Modern.az

Məişət zorakılığı törədən şəxslər valideynlik hüququndan məhrum oluna bilər

Məişət zorakılığı törədən şəxslər valideynlik hüququndan məhrum oluna bilər

16 İyun 2010, 17:25

Modern.az saytı xəbər veriri ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsi Milli Məslisdə ikinci oxunuş üçün hazırdır. Bu barədə Milli Məclisin (MM) İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında məlumat verilib.

İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, parlamentdəki birinci oxunuş müzakirələri zamanı millət vəkilləri tərəfindən səsləndirilən təkliflərin əksəriyyəti nəzərə alınıb: “Qanun layihəsi hər kəsin şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyini nəzərə alaraq, konfedensiallığı əsas tutmaqla qadınlara qarşı ayrı-seçkiliyinin aradan qaldırılmasını, məişət zorakılığından zərərçəkən şəxslərin pozulmuş hüquqlarının bərpasını nəzərdə tutur. Qanun yaxın qohum olan ailə üzvlərinə (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, doğma və ögey qardaşlar, bacılar, övladlığa götürülmüş və övladlıja götürmüş şəxslər), habelə birgə yaşadığı hallarda digər qohumlara, nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada, qanuni nikahda olmadan birgə yaşayan kişi və qadına və onlarla birgə yaşayan qohumlara, qəyyum və himayəçi təyin olunmuş fiziki şəxslərə, habelə üzərində qəyyumluq və himayəçilik təyin edilmiş şəxslərə şamil ediləcək. Qanun layihəsinə əsasən məişət zorakılığı ilə bağlı şikayətlərə müvafiq icra hakimiyyəti orqanı və məhkəmələr tərəfindən baxılacaq. Məişət zorakılığı ilə bağlı araşdırmanın aparılması üçün müvafiq qurumlara şikayət daxil olmalıdır. Şikayətlər qanun qəbul olunduqdan sonra hazırlanacaq təlimat əsasında araşdırılacaq”.

Qeyd edək ki, qanuna əsasən dövlət məişət zorakılığından əziyyət çəkən vətəndaşlara yardımlar göstərəcək. Zərərçəkmiş şəxsin dövlət vəsaiti hesabına dərhal tibbi yardımla, yardım mərkəzində müvəqqəti sığınacaqla, geyim və qida məhsmulları ilə təmin edilməsi nəzərdə tutulur. Dövlət məişət zorakılığını törətmiş şəxsləri profilaktik qeydiyyata alacaq və onlarla tərbiyəvi qabaqlayıcı işlər aparacaq. Məişət zorakılığını törətmiş şəxslərin valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulur.

Qanun qüvvəyə mindikdən sonra ölkədə məişət zorakılığından zərər çəkmiş şəxslərə yardımın təşkil olunması üçün dövlət yardım mərkəzləri fəaliyyətə başlayacaq. Bu mərkəzlərin göstərdiyi xidmətlər ödənişsiz olacaq. Mərkəzlərdə zərər çəkmiş şəxslərə tibbi və hüquqi yardım göstəriləcək, onların işlə təmin edilməsinə, yeni peşələrə yiyələnməsinə köməklik göstəriləcək. Mərkəzlərdə zərərçəkmiş şəxslər üçün psixoloji reabilitasiya kursları təşkil ediləcək. Zərərçəkmişlərin müdafiəsi üçün müvafiq sənədlərin hazırlanması və sosial müavinətlərin ayrılmasına kömək göstəriləcək. Yardım mərkəzləri zəruri hallarda zərərçəkənləri sığınacaqla təmin edəcəklər. Qanuna əsasən, zərərçəkənlər yardım mərkəzlərində 2 ay, yetkinlik yaşına çətmayan şəxslər isə 3 ay müddətinədək sığınacaqla təmin olunacaqlar. Yardım mərkəzləri dövlət orqanları ilə yanaşı, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları tərəfindən də yaradıla bilər. Bundan əlavə, fiziki şəxslər də öz mənzillərini xeyriyyəçilik əsasında yardım mərkəzi kimi istifadə edə bilərlər. Qeyri-dövlət yardım mərkəzləri müvafiq icra hakimiyyəti orqanlarında akkreditasiyadan keçməlidirlər.

Millət vəkili Yevda Abramov bildirib ki, qanun layihəsi MDB-nin digər respublikalarındakı analoji qanunların heç birindən geri qalmır: «Bu qanun ana, bacılarımızı narahat edən problemlərdən bəhs edir. Bu problemlər var və onları gizlətmək lazım deyil».

Fəzail Ağamalı isə qanunun qəbul olunmasının Azərbaycanda qadınların diskriminasiyaya məruz qalması kimi qiymətləndirilməsinin əleyhinə olduğunu bildirib: “Azərbaycan qadınları kişilər kimi bütün hüquqlardan istifadə edə bilirlər. Yalnız bəzi epizodlarda ailələrin daxilində məişət zorakılığı faktlarına rast gəlinir. Bu cür zorakılığa təkcə qadınlar deyil, kişilər də məruz qalır.

Komitə sədri R.Aslanova məişət zorakılığı hallarının Avropada da artmaqda olduğunu bildirib. Onun sözlərinə görə, keçən il Avropanın ən inkişaf etmiş ölkələrindən olan İngiltərədə 56 qadın əri tərəfindən öldürülüb. Hesablamalara görə, İtaliyada da hər dəqiqə ailədəki qadınların kişilər tərəfindən döyülməsi ilə bağlı polisə şikayətlər daxil olur.

İclasda iştirak edən ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel deyib ki, ilkin müzakirələr başlayandan indiyədək müzakirəyə təqdim olunan qanun layihəsi xeyli təkmilləşdirilib: “Layihədə konkret tədbirlərin hansı müddətlərdə görüləcəyi də dəqiq göstərilməlidir. Digər tərəfdən, məişət zorakılığı halları təkcə şikayətlər daxil olduğu hallarda deyil, digər hallarda da araşdırılmalıdır. Dövlət özü bu problemin üzə çıxarılmasında maraqlı olmalıdır”.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuş üçün parlamentin plenar iclasına tövsiyə olunub.  

Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı