Modern.az

“XXI əsrin adamı” - “İndi adamlar təhqir olunmaqdan qorxmurlar” - MÜSAHİBƏ

“XXI əsrin adamı” - “İndi adamlar təhqir olunmaqdan qorxmurlar” - MÜSAHİBƏ

14 May 2014, 10:06

Cahangir Məmmədli: “Sözü o qədər çeynəyir ki, axırda çərlədib öldürür”


Modern.az
saytı “XXI əsrin adamı” layihəsini davam etdirir. Layihənin qonağı insan – insan,  insan – zaman , insanın dünyada yeri və s. konseptual məsələlər barəsindəki fikirlərini oxucularla bölüşür. Budəfəki müsahib Bakı Dövlət Universitetində Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədlidir.

- XXI əsrin Azərbaycanını necə xarakterizə edərdiniz?

- XXI əsrin Azərbaycanı XX əsrdən çox fərqlənir. Belə bir elmi fikir var, o həyatda da özünü çox göstərir: həmişə əsrin əvvəli və sonu aktiv eksesslərlə müşaiyət olunur. Məsələn XIX sərin sonu da XX əsrin əvvəlləri də eksesslərlə müşayiət olundu. 1905, 1917-ci illər hadisələri və s. Həmçinin XX əsrin sonu - XXI əsrin əvvəllərində də bu hal yaşandı. Amma bütün bu qarışıqlıq fonunda Azərbaycan öz müstəqilliyini qazandı. Yəqin ki, bu müstəqilliyi heç nəyə dəyişmək olmaz.  Mənim üçün Azərbaycanın bugünkü müstəqilliyi çox  vacibdir. O müstəqilliyi əldən verməmək üçün hər şeyə dözərik. Azərbaycan bu gün belə vəziyyətdədir. Çox qüsurlarımız, problemlərimiz var. Amma onların fonunda Azərbaycan bu gün öz müstəqilliyini qazanıb. Mən ən böyük qazanc kimi elə bunu görürəm.

- Ötən əsrin sonu ilə XXI əsrin əvvəllərində nə kimi fərqlər var?

- XX əsrin sonunda ümumi bir fəallıq var idi. Sabaha, dəyişikliyə böyük bir inam hiss olunurdu. Dünyada qlobal proseslər gedirdi. Bütün bu fəallığın sonunda süqutuna inanmadığımız o boyda Sovet İttifaqı dağıldı. Düzdür, bu fəallığın fonunda bizim də itkilərimiz oldu. Amma bütün bunlarla belə yenə də Azərbaycanda cəmiyyətin fəallığı artdı. İndi bir az azalıb. Amma nə ediriksə edək, bu fəallığın əsası XX əsrin sonlarında qoyulub. O fəallıqdır ki,  azalsa da indi də davam edir.

- Cahangir müəllim, ümumiyyətlə düşüncə nədir ? 

- Düşüncə  çox çətin bir  prosesdir.  Düşünməyi,  götür-qoy etməyi bacaran insan cəmiyyətdə özünə yer tapmağı,  ictimai proseslərə təsir mövqeyini qazana bilir. Mən insanın savadlı olmağının tərəfindəyəm. Savad deyəndə mən diplomu, universiteti qurtarmaq haqqında sənədi demirəm. Bizim kənddə bir Hüseynqulu kişi var idi. Ömrü boyu ancaq çobanlıq eləmişdi. Amma çox düşüncəli bir insan idi. Biz ondan çox şey öyrənmişik. Ondan həyatı, kəndi sevməyi,  insanlara münasibəti öyrənmişik.  Elə sözlər danışırdı ki, ali məktəb bitirənlər onun yanında çox bəsit görünürdü. İnsanın  içində Allahın da verdiyi bir erudisiya var ki, insan onunla savad da əldə edir, dünyanı da dərk edə bilir. Düşüncənin özü də elə əslində dünyanı dərk eləməkdir. Hər bir ziyalının fərdi düşüncələri,  bir də dünya haqqında ümumi düşüncəsi var. Bu iki düşüncə birləşəndə insan sözün həqiqi mənasında ziyalılıq statusuna gəlib çıxır. Azərbaycan klassik ziyalılarının hamısında bu cür düşüncə tərzi var idi – millət, vətən xalq və s. onlar nəyə görə klassik ziyalı statusunu qazandılar ? - çünki onların düşüncə idealları çox böyük idi. O idealları gerçəkləşdirmək üçün əllərindən gələni elədilər. Bizim XX - XXI əsrdə də bu cür ziyalılarımız çoxdur. Elə ziyalılar var ki, onlara söykənib dediklərinə inanmaq olar. Onların ideallarına pənah gətirmək olar.

Düşüncədən danışdıq, bu gün Azərbaycan cəmiyyəti hansı rəngdə düşünür?

- Nə qədər inkar edən olsa belə Azərbaycan bu gün plüralist bir ölkədir. Bu gün hər kəs öz düşündüyünü deyə bilir. Bu səbəbdən bu gün cəmiyyət monoton rəngdə deyil. Cəmiyyət bu gün çoxrənglidir. Bu gün Azərbaycan düşüncəsi, Azərbaycan reallığı çoxrənglidir. Amma biz bu gün o rəngləri vahid harmoniya altında birləşdirə bilmirik. O rənglər bir sistem halına gəlsə göy qurşağı kimi bir gözəllik, rəngarənglik əmələ gətirər. Azərbaycan daha gözəl, daha demokratik, daha təkmil olar.

Bəs bu günün ziyalıları o rəngarəngliyi yaratmaq üçün əllərinə fırça alırlar?

- Burda bir az narazılığım var. Bizim ziyalılarımızın qruplaşması,  bölünməsi bu gün çox  mənfiyə işləyir. Bizdə müxtəlif tərəflər, mövqelər vahid ideal altında birləşməlidir. O ideal nədir - millət və onun inkişafı. Üzeyir bəy nə deyirdi? - Deyirdi ki, o millət də bizimdir, o vətən də bizimdir, o xalq da bizimdir. Təsadüfi deyil ki, bunu deyən adam tarixdə yaşayır. Bu gün bizim ziyalıların bir ideya ətrafında birləşə bilməmələri məni narahat edir.

Üzeyir bəyin bir böyük bacarığı da ondan ibarət idi ki, o bu milləti, bu xalqı tanıyırdı. Bəs indiki ziyalılar xalqı nə dərəcədə tanıyır?

- Xeyli dərəcədə Üzeyir bəy və Üzeyir bəylərdən fərqli tanıyırlar. Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu milləti bütöv görürdülər. İndi xalqı bütöv görmək istəyən ziyalılar xeyli dərəcədə azdır. Baxırsan ki, ziyalı öz mövqeyini tez-tez dəyir. Adamın bir mövqeyi olar. İdeallar ətrafında düşünən  adamlar heç vaxt öz mövqelərini dəyişmirlər. Öz mövqelərini əsassız olaraq dəyişən ziyalılar var ki, mən onlardan narazıyam. Bu dəqiqə Üzeyir bəylər kimi Vətəni, milləti bütöv görə bilən ziyalılarımız azdır.

-  İndi mən hansı sualı versəm yerinə düşər: Sözümüz hansı gündədir, yoxsa sözümüz nə gündədir?!

- Sözümüz nə gündədir, sualını versən daha çox yerinə düşər. Doğrudan da  bu gün sözümüz çox pis vəziyyətdədir.  Ədəbiyyata istiqamətlənsək görərik ki, ədəbiyyatın dünənki estetik idealları bu gün xeyli dərəcədə azalıb. Hadisəyə çevrilən əsərlər yoxdur. Bilmirəm niyə 1960-70-cı illərdə yaranan və hadisəyə çevrilən ədəbiyyat bu gün niyə yaranmır. 1956-cı il qurultayı bir az demokratik ab - hava gətirmişdi. Azərbaycan yazıçıları ondan istifadə edib ortaya çox gözəl əsərlər qoya bildilər. Onlara “altımışıncılar” deyirdilər. Çox qəribədir, ədəbiyyat aləmində 1860-cılar nəsli də var, 1960-cılar da var. Burada çox qəribə eyniləşmə gedib.



- Onda belə çıxır ki, biz növbəti inkişaf üçün 2060-cı illəri gözləməliyik?  

- Rusiya mühitində 1760-cılar da var idi. 1860-cılar Çernışevski, Gertsen və s. var idi. 1960-cı illərdə də Rusiya ilə Azərbaycanın ədəbi-bədii aləmdə qəribə bir estetik ideal birləşdirirdi. O səbəbdən hər iki yerdə gözəl ədəbi nümunələr yarana bildi. Şəxsiyyətə pərəstişi ifşa edən kinofilmlər, bədii əsərlər yarandı. Bax o zamankı  estetik idealı ilə indiki ədəbiyyatdakı  estetik ideallar arasında xeyli fərq var. Əlbəttə, birincilərin xeyrinə.

Bir az həmin fərqlərdən danışaq....

- İnformasiya texnologiyalarının inkişafında söz sənəti bir oyuna çevrilib. Kiminsə adi bir söz, fraza xoşuna gəldi, o saat paylaşır, tirajlayır. Bu, artıq kütləvi hal alıb. Amma sizə deyim ki, 1960-70-ci illərdə yaranan ədəbiyyatda elə əsərlər ortaya çıxırdı ki, ədəbi tənqid o saat onu hadisəyə çevirirdi. Bu ənənə jurnalistikada da var idi. Mətbuatda çıxan bir felyetonun predmeti  dövlət səviyyəsində müzakirə olunurdu. Bizim bir sıra qəzetlərimiz o qədər tənqidi və təhqiramiz  məqamlara yol verirlər ki, adamlarımız indi heç təhqir olunmaqdan da qorxmur. Qulu Xəlilovun bir yazıçının əsəri barədə tənqidi yazısında maraqlı detal var. Əvvəlcə həmin adamı bir yazıçı kimi tərifləyir,  amma məqalənin bir yerində deyir: həmin yazıçı sözü o qədər çeynəyir ki, axırda çərlədib öldürür. Sözü çeynəyib çərlədib öldürürlər. Ona görə də söz bu gün çox dəyərdən düşüb.

Nanotexnologiyalar dövründə söz öz yüyəni əldə saxlaya biləcəkmi?

- Söz həmişə öz müqəddəsliyini qoruyub saxlaya biləcək. Müqəddəs səmavi kitabların da hamısında deyilir ki, öncə söz yarandı. Hər şeyi söz həll edir. Hətta nanotexnologiyanın özü  də sözlə ifadə edilməsəydi gerçəkləşə bilməzdi. Ona görə də sözün qədrini bilmək lazımdır. əlbəttə ki, sözün tamamilə sıradan çıxması qəti mümkün deyil. O qədər gözəl təsirli sözlər yaranır ki. Bu, poeziyada bədii nəsrdə , jurnalistikada da var. Amma 1960-70-ci illərin sözü kimi təsirli  deyil.

 - Bu gün sözün hansı funksiyası daha işləkdir: məhvedici, kəsici, böyüdücü, yoxsa gözəlləşdirici?

- Bir az məhvedici funksiyası indi daha güclüdür. Bu da mətbuat azadlığından, müstəqil mətbuat prinsiplərindən irəli gəlir. Bundan bəzən sui-istifadə edərək söz öldürücü mahiyyətinə gətirib çıxarılır.

- Zərdabi kimdir?  Sualımızın  ardı da  var..

-  Zərdabi mənim üçün Azərbaycanın ən böyük ziyalılarından biridir. Azərbaycan xalqını , millətini düşünən ziyalıların ən öndə gedənlərindən biridir.

- İndi keçək sualın ardına. Bizim əksər ziyalılarımız bu gün niyə Zərdabi olmaqdan qorxur ?

- Qorxur deməzdim. Amma görünür özlərini onun kimi fəda etmək istəmirlər. Bir az yaşayış yaxşılaşıb deyə onlar da yaxşı yaşamaq istəyirlər bəlkə. Amma elə deyil. Hər dövrün özünəməxsus problemləri var. Hər dövrün də öz Zərdabisi olmalıdır. Əgər bu gün o Zərdabilər görünmürsə, deməli günah bizim özümüzdədir. Biz özümüzü xalqa fəda edə bilmirik. Özümüzü ideallarımıza, içdən gələn ideallarımıza qurban edə bilmirik.

- Bu gün fakültənizin tələbələrinin Zərdabi dərki sizi qane edir?

- Mən hər zaman gəncliyin tərəfində olmuşam. Rəsul Rza hər on ildən bir gələn nəslin müəllimi oldu. Yəni hər nəsil üçün yeniləşə bildi. Mən də onun tərəfindəyəm. Gəncliyi tənqid etmək lazım deyil. Gəncliyin gəncliyini  qəbul edib sən də təzələnməlisən. Bu mənada mən həmişə gəncliyin tərəfində olmuşam. Özün də bir tələbəm kimi bunu bilirsən. Amma bu gün gənclikdən bir az gileyim var. İnformasiya texnologiyalarının sürətli inkişafı onları çox  arxayın edib. Elə bilirlər ki, hər şey teleqraf sətirlərinə bənzəyən qısa informasiyalardadır. Elə deyil! Bu gün elmi və bədii ədəbiyyatı oxuyan çox azdır. Demək olar ki heç yoxdur. Mən tələbə vaxtı bədii ədəbiyyatı o qədər oxumuşam ki indi də yazılarımda həmin mütaliəyə borcluyam. Elmə gəlməyim də elmi ədəbiyyata olan marağımdan irəli gəlir. İndi də hərdən görürsən ki, fizikaya, nanotexnologiyaya dair  elmi ədəbiyyat oxuyuram. Bu da yəqin ki “60-cılardan “ qalmış bir nişanədir. Amma çox təəssüf ki, indiki tələbələr elə özümüzdən görürəm, öz tələbələrimiz nə bədii, nə də elmi ədəbiyyata o qədər də maraq göstərmir. Mənim də gücüm çatmır ki onlara kitabın necə müqəddəs bir anlam olduğunu çatdırım. Kitab həqiqətən müqəddəsdir, çünki onun birincisi də elə səmadan gəlib. Ona görə də bir gün kitaba qayıdış olacaq, mütləq olacaq.

- Mirzə Cəlil XX əsrin əvvəllərində xalqı “Poçt qutusu”ndan “çıxarmaqla” onun özünə göstərmiş oldu. Bu gün xalqı özünə nəyin vasitəsilə tanıtmaq, göstərmək olar?

- “Poçt qutusu” ənənəsi bu gündə yaşayır. Mən bu gün də işıqforun qarşısında o qədər Novruzəlilər görürəm ki! Qırmızı işığın təhlükəli olduğunu dərk eləməmək elə Novruzəli kimi məktubu Poçt qutusuna salıb sonda da gözləməsinə bərabərdir. Mən qırmızı işıqdan keçən adamın işıqforu saymadığına görə avtomobilin vurmasını gözlərimlə görmüşəm. Bu, piyada novruzəlilər! Amma sürücü novruzəlilər də var axı. Bu problem hələ də yaşayır. Mirzə Cəlil bir şedevr hekayə vasitəsilə xalqı özünə göstərdi və dedi ki, sən maariflənməlisən. İndi bizdə o problemlər bir az qlobal şəkildə yaşanır. Biz də bu gün maarifçiliklə xalqı özünə tanıtmalıyıq.

- Yaşadığımız əsrin sonundakı Azərbaycanı necə təsəvvür edirsiniz?

- Qloballaşan, dəyişən dünyaya etibar yoxdur. Mən bu sualla bağlı çox pessimist düşüncədəyəm. Azərbaycanın taleyinə bu gün etinasızlıq faktları da var. Azərbaycan adlı məmləkətə hər şeyi qurban vermək ideyası ilə yaşasaq XXI əsrin sonlarında çox böyük müsbət dəyişiklik ola bilər. Azərbaycanın bugünkü inkişaf sürəti çox yüksəkdir. Kim nə deyir desin, o inkişaf tempi ilə getsək əsrin sonlarında bir çox ölkələri qabaqlamış olarıq.

-  Bidən neft qurtarsa onda necə?

- Təbii ki, hər şey nəzərə alınmalıdır. Neft kapitalı  insan  kapitalına çevrilməlidir. Hələ ki, dünya bazarına çıxarılası başqa bir şeyimiz yoxdur. Bu yaxınlarda belə bir informasiya oxudum ki, Azərbaycanın hərbi sənayesinin bəzi məhsullarına xaricdə müştərilər var. Çox sevindim bu xəbərə. Vaxtı ilə bizi şair xalq adlandıran bəzi yabançı “ədəbiyyatşünasların” acıgına indi bir ən yeni texniki avadanlıqlar istehsal edən milli təfəkkür sahibi olmağımızı sübut etməliyik.



Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir