Modern.az

Azərbaycanda istefada olan general vəfat edib

Azərbaycanda istefada olan general vəfat edib

10 May 2014, 12:21


Modern.az
xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinə ağır itki üz verib. İstefada olan tibb xidməti general-mayoru Dağlar Məmməd oğlu Abdullayev 2014-cü il may ayının 10-da ömrünün 76-cı ilində vəfat edib.
Müdafiə Nazirliyinin məlumatına görə, bu gün saat 14.30-dan 15.30-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində mərhumla vida mərasimi olacaq.
Dəfn mərasimi 2-cü Şəhidlər Xiyabanında keçiriləcək.

Dağlar Abdullayev 1938-ci il avqustun 15-də Ağdaş rayonunda anadan olub.
1956-cı ildə 1 saylı Ağdaş şəhər orta məktəbini bitirdikdən sonra Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Dövlət Tibb Universiteti) daxil olmuş və 1960-cı ildə həmin institutu «həkim-stomotoloq» ixtisası üzrə bitirib.
1961-ci ildə kadr kimi Silahlı Qüvvələrə çağırılaraq, Cənub Qrupu Qoşunları komandanının sərəncamına göndərilib.
1965-ci ilədək Cənub Qoşun Qrupu qvardiya tank diviziyasında «həkim-stomotoloq» kimi xidmət edən Dağlar Abdullayev sonralar Zaqafqaziya Hərbi Dairəsi motoatıcı diviziyasında xidmətini davam etdirib, 1968-ci ildən isə alayın tibb məntəqəsinin rəisi, baş həkimi, tibb xidməti rəisi vəzifələrində xidmət edib.
1978-1983-cü illərdə Cənub Qoşun Qrupu əlahiddə tibb-sanitar taborunun komandiri və hərbi hospitalın rəisi olub.
1983-cü ildə SSRİ Müdafiə nazirinin əmri ilə xidmətini davam etdirmək üçün yenidən Zaqafqaziya Hərbi Dairəsi komandanının sərəncamına göndərilib və Zaqafqaziya Hərbi Dairəsi hospitalının rəisi təyin edilib.
1985-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Hərbi kafedrasının tədris hissə üzrə rəisi təyin edilib.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb və Müdafiə Nazirliyi Arxa Cəbhə İdarəsi hərbi-tibb şöbəsinin rəisi, 1993-cü ildən idarə rəisi, Silahlı Qüvvələrin Tibb xidməti rəisi vəzifələrində xidmət edib.
2009-cu ildən Müdafiə nazirinin məsləhətçisi, müşavirlər qrupunun müşaviri, inspektorlar qrupunun müşaviri vəzifələrində xidmətini davam etdirib.
2014-cü il mart ayının 7-də Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb.
Dağlar Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 8 oktyabr 1994-cü ildə «tibb xidməti general-mayoru» ali hərbi rütbəsi verilib. Onun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək 2006-cı ildə «Azərbaycan Respublikasının Əməkdar həkimi» fəxri adına layiq görülüb və bir sıra medallarla təltif olunub.

“İstefada olan general-mayor Dağlar Məmməd oğlu Abdullayevin əziz xatirəsi Silahlı Qüvvələr şəxsi heyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaq”-deyə  Müdafinə Nazirliyinin rəhbərliyi (Zakir Həsənov, Nəcməddin Sadıkov, Çingiz Məmmədov, Qorxmaz Qarayev, Ramiz Tahirov, Natiq Əliyev) yaydığı nekroloqda bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir