Modern.az

Azərbaycanın 932 itkin vətəndaşı barədə məlumatlar təhlil edilib

Azərbaycanın 932 itkin vətəndaşı barədə məlumatlar təhlil edilib

30 Sentyabr 2009, 18:56

Sentyabrın 29-da Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının növbəti geniş iclası keçirilib. Tədbirdə Dövlət Komissiyasının iclasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliklərinin təmsilçiləri də iştirak ediblər.
İclasda Dövlət Komissiyasının sədri Eldar Mahmudov Prezident İlham Əliyevin sərəncamı ilə qurumun tərkibinə təyin edilmiş yeni üzvləri təqdim edib. Eldar Mahmudov deyib ki, son iclasdan keçən müddət ərzində Dövlət Komissiyasının beynəlxalq əlaqələri genişlənib, itkin düşmüş şəxslərlə bağlı aparılan axtarış-araşdırma tədbirləri güclənib.
Sonra Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Firudin Sadıqov son iclasdan keçən müddətdəki fəaliyyətlə bağlı hesabat məruzəsi ilə çıxış edib. O, bildirib ki, BQXK ilə keçirilmiş çoxsaylı görüşlərdə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə Çərçivə Sazişi”ndən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə məsələlər, itkinlərə dair siyahılardakı fərqin aradan qaldırılması, əməkdaşlığın daha da səmərəli qurulması üçün təkliflər müzakirə olunub. Eyni zamanda, bu müddətdə əsir və girov götürülmüş azərbaycanlıların və ermənilərin azad olunması istiqamətində danışıqlar aparılıb.
Hesabat dövründə Dövlət Komissiyası sədrinin keçirdiyi görüşlər, müxtəlif beynəlxalq tədbirlərdə - elmi konfrans, seminar, simpozium, təlim kursları və digərlərində komissiya üzvlərinin iştirakı, problemin həlli ilə bağlı aparılmış müzakirələr, bu qurum tərəfindən hazırlanmış elmi və elektron nəşrlər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, komissiyada olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 1082 nəfər barədə sorğu göndərilib. Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsindən daxil olmuş sorğuya əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində ölkəmizin maraqlarını müdafiə edən vəkillər üçün məlumatlar elektron formatda hazırlanaraq təqdim olunub.
Komissiyada və BQXK-da itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 932 şəxslə bağlı əldə olunmuş məlumatlar təhlil edilib, sistemləşdirilərək məlumat bazalarına əlavə edilib. Komissiyaya müraciət etmiş 243 itkinin yaxın qohumları İşçi qrupunda qəbul edilərək, onlara görülmüş işlər barədə ətraflı məlumat verilmişdir. İtkin kimi qeydiyyatdan keçən 212 nəfərin taleyi müəyyən olunmuş və adları siyahıdan çıxarılıb.
Hesabat dövründə əsir götürülmüş 2 Azərbaycan əsgəri və girov götürülmüş 1 mülki şəxs azad edilmiş, şəhid olmuş 1 əsgərimizin meyiti qarşı tərəfdən alınaraq dəfn olunmaq üçün valideynlərinə verilib.
Qoşunların təmas xəttində əsir düşmüş 5 Ermənistan hərbçisi və 1 mülki şəxs qarşı tərəfə qaytarılıb. Mənsub olduğu dövlətin ərazisinə qayıtmaq istəməyən 1 Ermənistan hərbçisi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə üçüncü ölkəyə göndərilib. Qeyd olunub ki, sentyabrın 1-nə olan məlumata əsasən 1396 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçir.
İclasda çıxış edən BQXK-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Tun Vandenhuv təmsil etdiyi qurumla Dövlət Komissiyası arasında sıx əməkdaşlıq münasibətlərinin formalaşdığını vurğulayıb. İtkin düşmüş, əsir və girov götürülmüş insanlar barədə məlumatların toplanmasının çox ağır proses olduğunu vurğulayan BQXK nümayəndəsi bu istiqamətdə göstərdikləri yardıma görə Azərbaycanın müvafiq orqanlarına minnətdarlığını bildirib.
İclasın gündəliyinə uyğun olaraq Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin birgə istintaq-əməliyyat qrupunun rəhbəri Mehman Poladov görülən işlər barədə ətraflı məlumatla çıxış edib. M.Poladov bildirib ki, Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ona bitişik rayonlarda azərbaycanlılara qarşı soyqırımı, habelə başqa ağır cinayətlərin araşdırılması məqsədilə 2003-cü il dekabrın 12-də yaradılmış birgə istintaq-əməliyyat qrupu tərəfindən istintaq-əməliyyat tədbirləri davam etdirilir. Aparılmış istintaq nəticəsində ağır cinayətlər, zorakılıqlar törətmiş erməni millətindən olan xeyli sayda şəxsin təqsirləndirilən şəxs qismində cəlb olunmaları barədə qərarlar çıxarılıb, məhkəmələrin qərarına əsasən barələrində həbs qətimkan tədbirləri seçilib və axtarışları ilə əlaqədar müvafiq sənədlər İnterpolun Milli Bürosuna göndərilib. Erməni silahlı birləşmələrinin Xocalı şəhəri ilə bərabər digər yaşayış məntəqələrində də yerli əhaliyə qarşı törətdikləri soyqırımı cinayətləri barədə konkret faktlarla dolğun məlumat verilib.
Qeyd olunmuşdur ki, əsir düşməyə görə Azərbaycan qanunvericiliyində cinayət təqibi nəzərdə tutulmur və belə hallarla əlaqədar indiyədək əsirlikdən azad edilmiş heç bir əsgər cinayət məsuliyyətinə cəlb olunmayıb. Cinayət məsuliyyətinə yalnız konkret cinayət törətmiş və əməlləri istintaqla tam sübuta yetirilmiş şəxslər cəlb olunaraq ədalət mühakiməsinə verilir.
Komissiyanın üzvləri Rəbiyyət Aslanova, Bəkir Nəbiyev, Xələf Xələfov, İsmayıl Ömərov, Elmar Qasımov, Novruzəli Aslanov  qurumun keçmiş üzvü Rövşən Mustafayevin ictimai-siyasi və elmi fəliyyəti haqqında danışıblar.
İclasda R.Mustafayevin adının əbədiləşdirilməsi məqsədilə müvafiq təkliflər irəli sürülməsi barədə qərar qəbul olunub.
Dövlət Komissiyasının iclasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamına əsasən “Azərbaycan bayrağı” ordeni ilə (ölümündən sonra) təltif edilmiş Fərhad Rəhman oğlu Atakişiyevə aid orden ölkə rəhbərinin tapşırığına əsasən Komissiyanın sədri Eldar Mahmudov tərəfindən ailəsinə təqdim olunub.
Sonda erməni əsirliyində olarkən qəhrəmanlıq göstərmiş Azərbaycan əsgərlərinə həsr edilmiş “Qarabağdır Azərbaycan” filminin təqdimatı keçirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub