Modern.az

Dünyada 600 milyondan çox ahıl yaşayır

Dünyada 600 milyondan çox ahıl yaşayır

Ölkə

1 Oktyabr 2009, 10:32

Oktyabrın 1-i dünyada Beynəlxalq Ahıllar Günü qeyd olunur. BMT-nin Əhali Fondunun məlumatına görə, hazırda dünyada 600 milyondan çox ahıl yaşayır. BMT-nin hesablamalarına görə «hazırda hər 10 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxildir. 2050-ci ilin sonunadək hər beş nəfərdən biri, 2150-ci ilin sonunadək isə hər üç nəfərdən biri 60 və daha yuxarı yaşda olacaq.
Azərbaycanda 2007-ci ildə «Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı» təsdiqlənib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib ki, hazırda Dövlət Proqramının həyata keçirilməsi istiqamətində müvafiq işlər görülür. Bu proqrama əsasən, ölkəmizdə qadınların yaşı 57, kişilərinki isə 62-dən çox olduqda ahıl sayılır. Proqrama görə, Azərbaycanda 62 yaşını adlamış hər kişi və 57 yaşını adlamış hər qadına dövlət xüsusi qayğı göstərməlidir.
Hazırda Azərbaycanda bu yaşda olanların sayı 800 mindən çoxdur. Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, bu gün ölkə üzrə pensiyaçıların 28 faizini ahıl vətəndaşlar təşkil edir. Belə ki, hazırda 70 yaşdan yuxarı 365 467 nəfər əmək pensiyası alır. Dövlət Proqramına əsasən, tənha ahıllar hər il aidiyyatı qurumlar tərəfəindən yoxlanılmalı, tənha yaşayanların təhlükəsizliyi və sağlamlığı qorunmalıdır. Bununla yanaşı onların asudə vaxtlarının səmərəli keçirilməsi, istirahəti üçün müvafiq tədbirlər görülməlidir.
Lakin müşahidələr bu sahədə görülən müsbət işlərlə yanaşı, həlli vacib problemlərin də olduğunu göstərir.
ƏƏSMN-nin əlil və tənhalara sosial xidmətin təşkili idarəsindən bildiribilər ki, hazırda respublikada 15 mindən artıq əlil və ahıllara sosial məişət xidmətləri göstərilir.
Həmin ahıllara Sosial Müdafiə mərkəzlərində çalışan 1600-dən çox işçi xidmət göstərir.
Xatırladaq ki, qurumun şəhər və rayon şöbələri evlərdə tək yaşayan və qanunla onları saxlamağa borclu övladları və ya digər yaxınları olmayan 70 yaşına çatmış tənha vətəndaşlara sosial-məişət xidmətləri göstərir. Yoluxucu və ağır formalı ruhi xəstəliyi olan tənha ahıllar və əlillər isə Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq təşkilatlarında müalicə olunduqları üçün onlara yaşadıqları evdə sosial-məişət xidmətləri göstərilə bilməz. İdarədən bildirilib ki, bayramlarında tənha ahıllara bayram süfrələri açılır, ərzaq və pul yardımları  göstərilir. Bəzi rayonlarda ahıllar ayrı-ayrı xeyriyyəçilər və kollektivlər tərəfindən himayəyə götürülüb. Tənha ahıl və əlillərə təqaüdddən əlavə kommunal güzəştlərin ləğvilə əlaqədar hər ay əlavə müavinət verilir.
Hazırda respublikada qocalar üçün 2, ahıl və tənha əlillər üçün isə 8 pansionat fəaliyyət göstərir ki, onlar da ümumilikdə 1717 yerdən ibarətdir. Bu müəssisələrə həm övladları və yaxınları tərəfindən atılmış, həm də kimsəsiz pensiya yaşlı vətəndaşlar qəbul olunurlar. Burada onlar qida normaları, geyim, yataq əşyaları və digər məişət avadanlıqları ilə təmin olunurlar.
Bilgəhdəki Qocalar Evində 150, Naxçıvan MR-in Şahbuz rayonundakı Qocalar Evində isə 50 ahıl yaşayır.
Yeri gəlmişkən, ahıl kimsəsizlərin dəfnini Əhaliyə Vətəndaşlıq Xidməti Tresti (ƏVXT) həyata keçirir. Bakıda onlar ya «Qurd qapısı», ya da Hövsandakı ümumşəhər qəbiristanlığında dəfn olunurlar.
Azərbaycanda ən yaşlı sakinlər ölkənin cənub bölgələrində yaşayırlar.
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin fikrincə, Azərbaycanda da özəl ahıllar evləri yaradılmalıdır. Özü də bu evlər düşünüldüyü kimi ahılların yalnız maddi sətinlikdən üz tutduqları məkan kimi yox, həm də mənəvi ehtiyacların ödəndiyi yer kimi qəbul olunmalıdır. Belə olsa ora kasıblarla yanaşı imkanlı qocalar da gedəcək. Bu təcrübə dünyada özünü doğruldub.


"Modern.az"
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi