Modern.az

Poroşenko ukraynalılara “yeni həyat” vəd edir - Yeni Prezident

Poroşenko ukraynalılara “yeni həyat” vəd edir - Yeni Prezident

25 May 2014, 23:01

Ukraynada Viktor Yanukoviçin devrilməsindən sonra mayın 25-nə təyin olunan növbədənkənar seçkilər başa çatdı.
Bu ali kürsüyə namizədlərin sayı kifayət qədər olsa da, Pyotr Poroşenkonun şansı daha yüksək qiymətləndirilirdi. Bunu keçirilən rəy sorğuları da sübut edirdi. Bu sorğulara əsaslanıb demək olardı ki, əgər fövqəladə hadisə baş verməsə Poroşenko Ukraynanın prezidenti seçiləcək. Belə də oldu.

Mayın 25-də gün ərzində 12 saat davam edən səsvermənin ardından Ukraynada yeni prezidentin adı ekzit-poll vasitəsilə élan edilib. Ekzit-pollu Ukraynanın birinci telekanalı keçirib və səsvermə başa çatandan az sonra nəticələr açıqlanıb.
Ekzit-polla görə, prezidentliyə namizəd Pyotr Poroşenko səsvermənin ilk turunda qalib gəlib. Ukraynalı oliqarxın 57,3 faiz səslə ölkənin yeni prezidenti seçildiyi vurğulanır.

Modern.az saytı xəbər verir ki, 2004-cü ildə Viktor Yuşşenkonun prezident seçilməsinə dəstək verən Pyotr Poroşenkonun seçkiqabağı proqramının özəl məqamları vardı. Məsələn, onun klassik formada yox, fəlsəfi-publisistik xarakterli  “Yeni tərzdə yaşamaq” adlanan proqramının bir neçə bloku var: “Azad yaşamaq”, “Ehtiyac hiss etmədən yaşamaq”, “Şərəflə yaşamaq” və “Təhlükəsiz yaşamaq”.
Poroşenko namizəd kimi vəd edirdi ki, indiki parlament-prezident idarəetmə formasını saxlayacaq, eləcə də ilin axırına kimi proporsional qaydada və açıq partiya siyahıları ilə növbədənkənar parlament seçkiləri keçiriləcək. Pyotr Poroşenkonun sözlərinə görə, Ukrayna unitar dövlət olaraq qalacaq, Ukrayna dili isə yeganə dövlət dili olacaq. O həm də prezidentliyinin ilk ilində Avropa İttifaqı ilə vizasız rejim məsələsinin həllinə nail olacaq. Krıma gəldikdə, Poroşenko bu adanı siyasi və diplomatik yolla Ukraynanın tərkibinə qaytaracağına vəd verir. 
O, “Yeni tərzdə yaşamaq” şüarına əlavə olaraq deyir: “Yeni tərzdə yaşamaq – yəni ilk növbədə öz qüvvənlə yaşamaq deməkdir. Bizim əvəzimizə bizim işimizi heç kəs görməyəcək”. 



Pyotr Poroşenko 1965-ci il sentyabrın 26-da Odessa vilayətinin Bolqrad şəhərciyində anadan olub. 1989-cu ildə Kiyev Dövlət Universitetinin beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsini bitirib. 1990-cı ildə şəxsi biznes-imperiyasını qurmağa başlayıb, o zaman bir neçə qənnadı müəssisəsini əldə edib, sonradan onları “Roshen” qrupunda birləşdirib ki, indi dünyanın 20 ən iri qrupundan biri sayılır. Biznesmenin digər aktivləri arasında qrupun nəzarət etdiyi “Ukrprominvest” – Lutski avtomobil zavodu, “Boqdan”  korporasiyası, “Leninskaya kuznya” tərsanəsi və “5-ci kanal” var. Pyotr Alekseyeviç 2011-2013-cü illərdə “KP Media”nın sahibi olub, bura “Korrespondent” jurnalı və “Korrespondent net.” saytı daxildir.

Pyotr Poroşenko 1998-ci ildə Ali Radanın deputatı seçilməklə böyük siyasətə gəlib. Regionlar Partiyasını quranlardan biridir. 2001-ci ildə müxalifətin tərəfinə keçərək əvvəlcə “Bizim Ukrayna”nın, sonra Viktor Yuşşenkonun seçkiqabağı kampaniyalarına rəhbərlik edib.

2004-cü ildəki seçkilərdə Yuşşenkonun qələbəsindən sonra özünün gözlədiyinin əksinə olaraq baş nazir postunu tuta bilməyib, bu vəzifəyə Yuliya Timoşenko təyin olunub. Məlum olduğu kimi, Yuliya Vladimirovna 2005-ci ilin sentyabr ayında korrupsiyada ittiham olunaraq öz postundan uzaqlaşdırılıb. Poroşenko 2007-2009-cu illərdə Ukrayna Milli bankına rəhbərlik edib, 2009-2010-cu illərdə xarici işlər naziri işləyib.2012-ci ildə Ali Radaya qayıdandan sonra iqtisadi inkişaf və ticarət naziri olub. bu ilin yazında “UDAR” Partiyasının lideri Vitali Kliçkonun dəstəyi ilə prezident seçkilərinə qoşulub, özünü demokratik qüvvələrin vahid namizədi də hesab edir.



Maraqlı faktlar

Dzüdo üzrə idman ustasıdır, tennislə maraqlanır. Pyotr Poroşenko “Forbes”ə deyib ki, ilk milyon dollarını ədviyyat ticarətindən qazanıb: “1991-ci ildə dünyada istehsal olunan qara istiotun 4 faizini aldıq və fikirləşdik ki, istiotun qiyməti artacaq”. İlk avtomobilini - ”Volqa”nı - universiterin 5-ci kursunda oxuyanda alıb. Şirin şey yemir, onun şəkər xəstəliyi var. Dörd uşaq atasıdır.

Fikirləri

“Mən prinsipial olaraq mühafizəçi xidmətindən istifadə etmirəm: qanunları pozmuram və heç bir kriminal bağlılığım yoxdur, ona görə qorxmağım üçün heç bir əsas yoxdur.

Mən kifayət qədər işgüzar adamam, iş günüm 15-16 saat davam edir.

Mən formal olaraq təmizəm fikri ilə razılaşmıram, mən sadəcə təmizəm”.

Pyotr Poroşenko özünə bu seçkidə heç kəsi rəqib olacaq gücdə və reytinqdə hesab etmir.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir