun babası Azərbaycanın tanınmış ziyalısı, çox hörmətli baş naziri olub. Azad Rəhimov idman sahəsi üzrə dünyada qəbul olunmuş insandır, hakimiyyətə ləyaqət, şərəf gətirən, problem yaratmayan adamlardandır, zirəkdir, bacarıqlıdır. İnsanlarla çox səmimi ünsiyyət qura bilir. Sadə insandır, tox adamdır, daim camaatın içindədir. Həmçinin, beynəlxalq təşkilatlarla əməkdaşlıq təcrübəsi var. İngilis dilini mükəmməl bilir, rəhbərlik etdiyi sahənin peşəkarıdır. Məhz bu çətin sahə möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən ona həvalə olunub.

Hadı müəllim, siz hörmətli nazirimizi çox yaxşı səviyyədə təqdim etdiniz. Sizcə, Azad Rəhimova qarşı bu cür davranışların arxasında nə dayanır?

Birincisi odur ki, bar gətirən ağaca kirtək atan çox olar. İkincisi, iş olan yerdə nöqsan da olar. Kiçik nöqsanları şişirtmək lazım deyil. Görülən masştablı işlər göz önündədir. 2015-ci ildə Avropa olimpiya oyunları Azərbaycanda keçirəcək. Həmçinin, 2017-ci ildə 41-ci Dünya Skaut Konfransının və 13-cü Dünya Skaut Gənclər Forumunun Azərbaycanda keçirilməsi üçün ölkənin namizədliyi irəli sürülüb. Azərbaycanda tez-tez beynəlxalq yarışlar keçirilir. Bunun 2 səbəbi var. Birincisi, xarizma, İlham Əliyevə olan inam, ikincisi, isə Azərbaycanda təşkilatçıların olması. Onlar iş görənlərdir, icraçılardır. Təbii ki, mətbuatın açıq azad olmasını normal qəbul edirəm. Tənqid də edə bilərlər. Amma, tənqid təhqirə keçməməlidir. Kiməsə şəxsi ədavət konteksindən yanaşmaq doğru deyil. Ümumi işin xeyrinə tənqidin olması normaldır. Azad Rəhimov da mətbuatda bəzi rəqəmlərin doğru səslənməməsinə aydınlıq gətirdi. Rəhimovun böyüklüyü onda oldu ki, işin, dövlətçiliyin, İlham Əliyevin siyasətinin uğurlu aparılması xətrinə konfliktə getmədi. Çünki konfliktlər cəmiyyəti üzür. O zaman gəncləri arxamızca layiqincə aparmaq mümkün olmaz.

Gələcəkdə gənclər siyasətinin yaxşılaşması üçün nə düşünürsünüz?

Gənclər siyasəti çox şaxəli bir fəaliyyət növüdür. Belə olan halda hansısa bir, təkcə bir istiqamətə üstünlük vermək olmaz. Gənclərin asudə vaxtlarının təşkili mütləq olmalıdır. Narkomaniya, siqaretə, zərərli vərdişlərə qarşı mübarizə sistemli şəkildə Gənclər və İdman Nazirliyi və bütün cəmiyyət tərəfindən aparılmalıdır. Bu sahədə QHT-lərin fəaliyyətini canlandırmaq üçün və bütövlükdə gənclərə dəstək olaraq Gənclər fondu yaradıldı. Bu fonda prezidentimiz xüsusi qayğı göstərir. Bu strukturları gözdən salmaq Azərbaycanın çox böyük bir işinə xələl gətirməkdir. Bu çox ciddi bir məsələdir.

Gələcəkdə gənc ailələrə ipoteka kreditinin güzəştli verilməsi, gənc ailələrin sosial müdafiəsi, uşaqların istirahəti, rekroduktiv sağlamlığın qorunması haqqında qanunların qəbul edilməsini fikirləşirik. Biz birtərəfli düşünəndə yaxşı işlərdən danışmayanda onda həm dövlətçiliyə həm də gəncliyə qarşı çıxmış oluruq. Qəti surətdə düşünürəm ki, 2015-ci il Avropa Olimpiya oyunları ilə bağlı bütün KİV-lər müsbət mənada ciddi məşğul olmalıdırlar. Çalışaq, gənclərimizə yardımçı olaq, dövlətimizin imicini yüksəldək. Gənclərmizə, onların qayğılarının həllinə, Gənclər və İdman Nazirliyinə yaxından kömək edək.

 

Namidə BİNGÖL

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir