Modern.az

İdmandan siyasətə gələn məşhurlar - SİYAHI

İdmandan siyasətə gələn məşhurlar - SİYAHI

4 İyun 2014, 18:16


Adətən, insanların idman karyerasının standart ömrü 20 ildən artıq olmur. İdmanla vidaşdıqdan sonra bəziləri öz karyeralarını məşqçiliklə davam etdirir, bəziləri isə təqaüdə çıxıb sakit həyat keçirməyə üstünlük verir. Lakin bəzən məşhur idmançılar arasında elələri də olur ki, idmanda tam xərcləyə bilmədikləri enerjini cəmiyyətə yönəldirlər, yəni siyasətçi, dövlət xadimi olurlar.
Modern.az idmanda qazandıqları uğurdan sonra siyasi fəaliyyətə başlayan 6 məşhur idmançını təqdim edir.

1. Vitali Kliçko. Yaxınlarda Kiyev meri seçilən Vitali Kliçko siyasi fəaliyyətə qoşulmazdan öncə professional boksçu kimi riqnlərdə döyüşüb. Erkən yaşlarından kikboskla məşğul olan Vitali Kliçko bu idman növündə 6 dəfə dünyanın ən güclüsü olub. 1995-ci ildə boksla məşğul olmağa başlayan Kliçko tezliklə canlı əfsanəyə çevrilib. Belə ki, o 18 illik boks karyerası boyu rinqdə 47 döyüş keçirib. Bu döyüşlərin 45-i qələbə (41-i nokautla), 2-si isə məğlubiyyətlə nəticələnib. Kliçko WBO (1999-2000) və WBC (2004-2005, 2008-2013) versiyaları üzrə ağır çəkidə dünya çempionu olub. 2010-cu il aprelin 24-də o, hələ boks karyerasına son verməmiş UDAR (İslahatlar Naminə Ukrayna Demokratik Alyasnı) partiyasının sədri olub və Ali Rada seçkilərində deputat mandatı qazanıb.
2013-cü ilin noyabrında Ukraynada prezident Viktor Yanukoviçə qarşı genişlənən “Avromaydan” hərəkatında UDAR partiyası aktiv iştirak etdi. 2014-cü il fevralın 21-də hakimiyyət dəyişikliyindən sonra isə Vitali Kliçko ölkənin əsas siyasi fiqurlarından birinə çevrildi. Mayın 25-də keçirilən prezident seçkilərində Vitali Kliçko oliqarx Pyort Poroşenkonun namizədliyini dəstəklədi və eyni zamanda Kiyevi meri vəzifəsinə seçildi.

2. Arnold Şvarssenegger. Daha çox Hollivud blokbasterlərinin əvəzolunmaz ulduzu və Kaliforniya ştatının qubernatoru kimi xatırlanan Arnold Şvrassenegger 15 yaşından bəri bodibildinqlə məşğul olub. Adətən əzələ kütləsinin münsiflərə nümayiş olunduğu bu idam növündə o, ilk uğuru 19 yaşındaykən 1966-cı ildə “Mister Avropa” mükafatını qazanmaqla əldə edib. Elə həmən il Şvarssenegger daha bir Avropa bodibildinq turniri olan “Mister Kainat” yarışmasının da baş mükafatını qazanıb. 1968-ci ilin sentyabrında Amerikaya köç etdikdən sonra isə “Arni” yeni qitənin ən nüfuzlu bodibildinq turniri olan “Mister Olimpiya”da qalib olub. 1980-ci ildə bodibilder karyerasına son qoyan avstriyalı ümumilikdə 5 dəfə “Mister Kainat” və 7 dəfə “Mister Olimpiya” mükafatlarını qazanıb.
Daha sonra o, Hollivud filmlərinə çəkilməyə başlayıb. 2003-cü ilin oktyabrında Kaliforniya qubernatorluğuna namizəd olan Arnold Şvarssenegger qalib gəlib. 2006-cı ildə yenidən qubernator seçkilərini qazanan keçmiş idmançı 2011-ci ildə vəzifə müddətinin bitməsi səbəbəindən yenidən Hollivuda geri dönüb.

3. Kaxa Kaladze. Dövrünün məşhur futbolçusu Kaladze hazırda Gücürstanda siyasi fəaliyyəti ilə diqqət çəkir. O futbolçu karyerasına 1993-cü ildə Tbilisinin “Diamo” futbol klubunda başlayıb. 5 dəfə Gürcüstan çempionu adını qazanan Kaladze 5 il klubun şəfərini qoruduqdan sonra 1998-ci ildə Kiyevin eyniadlı “Dinamo” klubuna transfer olub. Ukraynada 3 illik futbolçu karyerası boyunca o, ölkə çempionu və 3 qat Ukrayna kubokunun sahibi olub. Ampluası müdafiəçi olan Kaxa Kaladze arxa xətdəki etibarlı oyunu ilə italyan seleksiyaçıların da diqqətini cəlb edib. 2001-ci ildə məşhur “Milan” klubunun sıralarına qatılan Kaladza yeni komandasında karyerasının zirvəsinə qalxıb. Bir dəfə İtaliya A seriyasının qalibi, Avropanın ən nüfuzlu klub turniri Çempionlar Liqasının 2 qat qalibi və UEFA Superkubokunun sahibinə çevrilib. Paralel olaraq doğma Gürcüstanın milli yığma komandasının da şərəfini qoruyan futbolçu karyerasının son 2 ilini İtaliyanın ortabablarından sayılan “Genuya”da keçirib.
2012-ci il mayın 12-də 34 yaşlı futbolçu kayreyasını bitirdiyini elan edib. Tezliklə sabiq futbolçu Gücürsatnda siyasi fəaliyyətə başlayıb və milyarder Bidzina İvanişvilinin yaratdığı “Gürcü Arzusu” partiyasını dəstəkləyib. İqtidara gələn partiya öz tərəfdarını 2012-ci il oktyabrın 25-də energetika naziri və baş nazirin müavini postuna təyin edib.

4. Alina Kabayeva. Məşhur Rusiya idmançısı, Bədii gimanstika üzrə olimpiya çempionu Alina Kabayeva da idmandan siyasətə keçənlərdəndir. Hazırda 31 yaşlı Kabayeva iqtidardakı “Vahid Rusiya” partiyasından parlamentin deputatıdır. O, 1983-cü ildə Daşkənddə rus-tatar ailəsində doğulub. Erkən yaşlarından məşğul olduğu bədii gimanstika 12 yaşında onu Moskvaya gətirib. Burada Kabayeva tanınmış məşqçi İrina Vinerin rəhbərliyi altında məşqlərə qatılıb. 1996-cı ildən etibarən Rusiya Bədii Gimnasitika komandasının tərkibində çalışmağa başlayıb. İdman karyerasında 5 qat Avropa çempionu, 2 qat dünya çempionu və 2004-cü il Afina Yay Olimpiya Oyunlarının qalibi olan Alina Kabayeva 2007-ci ildən idman karyerasını başa vurub.
O, daha sonra siyasi fəaliyyətə başlayıb və 2008-ci ildə Rusiya Dövlət Dumasında keçirilən seçkilərdə qəlbə qazanıb. 2013-cü il də 2-ci dəfə öz seçki dairəsi üzrə qalib gələrək, depuat mandatını qoruyur.

5. Vladimir Putin. Hazırki Rusiya prezidentinin tam əsasla idmandan siyasətə gəldiyi demək olmaz. Buna baxmayaraq Vladimir Putin gənclik çağlarında Sovet xüsusi xidmət orqanlarında çalışmağa üstünlük verməsəydi, böyük idman karyerası qazana bilərdi. İlk dəfə 14 yaşı olarkən doğma Sankt-Peterburq şəhərindəki boks dərnəyinə gedən Putin məşqlərin birində burunun sınması ilə nəticələnən zədə alır. Buna görə maraqlarını boksdan cüdo və samboya yönəldir. 15 il ərzində Rusiyanın əməkdar məşqçisi Anatoli Rıxlinin yanında dərs alan gələcək Rusiya prezidenti tezliklə cüdo turnurlərinə qatılır. 1976-cı ilə Vladimir Putin cüdo üzrə Sankt-Peterburq şəhər çempionatında qələbə qazanıb. Dövlət Universitetində təhsil aldığı illərdə cüdo və sambo üzrə idman ustası dərəcələrini alıb. Putinin idman karyerası elə bununla məhdudlaşır. Buna baxmayaraq 2005-ci ildə Avropa Cüdo İttifaqı onu öz “fəxri” prezidenti elan edir. Tələbəlik illərindən sovet təhlükəsizlik orqanları ilə ünsiyyətə daxil olan Vladimir Putin 1998-ci ildə Federal Təhlükəsizlik Xidmətinin direkoru postuna təyin olunub. O, 2000-ci ilin martından 2008-ci ilə qədər Rusiya Federasiyasının prezidenti, daha sonra 4 il baş nazir kimi çalışır. Hazırda o yenidən Rusiya prezidentidir.

6. Menni Pakyao.
Tanınmış filippin mənşəli boksçu, həm də ölkəsində siyasi fəaliyyətlə məşğul olur. 1978-ci il dekarbın 17-də anadan olan Pakyao 1995-ci ildə boks rinqində debüt edib. 1998-ci ildə ən yüngül çəki dərəcəsində dünya çempionu adı qazanıb. 1999-cu ilə qədər bu titulu qoruyan idmançı sonradan 2001-2003-cü illərdə İBF versiyası üzrə ən yüngül 2-ci çəki dərəcəsində çempionluq əldə edib. Ümumilikdə, Menni Pakyao 8 müxtəlif çəki dərəcəsində professional boks titullarına yiyələnməklə dünya rekordu qırıb. Amerika İdman Akademiyası tərəfindən “2009-cu ilin boksçusu” və “On illiyin boksçusu” titullarıın qazanan filippinli ümumilikdə, professional rinqdə keçirdiyi 63 döyüşün 56-sını (38-ni nokautla) qələbə ilə, 2 döyüşünü heç-heçə və 5 döyüşünü məğlubiyyətlə başa vurub. Menni Pakyao 2007-ci ildən siyasi fəaliyyətlə məşğul olur. 2010-cu ildə Filippin Konqresinə keçirilən seçkilərdə Liberal Partiyasının nümayəndəsi kimi qələbə qazanaraq konqresmen adını qazanıb.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu