Modern.az

Deputat Milli Məclisdən səsləndi: "Azərbaycanda PKK-nı dəstəkləyənlər barədə ölçü götürülsün!"

Deputat Milli Məclisdən səsləndi: "Azərbaycanda PKK-nı dəstəkləyənlər barədə ölçü götürülsün!"

22 İyun 2010, 17:15

Modern.az xəbər verir ki, Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən sonuncu iclasında millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Azərbaycanda PKK terror təşkilatına göstərilən dəstəyə etiraz edib. S.Rüstəmxanlı PKK-nı kürdlərin azadlıq təşkilatı kimi qələmə verən “Diplomat” adlı qəzetin Azərbaycanda nəşr olunmasından və hüquq-mühafizə orqanlarının bununla bağlı tədbir görməməsindən təəccübləndiyini vurğulayıb.

S.Rüstəmxanlı deyib ki, PKK-nı kürdlərin azadlıq təşkilatı kimi qələmə verən “Diplomat” qəzeti bununla türk millətini təhqir edir. Deputatın sözlərinə görə, bir neçə gün öncə Azərbaycanda nəşr olunan “Diplomat” adlı qəzeti poçt vasitəsilə qəsdən ona göndəriblər, sanki yanıq verirlər. Qəzet başdan-ayağa PKK-nın təbliğinə həsr olunub. Millət vəkili Milli Məclisdən səslənib: “Azərbaycanın hüquq-mühafizə orqanları hara baxır? Niyə Azərbaycanda terrorçu təşkilatı dəstəkləyən, türkləri təhqir edən bir qəzet nəşr olunmalı və hələ üstəlik poçtla millət vəkilinə də göndərilməlidir?”. Deputat mərhum dövlət başçısı Heydər Əliyevin “bir millət, iki dövlət” çağırışını xatırladaraq bildirib ki, indi PKK-nı dəstəkləyən “Diplomat”a meydan verilməsi həmin çağırışa ziddir. S.Rüstəmxanlı bunu ikiüzlü siyasət adlandırıb.

Deputat Bakı və Sumqayıtda, eləcə də Azərbaycanın bir çox bölgələrində tikilən yeni binaları, açılan ofisləri nümunə gətirib: “Onların üzərində Azərbaycan dilində heç nə yazmaq istəmirlər. Hər dildə yazıya rast gəlmək olar, təki türk dilində yazmasınlar. Bunu edənlərin bir çoxu PKK-çılarla əlaqədədirlər”.

Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov isə S.Rüstəmxanlıya cavab olaraq Azərbaycanda ikiüzlü siyasətin yürüdülmədiyini deyib və ona hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb. Milli Məclisin iclas zalını tərk edən Sabir Rüstəmxanlı elə bu gün sözügedən məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini vurğulayıb. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir