Modern.az

Azərbaycanın eks-deputatı: “İki oğlum Kiyevdə yaşayır, biri generaldır” - MÜSAHİBƏ

Azərbaycanın eks-deputatı: “İki oğlum Kiyevdə yaşayır, biri generaldır” - MÜSAHİBƏ

23 May 2014, 10:52

Vladimir Timoşenko: “Rusiya Ukraynada özü üçün kiçik bir bomba hazırlayıb”


Mayın 25-də Ukraynada növbədənkənar prezident seçkiləri keçiriləcək. Ancaq Ukraynanın tarixində son dərəcə əhəmiyyətli rol oynaya biləcək bu seçkinin normal məcrada keçəcəyi, ümumiyyətlə, baş tutub-tutmayacağı hələ də bilinmir. Səbəbsə məlumdur. Rusiya Ukraynanın cənub-şərqindəki separatçılara dəstək verməklə situasiyanı kifayət qədər gərginləşdirib. Bu ərazilərdə hər gün Rusiyadan göndərilən xüsusi adamların iştirakı ilə Ukraynanın güc strukturları arasında atışma olur və iki tərəf itki verir.

Modern.az əslən Ukraynadan olan, Azərbaycan Milli Məclisinin keçmiş deputatı, ehtiyatda olan general-leytenant Vladimir Timoşenko ilə bugünkü vəziyyət və seçki ilə bağlı gözləntilərini bölüşüb.

- Cənab Timoşenko, iki gündən sonra Ukraynada növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçki ərəfəsi situasiyanı necə dəyərləndirmək olar?

- Birincisi, mən çox təəssüf edirəm ki, Azərbaycanda hamının Ukrayna televiziyalarını izləmək imkanı yoxdur. Rusiya telekanallarının göstərdikləri isə tamamilə birtərəflidir, Ukrayna ilə bağlı bütün məlumatlarda bizim xalqın simasında düşmən obrazı yaratmaq niyyəti dayanır. Bunun heç bir izahı yoxdur, bu qəsdən bütöv bir millət barəsində planlaşdırılan aksiyadır. Rusiyanın məqsədi dünya ictimaiyyətini Ukraynanın əleyhinə qaldırmaq, bizim xalqı guya başqa millətin hüquqlarını sərt şəkildə pozmaqda ittiham etməkdir. Ancaq baş tutmayacaq. Bir neçəsini çıxmaq şərtilə bütün dövlətlər Rusiyanı Ukraynadakı siyasətinə görə ittiham edir. Hətta Rusiyaya xəbərdarlıq ediblər ki, əgər mayın 25-dəki seçkinin baş tutmamasına cəhd edərsə, sanksiyanın üçüncü mərhələsi tətbiq olunacaq.

- Hadisələrin indiki gedişi göstərir ki, Rusiyanın seçkini pozmaq, hətta, ümumiyyətlə baş tutması ilə bağlı cızdığı ssenari bir neçə regionda reallaşacaq. Məsələn, Luqanskda, Donetskdə, Slavyanskda terrorçular seçki dairələrinin böyük hissəsini ələ keçirərək nəzarətlərində saxlayırlar. Rusiya həm də bu cür ssenari ilə Ukraynanın ərazi bütövlüyünü pozmağa maraqlıdır...

- Ukraynanın ərazi bütövlüyü pozulmayacaq. Düzdür, hazırda Krım Rusiyanın nəzarətindədir, amma Slavyansk, Donetsk vilayətlərində bu ssenari reallaşmayacaq. Yəqin ki, siz də prosesləri izləyirsiniz, artıq regionlarla bağlı dəyirmi masalar keçirilir. Bu vilayətlərdəki proseslərə xalq yox, banditlər başçılıq edir. Bu, bir növ Suriyadakı proseslərə bənzəyir. Liviyada da buna bənzər hadisələrin şahidi olmuşuq. Dünən axşam Ukrayna telekanallarından birində kadrlar nümayiş olunurdu. Saxlanılan iki nəfərdən biri deyirdi ki, Rostov yaxınlığında məktəb var, 100 nəfərlik qruplardakı banditləri Rusiya xüsusi xidmət orqanları hazırlayıb Ukraynaya yollayır. Onların arasında çox sayda çeçenlərin olduğu da artıq məlumdur. O, birbaşa etiraf edirdi ki, bunun hamısı Ukrayna hakimiyyəti ilə mübarizə aparmaq üçündür. Onlara isə bunun əvəzində pul ödənilib. Nə deyə bilərəm, əlbəttə, terrorçuların fəal olduğu vilayətlərdə hamının səs vermək imkanı olmayacaq. Çünki Slavyanskdsa, Donetskdə insanları qorxu altında saxlayırlar, ona görə onların evdən çıxıb seçki günü məntəqələrə getməsinə də mane olacaqlar. Bu insanları başa düşmək olar, banditlər silahlıdırlar. Televiziyada göstərirdilər, insanlar onları qovurlar, “rədd olun gedin, bizə artıq normal yaşamağa da imkan vermirsiniz” deyirdilər. Siz biznesmen Renat Əhmədovun bəyanatını eşitmisinizmi? Onun təsir etmək imkanları çoxdur. Əhmədov hər şeyi konkret söylədi. Mən onları separatçı, terrorçu yox, bandit adlandırardım,  nə edirlərsə, hamısı Rusiyanın sifarişidir. Hər şey əvvəlcədən hazırlanıb. Məqsəd Ukraynanı zəiflətmək, parçalamaqdır. Yeri gəlmişkən, dünən RenTV-yə Luqanskdakı banditlərin rəhbərlərindən birini dəvət etmişdilər. Ondan soruşurdular: “Siz nə planlaşdırırsınız? Camaata pensiya vermək lazımdır, digər vəsaitlər ödənməlidir, necə ödəyəcəksiniz?” Heç bir cavab verə bilmədi. Necə ödəyə bilərlər ki?! İnkassator maşınlarına hücum çəkib pensiyaçılara ödənəcək pulu qarət edən banditdən bundan başqa nə gözləmək olar? Düşünürəm ki, nəticədə insanlar özləri banditlərin qarşısına çıxıb deyəcəklər: “Bəsdirin, bu oyunu oynamayın!” Elə Əhmədov da bunu bəri başdan deyir.

- Siz əminliklə deyirsiniz ki, separatçıların bu oyunları Ukraynanın ərazi bütövlüyünün pozulması ilə nəticələnməyəcək. Ancaq bir necə vilayətdə artıq qondarma xalq respublikaları elan olunub. Hətta Ukrayna ərazisində “Yeni Rusiya” dövlətinin yaradılması ilə bağlı niyyət də gizlədilmir...

- Bəli, mən əminliklə deyirəm, bu cəhdlərin heç bir nəticəsi olmayacaq. Tutalım ki, bu ssenari baş tutdu. Həmin regionlar nəyin hesabına yaşayacaqlar? Hansı dövlətdən söhbət gedir? Onlar təcrid olunmuş vəziyyətdə qalacaqlar. Əlbəttə, əgər Ukraynanın indiki hakimiyyəti banditlərə qarşı əməliyyatlara başlamasaydı,  onların məhvinə gedilməsəydi, Rusiya yəqin ki, bu vilayətlərdəki proseslərə birbaşa müdaxilə edəcəkdi. Məsələn, bunu Luqansk vilayətində edə bilərdilər, çünki burada iqtisadi imkanlar Donbasla müqayisədə daha böyükdür. Bilirsiniz də, Donbas həmişə dotasiya hesabına yaşayıb. Ona görə Donbas Rusiyaya lazım deyil. Əməliyyatların vaxtında həyata keçirilməsi Rusiyanın planlarını alt-üst edib.  Bu gün ən başlıca məsələ seçkilərin keçirilməsidir.

- Seçkidən söhbət düşmüşkən, Pyotr Poroşenko bu günə qədər keçirilən bütün rəy sorğularında digər prezidentliyə namizədləri üstələyir. Ekspertlər də düşünürlər ki, onun qalib gəlmək şansı çoxdur. Sizcə, Poroşenko Ukrayna prezidentliyi üçün uğurlu namizəddirmi?

- Mənim Ukraynadakı prosesləri izlədiyimi bilənlərin hamısı zəng edib soruşurlar: “Siz necə hesab edirsiniz, prezidentliyə namizədlərdən hansına daha çox etibar etmək olar?” Mən hamıya deyirəm ki, siyasətçilərin hakimiyyətə gəlməsinin tərəfdarıyam. Mən onu da deyirəm ki, Vitali Kliçko boksçu kimi rinqdə olmalıdır, siyasi arenada yox. Vaxtilə aktyor olan Ronald Reyqanın sonralar ABŞ-ın prezident seçilməsi o demək deyil ki, bizdə də idmançı prezident olmalıdır. Ona təşəkkür etmək lazımdır ki, bu iddiasından geri çəkildi. Poroşenkoya gəldikdə, bu gün o digərləri ilə müqayisədə daha etibar ediləsi şəxsdir. Ancaq mənim ona qarşı heç bir simpatiyam yoxdur. Sadəcə, tərcümeyi-halı təmizdir, onun yaxşı xüsusiyyətləri barədə Ukrayna televiziyalarında da danışırlar. Ukraynada bu gün situasiya elədir ki, mütləq prezidenti seçmək lazımdır. Seçilən şəxs isə situasiyanı ciddi dəyərləndirib ölkənin daha da geri getməsinə, daha doğrusu, Ukraynanın ölməsinə imkan verməmlidir.

- Sizin Ukraynada qohum-əqrabanız varmı? Onlar harada yaşayırlar?

- Mənim iki oğlum Kiyevdə yaşayır. Biri hətta generaldır. Qardaşım Dnepropetrovskda, bacım isə Kiyev yaxınlığında yaşayır. Oradakı qohumlarım saysız-hesabsızdır. Axı, mən əslən ukraynalıyam.

- Sizin kimi düşünənlər çoxdur və onların fikrincə, Ukraynada prezident seçilməsi çox vacibdir. Sizcə, seçki uğurla bitəndən sonra Ukraynada əmin-amanlıq bərpa olunacaqmı?

- Yox, bu dərhal baş verməyəcək. Məsələ orasındadır ki, yaxşı pul verilən banditlər var, onlar hakimiyyətlə heç bir danışıq aparmağa razılaşmırlar. Bu mərhələni keçmək üçün vaxt lazımdır. Ancaq sülh də olacaq, Ukraynanın ərazi bütövlüyü də qorunub saxlanılacaq. Buna qətiyyən şübhəm yoxdur. Rusiyaya gəldikdə, bu ölkə özü üçün kiçik bir bomba hazırlayıb. Fikir verin, bir neçə gün əvvəl Şimali Qafqaz üsrə nazirlik yaradıblar. Bu nəyə lazımdır? Sosial problemlərin həlli ilə məşğul olmaq lazımdır. Məni maraqlandırır: niyə heç kim Putinə sual vermir ki, siz Çeçenistanda nə etdiniz? Çeçenistanda iki müharibə olub. Dudayevin istədiyi yeganə şey müstəqillik idi. Rusiya nə etdi? On minlərlə insan qırıldı, on minlərlə çeçen vətənindən dərbədər düşdü. Mən əvvəllər Putinə siyasətçi kimi hörmət edirdim. Bu ona görə deyildi ki, bizə qarşı ədalətlidir, yox, Putin heç vaxt bizə qarşı ədalətli davranmayıb və bunu gözləməyə də dəyməz. Qarabağ məsələsində isə Ermənistanla qardaşlıq mövqeyindən çıxış edir. Hamı bilir ki, Qarabağ bizim torpağımızdır. Putin bu problemə yanaşması ilə məni tamamilə məyus edib. Ukraynaya gəldikdə, o nüvə silahı ehtiyatına görə dünyada üçüncü dövlətdir. Rusiya prezidenti isə deyir ki, indi Ukrayna kimi dövlət yoxdur, orada inqilab baş verib. Bağışlayın, 1917-ci ildə inqilab Rusiyada da baş vermişdi. Rusiya dövləti isə qalır. Putin özünü şortikdə gəzən küçə uşağı kimi aparır. O düşünür ki, Krımı Rusiyaya birləşdirməklə reytinqini qaldırıb. Bəs dünyada nə qazanıb? Bütün dünya ictimaiyyəti Putinə nifrət edir. O öz simasını bir daha göstərdi.

Azər Hüseynbala

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır