Modern.az

300 baldan çox toplayan abituriyentlər daha böyük şans qazanacaqlar

300 baldan çox toplayan abituriyentlər daha böyük şans qazanacaqlar

Ölkə

18 İyun 2010, 13:41

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) mətbuat konfransı keçirilib. Modern.az xəbər verir ki, TQDK sədri Məleykə Abbaszadə bilidirib ki, iyunun 20-də magistraturaya keçiləcək qəbul imtahanında iştirak üçün 5392 nəfər buraxılış vərəqəsi alıb.

“Bakalavrlardan 6613 nəfəri qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 5752 nəfəri Azərbaycan bölməsinin, 861 nəfəri isə rus bölməsinin məzunudur. Bakalavrların 3051 nəfərini oğlanlar, 3562 nəfərini isə qızlar təşkil edir. 4072 nəfər ali təhsil müəssisələrinin builki, 2541 nəfər əvvəlki illərin məzunudur. Bakalavrlardan 40 nəfəri xarici ölkə vətəndaşıdır. Ən yaşlı bakalavrın 49 yaşı, ən gəncinin isə 19 yaşı var”.

M. Abbaszadənin sözlərinə görə, bakalavrlar ixtisas seçimini iyunun 22-dən 25-dək internet vasitəsi ilə apara biləcəklər. “İxtisaslaşma seçimində hər bir bakalavr 20-dək ixtisaslaşma kodu seçə bilər. Cari ildə qəbul aparılan  ixtisaslar üçün ayrılmış yerlərin  ümumi sayı 5252-dir (2009-cu ildə 5168 olub). Bunlardan 2071-i dövlət sifarişi ilə qəbul aparılan  ixtisaslardır”. 

İyunun 20-də rus bölməsinin abituriyentləri ali məktəblərə Azərbaycan dili fənnindən imtahan verəcəklər. M.Abbaszadə qeyd edib ki, rus bölməsinə keçirilən imtahanda abituriyentlərdən 1347 nəfəri  qız, 1472 nəfəri isə oğlandır. Onlardan  1451 nəfəri cari ilin, 1368 nəfəri isə ötən illərin məzunlarıdır. Ümumilikdə bu ali məkətəblərə 115 min nəfər abituriyent sənəd verib. 1-ci qrupa 37 min 169, 2-ci qrupa 28 min 892, 3-cü qrupa 33 min 700, 4- cü qrupa isə 16 min 100 nəfər sənəd verib. Dövlət sifarişli yerlərə gəlincə M. Abbaszadə bildirib ki, 1-ci ixtisas qrupuna imtahan verən abituriyentlər 300 baldan yuxarı, digər qruplara imtahan verən abituriyentlər isə 400 bal yuxarı nəticə göstərməlidirlər ki, dövlət sifarişli yerlərin müsabiqəsində iştirak edə bilsinlər. M.Abbaszadə bildirib ki, havaların isti keçməsi ilə əlaqədar ali məktəblərə qəbul imtahanlarının vaxtının dəyişdirilməsi ehtimalı çox azdır: “Ölkədə istilər 50 və daha yuxarı dərəcədə olarsa və hökumət müəssisələrin bağlanmasına qərar verərsə, yalnız bu halda ali məktəblərə qəbul imtahanlarının vaxtının dəyişdirilməsindən söhbət gedə bilər”. Xatırladaq ki, 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarının vaxtı aşağıdakı kimidir:

III qrup – 4 iyul;

I qrup – 11 iyul;

IV qrup – 17 iyul;

II qrup – 23 iyul.

İxtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Müsabiqəyə I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılacaq. Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarını seçmək üçün abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayacaq. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmək üçün qoyulan tələblər qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra müəyyən ediləcək. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin eyni ixtisas qrupuna aid olan 15-ə qədər ixtisas kodunu qeyd edə biləcək.

TQDK sədri onu əlavə edib ki, bu gün artıq Bakı İslam Universitetinə ərizə qəbulunun vaxtı bitib. “Bakı İslam Universiteti üçün nəzərdə tutulan 100 yerə 65 nəfər sənəd verib”. Təhminə Paşayeva

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?