Modern.az

Medvedev Obama ilə danışıqlara gedib

Medvedev Obama ilə danışıqlara gedib

Dünya

23 İyun 2010, 10:59

Rusiya prezidenti Dmitri Medvedevin ABŞ səfəri başlayır. 3 günlük səfər zamanı o ABŞ-ın yüksək texnologiyalar mərkəzi "Silikon Vadisində" olmalı, sonra isə Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə danışıqlar aparmalıdır.

BBC-nin məlumatına görə, əsas müzakirə obyektləri kimi İran, Əfqanıstan, silah ixtisarları məsələləri göstərilir.

Dmitri Medvedev internet pərəstişkarı kimi ad çıxarıb, odur ki, ABŞ-a səfər zamanı onun Kaliforniyadakı yüksək texnologiyalar mərkəzini ziyarət etməsində özünəməxsus qanunauyğunluq var.

Medvedev oxşar mərkəzi Rusiyada yaratmaq istəyir, artıq müvafiq qərar da qəbul olunub və bu mərkəz Moskvada olacaq.

Yüksək texnologiyalar öz yerində, hələlik isə ikitərəfli münasibətlərdə daha ənənəvi mövzular əsas yer tutur.

Bu məsələləri Dmitri Medvedevlə ABŞ prezidenti Barak Obama artıq Vaşinqtonda müzakirə edəcəklər.

Diqqət mərkəzində İrandır. Moskva BMT Təhlükəsizlik Şurasının yeni sanksiyalarını dəstəkləyib.

Rusiyada bildirilir ki, Moskvanın İrana göndərmək istədiyi S-300 zenit kompleksləri bu sanksiyaların altına düşür və deməli bu silahlar hələlik İrana çatdırılmayacaq.

S-300-lər havadan müdafiə sistemidir və ABŞ-da ehtiyat edirdilər ki, bu sistemlərlə İran öz nüvə obyektlərini qoruya bilər.

Odur ki, ABŞ qətiyyətlə bu silahların İrana verilməsinin əleyhinəydir.

Ancaq İran məsələsində ABŞ-la Rusiya tam həmrəy də deyillər.

Moskva hesab edir ki, BMT-nin son sanksiyaları kifayətdir və ABŞ və Avropa tərəfindən əlavə sanksiyalara ehtiyac yoxdur. ABŞ isə öz birtərəfli sanksiyalarını da yeridir.

Müşahidəçilərə görə, ABŞ-Rusiya danışıqlarında MDB-dəki ümumi vəziyyət də müzakirəyə çıxarıla bilər.

Bəzi ehtimallara görə, Rusiya ilə münasibətləri normallaşdırmaq naminə ABŞ bu istiqamətə əvvəlki marağı göstərmir.

Bu isə istər-istəməz bu məkanda Rusiyanın qüclənməsinə gətirir.

İndi müəyən ehtimallara görə, ABŞ Rusiya ilə strateji nüvə ixtisarları haqda müqaviləni imzaladıqdan sonra əvvəlki fəallığını bərpa edə bilər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir