Modern.az

Milli Məclisin sədri deputata acıqlandı: "Sənin sürücülük vəsiqən yoxdursa, danışma"

Milli Məclisin sədri deputata acıqlandı: "Sənin sürücülük vəsiqən yoxdursa, danışma"

22 İyun 2010, 18:15

İyunun 22-də Mili Məclisdə “Yol hərəkəti” haqqında qanuna və İnzibati Xətalar Məcəlləsinə əlavə  və dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirə olunub. Modern.az-ın məlumatına görə, sənəddə bəzi məsələlər əksini tapıb. Onlardan biri odur ki, həyətlərdə maşının sürəti saatda 20 km-dən artıq olmamalıdır. Qanunsuz siqnalllar, işıqlar müsadirə olunmalıdır. Sürücülük vəsiqələri isə dəyişdirilməlidir.

Məsələnin müzakirəsi zamanı millət vəkili Fəzail Ağamalı bildirib ki, o, umumiyyyətlə “Yol hərəkəti haqqında” qanunun sərtləşdirirlməsinin tərəfdarıdır: “Eyni zamanda sürücülərin hüquqların pozan, onları incidən polislər də cəzalandırılmalıdır”. F.Ağamalı başqa bir məsələyə də toxunub: “Gəlin baxaq görək yollarımız nə gündədəir. Yollarımız istismara verilir, ancaq üstündən az vaxt keçməmiş pis vəziyyətə düşür. Buna da səbəb odur ki, bəzi yük maşınları normadan artıq yük götürürlər, bu da milyonlar hesabına başa gələn yolların dağılmasına səbəb olur. Bunun qarşısını alınmalıdır”.

 

Millət vəkili Nazim Məmmədov isə bildirib ki, deputatların maşınlarına xüsusi nömrə nişanları verilməlidir:  “Düzdü, millət vəkili kimi xidməti maşın verilmir. Heç olmasa, onların öz maşınları üçün fərqləndirici nişanlar verilsin. Məsələn, rayonlara seçiciləri ilə görüşə gedərkən millət vəkilləri saxlanılır, adi vətəndaşlardan fərqləndirilmir”.

Spiker Oqtay Əsədov isə qeyd edib ki, Milli Məclisin bütün avtomobillərinin dövlət nömrə nişanı var: “Deputatlara da dövlət maşını veriləndən sonra təbii ki, onların da xüsusi nişanları olacaq”.

 

Eldar İbrahimov deyib: “Qanunda tramvay, trolleybus  sürücülərinin vəsiqələri ilə də bağlı məsələ nəzərədə tutulub. Azərbaycanda ümumiyyətlə tramvay və trolleybus yoxdur. Olmayan bir şey barədə necə danışmaq olar. Siz mənə cavab verin bundan sonra Azərbaycanda tramvay və trolleybuslar olacaqmı?”.

Spiker Oqtay Əsədov isə deyib ki, Bakı şəhəri böyüyür, bəlkə də olacaq. “Bəlkə də biz adi tramvay yox, göyüstü tramvay xətti çəkəcəyik”.

 

Milət vəkili Pənah Hüseyn dəyişiklikdə ciddi neqativ halların mövcud olduğunu bildirib: “Dövlət yol polisi ölkənin imici ilə bağlı bir məsələdir. Hər hansı bir ölkəyə gedəndə öncə yol polisi ilə rastlaşırlar. Ancaq gəlin diqqət edək, görək keçmiş MDB respublikaları və dünyanın digər ölkələrinin yol polislərinin Azərbaycan yol polislərindən fərqi nədən ibarətdir. Burada ciddi problemlərimiz var. Heç yol polisləri bir çox ölkələrdə görünmürlər. Amma bizdə hər an yol polislərinə rast gəlirsən.

Qanunda başqa bir hal nəzərə alınıb ki, sürücülük vəsiqələri yeniləşəcək. Mən cavab almaq istəyirəm, indiki sürücülük vəsiqələri də dəyişəcəkmi, əgər dəyişiləcəksə, burada milyonlardan söhbətə gedə bilər”.

P.Hüseyn onu da deyib ki, etibarnamələrlə də bağlı ciddi problemlər var: “Hər hansı bir maşının sahibi hər dəfə maşınını dəyişəndə etibarnamə verməlidir. Bu da ciddi problemlər yaradacaq”.

Oqtay Əsədov Pənah Hüseyndən soruşub: -Sənin sürücülük vəsiqən var? P.Hüseyn isə sürücülk vəsiqəsinin olmadığını bildirib. - O zaman sən danışma. Sən nə bilirsən nə var, nə yox.

 

Mübariz Qurbanlı deputatlardan xahiş edib ki, bu məsələdən danışarakən mütləq xarici dövlətlərin müvafiq qanuna diqqət yetirsinlər: “Azərbaycanda gündən-günə  maşınlar artır. Buna uyğun da qanunlar dəyişdirilməlidir. Hətta Çində sərxoş sürücüləri edam edirlər. Bizdə isə məsələ belədir ki, nə qədər piyada keçidləri qurulub, ancaq bundan az istifadə edilir”. Yol polislərinin çox görünməsinə gəlincə, millət vəkili  bildirib: “Yol polisləri nə etsinlər, gizlənəsi deyillər ki...”.

M.Qurbanlı deyib ki, millət vəkilərinin də maşınlarıın yoxlanılmasına icazə verilməlidir: “Bura Afrika deyil ki...”.

 

Oqtay Əsədov da reaksiya göstərib: “Siz bilməlisiz ki, bir çox ölkələrdə maşınlar dayananda hətta onu güllələyirlər”. 

Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Ramiz Hüseynov: “Bu gün Azərbaycanda axtarışda olan çoxlu maşın və insanlar var. Biz necə maşınları saxlamaya bilərik? Burada fikir səsləndirildi ki, postlarda maşınlar saxlanılır. Əgər təqib varsa, postlardan başqa onları biz harada, necə saxlaya bilərik? Elə gənc vətəndaşlar var ki, onlar hər zaman asayişi pozmağa meyilli olurlar. Hər gün onlarla bağlı yüzlərlə şikayət daxil olur. Bəs bunları biz saxlamasaq, məsələni necə həll edə bilərik? Kateqoriya ilə bağlı burada fikir səsləndirildi ki, “D” kateqoriyası 19 yaşında əsgərliyə gedən hərbçilərə verilir. Bu hərbi ehtiyacdı, köhnə qanundur”.

R.Hüseynov deyib ki, sürücülük vəsiqlərinin dəyişdirilməsi bundan sonra sürücülük vəsiqələri alanlara şamil olunacaq: “Bu sırf Avropa Şurasının tövsiyyəsidir. Əsas məsələ motosikletlərlə bağlıdır. Motosikletlər də burada göstəriləcək. Daha bir yenilik odur ki, “D” kateqoriyasının sürücüləri qoşqulu maşınları da idarə edə biləcəklər”. Sonda qanun 96 leyhinə, 2 əleyhinə, 2 nəfər səs verməməklə qəbul olunub. Beləliklə, “Yol hərəkəti haqqında” qanunun edilən əlavə və dəyişikliklər nəticəsində velosipedi və ya arabanı idarəetmə hüququ 14 yaşdan, moped idarəetmə hüququ 16 yaşdan, “A”, “B” və “C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 18 yaşdan, “BE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 19 yaşdan, tramvayları, trolleybusları, “CE” və “D” kateqoriyalı vasitələri idarəetmə hüququ 21 yaşdan, eyni kateqoriya üzrə hərbçilərə 19 yaşdan, “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ isə 24 yaşdan veriləcək.

Qanuna edilən digər dəyişikliyə görə, yolun hərəkət hissəsində sağ zolaq boş olduqda sol zolaqla hərəkət, yaşayış zonalarında və həyət ərazilərində nəqliyyatı saatda 20 kilometrdən çox sürətlə idarə etmək qadağandır. Yolda piyada keçidi və ya işıqfor yoxdursa, sürücü yol keçməyə başlayan piyadaya yol verməli, hətta hərəkəti dayandırmalı olacaq. Dövlət nömrə nişanlarının yerində olmaması, nəqliyyat vasitəsinin şüşələrinə qanunla icazə verilməyən örtüklərin çəkilməsi, hərəkət zamanı sürücünün telefondan istifadəsinə görə 50 manat məbləğində cərimə tərəbir ediləcək.

Güclü səs və ya sayrışan işıq siqnallarından, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan texniki vasitələrdən, əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə inzibati xətanın törədilməsinə alət olan predmeti müsadirə etməklə 40-60 manatadək miqdarda cərimə ilə cəzalandırılacaq.

İstirahət günlərində beynəlxalq yükdaşımalarla məşğul olan sürücülər inzibati xəta törətdikdə cəriməni banka və ya səlahiyyətli kredit təşkilatına ödəmək mümkün olmadıqda həmin cərimə səlahiyyətli vəzifəli şəxsə ödənilə bilər. Modern.az

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı