Modern.az

Əlinin hökmü ilə tikilən Hökməli... (reportaj)

Əlinin hökmü ilə tikilən Hökməli... (reportaj)

Reportaj

16 İyun 2010, 15:45

st1:*{behavior:url(#ieooui) }

“Bakı kəndləri” layihəsi çərçivəsində bu dəfə yolumuzu Hökməlidən saldım. Bu kəndin yolu mənə tanış idi. Çünki Hökməli ilə qonşuluqda yerləşən Qobu kəndində olmuşdum. Bakının digər kəndlərindən fərqli olaraq Hökməliyə gedərkən çala-çuxur yollar görmədik. Çünki kəndə yeni magistral yol çəkilib. Hökməlidə bələdçimlə kəndin necə deyərlər, bu başından vurub, o başından çıxdıq... Qədim abidələri Abşeron yarımadasının qərb hissəsi digər hissələrinə nisbətən daha yüksəkdir. Bu yüksəklikdə Bakının ən qədim kəndlərindən olan Hökməli yerləşir. 400 ha ərazisi və 5 min nəfər əhalisi olan Hökməli kəndinin yaranma tarixi İslamdan əvvəlki dövrlərə təsadüf edir. "Hökməli" toponiminin hərfi mənada açıqlaması belədir: "hökm" əmr deməkdir, "əli" isə şəxs adıdır, yəni "Əlinin hökmü ilə tikilən kənd". Hökməlidə vaxtı ilə 500-ə yaxın ev olub. İndi isə kənd 2-3 dəfə böyüyüb. Bakı kəndlərinə xarakterik olan dini abidələr Hökməlidə də çoxdu. XX əsrin əvvəllərində Hökməlidə elm və irfan sahibi Seyid İmran yaşayıb. Hazırda onun türbəsi kənd əhalisinin ziyarət yerinə çevrilib. Bu ziyarətgah kənd əhalisi arasında “Miran” adı ilə tanınır. Ziyarətgahda çalışan Gövhər nənə deyir ki, gün ərzində ilanlar 3 dəfə bu ziyarətgahın ətrafında dolaşır: “Amma heç kəsə dəyib-toxunmur. Bu həmin yerin müqəddəsliyinin göstəricisidir”. Kənd sakinləri bir neçə il öncə pirin uçub-dağıldığını əsas gətirərərk, onun bərpası üçün dəfələrlə bələdiyyə və icra nümayəndəliyinə müraciət ediblər, amma buna əhəmiyyət verilməyib. Ancaq kəndlilərə əl tutan da tapılıb. Xeyriyyəçi Kərbalayi Rasim ziyarətgahı bərpa etdirib. Kənddə XVIII-XIX əsrlərə aid iki məscid var. Bu məscidlərdən birinə-El məscidinə baş çəkdik. Bu qədim məscidin təmirə ehtiyacı var. Hökməlidə XVII-XVIII əsrlərə aid qədim su kəhrizi var. Keçmişdə  kənd əhalisi bu dərin su quyusundan istifadə edərmiş. Deyilənlərə görə, bu quyu qədim alban üslubunda tikilib. Ancaq hazırda bu quyudan istifadə olunmur. Kənd sakinləri bu su quyusunun uçub-dağılmasından şikayətlənirlər.  Kənddə çox qədimlərə aid uçuq-sökük vəziyyətdə olan bir hamam da var.

Hökməli “Topxana”sı Hökməlidə “Topxana” deyilən bir yer var. Bu yer hasarlanıb və bir abidə kimi qoronor. Ona görə abidə kimi saxlanılır ki, həmin yerdə vaxtilə hökməlilərin həm qanı tökülüb, həm də sağ qalanları olub. 1918-ci ildə ermənilərin hücumuna bu kəndin sakinləri də tuş gəlib. Ancaq sakinlərin köməyinə türklər vaxtında yetişib. Türklər həmin bu “Topxana” deyilən yerdə “qoca top” yerləşdiriblər ki, azğınlaşmış erməniləri məhv etsinlər. Bundan xəbər tutan ermənilər də kənddən qaçıblar. Ağsaqqalları deyir ki,  “qoca top”un “Topxana”da basdırıldlğına dair məlumatlar var. Bilinmir ki, sonralar türklər həmin topu oradan çıxarıblar, ya yox... Həbsxananın yeri qəbiristanlıq olub

Kənddə qədimi bir qəbiristanlıq var. Bu qəbiristanlıqda şair Biqələmin, kimyaçı alim Mövsümbəy Xanlarovun və digər məşhurların məzarı yerləşir. Hökməli ağsaqqallarının sözlərinə görə, orta əsrlərdə qəbiristanlığın yerində həbsxana mövcud olub. Bu həbsxanadan Şirvan xanlığı istifadə edirmiş. İllər ötdükcə həbsxana dağıdılıb və yerində qəbiristanlıq salınıb. Məşhurlar... Hökməlidə əhali tərəfindən bu gün də sevilən və hörmətlə yad edilən bir sıra insanlar yaşayıb. Belə insanlara misal olaraq XIX əsrin sonlarında kənd sakinlərinin müalicəsi ilə məşğul olmuş təbib Kərbəlayi Abbası göstərmək olar. O, təbii otlardan istifadə edərək müxtəlif xəstəliklər üçün dərmanlar hazırlayıb sakinləri xəstliklərdən sağaldırmış. Məşhur kimya elmləri doktoru Mövsümbəy Xanlarov da Hökməlidəndir. Onun kimya sahəsində böyük xidmətləri olub. Hökməli kəndinin digər bir unudulmayan şəxsiyyəti şair Məhəmməd Soltanəhmədoğludur. Onun atası Soltanəhməd Bakı kəndlərində tanınan məşhur pəhləvan imiş. Qardaşı Məlik Soltanəhmədoğlu da atası kimi pəhləvan olub, Bakı kəndlərindəki güləş müsabiqələrində iştirak edib. Ata-balanın pəhləvanlığı haqqında kənd əhalisi arasında yaşadılan xatirələri çoxdur. Şair Məhəmməd Soltanəhmədoğlu atası vı qardaşı kimi güclü olmasına baxmayaraq, kiçik yaşlarından şeirə həvəs göstərib. O, təhsil ala bilmədiyi üçün öz şeirlərini kəndin savadlı mollası sayılan axund Fərruxa yazdırırmış. Bu səbəbdən də özünə "Biqələm" təxəllüsü seçib. Biqələm Hökməli sakini Qızbacı ilə ailə qurub. Üç övladları dünyaya gəlib. Hal-hazırda ancaq Siyazən rayonunda yaşayan qızı Gəlinxanım həyatdadır. O, atası vəfat etdiyi vaxt çox kiçik yaşlarında olduğu üçün Biqələm haqqında dərin xatirələrə sahib deyil. Biqələmin vəfat etmiş oğlu Sərdar və qızı Balacaxanımın ailə üzvləri Hökməlidə yaşamadığından onlar haqqında heç bir məlumat toplaya bilmədik. Biqələm təqribən 1930-1935-ci illər arasında vəfat edib və Hökməli kənd məzarlığında dəfn olunub. Biqələmin şeirlərinin toplanıb, nəşr edilməsinə kənd sakini, xeyriyyəçi Kərbalayi Ramiz kömək göstərib.

Məşhur  qaçaq Qubad da Hökməlidən çıxıb

Bakı zonasında məşhur olan qaçaq Qubad da Hökməlidə doğulub, vurub-yıxıb. Onun həddindən artıq sərrast atıcı olduğu söylənilir. 1918-ci ildə ermənilərin Şamaxı yaxınlığında əhaliyə divan tutduğunu eşidən Qubad dostu ilə birlikdə ora gedərək böyük bir erməni dəstəsi ilə döyüşə girir. Və çoxlu sayda erməni öldürür. Deyilənə görə, həmin vaxt qaçaq Qubadın 100-dən çox gülləsi olub. Heç biri də boşa çıxmayıb. Düşmən əlinə keçməmək üçün ən sonuncu gülləni özünə vurub. Ermənilər burada böyük bir azərbaycanlı dəstəsilə atışdıqlarını zənn etsələr də, sonradan 2 nəfərlə döyüşdüklərini görüb, dəhşətə gəliblər. Hökməlilər qaçaq Qubadın meyidini taparkən onun papağını başının altına qoyub, özünü güllələdiyinin şahidi olublar. Qafqaz İslam Ordusunun komandanı general Nuru paşa Azərbaycana gələrkən öncə qaçaq Qubadın məzarını ziyarət edib, sonra Bakıya daxil olub. Kəndin fərqli adət-ənənələri Abşeron kəndləri milli adət-ənənələrə və dini dəyərlərə həmişə böyük ehtiramla yanaşıblar və bu gün də belədir. Bu sırada Hökməlinin adı, heç şübhəsiz ki, ilk sıralardadır. Bu kənddə ağsaqqallar qadınların şalvar geyinməyinə heç də yaxşı baxmırlar. Məscidlərdə qadınlar və kişilər namazı ayrı-ayrılıqda qılır. Elə xeyir-şər məclislərində də ayrıca otururlar. Toy adətlərinə gəlincə, kənd ağsaqqallarının deməsinə görə, toyun vaxtını müəyyənlşdirmək üçün nəslin ağsaqqalları toplaşır, vaxtı müəyyən edir və xeyir-dua verilir. Maraqlı bir cəhət isə bəyin gəlini gətirmək üçün yola düşərkən vağzal sədası altında qalanan tonqal ətrafında oynamasıdır. Əslində bu, keçmiş adətlərdən biridir ki, hələ də Hökməli kəndində saxlanılır. Kəndin yaşlı sakinləri bunun zərdüştlükdən qalma-od sevərliyin təzahürü olduğunu söyləyirlər. Hökməlidə şadlıq evi yoxdur. Ona görə də toylar “palatka”da keçirilir. Oğlan və qız toyu ayrı-ayrılıqda olur. Sakinlərin sözlərinə görə, qız toyunda heç zaman kişi iştirak edə bilməz. Əgər qız toyunda kişi iştirak edərsə, əsil mərəkə qopar. Əhalinin məşğuliyyəti Kəndin ərazisi genişləndikcə, bir neçə yeni yaşayım massivi yaranıb, “At yalı”, “Nübar” kimi. Kənd sakinlərinin sözlərinə görə, bu ərazilərdə əvvəllər əkinçilik və maldarlıqla məşğul olurmuşlar. Ancaq sonralar həmin ərazilər gəlmələrə satılıb. İndi orada yaşayış evləri tikilib. Əhali indi əsasən əkinçilik və maldarlıqla məşğul olur. Kənd torpaqlarının gəlmə insanlara satılması əkin-biçin yerlərini də  xeyli azaldıb. Kəndədə örüş yerlərinin azalması insanların mal-qara saxlamasına da xeyli çətinliklər yaradıb. Sakinlərin böyük əksəriyyəti də bundan şikayətləndi. İşsizlik və narkomaniya Kəndin əsas problemlərindən danışan  sakinlər işsizlikdən şikayətləndilər. İldırım dayı deyir ki, Hökməlidə iş yeri yoxdur: “Mən məcburam fəhləlik üçün şəhərə gedəm. Fəhlənin aldığı pul da heç yol puluna çatmır. Dolanışıq çox çətindir. İş yeri açılsa, heç olmazsa çörək pulu qazanardıq”. Hökməli Güzdəkdəki daş karxanalarının yolunun üstündə yerləşir. Ona görə də vaxtilə hökməlilər əsasən daş alveri ilə məşğul olublar. Ancaq indi daş alan da yoxdur. Daş alveri ilə məşğul olan sürücülər də elə bundan şikayət etdilər. Cavanlar arasında narkomaniyanın yayılması isə kənd sakinlərinə bir tərəfdən dərd gətirib. Kəndin ağsaqqalı Ramiz dayının sözlərinə görə, bunun səbəbi cavanların işsiz olmasıdır: “Kəndin hansı küçəsinin tininə baxırsan narkomanlar toplaşıb. Narkomaniya baş alıb gedir. Heç kəs də maraqlanmır. Bələdiyyə öz hayında, icra başçısı da öz hayındadır. Torpaq satmaqdan başqa bir işləri yoxdur”. Kəndin ağbirçəkləri də gənclərin narkotikaya qurşandıqlarından ürəkağrısı ilə danışdılar. Xalça sexi Hökməlidə vur-tut bir xalça sexi fəaliyyət göstərir. Orada da çox az sayda qadın işləyir. Çünki hökməlililər qadının, qızın işləməsinə o qədər də yaxşı baxmırlar. Hökməli kişisinin məntiqinə görə, evin dolanışığının məsuliyyəti yalnız kişilərin üzərinə düşür. Xalça sexinin müdiri Asif müəllim işçilərin azlığından şikayət etdi. Sexdə qızların toxuduqları rəngarəng xalçalara baxıb, oradan çıxdım. “Sudan korluq çəkirik” Bakının digər kəndlərinə nisbətən Hökməlidə işıq, qaz və rabitə problemi qismən öz həllini tapıb. Ancaq sakinlər sudan çox korluq çəkdiklərini deyirlər. Rəsmiyyə xala su yon olmaması səbəbindən ağaclarının quruduğunu deyir: “Məcburuq suyu nasosla vuraq. Baxmayaraq ki, şollar suyu düz kəndimizin yanından keçir. Amma biz su üzünə həsrətik”. Kəndin su sarıdan qıtlıq çəkməsi burada yaşıllığın az olmasına gətirib çıxarıb. Bələdiyyə sədrindən narazı və razılar Sakinlər problemlərini sadaladıqca kimisi bələdiyyəni suçlayır, kimisi sə onun lehinə çıxırdı. Sakinlərin əksəriyyəti bələdiyyə sədri Mirnemət Mirhadıyevin icra nümayəndəsi Yavər Hüseynovla birgə torpaqları sənədsiz olaraq gəlmələrə satmalarından şikayətləndilər. Bəziləri isə kəndə su çəkdirməmələrindən gileyləndilər. Ancaq razı olanlar da tapıldı. Razılar bələdiyyə sədrinin kasıb insanların qaz və işıq pullarını ödədiyini və onlara əl tutduğunu dedilər.

 

Kəndə giriş.

Kənddəki qədimi hamam.

 

Hökməli-Qobu vulkanı.

 

Xalça sexi işçi axtarır.

 

Hökməli kişiləri işsizlikdən şikayətçidirlər

 

"Narkomaniya bəlasının kökündə işsizlik dayanır"

 

"Miran" ziyarətgahı.

 

Abidəyə dönmüş kəhriz.

 

Hökməlidəki "Topxana"

 

Ziyarətgah.

 

Hökməlidəki Şəhidlər xiyabanı.

 

Heyvanların örüş sahəsi getdikcə daralır...

 

Bir vaxtlar bu qəbiristanlığın yerində həbsxana olub.

 

Kəndarası yollar abadlaşdırılıb.

 

Kənd məktəbi.

 

Tibb mərkəzi.

Günay Musayeva

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi