Modern.az

Vatikan BDU-nun İlahiyyat fakültəsi ilə əlaqələr qurmaq niyyətindədir

Vatikan BDU-nun İlahiyyat fakültəsi ilə əlaqələr qurmaq niyyətindədir

17 İyun 2010, 13:08

İyunun 16-da Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının Prezidenti Arxiyepiskop Canfranko Ravazini və Vatikanın ölkəmizdəki səfiri, Arxiyepiskop Klaudio Qudjirottini qəbul edib. Bu barədə Modern.az-a Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova məlumat verib. İkitərəfli danışıqlardan sonra görüş geniş tərkibdə davam edib. Akademik Abel Məhərrəmov Bakı Dövlət Universiteti, o cümlədən qonağın ikitərəfli əməkdaşlıqda maraqlı olduğu İlahiyyat fakültəsi barədə məlumat verib.

Arxiyepiskop Canfranko Ravazininin çıxışından bəlli olub ki, o, Lekko əyalətinin Merat şəhərində anadan olub. Milan ruhani məktəbində, sonradan Romada Pontifik İncil İnstitutunda təhsil alıb, bir müddət İlahiyyatçılıq fakültəsində İncilin təfsiri üzrə müəllim işləyib. 2007-ci ildən Mədəniyyət üzrə Pontifik Şurasının Prezidenti və Prokonsularidə Villamanya ərazisinin Titullu Arxiyepiskopu təyin edilib. Əsas tədqiqat sahəsi xristian dininin öyrənilməsi və müxtəlif dinlərarası əlaqələrin araşdırılmasıdır.

C.Ravazini çıxışında ənənələrin qorunması, saxlanılması, sivilizasiyalararası dialoqun inkişaf etdirilməsi və onun gələcək nəsillərə çatdırılması haqqında danışıb. Bakıda Rus Pravoslav kilsəsində və Yəhudi Sinaqoqunda olduğunu bildirən qonaq Azərbaycanı tolerant ölkə kimi xarakterizə edib. Bakı Dövlət Universiteti, əsasən də İlahiyyat fakültəsi ilə əlaqələr qurmaq, teologiya ilə elm, din ilə incəsənt arasında əlaqələri daha da inkişaf etdirmək niyyətlərinin olduğunu bildirib. Eyni zamanda, Azərbaycan tərəfinə Vatikanın arxivləri və kitabxanalarından istifadə etməyi təklif edib.

Akademik Abel Məhərrəmov qonağın çıxışını yüksək qiymətləndirib və bu səfəri ölkələr arasında münasibətlərin daha da inkişafı baxımından səmərəli hesab edib.

Sonra ali qonaq tolerantlıq, din, mədəniyyətlərarası dialoq barədə İlahiyyat fakültəsi tələbələrinin suallarını cavablandırıb.

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi