Modern.az

Ayaz Mütəllibov: “Qarabağın açarı Moskvadadır, yoxsa Minsk qrupu onu çoxdan əldə etmişdi” - MÜSAHİBƏ

Ayaz Mütəllibov: “Qarabağın açarı Moskvadadır, yoxsa Minsk qrupu onu çoxdan əldə etmişdi” - MÜSAHİBƏ

Müsahibə

9 May 2014, 21:25

Modern.az saytının suallarını eks-prezident Ayaz Mütəllibov cavablandırır.

- Krımın Rusiyaya birləşdirilməsindən sonra Azərbaycanda "beşinci kolon" adlandırılan və Rusiyanın agentura şəbəkəsi hesab olunan bir qrupun aktivləşməsi ilə bağlı həyəcan təbili çalınır. 
Bu iddiaların əsasında məntiqi elementlər və arqumentləşdirilmiş tezislər tapmaq mümkündürmü?

- Yalnız onu qeyd edə bilərəm ki, mətbuatda hərdən hansısa xarici agentlərin mövcudluğu haqqında fikirlər səsləndirilir. Bu, əslində cəmiyyətdə heç bir ajiotaj reaksiya yaratmır. Lakin Ukraynada baş verən son hadisələrlə bağlı orada cərəyan edən proseslərin kontekstində onların Azərbaycana təsiri ətrafında cəmiyyətdə müzakirələr güclənib. Bəziləri Rusiyanın MDB ölkələri ilə, Azərbaycanla qarşılıqlı münasibətlərində problemlər ətrafında müəyyən paralellər aparırlar. Krım məsələsində Rusiya ilə Ukrayna arasında olan münasibətlərdə baş verən problemlərə bənzər bir problemin Bakı ilə Moskva arasında yaranması təhlükəsi varmı?
Rusiyanın maraqları kontekstində götürdükdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində bütün çətinliklərə baxmayaraq, bu hadisələrin Azərbaycanda təkrar olunması mümkünlüyü barədə müqayisə aparmaq üçün heç bir əsas yoxdur. Eyni zamanda SSRİ-nin süqutundan sonra ABŞ və Qərbin təşəbbüsü ilə dünya siyasi konyunkturası kontekstində təsir dairələrinin yenidən bölüşdürülməsi, sərhədlərin dəyişdirilməsi kimi dünyada baş verən geosiyasi prosesləri nəzərə almaq lazımdır. Bu vəziyyət, ilk növbədə postsovet respublikaları ilə həmsərhəd olan Rusiyada narahatlıq doğurmaya bilməz. Çünki bu respublikaların indiyədək də Qərblə, xüsusilə ABŞ-la yaxınlaşması prosesi müşahidə olunur. Reallıqda belə kifayət qədər irəliləyən bu fakt, əgər proseslər ancaq iqtisadi və mədəni əlaqələr çərçivəsində olsaydı, Rusiyanı bu dərəcədə intriqaya sövq etməzdi. Lakin, SSRİ-nin süqutundan sonrakı ilk illərdən başlayaraq ABŞ və Qərbin MDB ölkələrində iştirakının gücləndirilməsində öz səylərini artırması aşkar oldu. Bu gözlənilən idi, çünki SSRİ-nin süqutundan əldə olunan fayda hər halda kiməsə çatmalıydı. Bu vəzifəni Avrotlantik Birlik tərəfindən yeni ərazilərin mənimsənilməsi siyasətinin reallaşmasında əsas vasitələrdən biri olan NATO hərbi-siyasi bloku həyata keçirməyə başladı.
Bu gün Ukraynada baş verənlər, xüsusən ABŞ-la Rusiya arasında artıq yaranmış qarşıdurma kontekstində, geosiyasi amilin mövcudluğunun təsdiqidir. Qeyd edək ki, Ukrayna böhranında təşəbbüs Ukraynanı "Şərq Tərəfdaşlığı" layihəsinə cəlb etmək yolunda əsassız tələskənliyə yol verən Qərb tərəfindən göstərilib. Bununla da Qərb bütün ölkə ərazisində siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxaran səhvə yol verib. Əsaslandırılmış iqtisadi səbəblərə görə Yanukoviçin Avropa İttifaqı ilə assosiasiya haqqında sazişdən imtina etməsi Ukraynada ictimai-siyasi vəziyyətdə partlayışa təkan verdi. Ukraynanın radikal siyasi qüvvələri mövcud hakimiyyətə hücum edilməsi və Yanukoviçin devrilməsi üçün Qərbdən kart-blanş aldılar. İndi Ukrayna vətəndaş müharibəsi ilə nəticələnə bilən gərginliyin yeni mərhələsinə qədəm qoyub. Bu dəfə rəngli inqilablar tərzinə görə hazırlanmış və həyata keçirilmiş hakimiyyətin zorakılıqla dəyişdirilməsi ssenarisi indi yenidən, lakin artıq Ukraynanın Cənub-Şərq bölgələrinin üsyan etmiş sakinləri tərəfindən istifadə edilir. Burada fərq yalnız ondadır ki, həmin regionların üsyançılar adlandırılan sakinləri “sağ sektor”un radikalları kimi silahdan istifadə etmədilər. Qana bulanan çıxılmaz vəziyyət yaranıb.

- Azərbaycan BMT-də Ukraynanın ərazi bütövlüyünü dəsdəkləyən qətnaməyə səs verdi. Amma buna baxmayaraq rəsmi Bakının Qərblə Rusiya arasında strateji seçiminin balanslı xarici siyasətə söykəndiyi görünür. Azərbaycanın beynəlxalq hadisələr fonunda tarazlaşdırılmış siyasətinin ölkəmizə təsirini necə qiymətləndirirsiz?

- Son onilliklərdə həyata keçirilən balanslaşdırılmış xarici siyasət Azərbaycan dövlətçiliyinin inkişafına böyük təsir göstərmişdir. Bu illərdə reallaşan energetika dövləti statusu buna xeyli dərəcədə kömək edib. Bununla da Azərbaycan dünya birliyinə qapılarını açaraq dünya siyasi səhnəsində mühüm oyunçuya çevrilib. Bu fonda Azərbaycana belə bir sadə həqiqəti dünya siyasətçilərinin düşüncəsinə həkk etmək mümkün olub: - ölkəmizin ərazisinin 20 faizinin işğal olunması faktını nəzərə almamaq olmaz və bu məsələ tələb edir ki, Azərbaycan ilk növbədə onun bütün ərazisində yurisdiksiyasının bərpa edilməsi məsələsinə laqeyd olmayanlarla münasibətlər qursun. Məntiq sadədir: ölkəni qane etməyən vəziyyətə bundan sonra da dözmək və ərazi bütövlüyünün ziyanına ondan siyasi tolerantlıq tələb etmək olmaz. Çünki problemin həll olunmaması sonradan güc qarşıdurmasına gətirib çıxara bilər. Ona görə də ABŞ və Rusiya arasında vaxtaşırı münasibətlərin kəskinləşməsinə baxmayaraq, balanslaşdırılmış siyasət bundan sonra da yerinə düşərdi.

- Bu yaxınlarda millət vəkili Qüdrət Həsənquliyev Dağlıq Qarabağ münaqişəsinin həlli variantlarından danışarkən Azərbaycanın Rusiya ilə yaxınlaşmasından söz açıb. Deputat bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin açarı Kremldə olduğundan Azərbaycan rəsmi Moskva ilə daha yaxın təmaslar qurmalı, hətta yeri gələrsə, suverenliyini əldən verməmək şərtilə öz ərazisində Rusiya hərbi bazalarının yerləşməsinə icazə verməlidir. Necə düşünürsünüz, bu təklifni Ukrayna uğrunda aparılan Rusiya - Qərb mübarizəsi ərəfəsində səsləndirilməsi nə dərəcədə doğrudur? Üstəgəl Krımın Dağlıq Qarabağ üçün də presedent yaratdığı iddialarının səsləndiyi bir zamanda…

- Şübhəsiz ki, deputat Qüdrət Həsənquliyev tərəfindən səsləndirilmiş fikirdə müstəqillik dövründə mövcud olan və geosiyasi reallıqlara cavab verən səmərəli toxum var. İndiki halda deputatın bildirdiyi fikrin lehinə əsas amil ölkənin milli maraqlarının aliliyi prinsipi olmalıdır. Əbəs yerə deməyiblər ki, siyasət zamanın qarşıya qoyduğu məqsədlərə mümkün tərzdə çatmaq məharətidir. Bu baxımdan öz dövlətinin və xalqının maraqları baxımından dövlətin xarici siyasət vektorunun dəyişilməsinə yol vermək mümkündür. Bizi Rusiya ilə çox əsrli birgə yaşayış münasibətləri bağlayır və onunla münasibətləri saxlamaq bizə çətin deyil. Ona kimliyimizi izah etmək lazım deyil, halbuki digər dövlətlərlə bunu etmək lazım gəlir. Eyni zamanda Rusiyanın müasir şəraitdə birgə səylərlə öz təhlükəsizliyini təmin etməyə onu vadar edən geosiyasi təmayüllü öz maraqları var. Onlar arasında ən sadəsi təhlükələrin keçmiş müttəfiq respublikaların ərazilərindən çıxarılmasıdır. Ona görə də Rusiya NATO-nun Şərqə doğru hərəkət edərək gördüyü işlərə biganə qala bilməz. Bu səbəbdən, Rusiya bütün son illər ərzində dövlətlərarası sistemlərin axtarışında MDB üzrə tərəfdaşları ilə birgə onların hər birinin suverenliyinə zərbə vuran yox, təhlükəsizliyini təmin edən siyasi məsləhətləşmələr aparır. Yaradılan Gömrük İttifaqı, vahid iqtisadi məkan və onun bütün iştirakçıları üçün bundan irəli gələn məqamlardan yaranan fayda məhz bu məqsədə xidmət edir.

Ukraynaya görə ABŞ və Rusiya arasında münasibətlərin kəskinləşməsi dövründə bu cür bəyanatların doğru olub-olmamasına gəldikdə deməliyəm ki, məhz bu yönəltməyə əsaslanaraq Rusiya ilə mövqelərimizi müzakirə etməliyik. Məlumdur ki, Qarabağ nizamlanması ilə məşğul olan Qərb siyasətçilərinin fikrincə, onun açarları əvvəlki kimi Moskvadadır. Əks halda münaqişənin nizamlanması üzrə həmin Minsk qrupu açarları çoxdan əldə etmişdi.

- Azərbaycanın beynəlxalq tədbirdə göstərdiyi ən cəsarətli davranışlardan biri də prezident İlham Əliyevin Praqada "Şərq tərəfdaşlığı" sammitinin 5-ci ildönümünə həsr olunan tədbirdə Ermənistanın dövlət başçısı Serj Sərkisyanın Türkiyəni ittiham etməsinə verdyi cavab oldu. İlham Əliyevin "Türkiyə burda deyil, amma mən burdayam" deməsi siyasi dairələrdə əməlli-başlı gündəm yaratdı. Bu, Azərbaycan-Türkiyə əlaqələrinin genişlənməsinin perspektivləri üçün nələr vəd edir?

- Ermənistan prezidentinin Türkiyənin ünvanına söylədiyi ittihamlara İlham Əliyevin sərt reaksiyası Azərbaycan prezidentinin müttəfiqlik münasibətlərinə sadiqliyinin nümayişi, onun şəxsi keyfiyyətlərinin üstünlükləridir. Bu onun Azərbaycan-Türkiyə dövlətlərarası münasibətlərinin bundan sonra da səmimiyyət və götürülmüş öhdəliklərə sədaqət səviyyəsində saxlanmasında qətiyyətidir. Şübhəsiz ki, bunlar da dövlət başçıları arasında şəxsi münasibətlərin, ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə daha da kömək edəcək, dünyada gedən geosiyasi proseslərin fonunda müttəfiqlik münasibətlərinin tamlığına və keyfiyyətinə mühüm təsir göstərəcəkdir.

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir