Modern.az

Qənirə Paşayeva AŞPA-da çıxış edib

Qənirə Paşayeva AŞPA-da çıxış edib

23 İyun 2010, 09:33

Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva çıxış edib. Q.Paşayeva Ermənistan nümayəndə heyəti üzvlərinin assambleyaya verdiyi doğru olmayan bilgilər və Azərbaycana qarşı səsləndirdikləri ittihamlara da cavab verib.

“Bütün beynəlxalq təşkilatlar o cümlədən Avropat Şurası da bəyan edib ki, Kosova münaqişəsinin tənzimlənməsi Avropa məkanında olan digər münaqişələr üçün president deyildir  və ola da bilməz. Hər bir münaqişənin fərqli kökləri, fərqli səbəbləri və fərqli çözüm yolları vardır. Amma təssüf ki, bəzi güclər xüsusilə Ermənistan bu məsələdən davamlı sui-istifadə edir.

Çox təssüf edirəm ki, Ermənistan nümayəndə heyəti üzvləri Kosovo ilə bağlı müzakirələr zamanı assambleya üzvlərinə bir çox doğru olmayan məlumatlar verməklə yanaşı tamamilə fərqli bir konflikt Dağlıq Qarabağ münaqişəsi ilə Kosovo məsələsini eyniləşdirməyə çalışır. İlk öncə qeyd etməliyəm ki, Kosova və Dağlıq Qarabağ münaqişəsi həm tarixi köklərinə, həm baş vermə səbəblərinə və bütün digər faktorları ilə tamamilə fərqli münaqişələrdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı onun ətrafında yerləşən daha 7 rayonu da işğal edib və bu BMT, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatların qətnamələrində və sənədlərində öz əksini tapıb. Eyni zamanda Ermənistandan başqa bütün dünya ölkələri və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Avropa Şurası Parlament Assambleyasının, məhz bu Assambleyanın qəbul etdiyi 1416 saylı qətnamədə də birmənalı qeyd olunur ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və işğal etdiyi torpaqlardan geri çəkilməli, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd yuvasına geri dönməsinə imkan yaratmalıdır. Amma Ermənistan Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla beynəlxalq təşkilatların qətnamələrini nəinki yerinə yetirmir eyni zamanda vəziyyəti daha da gərginləşdirən addımlar atır və açıqlamalar verir.   

May ayında Ermənistan Avropa Şurası da daxil olmaqla beynəlxalq təşkilatların tövsiyyələrinə məhəl qoymayaraq işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu separatçı erməni rejiminin seçkilər keçirməsini həyata keçirdi. Beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası və dünya ölkələrinin bu cür seçkiləri tanımadıqları və gələcəkdə də tanımayacaqlarıni bəyan etməsinə baxmayaraq çox təssüf ki,  Ermənistan bu cür addımlarını davam etdirir.  Bununlada münaqişənin sülh yolu ilə, danışıqlar yolu ilə tənzimlənməsi istiqamətində aparılan çox həssas danışıqlar prosesinə zərbə vurur və bölgədə onsuzda gərgin olan vəziyyəti daha da gərginləşdirirlər.  Eyni zamanda Avropa Şurası qarşısında götürdüyü öhdəliyi də pozur.

 

Ermənistan  silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında qurduqları mövqelərdən atəşkəsi pozaraq mütəmadi olaraq işğal altında olmayan Azərbaycan kəndlərini, öz həyətində, əkin sahəsində işləyən dinc insanları snayperlərlə vurmaqla insanlara əziyyət etməsi adi hal alıb. Bundan başqa  yay aylarında Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan kəndlərinin işğal altında olmayan Azərbaycan kəndlərinə çox yaxın hissələrində məqsədli şəkildə yanğınlar törədir ki, bu yanğınlar surətlə yayılaraq dinc insanların həyatına təhlükə törətməklə yanaşı, onlara böyük iqtisadi ziyan vurur, eyni zamanla ekologiyaya böyük zərbə vurur.  Baş verənləri sadalamaqla bitməz.  Mən cəbhə bölgəsini təmsil edən bir millət vəkiliyəm və dediklərimi yerində görmək istəyən hər bir kəsi ölkəmə dəvət edirəm.  Ermənistan nümayəndə heyəti üzvləri burada yanlış məlumat verərək deyirlər ki, Azərbaycan silahlı qüvvələri atəşkəsi pozur. Və iki gün əvvəldə guya azərbaycan silahlı qüvvələri atəşkəsi pozublar. Əksinə atəşkəsi həmişə olduğu kimi Ermənistan silahlı qüvvələri pozublar. Ermənistan silahlı qüvvəri İki gün əvvəl və dünən növbəti dəfə atəşkəsi pozaraq Tərtər və Fizuli Rayonları  istiqamətində hücum etmiş və Azərbaycan silahlı qüvvələrinin bu hücumun qarşısını almışdır. Çox təssüf ki, Ermənistan tərəfi həmişə olduğu kimi yenə də yanlış informasiyalar yayaraq beynəlxalq ictimaiyyəti səhv məlumatlarla çaşdırmaq, Azərbaycanı günahkar göstərmək istəyir. Amma mən sizin qarşınızda Ermənistan nümayəndə heyəti üzvlərinin bir suala cavab verməsini istəyirəm. Ermənistan silahlı qüvvələrinin  hadisə baş verən yerdə, bölgədə nə işi var? Bu suallara ona görə cavab verə bilmirlər ki, o zaman həqiqət ortaya çıxır. Çünki həmin bölgə və ərazi Azərbaycanın torpağıdır və bütün dünya, bütün ölkələr, bütün beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan torpaqları kimi tanınıb və tanınır. Ermənistan silahlı qüvvələri isə Azərbaycan ərazilərini işğal edib və bu gün də işğal etdiyi torpaqlardan çəkilməməklə yanaşı vəziyyəti daha da gərginləşdirən addımlar atırlar. Avropa Şurası parlament Assambleyası Ermənistanın bölgədə vəziyyəti daha da gərginləşdirən addımlarına, Avropa Şurası Parlament Assambleyasının qətnamələrini yerinə yetirməməsinə, işğalçılıq siyasətini davam etdirməsinə laqeyid yanaşmamalı, işğalçı ölkəyə təsir və təzyiqlərini artırmalıdır. Çünki Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməməsi və bu cür addımları bölgədə vəziyyəti daha da gərginləşdirir ki, bu da bütövlükdə bölgədə vəziyyəti hər an nəzarətdən çıxara bilər”. 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?