Modern.az

Keçmiş icra başçısı: “Elbrus Orucov bizə Rəhim Qazıyevin “Talış-Muğan Respublikası”na dair planları barədə ciddi faktlar verdi” - MÜSAHİBƏ

Keçmiş icra başçısı:  “Elbrus Orucov bizə Rəhim Qazıyevin “Talış-Muğan Respublikası”na dair planları barədə ciddi faktlar verdi” - MÜSAHİBƏ

Müsahibə

26 May 2014, 11:15

Ədalət Yusifov: “Prokurorun qarşısına elə faktlar qoydum ki, Salyandan qaçdı”


Modern.az
saytında “Elçibəy hakimiyyətinin icra başçıları” rubrikasının növbəti müsahibi Salyan rayon İcra Hakimiyyətinin başçısı işləmiş, hazırda Klassik Xalq Cəbhəsi Partiyasının həmin rayon təşkilatının sədri  Ədalət Yusubovdur.

- Əbülfəz Elçibəy prezident seçilənə qədər İsa Qəmbər Ali Sovetin sədri kimi bir çox rayona icra başçısı təyin etmişdi. Hətta onların bəzilərini sonradan yaranan Müsavat Partiyasıbın icra başçıları hesab edənlər də vardı.  Ancaq sizi həqiqətən Elçibəy hakimiyyətinin icra başçısı, özü də ən ideal başçılardan biri kimi təqdim edirlər...

- Təbii ki, mən Elçibəyin komandasının icra başçısı idim. Təyinatımı 1992-ci il mayın 30-da prezident səlahiyyətlərini icra edən Ali Sovetin sədri İsa Qəmbər verib.  Məni bu vəzifəyə kimin təyin etməsi o qədər də əhəmiyyətli deyildi.  Əsas məsələ məsuliyyəti üzərimə götürüb etimadı doğrultmaq idi.  Namizədliyimi isə AXC-nin Salyan rayon şöbəsi irəli sürmüşdü. Alternativim olmasa da, birdən-birə razılaşmamışdım.  31 yaşım vardı, bilirdim ki, kifayət qədər böyük və məsuliyyətli vəzifədir.  Uzun-uzadı müzakirələrin, eyni zamanda AXC rayon şöbəsinin qarşımda qoyduğu tələblər nəticəsində razılaşmağa məcbur oldum.

- İcra başçısı təyin olunana qədər haralarda işləmişdiniz. Çünki  sizin də təmsil olunduğunuz hakimiyyətə idarəetmə təcrübəsi olmayan insanların toplaşdığını iddia edənlər az deyildi...

- O vaxta qədər bir neçə sahədə çalışmışdım. Fəhlə də işləmişdim, ixtisasım elektrik mühəndisidir, Neft və Kimya İnstitutunu bitirmişəm. İxtasasım üzrə laboratoriya müdiri, hətta çilingər də işləmişəm. Bunlar hamısı 1990-cı ilin 20 yanvar hadisələrindən sonra olub. 1986-1990-cı ilin 20 yanvarına qədər Salyanda raykom hüquqlu komsomolun birinci katibi olmuşam.

- 31 yaşında Salyana rəhbər təyin olunmusunuz. Baxmayaraq ki, komsomolda işləmişdiniz, AXC hakimiyyəti tamamilə fərqli idarəetmə mexanizmi tətbiq etməyə başlamışdı. Başçı kimi ilk fəaliyyətinizə necə başladınız? Təbii ki, hakimiyyətdən uzaqlaşdırılan Kommunist Partiyasının üzvləri sizi birdən-birə qəbul etməyəcəkdilər...

- Salyan həm iqtisadi, həm də ziyalı potensialı cəhətdən kifayət qədər sanballı bir rayondur. Burada birinci şəxs olmaqla ictimai proseslərə yönəldici təsir göstərmək, özü də yeni bir sistemlə idarə etmək o qədər də asan deyildi. Siz yəqin ki, bizim hakimiyyətə gəldiyimiz dövrü xatırlayırsınız. Adamın çiyinlərinə hərtərəfli ağırlıq yüklənmişdi. Bir tərəfdə müharibə, digər tərəfdə Sovet İttifaqından qalma bütün təsərrüfat sisteminin dağıdılması, iqtisadi-maliyyə əlaqələrinin qırılması, təsərrüfatların başsız qalıb istehsalın reallaşdırıla bilməməsi, idarə, müəssisələrin işçilərin əksəriyyətinə bir ildən artıq müddətə borcların ödənilməməsi, bunlar kifayət qədər çətin məsələlər idi. Açığını deyim, siyasi mahiyyət dəyişikliyi baxımından bir çox şeylərə nail olduqsa da, ancaq idarəetmə baxımından hər şey əvvəlki kimi idi. Yəni eyni strukturlar idi. Belədə ciddi dəyişikliklər baş verməsə də, keçmiş sistemə müəyyən qədər bələdçiliyim başçı kimi fəaliyyətimdə yardımçı oldu.

- Siz hakimiyyəti kimdən təhvil almışdınız?

- Mən rayon partiya komitəsində komsomolun birinci katibi i və bir zamanlar Zərdab rayon İcra Hakimiyyətinin başçısı işləyən Seyran Seyranovdan təhvil almışdım. Məni icra başçısı kimi o zaman kənd təsərrüfatı naziri işləyən Müzamil Abdullayev rayon ictimaiyyətinə təqdim edib. Seyran Seyranovun mənim icra başçısı kimi təqdimat mərasimidəki çıxışı indi də xatirimdədir. Çox normal qarşıladı, dedi ki, bu, bir siyasi sistem dəyişikliyidir. Yeni bir siyasi komandanın hakimiyyətə gəlişi kimi qəbul etdi və dedi ki, sabahdan başlayaraq hər kəs mənim kimi getməyi gözləməlidir. Mən də çıxışını normal qarşılayıb normal da yola saldım.

- Öz komandanızı formalaşdırmaq üçün kifayət qədər kadr potensialınız, həm də etimad etdiyiniz adamlar vardımı?

- Əlbəttə, müəyyən çətinliklər vardı. Mən dərhal kadr islahatlarından başlamadım. Yəqin ki, yadınızdadır, 1992-ci il iyunun 7-də prezident seçkiləri keçirilib. Mən həmin seçkini mövcud olan komanda ilə keçirmətyi məqsədə uyğun hesab etdim. Yüksək səviyyəli seçki keçirdik. Əblüfəz bəy Salyanda 65 faiz səs toplamışdı. Seçki başa çatan gecə o vaxt Ərazi Seçki Komissiyasının (indiki dairə seçki komissiyaları o vaxt belə adlanırdı-red.) sədri işləyən şəxs gecə zəng vurub mənə dedi ki, istəyirsənsə Elçibəyin 65 faizlik səsini Nizami Süleymanovun xeyrinə olan səsin hesabına 10 faiz artırım. Qəti etirazımı bildirdim və səhəri günü onu komissiya sədrliyindən uzaqlaşdırdıq. Çünki Elçibəyə şəxsiyyət olaraq insanlar çox hörmət edirdilər. Bunu, yeri gəlmişkən xatırlatdım. Mənim ilk işim rayonun iqtisadi göstəricilərini statistika idarəsindən alaraq təhlil aparmaq olub. Təyinatımdan üç gün sonra rayon fəalları  ilə toplantı keçirib real vəziyyəti dəyərləndirərək qarşımızda duran vəzifələri izah etdim, təbii ki, o zamankı dünyagörüşümə görə çıxış yollarını sadaladım. Eyni zamanda, qarşılarına qoyulan tələbləri xatırlatdım. Dedim ki, yeganə tələbim düzgün işləməkdir, yeni qaydalarla ayaqlaşa bilməyənlər, yaxud bilərəkdən artıq dəyişə bilməyənlər bizimlə bir yerdə ola bilməzlər. Siyasi hakimiyyətdəki dəyişikliklərə bundan sonra başladıq və təbii ki, bu qaçılmaz idi.

- Sözsük ki, hamı sizin istədiyiniz kimi ola bilməzdi. Hansısa təzyiqlə üzləşirdinizmi?

- Təzyiq var idi. Kənd, qəsəbə icra nümayəndələrindən tutmuş müavinlik  sisteminə qədər dəyişikliklərdə hər hansı bir təhdid, təklif, yaxud təzyiqlə üzləşməmişəm. Müəyyən təkliflər olurdu, bunu da yaxın ətrafımızdakı şəxslər edirdilər. Təbii ki, mən də təşkilatın üzvü olaraq belə təklifləri saf-çürük edir, bəzilərini hətta müzakirəyə çıxarırdım. Çünki uyğun variantın qəbulunu vacib hesab edirdim. İdarə, müəssiə və təsərrüfatlarda müəyyən dəyişikliklərə gələndə, bəzi hallarda müqavimətlə üzləşirdim. Müqavimətin də ortaya çıxmasının yeganə səbəbi hətta təyinatlı orqanlara yeni kadrın seçki vasitəsilə gətirilməsi idi. Bu zaman maraqlar toqquşurdu, məsələn, hər hansı təsərrüfatın özündə tərəflər ortaya çıxırdı, bu və ya digər formada nəticə alınmayanda bizim rolumuz ortalığa gəlirdi, məhz həmin məqamlarda müəyyən təklif, təzyiq, müqavimətlə üzləşirdik.

- Salyanda xeyli iri idarə və müəssisə olub. Hər hansı şəxs yüksək vəzifəsindən getməməsi üçün sizə nəsə təklif edirdimi?

- Mənə sonradan belə faktlar söyləyiblər.  Düzü,  ilk gündən elə bir mövqe sərgiləməmişdim ki, kimsə belə bir cəsarətdə ola bilməzdi. Kimsə mənə şəxsən pul təklifi müqabilində vəzifəsində qala bilməzdi. İstədiyim adamı heç nədən çəkinmədən vəzifəsindən uzaqlaşdırmışam. Amma bəziləri təxribatla məşğul olublar. Məsələn, arvadı erməni olan çörək zavodunun direktoru vardı. Bildiyiniz kimi, o zaman bizim hakimiyyəti, həm də xalqı çörəklə imtahana çəkməklə bağlı müxtəlif cəhdlər edilirdi. Bizdə bunu belə edirdilər, rayonun gündəlik çörəyə ehtiyacı bəlli idi. Çörək zavoduna tələbata uyğun un verilirdi. Ancaq həmin direktor unun, məsələn 10-15 tonunu satır, qalan hissəsindən çörək bişirilirdi. Təbii ki, bununla da rayonda süni çörək qıtlığı yaradılırdı. Biz məsələnin üstünə düşdük, araşdırma nəticəsində direktorun bu özbaşınalığının üstü açıldı. Bundan sonra kabinetimdə diz çökdü, ancaq bağışlanması üçün heç bir əl yeri qoymamışdı...

- Ətrafınızdakı adamlara nə dərəcədə  etibar edirdiniz?

- Etiraf edək ki, hamını eyni əqidədə və eyni qabiliyyətdə, həm də nəfsi tox görmək arzusu həmişə olur. Amma istər-istəməz  insanlar  fərqli olur. Çatışmazlıqlarımız olub, lakin bütövlükdə komanda halında hər halda bir illik hakimiyyətimiz zmanı istədiyimizə nail ola bilmişik.

- Hüquq-mühafizə orqanları, xüsusilə də polislə işbirliyiniz alınırdımı? 

- Mən icra başçısı təyin olunanda Salyanda polis rəisi işləyən polkovnik Əziz Mövlanov Həcc ziyarətinə getmişdi. Ona qədər bir ildən artıq idi tanıyırdım. Ondan əvvəl isə o vaxtkı Əli Bayramlı şəhərində işləmişdi. İlk tanışlığım da oradan -meydandakı qarşıdurmalardan başlamışdı. İnsan kimi şəxsi keyfiyyətlərinə, eyni zamanda polis rəisi kimi bacarığına, qabiliyyətinə inandığımdan onunla çox tez anlaşa bildik. Ümumi qaydalara əməl edəcəyini, yalnız və yalnız hakimiyyətin maraqlarına uyğun işləyəcəyini bildirdi. Mən də dediklərinə inandım, qeyd etdiyim kimi, çünki bir il müddətində yollarımız bir neçə dəfə kəsişmişdi. Siyasi hakimiyyətlə ciddi qarşıdurma məqamlarında ən azı siyasi hakimiyyətin iradəsindən kənara çıxaraq üç dəfə bizim mövqeyimizi müdafiə etmişdi. Yəni MTN-nin rayon şöbəsinin rəhbərinin, prokurorun, hətta rayon rəhbərinin özünün iştirak etdiyi ciddi qarşıdurmalarda, müzakirələrdə ittiham olunan tərəıf biz olsaq da, Əziz Mövlanov bizi müdafiə etmişdi. Həmişə mövqeyi bundan ibarət idi ki, tələb edən, nəyisə istəyən tərəflə oturmaq, dinləmək və anlaşmaq lazımdır. Yəni istənilən məsələ ilə bağlı obyektiv bir münasibətə malik olduğundan daha çox onunla işləmək  fikrim vardı və sona qədər də onu müdafiə etdim. Halbuki, mənim bir azca mənfi münasibətim polis rəisinin dəyişikliyi ilə nəticələnə bilərdi. Mənim problemim prokuror Camal Abbasovla olub. Mən onu ilk dəfə 1990-cı ilin iyun ayında görmüşdüm. Sonralar səhv etmirəmsə, nəqliyyat prokurorluğunda işləyib.  20 yanvar hadisəsindən sonra hüquq-mühafizə orqanlarında aparılan islahatlar daha çox gəncləri əhatə etdiyindən sevinmişdim. Camal Abbasov da həmin gənc kadrlardan biriydi. Ancaq zaman keçdikcə, onu tanıdıqca bütün xarakteri ortaya çıxdı. Onu mən nəinki prokuror, bu sahənin mütəxəssisi, yararlı kadrı, heç şəxsiyyət kimi də dəyərləndirməmişəm, bunlardan çox uzaq adam idi. Çünki zaman-zaman özünü bizim yanımızda, hətta müxalifətdə olduğumuz dövrdə aşağıladığnın, yalan danışdığının şahidi oldum. Onun fəaliyyətində bizim qoyduğumuz qaydalardan kənara çıxmaq meyllərini açıq-aşkar görürdüm.

- Siz onun haqqında çox mənfi fikirdəsiniz. Nə kimi hərəkətləri sizi qane etmirdi?

- Təbii ki, biz hamının başına yağ çəkmirdik. Vəzifəsindən asılı olmayaraq, müəyyən şəxslərlə bağlı zaman-zaman yaranmış münasibətlərdən gəldiyimiz qənaətlər vardı. O şəxslərin əksəriyyətini Camal Abbasov öz ətrafında cəmləşdirib bizə qarşı bir blok qoymaq istəyirdi. Bizim istədiyimiz dəyişikliklərə qarşı özünün əvvəldən qalma qaydalarını tətbiq edib həmin şəxslərə arxayınçılıq fikri aşılamaq istəyirdi. Bir neçə faktdan sonra mən onu qəbuluma çağırıb tələb qoydum ki, cinayətlərini sistemin bəlaları adlandırdığımız şəxsləri müdafiə etməkdən vaz keçsin. Dedim ki, hər bir şəxsin fəaliyyətini ağ kağız kimi görürük, hər kəsin inkişafının tərəfdarıyıq, sən insanları yenə də çirkaba batırırsan. Faktları ortalığa qoyanda imtina etdi. Bu faktlar təsdiqlənəndən sonra isə rayondan qaçdı. Bu 1992-ci ilin noyabr ayında olub. Onunla bağlı bir faktı deyəcəyəm. Bizdə böyük bir quşçuluq fabriki vardı. Onun rəhbəri YAP-ın o vasxtkı tanınmış simalarından biri olan Səfiyar Musayevin ögey qardaşı Səfər Aslanov idi. Onun  əvvəlcədən də bizim qoyduğumuz qaydalara qarşı saymazyana davranışı, yaxud səhvi baş vermişdi. Kənd təsərrüfatı məsələləri üzrə müavinin,  keçmişdə müavinimin atası ilə münasibətləri yaxşı olub, bir vaxtlar eyni təsərrüfat sistemində işləmişdilər, həmin yaxınlığa görə özündə iradə tapıb onun stolunun üstünə toxunulmazlığının təmin olunması üçün pul qoymuşdu. Həmin şəxs mənə zəng etdi, dedi ki, Səfər Aslanov belə hərəkət edib, böyük bir bağlamanın içərisində pul gətirib. Vurmuşam başına, otağa dağılan pulu yığışdırır. Bu, birinci səhvi idi. Təbii ki, mənim üçün hər şeydən əvvəl həmin pulun mənbəyini araşdırıb tapmaq daha önəmli idi. Buna görə əvvəlcə prokurorluğa tapşırıq verdim ki, komissiya yaradıb həmin müəssisəni yoxlayın. Rəqəm indi də yadımdadır, orada yoxlama aparıldı, təxminən 20 günlük yoxlamanın nəticəsi kimi prokurorluq çatışmazlığı belə ortaya çıxarmışdı: 159  rubl, hardasa 500 yumurta, 25 toyuq. Bu cür xırda rəqəmlərlə ifadə olunurdu çatışmazlıq. Təbii ki, buna inana bilməzdim. Ona görə özüm də paralel olaraq qeyri-rəsmi şəkildə alternativ yoxlama aparırdım. Nəticədə həmin idarənin Azərbaycandan kənarda çox ciddi əlaqələrinin olması ilə bağlı ciddi informasiyalar əldə etmişdim. Əksəriyyəti guya xaricdən həmin fabrikə gətirilən yumurtalarla bağlı idi. Bütün marşrutlar belə idi: İvanovo hava limanı, Türkmənistan və Azərbaycan. Gətirilən malların bölüşdürülməsində Erməınistana qədər müəyyən şeylər gedib çıxırdı. Mən bunu diqqətə alıb rayon prokurorluğundan yoxlamanın ciddi şəkildə aparılmasını tələb etmişdim. Onun ortalığa çıxardığı faktları isə qeyd etdim. Mən yoxlama göndərəndən sonra 250 min yumurtanın aradan çıxarılmasının üstü açıldı, təxminən 1 milyon rubla yaxın vəsait, 50 tondan artıq yem çatışmazlığı müəyyən olundu. Prokurorluğun yoxlamasının nəticələri ilə öz yoxlamamızın nəticəsini Səfər Abbasovun qarşısına qoyub dedim ki, tutuşdur. Sonra soruşdum: “Bu sənin, yoxsa yoxlamanı aparan komissiyanın iradəsinin nəticəsidir?” Fakt qarşısında qoydum və Səfər Abbasov qaçdı, sənədlərin əksəriyyəti prokurorluğa göndərildi. Əslində kimisə tutdurmaq fikrində olmamışam. Məsələnin daha ciddi xarakter daşıdığını nəzərə alaraq həmin sənədləri istintaq üçün respublika prokurorluğuna da göndərdim. Təəssüf ki, nəticəsi olmadı. Prokuror əslən gürcüstanlı idi. Sonradan uzun müddət Salyana prokuror qayıtmaq istədi, yeganə arzusu məni həbs etdirmək idi. Ancaq istəyinə nail ola bilmədi. Onun yerinə kifayət qədər ağır təbiətli, işini bilən, həddindən artıq dəqiq olan Fikrət Azadov təyin olundu və axıra qədər bir yerdə işlədik. Səfər Aslanova gəldikdə, o da prokurorla birgə rayondan qaçmışdı.

- Elçibəy hakimiyyətinə 1993-cü ildə baş verən iyun hadisələri ilə son qoyuldu. Bütün digər səbəblərlə yanaşı, sizin hakimiyyətin daxilindəki müəyyən çəkişmələrin, müəyyən vəzifə sahiblərinin bir-birini qəbul etməməsinin də az rol oynamadığı iddia olunur. Həmin hakimiyyətin təmsilçilərindən biri də siz olmusunuz. Bir ildən sonra hakimiyyətdən getməyinizə sadalananların da təsir etdiyi iddiası ilə razılaşirsınızmı?

- Hətta siyasi təşkilatın özündə bu və ya digər məsələlərlə bağlı bir nəzarət mexanizminin yaradılması vacibdir. Ancaq bizim hakimiyyət dövründə yerlərə o qədər müstəqillik, sərbəstlik verilmişdi ki, sadəcə, qabiliyyətin çatırdısa, özünü göstərə bilirdin. Mən nə prezident, nə dövlət katibi, nə də ayrı-ayrı nazirlər səviyyəsində öz üzərimdə xırdaca da olsun basqı, nəzarət hiss etmirdim. Bu baxımdan idarəçilik mexanizmini kifayət qədər müsbət dəyərləndirmək olar. Ancaq nəzarətin də tərəfindəydim. Təbii ki, dövlət yeni qurulurdu, hakimiyyətə yeni siyasi qüvvə gəlmişdi, ona görə nəzarət daha ciddi həyata keçirilməli idi. Çünki bizim iradəmizdən kənar ikili tabeçiliyi olan idarə, müəssisələrdə, yaxud orqanlarda bu və ya digər formada bizim iradəmizdən kənar xoşagəlməz, yaxud zərər gətirə biləcək proseslər baş verirdi. Nəzarətin həyata keçirilməsi ən azı müəyyən səlahiyyətli şəxslər qarşısında baş verən proseslərin əsl mahiyyətini ortaya çıxara bilərdi. Bəlkə də yıxılmış keçmiş sovet hökumətinin kommunist olan təsərrüfat rəhbərlərinin üzrəimizə qayıtmasının əsas səbəblərindən biri bu oldu. Biz nəzarəti üzü aşağıya qədər həyata keçirə bilməyib, nəzarət hesabına cəzaya layiq olan şəxsləri cəzalandırmadıq. Bəlkə də ən böyük səhvimiz bu olub. Biz birmənalı şəkildə onları zamanında yaşadıqları sistemin bəlası kimi qəbul etdik və bağışlayıb amnistiya verdik.



- Şəxsən siz kimlərinsə cəzalandırılması təklifi ilə prezidentə müraciət edirdinizmi?

- Mən bir illik hakimiyyətin dörd ayını olmamışam. Bunun üç ayını Qarabağda döyüşlərdə, bir ay da Politologiya İnstitutunda dövlət xətti ilə oxumuşam. Bizim rayonda elə bir ciddi, xoşagəlməz hadisə baş verməyib ki, onun öhdəsindən özüm gələ bilməyim və prezidentə müraciət etmək məcburiyyətində qalım.

- Bir il ərzində Elçibəylə neçə dəfə görüşə bilmişdiniz?

- Qəribə də olsa deyəcəyəm, rəsmi yığıncaqlardan başqa fərdi görüşümüz olmayıb.

- Belə söz-söhbət də yayılırdı ki, Elçibəyin ətrafındakı bəzi adamlar onu kimlərdənsə təcrid edirdilər. Siz belə situasiya ilə üzləşmisinizmi?

- Bir dəfə görüşmək istəmişəm. Bunun səbəbi isə heç də Salyan rayonunda baş verən hər hansı xoşagəlməz, yaxud ciddi məsələ ilə bağlı olmayıb. Bu, Azərbaycan dövlətinin taleyi ilə bağlı məsələ idi. Konkret narahatlığım qondarma Talış-Muğan Respublikası ilə bağlı idi. Bu, 1992-ci ilin avqust ayına təsadüf edirdi. Əlimizdə ciddi faktlarımız vardı. Bilirsiniz necədir, o vaxt hakimiyyətdə olan şəxslərin əksəriyyəti indi Azərbaycanın siyasi müxalifətinin aparıcı təşkilatlarına rəhbərlik edirlər. Şəxsən mənim ən böyük arzum bu insanların siyasi iradə ortaya qoyaraq bir yerdə olmalarıdır. Keçmişdə məqsədli-məqsədsiz baş verən bu və ya digər səhvləri qabardıb yenidən açılan müzakirələrin bugünkü münasibətlərə təsir etməsini istəməzdim.

- Sizi başa düşdüm. Onda mən belə qənaətə gəlirəm ki, sizin narahat olduğunuz vaxt, 1992-ci ilin avqust ayında Talış-Muğan Respublikası ilə bağlı ortaya çıxan problem iştirakçıları arasında bu gün müxalifətdə təmsil olunan adamlar da var...

- Yox, yox, tam səmimi deyirəm, siyasi müxalifət düşərgəsində təmsil olunan kimsə yoxdur. Sadəcə, proses zamanı, sonrakı inkişaf mərhələsində nəticə çıxarılması üçün bu və ya digər formada məsələni yuxarıya çatdırmaq cəhdlərimiz olub.

- Siz prezidentin etibar etdiyi şəxslərdən biriydiniz. Elçibəylə görüşə bilməməyinizin səbəbi nə idi?

- Mən tək deyildim. Bu məsələ ilə bağlı, səhv etmirəmsə, ya 11, ya da 12 rayonun-  Astaradan tutmuş Beyləqana qədər, bir yerdə görüşmüşük. Dəqiq yadımdadır, bu görüşdə İmişlinin, Saatlının, Sabirabadın, Əli Bayramlının, Hacıqabulun, Lənkəranın,  Neftçalanın, Biləsuvarın, Cəlilabadın, Masallının, Yardımlının icra başçıları və mən iştirak etmişəm. Aramızda yalnız Astara və Lerik rayon icra başçıları olmayıblar.

Görüşümüz Əli Bayramlıda keçirilib. Biz polkovnik Elbrus Orucovun istəyi ilə onunla görüşmüşdük. O həmin dövrdə 704 saylı briqadanın rəhbəri idi,  bizi görüşə çağıraraq dedi ki, Rəhim Qazıyevin təhdidi ilə yaxın zamanda vəzifəmdən azad olunmuşam. O 1992-ci ilin iyul ayında Rəhim Qazıyevin qarşısında qoyduğu konkret tələbi də söylədi. Həmin vaxt cənub hərbi birləşmələrininin əksəriyyətini mərkəzləşdirilmiş qaydada birləşdiyi yer Çuxalı hərbi hissəsi idi, 704 saylı hərbi briqadanın tərkibində birləşirdilər. Rəhim Qazıyevin tələbinə görə, konkret tapşırıq verilən gün Elbrus Orucov əhatə etdiyi ərazidə - Kür və Araz çayları üzərindəki bütün körpüləri bağlamalı və bu iki çayın sağ sahilində Talış-Muğan Respublikası elan olunmalı idi. Bu, 92-ci ilin iyulunda olan söhbətdir. Elbrus dedi ki, mən Rəhimin tapşırığından imtina etdim. O, artıq Müdafiə Nazirlıyində yenə yüksək vəzifəyə təyin olunub, özünə də sual vermək olar. Elbrus Orucov bizə söyləyirdi ki, onun etirazından sonra Rəhim deyib: “Sənin başına gətirəcəyim oyundan yəqin ki, xəbərin yoxdur, sənin kifayət qədər cinayətlərin var,  səni içəriyə qoyacağam”. Bir daha bəyan edirəm, Elbrus Orucov bu söhbəti adlarını çəkdiyim bütün icra başçıları ilə görüşdə edib. O dedi ki, mən bu planın baş tutmaması üçün hər şeyə hazıram. Sonra ortaya  eyni tarixə təsadüf edən iki sərəncam qoydu. 1992-ci il iyul ayının 16-da Rəhim Qazıyevin sərəncamı ilə Elbrus Orucovun rəhbərlik etdiyi 704 saylı hərbi briqada Ağdamın Çəmənli kəndinə döyüşə göndərilib, eyni gündə Lənkəranda Mikayıl Hacıyevin rəhbərliyi ilə 704 saylı hərbi briqada yaradılıb. Bir sərəncamda briqada komandirinə döyüşdə iştirak üçün bütün qüvvələri səfərbər etmək tapşırılırsa, digəri yeni təyin olunmuş briqada komandirinə konkret həmin briqadanın əhatə dairəsində olan hərbi hissələrin əksəriyyətinin onun sərəncamına verilməsi ilə bağlı olur. Elbrus Orucov bu faktları ortalığa qoyub etiraz edəndə onun azad olunması ilə bağlı sərəncam imzalanır. Həmişə bölücülüyün əleyhinə olmuşam və Azərbaycanın mənafeyi mənim üçün hər şeydən üstündür. Ona görə zamanı yetişəndə milli kimliyindən asılı olmayaraq hamı canından keçməyə də hazır olmalıdır. Mən Elbrus Orucovun söylədiklərinə əsaslanıb deyirəm, təəssüf ki, həmin dövrdə Neftçaladakı hərbi hissənin rəhbərini dəyişib talış əsilli İsa Qasımovu, keçmiş 704-ün bazasında 877 nömrəli hərbi hissə yaradılıb yenə əslən talış olan polkovnik Balağra Rzayevi ora təyin ediblər. Elbrus deyirdi ki, bunların əksəriyyəti Rəhim Qazıyevin hansısa siyasi dairələrlə birgə işləyib hazırladığı planı həyata keçirmək məqsədilə edilirdi. Yeni yaradılan 704-cü briqadaya yenə talış əsilli Mikayıl Hacıyev təyin olunmuşdu. Mən 3-nün adını çəkdim, o onunu sayırdı. Deyirdi ki, buna etirazımdan sonra həbsimlə bağlı hərbi polisə göstəriş verilib. Bizimlə görüşən dövrdə Elbrus Orucov artıq gizlənirdi  və ona sadiq Şuşada döyüşən Kosalar batalyonu vardı, onların əhatəsində özünü qoruyurdu. Görüşə də gizlin gəlirdi. Biz onun dediyi faktları Əbülfəz bəyə çatdırmağa cəhd etdik. Çünki Elbrus Orucov da xahiş etmişdi ki, bunlar yalnız prezidentə çatdırıla bilər. Biz də hesab edirdiki ki, bu yalnız və yalnız Əbülfəz bəy səviyyəsində həll oluna biləcək məsələdir. Görüşdə iştirak edən icra başçılarının ümumi razılaşmasına görə mənə və Lənkəranın icra başçısı Hüseynqulu bəyə prezidentlə görüşmək üçün səlahiyyət verildi. Təəssüf ki, biz görüşü reallaşdıra bilmədik.

- Görüş üçün kimə müraciət etmişdiniz?

- Şəxsən mən Elçibəyə müraciət etməmişdim.

- Sonradan görüşün nədən baş tutmaması ilə maraqlanmadınız?

- Hər halda, görüş baş tutmadı. Görüş üçün Əbülfəz bəyin köməkçilərindən başqa heç kimə müraciət etməmişdik.

- Konkret kimə müraciət etmişdiniz?

- Allah rəhmət eləsin, Gürşad Zərbəliyevlə danışıb demişdim ki, prezidentlə görüş istəyirik. Dedi ki, çatdıraram. Sonra nəticəsini öyrənmək üçün zəng edəndə yenə “çatdıraram” demişdi.

- Hakimiyyətdən gedəndən sonra Elçibəylə görüşəndə ona bununla bağlı nəsə dedinizmi? Bəlkə həmin köməkçi sizin istəynizi heç prezidentə çatdırmamışdı?

- Bəli, söhbətimiz oldu, Əbülfəz bəy dedi ki, məlumatı olmayıb.

- Belə çıxır ki, köməkçi ona heç nə deməyib?

- Bəli, bəli... Gürşad Zərbəliyrvi sonra öldürdülər.

- Məncə, bu cür məsələlərin araşdırılması çox vacibdir. Bilmirəm, kim bunu edəcək, amma Azərbaycan tarixinin o dövrünü əməlli-başlı araşdırılmasına ehtiyac var. Bu, sonrakı məsələdir. Sizin hakimiyyətin sona çatmasından danışaq. Niyə hakimiyyətin ömrü bir il çəkdi? Elçibəy hakimiyyəti üçün uzun illərdir “səriştəsiz idilər” iddiası  gündəmdən düşmür. Doğrudanmı, səriştəsizlik sizin hakimiyyətin süqutu ilə nəticələndi?

- “Səriştəsiz idilər”, hətta “komanda daxilində münasibətlər normal deyildi” kimi fikir də söylənilir. Hakimiyyətimizin müddətinin qısa olmasında hərbi və siyasi müxalifətin birləşməsi və digər arqumentlər də az rol oynamamışdı. Bizim hakimiyyətin yıxılmasında əvvəldə qeyd etdiytiniz ilk iki iddianın rolu olsa da, həlledici deyildi. Həlledici səbəblərə gəldikdə, Azərbaycan iki böyük imperiyanın caynağına sığınan bir dövlət idi. Yeni hakimiyyət, yeni qurulan dövlət, hələ formalaşmamış cəmiyyət, Qarabağ müharibəsi, məncə, səbəbləri bunlarda da axtarmaq lazımdır. Digər tərəfdən, böyük siyasi qüvvələrin daxilmizdə apardığı pozuculuq işlərini də nəzərə almamaq olmaz. Mənə elə gəlir ki, indiki siyasi hakimiyyət istər millətə, istər dövlətə münasibət, istərsə də idarəçilik, təşkilatçılıq qabiliyyəti baxımından o dövrdəkindən çox-çox zəifdir. Bəs, indi niyə yıxılmır? Çünki indiki müxalifət sağlamdır, indi müxalifət Azərbaycan naminə ona təklif olunan xarici dividentləri nəzərə almadan istənilən halda rədd edə bilir. Ancaq bizdən hakimiyyəti alanlar istənilən şərt daxilində o köməyi qəbul etməyə hazır idilər. Səbəbləri burada axtarmaq lazımdır.

- Mənim bildiyimə görə, sizin icra başçısı vəzifəsindən getməyiniz prosesində bəzi ilginc məqamlar olub. Qısası, kürsünüzü necə tərk etdiniz?

- İyun ayının 7-də Tərtərdən Salyana gəlməli oldum. Ayın 9-da bizim batalyon mühasirəyə düşüb böyük itki verdiyinə görə yenidən Tərtərə qayıtdım. Biz Ağdərədə döyüşürdük. Salyana bir də iyunun 24-də qayıtdım. Ayın 11-də bizim könüllülərdən ibarət Salyan xüsusi batalyonu müdafiə nazirinin səlahiyyətlərini icra edən Səfər Əbiyev rəsmən buraxmışdı və bütün təminatlardan azad olunmuşduq. Mən hadisələrin sonunu gözləyirdim, eyni zamanda ayın 15-də bizi tutduğumuz bütün mövqelərimizdən çıxardılar. Biz kənara çəkilib Çaylı kəndində qərar tutduq, bir gözləntimiz var idi. Ən azı 500 nəfər hərbçi hansısa tapşırığı yerinə yetirmək üçün hətta heç bir təminatsız sonacan gözlədi. Ayın 24-də Elçibəyin prezident səlahiyyətlərinin bütünlüklə Milli Məclisin sədrinə verilməsi ilə bağlı qərardan sonra məcbur olub döyüş bölgəsini tərk edərək Salyana gəldim. Bütün siyasi komanda hakimiyyətdən gedirsə, bir rayonu ağa kimi saxlamağa dəyərdimi? Bu haqda götür-qoy etdim. Artıq həm psixoloji, həm də siyasi cəhətdən uduzduğumuzu fərq edib başçı kimi qalmağın əhəmiyyətsiz olduğunu başa düşdüm. Qarşımıza qoyduğumuz müəyyən məqsədlər vardı, gedənə qədər yerli xarakter daşıyan həmin məsələlərin həllinə nail olmaq istəyirdik. Odur ki, iyulun 11-nə qədər vəzifədə qaldım. Ayın 11-i gecəsi Qızılağac kəndindəki restoranda bir qətl hadisəsi baş verdi. Çox təəssüf ki, qətl baş verən zaman restoranda 25-30 nəfərin iştirakı ilə keçirilən məclisdə İcra Hakimiyyətində şöbə müdiri işləyən İbrahim Babayev də olmuşdu. İstintaq da sübut etdi ki, oradakı qətl təsadüfdən baş verib. Təəssüf ki, ortalıqda bir qərəz vardı və bunun İbrahim bəyin başında çatlayacağını əvvəlcədən bilirdik. Elə də oldu və İbrahim bəy heç bir günah sahibi olmadan 10 il azadlıqdan məhrum olundu və günbəgün həbsdə yatdı. Bu hadisənin səhəri gün İcra Hakimiyyətindəydim. Həmin gün 215 KL studiyasından gələnlər çəkiliş aparırdı, mən icra başçısı kürsüsündə otururam, başımın üstündən də Məhəmmədəmin Rəsulzadə ilə Əbülfəz Elçibəyin portretləri asılıb. Təsəvvür edin ki, bütün respublikada fərqli bir siyasi görüntü var, ancaq Salyan İcra Hakimiyyətinin binasında hər şey fərqlidir. Yadımdadır, çəkilişdə mənə belə sual vermişdilər: “Ədalət bəy, icra başçılarını xalq bir-bir devirərək öz istədikləri şəxsi hakimiyyətə gətirir. Burada necə, xalqın belə tələbi olarsa, siz də eyni addımı atarsınızmı?”. Cavabım belə olmuşdu: “Kim deyirsə ki, yerlərdə xalq İcra Hakimiyyəti başçılarının getməsi ilə bağlı tələb irəli sürür, kökündən səhv edir. Hamı bilir ki, 3-5 başıpozuq, əli silahlı bir nəfəri çıxarıb yerinə başqasını otuzdurur. Bunu bir tərəfdə Əlikram Hümbətov, digər tərəfdə Surət Hüsynov edirdi. Bu, hamıya bəllidir”.

Sonra dedim ki, xalqın arasından 100 nəfər İcra Hakimiyyətinin qarşısına gəlib “sən artıq getməlisən” tələbini irəli sürərsə, heç nəyə baxmadan, pencəyimi çiynimə salıb sakitcə çıxıb gedərəm. Çünki mənim bura ilə bağlı elə bir xoş günüm olmayıb ki, onun xoş təəssüratını da yaşayım. Yalnız əziyyətini görmüşəm. Təxminən belə cavabım olmuşdu. Mən İcra Hakimiyyətində ikinci mərtəbədə otururdum. Səhəri gün aşağıdan səs-küy gəldi. Pəncərədən baxıb gördüm ki, təxminən 150 nəfər İcra Hakimiyyətinin meydanına yığışıb. Saat təxminən 12-nin yarısı olardı. Növbətçi içəri girib dedi ki, qəbula gəlmək istəyənlər var. Kim olduqlarını soruşdum, bir-bir adlarını sadaladı. Dedim ki, gəlsinlər. Onların əksəriyyəti bizdən incik düşən və vəzifədən qovulanlar idi. Adlarını çəkmək istəmirəm, aralarında artıq rəhmətə gedənləri də var. Biri bir az ötkəm danışdı, dedi, durun, düşün aşağı, camaata cavab verin! Dedim ki, bu camaatla mənim aramda olan məsələdir, sənə nə dəxli var? Rədd ol burdan! Onu dərhal çölə çıxartdılar. Meydana yığışanların arasında tanımadığım yalnız br ağsaqqal vardı. Ondan soruşdum ki, ağsaqqal, nə istəyirlər? Dedi ki, sizin getməyinizi. Mən ondan buranın məsuliyyətini boynuna götürə biləcəyini xəbər aldım. Soruşdu ki, nəyin? Buranın dedim, susdu. Dedim otur, köməkçini çağırıb təhvil-təslimlə bağlı bir akt yazdırdım. Müavinlərimdən və şöbə müdirlərindən birini də çağırdım, aktda həmin ağsaqqalla mənim də adım yazıldı. Bütün ləvazimatlar siyahıya alındı, təhvil-təslim aktı imzalandı, bir surəti o tərəfdə, birisi isə məndə qaldı. Aşağı düşdüm, cammat dərhal aralandı, yavaş-yavaş maşına doğru addımlayanda hamı soruşdu: “Hara gedirsən? Biz bura niyə gəlmişdik? Bizə bunun getməsi lazım deyil axı? Biz bura başqa məsələ ilə bağlı gəlmişik. Bizə deyiblər ki, həmin restorandakı qətli törədən adam buradadır. Biz onu təhvil almağa gəlmişik”.

Camaatı dəfn yerindən birbaşa ora gətirmişdilər. Düzü, bu mənə çox pis təsir etdi. Evə gəlib ailə üzvlərimi də götürüb kəndimizə gedəndən sonra öz-özümə sual verdim: “Mən daha nə etməliydim ki, bu cür yola salınmayım? Axı, haqlı-haqsız ağlayanla ağlamışdım, gülənlə gülmüşdüm. Bəlkə də normal insan bu bir il müddətində sutkada 8 saat yatmalı olduğu halda 2 saat yatmamışdım. Mən hansı köməklikləri etməmişəm? Yeri gələndə, hətta kiməsə ehtiyacını ödəmək üçün öz maaşımı da vermişəm. Hər şey qaydasında olduğu halda 3-5 nəfərin iddiası ilə mən bu cür yola salınmalıydımmı?” Bu, iyul ayının 12-də olmuşdu. Ayın 14-də Salyan şəhərində mitinq təyin etdim. Həmin gün eyni zamanda rayon sovetinin sessiyası planlaşdırılmışdı. Bütün hakimiyyətimiz dövründə pozucu əməllərlə məşğul olan Vəlhəd Əzizov vardı, sonra icra başçısı təyin olundu, Heydər Əliyev isə onu arxa qapıdan qovmuşdu. Həmin gün ona səlahiyyət verildi. Onu akademik Nizami Süleymanov, Arif  Rəhimzadə himayə edirdi. Başıpozuq nakoman dəstəsi vardı, onları bizə qarşı qoymaq istəyirdilər. Bilirsiniz də narkomanın nə imanı olur, nə də iradəsi. Amma onlar məğlub oldular. Sonra həmin Vəlhədə belə mesaj göndərdim: “Mən qapıdan çıxıb getdim, səni pəncərədən yola salacaqlar”. Mitinq başladı, o tərəfdə də rayon sovetinin sessiyası gedirdi. Mən də Vəlhədi icra hakimiyyətinə gətirmələrini istədim. Belə maraq xatirinə, iyulun 26-na qədər icra hakimiyyətində oturdum. Sonra bütün aparatı, aktivləri yığıb soruşdum: “Biz nə vaxta qədər bu cür əhəmiyyətsiz vəziyyətdə yaşamalıyıq. Bu, bizə lazımdırmı? Mən gedirəm”. Beləliklə, Əbülfəz bəylə Məhəmmədəmin Rəsulzadənin portretlərini, eləcə də digər şəxsi əyşalarımı yığışdırıb getdim.Bundan sonra avqustun 12-də Vəlhəd Əzizov icra başçısı təyin olundu. Mən başıma gələnlərin, yaşadıqlarımın bir faizini danışa bildim...

Azər Hüseynbala

P.S. Elbrus Orucovun Ədalət Yusubovun da iştirakı ilə keçirilən görüşdə qondarma Talış-Muğan Respublikası ilə bağlı dediyi faktlar nə qədər ciddi olub? Rəhim Qazıyev o zaman doğrudanmı Elbrus Orucova belə tapşırıq verib? Biz Modern.az olaraq “Elçibəy hakimiyyətinin icra başçıları” layihəsinin budəfəki qonağı Salyan rayon İcra Hakimiyyətinin başçısının söylədiklərinin onun öz dilindən verdik. Əgər bu söhbətdə adları sadalanan şəxslərdən hanısasa birinin sözü varsa, onları da dinləməyə hazırıq.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?