Modern.az

Azərbaycanlı deputatlar Rumıniyadakı beynəlxalq konfransda iştirak ediblər (fotolar)

Azərbaycanlı deputatlar Rumıniyadakı beynəlxalq konfransda iştirak ediblər (fotolar)

23 İyun 2010, 12:06

Heydər Əliyev Fondunun təşəbbüsü, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, Rumıniyadakı Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun və Azərbaycanın Rumıniyadakı Səfirliyinin təşkilatçılığı ilə Rumıniyanın təhsil mərkəzi olan Kluj-Napoka şəhərində “Şərq və Qərb arasında dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib. Bu barədə Modern.az-a Azərbaycanın Rumıniyadakı Səfirliyindən məlumat verilib. Bir sıra ölkələrin şərqşünas alimlərinin, tədqiqatçıların, elm adamlarının, siyasətçilərin və tələbələrin qatıldığı tədbirdə Azərbaycandan millət vəkili və Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, millət vəkilləri Gültəkin Hacıbəyli və Fazil Mustafa, Şərqşünaslıq İnstitutunun alimləri və elmi işçiləri iştirak ediblər. Konfransın açılış mərasimində Rumıniya prezidentinin müşaviri P.Kovaks, Rumıniya Parlamentinin Təhsil komissiyasının sədr müavini K.İosif, Ruminiyanin mədəniyyət və milli irs nazirinin müavini V.Timiş və Azərbaycan Respublikasının Rumıniyadakı səfiri E.Həsənov çıxış ediblər.   

 

Daha sonra, Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutu ilə Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu memorandum yeni yaradılmış Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutunun ilk ikitərəfli əməkdaşlıq sənədidir. Memoranduma əsasən, iki institut arasında birgə elmi tədqiqatlar və onların nəşri, Türk və Mərkəzi Asiya xalqlarının tarixi və mədəniyyəti üzrə mühazirələr oxumaq üçün alimlərin qarşılıqlı səfərlərinin təşkili, kitabxanalar və arxivlərdən qarşılıqlı istifadə üçün şəraitin yaradılması, mütəxəssislərin hazırlanması və onların ixtisas kurslarında qarşılıqlı yardımların göstərilməsi, birgə seminar, konfrans və simpoziumların təşkili və bir sıra digər əməkdaşlıq sahələri əksini tapıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun fəaliyyətinin dəstəklənməsi məqsədilə Azərbaycan dövləti adından maddi yardımın göstərilməsi konfransda elan olunub və ayrılmış vəsaitin çeki Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Eldar Həsənov tərəfindən İnstitutun direktoru Tahsin Cəmilə təqdim edilib. Azərbaycan dövlətinin instituta hərtərəfli dəstəyi tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və alqışlanıb. İnstitutda fəaliyyət göstərən Avropada ilk azərbaycanşünaslıq bölməsinin də vacibliyi diqqətə çatdırılıb, səmərəli fəaliyyətinə əminlik ifadə edilib.      

 

Mərkəzi və Şərqi Avropada yeganə olan və yeni fəaliyyətə başlamış institut türk irsinin, mədəniyyətinin, dilinin, incəsənətinin öyrənilməsi və təbliğ olunmasına, eyni zamanda Rumıniyada və türkdilli ölkələrdə yaşayan xalqlar arasında əlaqələrin daha da yaxınlaşması və möhkəmlənməsinə səy göstərir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avropanın tanınmış ali təhsil müəssisəsində ilk dəfə azərbaycanşünaslığın tədris və təbliğ olunması böyük əhəmiyyət kəsb edir.

 

Konfransda həmçinin, Rumıniyada təhsil almış və elmlər doktoru elmi dərəcəsinə layiq görülmüş üç azərbaycanlı gənc - İqbal Hacıyev, Fəxri Kərimli və Həmzə Kərimovun kitablarının təqdimat mərasimi keçirilib və böyük maraqla qarşılanıb.  

 

Tədbirdə “Şərq-Qərb qarşılıqlı əlaqəsində tarixdən ibrətlər”, “Şərq və Qərb arasında dialoq üçün imkanlar və təhdidlər”,  “Yeni beynəlxalq kontekstdə qadın siyasətçilərin və QHT-lərin iştirakı”, “Sivilizasiyalararası dialoqda elm adamlarının rolu” adlı sessiyalar keçirilib.

 

Gövhər Baxşəliyeva “Sivilizasiyalararası dialoq prosesində mədəni sintez məsələləri” mövzusunda çıxışı zamanı Azərbaycan dövləti tərəfindən elmin inkişafı, təhsil sistemi sahəsində həyata keçirilmiş islahatlar, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü, qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə iştirakçılara dolğun məlumat verib. Tanınmış azərbaycanlı şərqşünas-alim Aida İmanquliyevanın elmi irsi nümunəsində Şərq və Qərb ədəbiyyatının qarşılıqlı təsirlərini təhlil edib. Gültəkin Hacıbəyli Azərbaycanın Avropa inteqrasiyası, Azərbaycanla Rumıniya arasında qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunub, “Yeni beynəlxalq kontekstdə qadın siyasətçilərin və QHT-lərin iştirakı” mövzusunda sessiyada çıxışı zamanı qadın siyasətçilərin rolu, Azərbaycanda qadınların hüquqların təmin olunması istiqamətində aparılan islahatlar və işlər, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın nəcib və aktiv fəaliyyəti, çox saylı humanist təşəbbüsləri barədə geniş məlumat verib. Fazil Mustafa “Şərq və Qərb mədəniyyətlərinin uzlaşan və uzlaşmayan nöqtələri mövzusunda çıxışında mədəniyyətlərarası dialoqun sülhə və əmin-amanlığa xidmət etməsini vurğulayaraq, mədəni qapalılığın təhlükəli tərəflərini təhlil edib. Hər üç məruzəçi Azərbaycan haqqında, onun tarixi, reallıqları, problemləri və uğurları barədə ətraflı məlumat verib. Məzmunlu çıxışlar konfrans iştirakçılarının xüsusi marağına səbəb olub.

Tədbirin sonunda növbəti beynəlxalq konfransın gələn ilin may ayında Bakı şəhərində keçirilməsi qərara alınıb.

Tədbir Rumıniya KİV-ində geniş işıqlandırılıb.

 

 

 

 

Modern.az

       

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?