Modern.az

"YAP bəzi dairələrdən namizəd irəli sürməyəcək"

"YAP bəzi dairələrdən namizəd irəli sürməyəcək"

Müsahibə

21 İyun 2010, 16:00

Modern.az-ın suallarını Yeni Azərbaycan Partiyasının icraçı katibi, millət vəkili Əli Əhmədob cavablandırır

 

- Əli müəllim, qarşıdan gələn parlament seçkiləri ilə bağlı partiyanızda hazırlıq işləri nə yerdədir?

- Partiya daxilində qarşıdan gələn parlament seçkilərinə rəsmi şəkildə hazırlıq işləri aparılır. Bizim yerli strukturlarımızla, onların malik olduqları resursların səfərbər edilməsi ilə əlaqədar yetərincə işlər görülür. Parlament seçkiləri rəsmi şəkildə bəyan edildikdən sonra YAP kifayət qədər yüksək səviyyədə bu prosesə hazır şəkildə gəlmiş olacaq və seçkilər də yüksək hazırlıq şəraitində baş tutacaq.

- Yap daxilində namizədlərin müəyyənləşdirilməsi ilə bağlı necə, işlər görülürmü? - Bizim üçün seçkilərə hazırlıq bir sıra hazırlıq kampaniyasını həyata keçirməklə yanaşı, eyni zamanda, uğurlu və səs toplaya biləcək namizədlərin müəyyənləşdirilib, irəli sürülməsidir. Odur biz həmişə bu məsələyə kifayət qədər ciddi yanaşırıq, indinin özündə də bizim seçkiyə hazırlıq kampaniyamızın ən vacib istiqamətlərindən biri namizədlər üzərində, yəni, namizədlərin müəyyənləşdirilməsi ilə əlaqədar təhlillərin aparılması və ən şanslı namizədlərin müəyyənləşdirilməsindən ibarətdir. Həmçinin onu qeyd etmək istəyirəm ki, YAP onu Azərbaycan parlamentində təmsil edən deputat korpusundan prinsip etibarilə razıdır və bu razılığımızı da dəfələrlə ifadə etmişik, bu gün də bir daha ifadə edirik. Amma, təbiidir ki, qarşıdan gələn parlament seçkilərində konkret bir dairədən daha uğurlu namizədin irəli sürülüb müəyyənləşdirilməsi bizim seçki kampaniyamızın əsas tərkib hissəsidir və indiki halda da bu işlə məşğul oluruq. Bununla belə, konkret personal barədə indi fikir söyləmək bir qədər tez olardı.

- Ümumiyyətlə, seçkilərdə bütün 125 seçki dairəsini əhatə etməyi nəzərdə tutursunuz, yoxsa yenə də bəzi bitərəf və müttəfiq partiyalardan olan namizədlərlə bağlı razılaşdırmalar olacaq?

- Siz də yaxşı bilirsiniz, ümumiyyətlə, namizədlərin irəli sürülməsi və bütövlükdə seçki kampaniyamızda qəbul etdiyimiz taktikalardan biri odur ki, Azərbaycan ictimaiyyəti üçün əhəmiyyətli, hörmətli insanlar əgər hər hansı bir dairədən namizədliyini irəli sürürsə, onun Azərbaycan parlamentindən ötrü əhəmiyyətli olduğunu nəzərə alaraq, bəzi hallarda o dairələrdən namizədlərimizi irəli sürmürük. 2005-ci ilin parlament seçkilərində də belə məqamlar olmuşdu, güman edirəm ki, 2010-cu i lin parlament seçkiləri də bu baxımdan istisna olmayacaq. Əgər hər hansı bir dairədən Azərbaycan parlamentində Azərbaycan xalqı və Azərbaycan seçicilərini daha ləyaqətlə təmsil edə biləcək bitərəf bir insan, ziyalı, incəsənət nümayəndəsi namizəd olacaqsa, biz, əlbəttə, 2005-ci ildə olduğu kimi, bu il də həmin dairədən namizəd irəli sürməkdən imtina edə bilərik. Amma, bu, təbiidir ki, istisnalar olacaq.

- Hakim partiya olaraq, bu seçkilərdən konkret nə gösləyirsiniz?

- Birinci gözləntimiz, ümumiyyətlə, Azərbaycanda demokratik təsisatların və demokratik təcrübənin daha da möhkəmləndirilməsi istiqamətində addımların atılmasıdır. Belə hesab edirəm ki, bu, bütövlükdə dövlət maraqları baxımından bizim gözlədiyimiz bir hadisə olmalıdır. Konkret olaraq, məsələyə partiya maraqları çərçivəsindən yanaşdıqda isə qeyd etmək istəyirəm ki, biz bütövlükdə bu seçki ilə əlaqədar qarşımıza iki proqram qoymuşuq. Bunun biri minimum proqramdır ki, təbiidir, bu proqram çərçivəsində də YAP özünün parlamentdə malik olduğu deputat sayını qoruyub saxlamaq kimi bir vəzifəni qarşıya qoyur, amma biz özümüzün də seçki proqramımızı və konsepsiyamızı bu minimum proqramla məhdudlaşdırmaq istəmirik. Bizim ikinci bir maksimum proqramımız da var ki, bu da qarşıdan gələn parlament seçkilərində Azərbaycan parlamentində YAP-ın təmsilçilik imkanlarının genişləndirilməsidir.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir