Modern.az

“Mən bəzi icra başçıları kimi İsgəndər Həmidovdan qorxmurdum” - MÜSAHİBƏ

“Mən bəzi icra başçıları kimi İsgəndər Həmidovdan qorxmurdum” - MÜSAHİBƏ

Müsahibə

2 İyun 2014, 10:42

Yusif Sevdimalıyev: “Kələkidə Elçibəylə görüşən ilk icra başçısı mən olmuşam”


Modern.az saytında “Elçibəy hakimiyyətinin icra başçıları” rubrikasının növbəti müsahibi Sumqayıt şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, Bakı Dövlət Universitetinin müəllimi Yusif Sevdimalıyevdir.

- Siz Sumqayıt kimi bir şəhərə icra başçısı təyin olunmusunuz. Namizədliyinizi kim irəli sürmüşdü?

- Mən o vaxt Azərbaycan Xalq Cəbhəsi Sumqayıt şəhər şöbəsinin rəhbəri, Ali Məclisin üzvü, Sumqayıt Sənaye İnstitutunun (indiki Sumqayıt Dövlət Universitetinin) kafedra müdiri idim. Bizim Əbülfəz Elçibəylə Bakı Dövlət Universitetindən tanışlığımız vardı. Əbülfəz bəy 70-ci illərdə tutulan ərəfədə onu tanımışdım. Doğrusu, icra başçılığına namizəd olacağımı gözləmirdim. Mənim instituta rektor təyin olunmağım daha real idi. Birdən Demokratik Deputat Blokunun Sumqayıtdan olan üzvləri namizədliyimi təklif etdilər. AXC Sumqayıt şəhər şöbəsinin Məclisində bir neçə nəfərin namizədliyi ortaya çıxdı. Onların arsında çox savadlı alim olan rəhmətlik Damət Bayramov,  keçmiş deputat Mətləb Mütəllimli, jurnalist Oktay Tahirov da vardı. Bir neçəsi mənim daha hazırlıqlı olduğumu nəzərə alıb namizədliyini geri götürdü. Mənim başçı kimi fərmanım Əbülfəz Elçibəy prezident seçiləndən sonra verilib. Mənə qədər başçı Ali Sovetin deputatı Eldar İsmayılov idi.

-  Keçmiş başçı təyinatınızı necə qarşıladı?

- İyulun əvvəlində keçirilən təqdimat mərasiminə Vahid Əhmədov və Pənah Hüseynov da gəlmişdilər. Eldar müəllimlə tanışlığımız əvvəlcədən vardı. Mən şəhər Sovetinin deputatı idim. Çox normal qarşıladı.

- Siz müəllim işləsəniz də, şəhər təsərrüfatına bələd deyildiniz. Sumqayıt kimi şəhəri idarə etmək o dövr üçün o qədər də asan deyildi. İlk fəaliyyətiniz nədən ibarət oldu?

- Öncə onu qeyd edim ki, mənim tələbələrimin bir neçəsi o vaxt Sumqayıtın aparıcı müəssisələrində direktor, baş mühəndis, sex müdiri işləyirdilər, şəhər Sovetinin deputatı kimi elm, texnika ilə məşğul olan komitənin rəhbərlərindən biriydim. Mən şəhərin nəbzini bilirdim. Rafiq Əliyev bizim institutun rektoru olmuşdu, onun rəhbərliyi ilə Sumqayıtın bir neçə müəssisəsində müasir çevik avtomatik xətlərin tətbiqi sahəsində xeyli iş görmüşdük. Ona görə şəhəırin sənaye spektri mənə müəyyən qədər tanış idi. Mənim kafedra müdiri kimi idarəçilik təcrübəm də vardı, Xalq Cəbhəsi özü elə bir məktəb idi.

- Bu sualı indi verirəm, Xalq Cəbhəsi məktəbini keçənlər niyə hakimiyyətdə bir il qala bildilər?

- Bu sualın çox cavabları var. Mirça Snequr, Leonid Kravçuk, Qamsaxurdiya, Levon Ter-Petrosyan, Əbülfəz Elçibəy kimi adamlar – Moldovadan tutmuş Azərbaycana qədər- Rusiyanın yeni imperiya ambisiyalarının  qarşısında duruş gətirə  bilmədilər. Bu, əslində bir ölkənin problemi deyildi. Bu dünyada baş verən siyasi proseslərin həm də məntiqi nəticəsi idi. Bu hakimiyyətlər Qərb tərəfindən sözdə dəstəkləndi, amma reallıqda heç bir əməli iş görülmədi.  Bu hakimiyyətlərin bir qədər zəifləməsi, xalqın yaranmış situasiyada istəklərinin tam təmin olunmaması da nostalji hiss yaratmışdı.

- Burada bəlkə hakimiyyətə gələnlərin özünü doğrultmaması da rol oynayıb?

- Sizin dediyinizin bu prosesdə payı 50 faiz ola bilərdi. Bizdən sonra hakimiyyətə gələnlər 20 ildən çoxdur hakimiyyətdədirlər. Məgər hakimiyyəti xalq dəyişir? Keçmiş sovet respublikalarının hansında xalq hakimiyyət dəyişib? Bəlkə Gürcüstanı istisna etmək olar, Ukraynada xalq müəyyən qədər istəyinə çatsa da, ciddi itkilərsiz ötüşmədi.

- İcra başçısı təyin olunandan sonra sizdən əvvəlki hakimiyyətdəki kadrlardan kimlərlə işləmək istəmədiyinizi dediniz?

- Bizim kadr potensialımız var idi. İcra başçısının müavinləri, zavod direktorları arasında dəyişikliklər etdik. Biz Direktorlar Şurası yaratdıq, məqsəd Sumqayıtın bütün müəssisələrinin problemlərinin birgə həll olunması idi. Bildiyiniz kimi, o vaxt Rusiya ilə bütün bank əməliyyatları dayandırılmışdı. Sumqayıtda elə müəssisələr vardı Rusiya və digər xarici ölkələrlə əlaqəli işləyirdilər. Biz müəssisələrdəki problemlərin həlli üçün Nazirlər Kabinetinin, Mərkəzi Bankın, eləcə də bu və ya digər sahələrin rəhbərlərini dəvət edirdik. Əlbəttə, işin öhdəsindən gələ bilməyənlər bu proses zamanı da vəzifəsindən uzaqlaşdırılırdı.

- Uzun illər yüksək vəzifədə olan adamları uzaqlaşdırmaq o qədər də asan məsələ deyil. Siz hansısa yüksək vəzifəli məmuru işdən çıxardanda onun, yaxud başqa birisinin ciddi müqaviməti ilə üzləşirdinizmi?

- Əlbəttə, zəng edirdilər, amma kiminsə adını çəkmək istəməzdim. Biz yeni siyasi hakimiyyətin təmsilçiləri idik. Məni bu vəzifəyə prezident təyin etmişdi. Sumqayıt ictimaiyyətinin tanıdığı demokratik imicli adamların iştirakı ilə kadr bankı yaratmışdıq. İmkanlarımızdan istifadə edərək yeni təyinatlar edirdik. Getmək istəməyənlərlə bağlı zəng edənlər, hətta həmin rəhbər şəxs üçün müəyyən möhlət verilməsini istəyənlər də olurdu. Amma biz deyirdik ki, keçmiş kadrların illərlə vəzifədə qalıb problemləri həll etməməsi ictimai qınağa səbəb olurdu, insanlarda narazılıq yaradırdı.

- Elə bir vəzifəli şəxs olubmu ki, onu işdən çıxartmaq niyyətiniz baş tutmasın?

- Yox, belə faktla üzləşməmişəm. Hətta Əbülfəz bəyin bir nəfərin təyinatı ilə bağlı istəyi vardı, məndən həmin kadr haqqında fikrimi soruşdu. Dedim ki, mütəxəssis kimi pis deyil, amma illərdir bu aparatda işləyir, şəhərdə isə onun haqqında fikirlər o qədər də müsbət deyil.

- Əbülfəz bəy onun çıxarılmamasını istəyirdi?

- Prezidentə demişdilər ki, o yaxşı mütəxəssisdir, kadr kimi qalıb işləsə, daha yaxşı olar. Mən də dedim ki, mütəxəssis kimi başqa yer təklif edə bilərik. Həmin şəxsi aparatda saxlamadım. Mənə baş nazirin müavini, parlamentin vitse-spikeri, hətta spiker, Bakı şəhər prokuroru kimi vəzifəlilər zəng ediblər, onları  dinləmişəm, sonra prezidentlə söhbət etmişəm, deyib ki, öz bildiyini et. Mən tamam müstəqil icra başçısı olmuşam.

- Sumqayıt Azərbaycanın bütün regionlarından olan insanların yaşadığı bir şəhərdir. Təbii ki, region müxtəlifliyi baxımından şəhərin idarə edilməsi o qədər də asan ola bilməzdi...

- Sumqayıtın özəlliyi ondan ibarətdir. Bu şəhər Azərbaycan demokratiyasının laboratoriyasıdır. Azərbaycanın heç bir yerində olmayan əhval-ruhiyyə Sumqayıtda var. Bu şəhərin Demblokda 5 deputatı vardı. Azərbaycanın sənaye potensialının böyük hissəsi bu şəhərdə cəmləşirdi. Bakının və bütün respublikanın Rusiya, eləcə də Qərblə əlaqələri dayananda Sumqayıtın özəl çıxışları vardı. Ona görə mənim çətinliyim məsələni müzakirəyə çıxarana qədər olurdu.

- O vaxt icra başçısı işləyənlərin əksəriyyəti hüquq-mühafizə orqanları, xüsusilə polislə bağlı problemlər yaşayıblar. Sizin hüquq-mühafizə orqanları ilə əməkdaşlığınız necə qurulmuşdu?

- Əvvəlcə prokurordan başlayaq. Mən icra başçısı təyin olunanda Sumqayıtın prokuroru Zakir Zeynalov idi. Rəhmətlik çox nüfuzlu prokuror idi, həm də yaxşı insan idi, mən də onunla işləməyə hazır idim. Lakin etirazıma baxmayaraq baş prokuror İxtiyar Şirinov onu işdən çıxartdı. Onun yerinə Ağabala Əliyev təyin olundu, savadlı, işgüzar cavan oğlan idi. Hətta prokuror işləməsinə baxmayaraq cəbhənin Füzuli istiqamətində döyüşə komandirlik edirdi. Mən icra başçısı vəzifəsindən gedəndən sonra bir dəfə rastlaşdıq, dedi ki, Yusif müəllim sizin fəaliyyətinizi çox ciddi yoxlatdırdılar, mən sizin qarşınızda baş əyirəm, nəinki sizin, hətta komandanızın əməlində ilişəcək heç nə tapa bilmədilər. Rəhmətlik Fətulla Hüseynov, Zülfü Babayev Sumqayıtda milis rəisləri işləyiblər. Sonra rəhmətlik Mübariz Hüseynov gəldi. Nazir İsgəndər Həmidov onu Sumqayıta rəis təyin edəndə etiraz etmədim. Onu isə Mahir Əbilovla əvəzlədilər. Onlar qarşılarında məni gördükləri üçün əməllərində narazılıq yaradacaq nüanslara yol vermirdilər. Mən əvvəlcədən demişdim ki, rüşvətlə, başqa qanunsuz əməllərlə bağlı bircə fakt üzə çıxsa, heç biriniz vəzifənizdə qalmayacaqsınız. Ona görə hüquq-mühafizə orqanları ilə problemim olmayıb. Siz inanmazsınız, Sumqayıtda camaat özü hər şeyə ciddi nəzarət edirdi. Biz bütün müşavirələrdə, yığıncaqlarda müəssisə rəhbərlərinə tapşırırdıq ki, insanların sosial tələblərini maksimum təmin etməlidirlər. Biz tapşırırdıq ki, Sumqayıtın müəssisələrinin qazancından heç kəsə bir manat rüşvət kimi getməməlidir. Mənim ən ciddi şərtim Sumqayıtda rəhbər vəzifədə olan şəxsə kimsənin rüşvət vermək haqqında belə düşünməməsi idi. Demişdim ki, əgər hansısa vəzifəli şəxsin hətta ürəyindən bu istək keçərsə, bu o demək olacaq ki, prosesə elə mən özüm rəhbərlik edirəm. Bunu hətta düşünməyə cəsarət edəcək kimsə ola bilməzdi.

- Prezidentlə görüşmək imkanınız necə idi? Əbülfəz bəylə nəyi müzakirə edirdiniz?

- Görüşməyimə heç vaxt problem olmayıb. Əksinə Əbülfəz bəylə görüşəndə bəzən Prezident Aparatında, digər qurumlarda qısqanclıq yaranırdı. Məsələn, daxili işlər naziri ilə bağlı Elçibəylə söhbətim olub. Mən polisin Sumqayıtda yerli-yersiz yoxlamalar aparması ilə razılaşmırdım və prezidentə də bu haqda məlumat vermişdim. Bəzi müəssisələr Daxili İşlər Nazirliyinə pul köçürürdülər. Bu cür faktları mənə çatdırırdılar. Əlbəttə, ilk növbədə direktorları çağırıb deyirdim ki, niyə Daxili İşlər Nazirliyi üçün hansısa hesaba pul köçürürsünüs?


- Siz bu haqda Əbülfəz bəyə məlumat verəndə reaksiyası nə oldu?

- Əbülfəz bəy dedi ki, heç kəsin sizin işinizə qarışmaq səlahiyyəti yoxdur, hətta nazirlər də hər şeyi sizinlə razılaşdırmalıdır. Vaxtilə olan incikliyə görə müəssisələrdən birini yoxlatdırmaq cəhdi olub, qarşısını almışam. Azərbaycanda mənim qədər heç bir icra başçısına böyük etimad göstərilməyib.

- Etiraf etmək lazımdır, o vaxt daxili işlər naziri işləyən İsgəndər Həmidovdan çoxları çəkinirdi...

- Mən İsgəndərdən qorxmamışam. İsgəndər Kəlbəcərdən deputat seçilə bilməmişdi. Sonra Əbülfəz bəy İsgəndər Həmidovun Sumqayıtdan deputatlığa namizəd olması ilə bağlı mənə məktub göndərmişdi. Ondan sonra İsgəndər Həmidov AXC-nin Sumqayıt şəhər şöbəsinin dəstəyi ilə Elçin Əfəndiyevlə ciddi mübarizədə deputat seçildi. Onu deputat edən kişi qarşınızdadır. Ali Sovetin sessiyasında İsgəndər Həmidov nazir təyin olunan vaxt çağırıb məndən polis rəisi Zülfü Babayevlə problemimizin olub-olmadığını soruşdu. Dedim ki, heç bir problemim yoxdur. Əgər mən razılıq versəydim onu dəyişdirəcəkdi.

- Söhbət İsgəndər bəydən yox, o vaxt “boz qurdlar” deyilən dəstələrdən söhbət gedir. AXC hakimiyyəti vaxtı həmin dəstələr hərdən yersiz hərəkətlər edirdilər...

- Həmin dəstə Sumqayıtın bəzi müəssisələrində də nəsə etmişdilər.  Bilirsiniz, Sumqayıt o vaxt Azərbaycanın bir növ kassası idi. Bütün müəssisələr fasiləsiz işləyirdi. O vaxt dövlət büdcəsinə Sumqayıtdakı müəssisələrin hesabına nə qədər vəsait daxil olduğunu indi də araşdıra bilərsiniz. Siz Sumqayıtın o vaxt kuratoru olan Vahid Əhmədovdan da soruşa bilərsiniz.

- AXC hakimiyyəti, belə demək mümkünsə, çörəklə də sınağa çəkilirdi. Müəyyən qüvvələr süni çörək qıtlığı yaratmaqla camaatı hakimiyyətə qarşı qaldırırdılar. Sumqayıtda da bu cür problemlə üzləşməyə bilməzdiniz. Bunu kimlər edirdilər?

- Sumqayıtın çox yaxşı fəaliyyət göstərən çörək zavodu vardı. Sonradan deputat seçilən Tofiq Hüseynovu bura direktor da biz təyin etmişdik. O, İsgəndər Həmidovla Tahir Əliyevin deputat seçkilərində də yaxından iştirak etmişdi. Tofiq Hüseynov Moskva Texnologiya İnstitutunu fərqlənmə diplomu ilə qurtarıb, çox bacarıqlı mütəxəssisdir. O, bizim vaxtımızda çox keyfiyyətli çörək istehsal edirdi, bəlkə də ölkədə onun bişirtdiyi çörəyin bənzəri yox idi. O zaman, şimal rayonlarından, hətta Bakıdan gəlib Sumqayıtdan çörək alırdılar. Bizdə yalnız droj qıtlığı yaranmışdı. Bu problemi isə Tatarıstandakı dostlarımızın vasitəsilə həll etmişdik. Yeri gəlmişkən, mən Əbülfəz Elçibəydən bir neçə nazirlik və komitənin Sumqayıtda yerləşdirilməsinin razılığını almışdım. Mənim səyim nəticəsində əlvan və qara metal, bir də Azərkimya şirkətləri Sumqayıtda yerləşdirilib. Həmin komitələrə Sumqayıtda yaşayan rəhmətlik Fəxrəddin Həmidov və Fikrət Sadıqov rəhbər təyin olunublar. Mən Elçibəyin Sumqayıtda azad iqtisadi zona yaradılmasına razılığını almışdım. BMT-nin rezident əlaqələndiricisi Paolo Lembo sonradan dedi ki, Azərbaycanın qırmızı direktorları və hakimiyyət bu zonanın yaradılmasına maraq göstərmədi. O, bu zonanın yaradılması üçün çox çalışdı, təəssüf ki, istəyinə nail ola bilmədi.

- Sizin ən ciddi problem yaşadığınız şəxslərdən biri  mərkəzi kolxoz bazarının rəhbəri Ağamirzə Əhədov olub. Ancaq siz hakimiyyətdən gedən kimi o yenidən bazara qayıdıb. Probleminiz nə ilə bağlı olub?

- Mən onun haqqında pis fikirdə olmamışam. Sumqayıt şəhər Sovetinin 25 nəfər deputatı vardı. Şəhər sənayesi, bağçalar, məktəblər, səhiyyə üzrə komissiyalar fəaliyyət göstərirdi. Üstəlik, AXC şəhər şöbəsinin Məclisinin də komissiyaları vardı. Bunların qənaətinə görə, heç bir diplomu olmayan birisinin zavoddan gəlib bu boyda bazarda uzun müddət işləməsi kimlərinsə adamına çevrilirdi. Şəxsən bazarkomun dəyişdirilməsi mənim səviyyəmdə olan iş deyildi. Biz hakimiyyətdən gedəndən sonra bir neçə hüquqşünas, onun biri indi deputatdır, Ağamirzə Əhədovun qaytarılmasına nail oldular. O, indi Sumqayıtın ən imkanlı adamıdır.

 - AXC hakimiyyətdən gedəndən sonra icra başçısı təyin olunan Şakir Abuşovla Sumqayıt şəhər Sovetinin sədrliyinə birgə namizəd olmusunuz. Bu yarışda niyə qalib gələ bilməmişdiniz?

- AXC hakimiyyətə gəlməzdən əvvəl şəhər Sovetinin sessiyası keçirilirdi. Onda şəhər Sovetinin sədri Eldar İsmayılov icra başçısı təyin olunduğundan həmin yer boşalmışdı. Seçki məsələsi gündəmə gələndə bizi dəstəkləyən adamlar mənim şəhər Sovetinin sədri vəzifəsinə namizədliyimi gündəmə gətirdilər. Beləliklə, mən Şakir Abuşova rəqib oldum. Onun namizədliyini Eldar İsmayılov irəli sürmüşdü. O zaman kiminsə namizədliyinin qarşısını almağın bir yolu vardı: onlar bilirdilər ki, mənim adım seçki bülleteninə düşsə, Şakir Abuşov keçməyəcək. Ona görə namizədlərin səsverməyə buraxılması səsə qoyuldu. Bu səsvermədə mənim əleyhimə çıxdılar. Beləliklə, Şakir Abuşovun yolu açıldı. 

- Bu, belə deyək, sizin Sumqayıtda Eldar İsmayılov və onun ətrafındakı adamlara uduzmağınızla başa çatsa da, sonradan icra başçısı təyin olundunuz. Söhbət boyu Sumqayıtda sizdən əvvəl uzun illər vəzifədə işləyən adamlarla probleminizin olmadığını əminliklə iddia edirsiniz. Ancaq rəhmətlik Heydər Əliyev 2003-cü ilin əvvəlində Sumqayıtda keçirilən müşavirədə şəhərdəki klanların bir-bir adını çəkərək onları icra hakimiyyəti başçısını işləməyə imkan verməməkdə qınayırdı. Bu klanlar təbii ki, sizin də vaxtınızda olub, onlarla necə yola gedirdiniz? Digər tərəfdən, Sumqayıt Azərbaycanda ən kriminal şəhərlərdən biridir. Belə bir şəhəri idarə etməyin öhdəsindən gələ bilirdinizmi?

- Klan hakimiyyəti klan yaradır. Hətta şəhərdə tanınan, imkanı olan adamlar, müəssisə və təsərrüfat rəhbərləri bu statusda bizimlə görüşmək təşəbbüsü etmişdilər. Deyirdilər ki, regionları təmsil edən ağsaqqallar, hansısa sahənin başbilənləri sizinlə özəl görüş istəyirlər. Biz onlara deyirdik ki, bizim təşkilatda nüfuzlu professorlar, müəssisə rəhbəri olanlar var, yəni regional mənsubiyyətlilik iddiası ilə nə problemləri varsa kömək edək, ancaq bizə məsləhət vermək fikrindən daşınsınlar. Azərbaycan slavyan cəmiyyəti, rus icması, ləzgi cəmiyyəti, regional baxımdan qərbi azərbaycanlılar vardı, o vaxt naxçıvanlılar xüsusi region statusunda çıxış etmirdilər... Çünki təşkilatımızda regionların əksəriyyətini təmsil edən kifayət qədər nüfuzlu şəxslər təmsil olunurdular. Ancaq bizə ağsaqqallıq etməyi təklif edənlər olub. Demişik ki, bizim həm ağsaqqalımız, həm də təşkilatımız var, ölkəni idarə etməyə gücümüz çatır.

- Ancaq hakimiyyətdən getmək növbəsi bir ilin tamamında sizə də çatdı. Bu proses necə oldu, siz nə zaman başçı vəzifəsindən uzaqlaşdınız?

93-cü il iyul ayının 21-i idi. Bir gün əvvəl AXC Ali Məclisinin sessiyası keçirildi. Səhəri gün şəhərə silahlı adamların gəldiyi haqda məlumat verdilər. Yadımdadır, Ali Sovetin sessiyasında professor rəhmətlik Ədalət Rəhimli dedi ki, silahlı adamlar sərhəddə, müharibə gedən ərazilərdə olarlar. Heydər Əliyevin sədrlik etdiyi sessiyada o soruşurdu: “Sumqayıtda silahlı adamların peyda olması, onların şəhər icra hakimiyyəti ilə problem yaşaması, vəzifədə olan kiminsə dəyişdirilməsi cəhdi və təşəbbüsü kimə və nəyə xidmət edir?

- Sizin yerinizə kimi gətirmək istəyirdilər?

- Mən iyulun 23-də getdim, şəhər Sovetinin sədri olan Şakir Abuşovu icra başçısı gətirdilər. O vaxt hərbi hissələrdən birinin komandiri gəlib dedi ki, prezident artıq Bakını tərk edib. Amma Əbülfəz bəy bundan iki gün sonra Kələkiyə getdi. Bundan əvvəl iyulun 15-də, yaxud 16-da AXC-nin Nərimanov rayon şöbəsinin qərargahına yığışmışdıq, Bakı şəhər İcra Hakimiyyətinin başçısı rəhmətlik Rauf Gülməmmədov və digərləri də ora toplaşmışdılar. Orada bir sənəd hazırlayıb prezidentin iqamətgahına getdik, o zaman Pənah Hüseyn, Əli Kərimli, Çingiz Qənizadə də orada idilər. Ölkədəki ümumi situasiyanı, polisin bu hadisələrdə tutduğu mövqeni dəyərləndirdik, orada mən çıxış da etdim. Sonra prezident dedi ki, silahlı şəxslərin ayrı-ayrı rayonlara gəlməsində maraqlarının nədən ibarət olduğunu yerlərdə camaata izah edin. Üstündən bir neçə gün keçəndə bəlli oldu ki, Əbülfəz bəy yaranmış situasiya ilə əlaqədar Bakını tərk edərək Kələkiyə gedib. Onu da deyim ki, o zaman Elçibəylə Kələkidə görüşən gedən ilk icra başçısı da mən olmuşam. Mənə qədər onunla görüşə bir neçə deputat getmişdi. Mən 93-cü il avqustun 19-da Kələkidə olmuşam. Biz o vaxt “AZAL”ın prezidenti olan Ədalət Əliyevin köməyi ilə Naxçıvana Gəncədən getmişdik.

- Əbülfəz bəyin prezident kimi səlahiyyətləri parlamentdə iyunun 24-də alınmışdı. Siz bundan sonra bir ay vəzifənizdə qalmışdınız. Getməyinizin yubandırmaqla nəyəsə ümid edirdiniz? Dediniz ki, silahlı şəxslər gəlib Sumqayıtda proseslərə müdaxilə edirdilər. Əgər bu olaylar baş verməsəydi, siz Heydər Əliyevlə işləməyə hazır idinizmi?

- Mən avqustun 19-da Kələkidə olanda Əbülfəz bəy dedi: “Sən niyə buradasan, axı orada icra başçısısan. Heydər Əliyev sənin Naxçıvana, sərhəd bölgələrinə nə qədər yardım etdiyini bilir, ona görə səninlə işləmək istəyər. Sən get yerində otur”. Dedim, “yox, bəy mən başqa komandanın adamı olmuşam, bu adamların da gətirdiyi kadrları görürəm, ona görə bunlarla işləyə bilmərəm. Mənim yolun onlarla bir ola bilməz”. Xeyli fikirləşəndən sonra Elçibəy “sən düz fikirdəsən, seçim özünündür”, - dedi.



Azər Hüseynbala

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu