Modern.az

"AER" şirkəti İqtisadi İnkişaf Nazirliyini məhkəməyə verdi

"AER" şirkəti İqtisadi İnkişaf Nazirliyini məhkəməyə verdi

Ölkə

24 İyun 2010, 15:33

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir neçə gün öncə Azərbaycanda ən iri dondurma istehsalçılarından olan “AER” şirkətində aparılan yoxlama barədə məlumat yayıb.

Nazirlik bəyan edib ki, Dövlət Xidməti tərəfindən “AER” şirkətində aparılan yoxlama zamanı etiketində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətlərdən artıq göstərilmiş 19,3 ton dondurmanın satışı dayandırılıb və 3 çeşiddə hazır məhsuldan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Nazirliyin məlumatında bildirilib ki, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən dondurmaların tərkibində bağırsaq çöpü qrupundan olan bakteriyalar aşkarlanıb. “AER” şirkəti bu gün İqtisadi İnkişaf Nazirliyinə cavab verib. Şirkətdən Modern.az-a verilən məlumatda bildirilib: İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətinin mətbuatda yayılan məlumatlarına cavab olaraq bildiririk ki, “AER” şirkətinin istehsal etdiyi dondurmaların keyfiyyəti və yararlılıq müddəti ilə bağlı heç bir problem yoxdur. Bizim məhsulların hamısına Standartlaşdırma, Metreologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən uyğunluq sertifikatı verilib. Bundan başqa,  Standartlaşdırma, Metreologiya və Patent üzrə Dövlət Komitəsinin və Sanitar-Epidemioloji Mərkəzin laboratoriyalarında aparılmış gigiyenik, bakterioloji analizlər məhsullarımızın standartlara tam uyğun olduğunu üzə çıxarıb və nəticələrlə bağlı müvafiq rəy də verilib. Məhsullarımızın yararlılıq müddəti ilə bağlı iradlara gəlincə bəyan edirik ki, bunu Azərbaycanda Dondurma istehsalı üzrə standart olan AZS 228-2006-nın 7.3 bəndinə istinad edərək müəyyən edirik. Sənəddə göstərilir ki, məhsulun saxlama müddətini istehsalçı texnoloji prosesə uyğun olaraq özü müəyyn edir. Fəaliyyət göstərdiyimiz 12 il ərzində qanunvericiliyin tələblərinə tam riayət etmişik. Bu müddətdə nə dövlət qurumları, nə də istehlakçılarla heç bir problemimiz yaşanmayıb. Dondurmaların yararlılıq müddəti Sovet dövründə də, indinin özündə də qonşu Rusiya, Ukraynada və Türkiyədə yuxarıda göstərilən qaydada müəyyən olunur. Yəni bu saxlama rejimindən və temperaturdan asılı olaraq 6ay, 8 ay, 1 il və hətta 2 ildir.

Həmçinin qeyd etmək istəyirik ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətinin istehsal etdiyimizi iddia etdiyi 30 dondurma adından 18-ni “AER” firması istehsal etmir. Həmin adlar sadəcə firmamız tərəfindən patentləşdirilib.

AER şirkəti İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti ilə yaranmış problemi hüquqi müstəvidə həll etmək üçün artıq məhkəməyə müraciət edib. Azərbaycan Republikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi işə mahiyyəti üzrə baxılıb həll edilənədək Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Yanında Antitinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 12 iyun 2010-cu il tarixli 000027 saylı aktının, 11 iyun 2010-cu il tarixli “Malların, əşyaların və şeylərin götürülməsi haqqında” protokolun icrası dayandırılıb. Adı çəkilən Xidmətin firmamızı antireklam etməsi qərəzlidir, qanunlara ziddir. Qeyd edək ki, AER şirkəti Azərbaycanın ən böyük 3 dondurma istehsalçısından biridir və qonşu ölkələrərə də məhsul ixrac edir". "AER" şirkəti Modern.az-a məhsullarının gigiyenik sertifikatı, uyğunluq sertifikatı, İSO sertifikatı və laborator analizlərin nəticələrinin surətləri də təqdim edib.

 

 

 

 

 

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı