Modern.az

Rayonlarda taxıl anbarları tikilir

Rayonlarda taxıl anbarları tikilir

30 Sentyabr 2009, 18:14

Sentyabrın 30-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Füzuli rayonunun Horadiz şəhərində sahibkarlar üçün “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini keçirib.

Modern.az İqtisadi İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Beyləqan rayonunun Daşburun qəsəbəsində Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit almış “Beyləqan Taxıl” ASC-nin 10 min ton tutumu olan taxıl məhsullarının təmizlənməsi və saxlanması üzrə müasir anbar kompleksinin tikintisi ilə tanış olublarr. Sonra tədbir iştirakçıları Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti hesabına “Kraun Ko.” MMC-nin Haramı düzündə tikdiyi taxıl məhsullarının təmizlənməsi və saxlanması üzrə müasir anbar kompleksinə baxış keçiriblər.   
Daha sonra Horadiz şəhərində “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri regionların sosial-iqtisadi inkişafına həsr olunmuş filmin nümayişi ilə öz işinə başlayıb.
Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısının müavini Bağır Aslanov, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxış edərək Azərbaycanda özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirildiyini, regionlarda, xüsusilə də sərhəd rayonlarda sahibkarlığın inkişaf etdirilməsinə ölkə rəhbərliyi tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulayıblar..
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 70%-dək hissəsi Fondun güzəştli kreditləri hesabına olmaqla, regionlarda 15 soyuducu anbar kompleksinin, taxıl məhsullarının təmizlənməsi və saxlanılması üçün isə hər birinin tutumu 10 min ton olan, müasir standartlara cavab verən 21 anbar kompleksinin yaradılması nəzərdə tutulur. Qeyd edilib ki, indiyədək Sahibkarlığa Kömək Milli Fondu tərəfindən regionlarda 11 soyuducu anbarın, taxıl məhsullarının təmizlənməsi və saxlanılması üçün isə 7 anbar kompleksinin tikintisi üçün sahibkarlıq subyektlərinə güzəştli kreditlər verilib.
Artıq Azərbaycanın bir sıra rayonlarında, həmçinin sərhəd rayonlarda soyuducu anbarların, eləcə də taxıl məhsullarının təmizlənməsi və saxlanılması üçün anbar komplekslərinin tikintisinə başlanıb. Regionlarda müasir anbar komplekslərinin yaradılması istehsal olunan kənd təsərrüfatı məhsullarının uzun müddət saxlanılması, məhsul itkisinin qarşısının alınması, əhalinin bütün fəsillərdə keyfiyyətli ərzaq məhsulları ilə təminatına şərait yaradacaqdır. Sərhəd rayonlarda anbar komplekslərinin yaradılması bölgədə məşğulluğun artırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, həmçinin kənd təsərrüfatının daha da inkişaf etdirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.           
“Beyləqan Taxıl” ASC-nin direktoru Süleyman İsmayılov regionlarda taxıl məhsullarının saxlanılması və təmizlənməsi üzrə anbar komplekslərinin yaradılmasına göstərilən dövlət dəstəyinə görə ölkə rəhbərliyinə təşəkkür edib, Beyləqan rayonunda tutumu 10 min ton olan taxıl məhsullarının təmizlənməsi və saxlanması üzrə müasir anbar kompleksinin tikintisi ilə bağlı görülmüş işlər barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə həmçinin, regionda istehsal olunan məhsulların ixrac potensialı, həmçinin onların idxalı əvəzetmə imkanları, məhsulların satışı və xidmətlərin sferasının daha da genişləndirilməsi, sahibkarlar arasında işgüzar əlaqələrin inkişafı istiqamətində faydalı müzakirələr aparılıb.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatı vasitəsilə Füzuli, Beyləqan, İmişli, Ağcabədi və Saatlı rayonlarında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 120-yə yaxın sahibkara 1,6 milyon manatdan çox güzəştli kreditlər verilib. Ayrılmış güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində bu rayonlarda 150-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bununla da, 2009-cu ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Mili Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş kreditlərin həcmi 100 milyon manat, güzəştli kreditlər almış sahibkarlıq subyektlərinin sayı isə 1700-dən çox olub. Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 7000-dən artıq yeni iş yerinin yaradılması gözlənilir.
Tədbirdə sahibkarlar üçün “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi üçün sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi” mövzusunda treninq də keçirilib. 250-dən çox sahibkarın iştirak etdiyi treninqdə investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi barədə geniş məlumat verilmiş və sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, eləcə də sahibkarların maarifləndirilməsi tədbirləri davam etdirilir.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir