Modern.az

“Fətulla Gülənlə Abdulla Öcalanın başı bir yerə bağlıdır” - MÜSAHİBƏ

“Fətulla Gülənlə Abdulla Öcalanın başı bir yerə bağlıdır” - MÜSAHİBƏ

13 May 2014, 09:24

“Nazirlər millət vəkillərinin telefon zənglərinə cavab vermir...”

Vətəndaş Həmrəyliyi Partiyasının  (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Modern.az saytına müsahibə verib.    

- Azərbaycanda digər dövlətlərin maraqlarını müdafiə edən qrupların şüarlarında dini çalarlar da müşahidə edilir. Söhbət heç də sadə dindar, inanclı insanlardan getmir. Amma siyasi məqsədlər naminə din amilinin gücləndiyini müşahidə etmək elə də çətin deyil. Azərbaycanda siyasiləşmiş din amilinin təhlükələr yaratması ilə yanaşı, son zamanlar “Xalq diplomatiyası” nın da tənqid hədəfinə çevrildiyini görürük. Hər iki tendensiyanın təhlükəli tərəfləri barədə nə deyə bilərsiniz?

-Şübhəsiz din xətti ilə bir sıra QHT-lər Azərbaycanda dolayı yolla müstəqilliyi gözdən salmağa çalışırlar. Azərbaycanda ümumi müsəlman qardaşlığını təbliğ edən meyllər mövcuddur. Elə bir psixologiya yaradırlar ki, guya suriyalı, fars və azərbaycanlı arasında heç bir fərq yoxdur. Bu isə o deməkdir ki, fars bizi əzsin və buna biz göz yumaq. Orta əsr təfəkkürü ilə milli dövlətdən daha çox ümmət dövləti ideyalarını təbliğ edirlər. Bununla yanaşı, bəzi QHT-lər də müəyyən kanallarla guya Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmağa çalışır. “Xalq diplomatiyası” deyilən bir anlayışla fərqli təsəvvür yaratmaq istəyirlər. Bu, dövlət diplomatiyasından üstün ola bilməz. Digər tərəfdən “Xalq diplomatiyası” lazımdırsa, Azərbaycan dövləti bunu açıq şəkildə bəyan etməlidir. Bir yandan öz ziyalılarımızı göndəririk ki, gedib Qarabağı, İrəvanı gəzsin, başqa yandan isə “xalq diplomatiyası” nı tənqid edirik. Xarici donor təşkilatların “xalq diplomatiyası” adı altında başqa işlər gördüyünü də müşahidə etmək olur. “Xalq diplomatiyası” dövlətlərin müəyyən razılığından sonra reallaşa bilər. Mən kiminsə başqa biri ilə görüşünə görə həbs edilməsinə inanmaq istəmirəm. Çünki biz özümüz də dəfələrlə ermənilərlə görüşmüşük. 1993-cü ildə Azərbaycana erməni deputat gəlmişdi və müharibə istəməmələri ilə bağlı bizə müraciət də gətirmişdilər. Azərbaycanda xalq öz iradəsini ortaya qoymaqla müstəqil dövlətini bərpa edib. Bilirsiniz, bəzən bizdə insanlar hakimiyyətlə dövlətin fərqinə varmırlar. Hakimiyyətə müəyyən narazılıq ola bilər, bu ayrı məsələdir. Amma bu birbaşa dövlətə qarşı dayanmağa, dövlət içində dövlətə çevrilməyə əsas vermir. Bu hal da bir fəlakətdir. Bir çox sivil hörümçəklər var ki, dünyanın bir neçə ölkəsində dövlət içində dövlət qurublar. Soros fondunun doxsan iki ölkədə təşkilatı var. Bu qruplar dövlətin içində cəmiyyətin fikrini idarə edən gizli ordu formalaşdırırlar. Onlar Azərbaycanın müstəqilliyini şübhə altına alır, Qarabağ münaqişəsinin həlli ilə məqsədyönlü şəkildə pessimist proqnozlar verirlər. Onlar belə fikir formalaşdırır ki, bu cür yaşamaqdansa, böyük dövlətlərin yanında olmaq daha yaxşıdır. Bəzi insanlar da onlara inanır. Bu məsələdə bəzi məmurlarda da günahkardır. Azərbaycan iqtidar düşərgəsində müəyyən qrupların apardığı siyasət buna bariz nümunə ola bilər. Məmur özbaşınalığı, vətəndaşa qarşı saymazlıq, onları qəbul etməmək, ərizələrə vaxtında cavab verməmək, insanları incitmək, rüşvətxorluq kimi hallar da cəmiyyətin düşüncələrində dövlət  haqqında inamsızlıq yaradır. Nazirlər millət vəkillərinin telefon zənglərinə cavab vermir. Bir deputat sözünü məmura çatdıra bilmirsə, görün vətəndaşlar nə vəziyyətdədirlər. Biz də özümüzə görə yox, vətəndaşların problemləri ilə bağlı məmurlara zəng edib, vəziyyəti onlara çatdırmaq istəyirik. Hakimiyyətdə olan bir dəstə adam başa düşmür ki, özləri varlanmaqla, xalqın malını talamaqla cəmiyyətdə iqtisadi tənasübü pozurlar və xalqda müstəqil dövlətə qarşı ümidsizlik yaradırlar.  

Gizli bir qüvvə Azərbaycanda milli təfəkkürün inkişafına və vətənpərvərlik duyğularının inkişafına mane olur...  

-Dediklərinizdən belə qənaətə gəlmək olarmı ki, bu gün müstəqilliyimizi təhdid edirlər?

-Gizli bir qüvvə Azərbaycanda milli təfəkkürün inkişafına və vətənpərvərlik duyğularının inkişafına mane olur. İndiki hakimiyyət ideoloqlarının bəziləri elə hesab edirlər ki, vətənpərvərlik yox, iqtidarpərəstlik həlledicidir. Onlar kim iqtidarı sevirsə, onu vətənpərvər hesab edirlər. Amma bu sevgi saxta da ola bilər. Bizi isə düşündürən vətən sevdasıdır. Gənc nəsil elə yetişməlidir ki, onların vətənə olan sevgiləri sarsılmaz bir həddə gəlib çıxsın. Vətənini sevən iqtidarınıı da sevəcək. Vətənini sevməyənin iqtidar sevgisinə də şühbə edirəm.       

Bunlar hamısı təhlil olunmalıdır. Harada səhv etmişik ki, bu gün Azərbaycanda müstəqilliyə olan inam sarsılıb? Bu gün iqtidara etiraz edən bəzi vətənpərvər kəsim müxtəlif bəhanələrlə həbs edilirsə, bu, cəmiyyətdə inamsızlıq yaradır. Hesab edirəm ki, Azərbaycan iqtidarı vətənpərvərlik duyğularının inkişaf etdirilməsi üçün xüsusi bir proqram işləyib hazırlamalıdır. Güney Azərbaycanla bağlı bir strateji xəttimiz yoxdur. Hara gedəcəyimiz, nə edəcəyimizlə bağlı hədəf də mövcud deyil. Diasporların da fəaliyyəti qənaətbəxş deyil. Bütün fəaliyyətləri yalnız iqtidar sevgisi üzərində qurmağa çalışırlar. Bu doğru deyil.

- Hədəflərimizə çatmaqda müxalifətlə iqtidarın dialoqu zəruridirmi?

-Dialoq mütləq lazımdır. Parlamentdə müzakirələr aparılır, amma bu, yetərli deyil. İqtidar özü maraqlı olmalıdır. Hakimiyyətin və müxalifətin  içində bir barometr olmalıdır. Onlar görməlidir ki, cəmiyyətdə narazılıq hansı səviyyəyə qalxıb. Xəstəliyi vaxtında aşkar edəndə onun müalicəsi də asan olur. Bu gün cəmiyyətdə xəstəliklər var. Amma bu xəstəliklərin müalicə yolunu axtarmaq əvəzinə cəmiyyətin bədəninə ikinci yaranı vururlar. Baxın, Azərbaycan Prezidenti hər gün cəmiyyətdəki problemləri həll etmək üçün səylər göstərir. Mən bunu dövlət başçısının xoşuna gəlmək üçün demirəm. Sadəcə məsələlərə obyektiv yanaşıram. İlham Əliyev beynəlxalq tədbirlərdə çıxışlarında da kifayət qədər cəsarətlidir. Ancaq ölkə rəhbərinin ətrafında elə adamlar da var ki, onun yaratdığı etimadı cəmiyyətin gözündən salmağa çalışırlar. Hər şey aydın təhlil edilməlidir ki, Azərbaycanın gələcəyi xilas oluna bilsin.

 

-Bu gün müxalifət dairələrində də “Qərb, yoxsa Rusiya” dilemması mövcuddur. Hərdən Rusiya, hərdən Qərbə inteqrasiya məsələləri də gündəmə gəlir. Keçmiş silahdaşlarınızın tutduqları mövqe sizi qane edirmi?  

 

-Siyasi partiyaların bir çoxunun dövləti idarə etmək, milli maraqları necə müdafiə etməklə bağlı bir proqramı və ideoloji bazası yoxdur. Bu gün partiyalarda aydın düşüncələr də yox dərəcəsindədir. Amma gələcəyimizlə bağlı bədbin deyiləm. Hakimiyyət də xalqa, millətə normal münasibət bəsləsə, başqa qorxuların da qarşısı alınar. O zaman xaricdən ixrac olunan ideyalar Azərbaycanda at oynada bilməz.

Fətulla Gülənlə PKK lideri Abdulla Öcalanın başı bir yerə bağlıdır  

-Adı “nurçu”luqda hallanan məmurlar dövlət başçısının sərəncamı ilə vəzifələrindən azad edildi. Sizcə, “nurç”ular həqiqətənmi hansısa bir xarici qüvvənin maraqlarına xidmət edir, dini inanclı insanlardır? 

 

 

 -“Nurçu” təriqətinin lideri Fətulla Gülənlə PKK lideri Abdulla Öcalanın başı bir yerə bağlıdır. Mən “nurçu”ların mədəni fəaliyyətini dəyərli iş hesab edirəm. Onlar dünyanın müxtəlif ölkələrində türk dilinin yayılması üçün addımlar atırlar. Nurçuların siyasi hakimiyyət gəlməsi gecikmiş bir söhbətdir. Azərbaycan vaxtında bu məsələnin üstünə düşərək adı “nurçu”luqda çəkilən şəxsləri vəzifədən azad etdi. Bu bəla Azərbaycanda dərin kök atmamış qarşısı alındı.

Türkiyənin İranla bağlı siyasətində Güney Azərbaycan türklərini qurban vermək dayanır...

-Güney Azərbaycandan söz açdınız. Güney Azərbaycandan olan soydaşlarımız dünyanın müxtəlif ölkələrinə səpələniblər. Onların əsas koordinasiya mərkəzi haradır?  

-Burda mərkəz axtarmaq və bunu mətbuatla bəyan etmək məncə doğru olmaz. Güneyin taleyi ilə bağlı əsas güc Güneyin özündədir. Bunlar gizli bir güc deyil. Onlar açıq şəkildə öz millətinin inkişafını, rifahını arzulayır. Biz Güneydə ciddi bir dönüş yaratmaq istəyiriksə, Bakıda fəaliyyətimizi gücləndirməliyik.  

-Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı bir daha Bakıya gəlmək istəyində olduğunu bəyan etdi. Nə deyə bilərsiniz, gələ biləcəkmi?

-Viza məsələsi ilə məşğul olan dairələr Çöhrəqanlının Bakıya gəlməsinə icazə verməməkdə düzgün hərəkət etmirlər. Azərbaycana türk düşmənləri, hətta terrorda əli olanlar gəlir, amma öz soydaşımızı ölkəyə buraxmırlar. Azərbaycan Çöhrəqanlının vətənidir. Onun ABŞ-da ürəyi partlayır, orada qala bilmir. Kimsə ortaya atır ki, guya o gəlsə, İranla problemlər yaradacaq. İran narazı qalacaq deyə soydaşımıza yer verməməliyik?! Biz Azərbaycanın ləyaqətli bir övladını ölkəyə buraxmamaqda düzgün etmirik. Təəssüflər olsun ki, Türkiyənin İranla bağlı siyasətində Güney Azərbaycan türklərini qurban vermək dayanır.

 Aqşin KƏRİMOV 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir