Modern.az

QHT-lərin vəziyyəti haqqında Milli Hesabat təqdim olunub (fotolar)

QHT-lərin vəziyyəti haqqında Milli Hesabat təqdim olunub (fotolar)

25 İyun 2010, 17:21

İyunun 25-də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasında QHT-lərin vəziyyəti haqqında Milli Hesabatı ictimaiyyətə təqdim edib. “Landmark” Biznes Mərkəzində dövlət nümayəndələrinin, beynəlxalq təşkilatlar və xarici ölkə səfirlikləri təmsilçilərinin, QHT rəhbərləri və medianın iştirakı ilə keçən tədbiri giriş sözü ilə Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev açıb.

A.Quliyev Azərbaycanda QHT sektorunun inkişaf mərhələlərini şərh edərək, ölkə Prezidenti İlham Əliyevin 27 iyun 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın Hesabatın hazırlanması üçün, faktiki olaraq, baza sənədi rolunu oynadığını qeyd edib: “Hesabat 7 fəsildən ibarətdir. Birinci fəsil – İctimai birliklərin yaranma tarixinə ümumi baxış; ikinci fəsil – QHT-lərin hüquqi bazası; üçüncü fəsil - QHT sektorunun ümumi mənzərəsi (statistika); dördüncü fəsil – QHT-lərin təsnifatı; beşinci – QHT-dövlət münasibətləri; altıncı fəsil – QHT-lərin maliyyə mənbələri; yeddinci fəsil – QHT-lər beynəlxalq müstəvidə adlanır”.

 

A.Quliyev Hesabatın tədqiqatçı və araşdırmaçılar üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirərək deyib ki, bəzi beynəlxalq təşkilatlar öz hesabatlarında Azərbaycan ictimai sektoru haqqında yanlış faktlara istinad edirlər. “Güman edirəm ki, bundan sonra onların bu Hesabata istinadən verəcəkləri qiymət və şərhlər daha obyektiv xarakter daşıyacaq və ölkəmizin beynəlxalq imicinə ziyan vurmayacaqdır”. A.Quliyev sənədin daim yeniləşdirilməsinin və QHT həyatında baş verən konseptual dəyişikliklərin orada əks olunmasının zəruriliyini vurğulayıb.

 

Öz çıxışında QHT-lərin maliyyələşməsi məsələlərinə də toxunan A.Quliyev ötən il ölkənin QHT sektoruna 21,6 milyon manatdan artıq vəsait qoyulduğunu deyib. Bu vəsaitin 2 milyonunun Şura, yerdə qalanının isə müxtəlif dövlət strukturları və beynəlxalq təşkilatlar tərəfindən xərcləndiyini bildirən A.Quliyev QHT-lərə maliyyə dəstəyinin gücləndirilməsində dövlət maliyyələşməsilə yanaşı, özəl sektor və biznesin imkanlarından da bəhrələnməyin vacibliyini diqqətə çatdırıb. A.Quliyev Hesabatın ingilis dilinə tərcümə olunaraq nəşr ediləcəyini və hər iki variantın  Şuranın saytlarında yerləşdiriləcəyini deyib.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Hesabatın QHT həyatı üçün mühüm əhəmiyyət daşıdığını qeyd edərək, ölkədə QHT fəaliyyətinin mahiyyətcə tədricən dəyişdiyini bildirib. Ə.Həsənov müxtəlif inkişaf mərhələlərində bir sıra Azərbaycan QHT-lərinin siyasi fəaliyyətini və hakimiyyətə aşkar müxalif mövqeyinin qəbuledilməzliyini vurğulayaraq, bunları siyasi partiyaların missiya və vəzifəsinə müdaxilə kimi dəyərləndirib. Ə.Həsənov QHT fəaliyyətində tərəfsizlik və obyektivlik prinsiplərinin gözlənilməsinin və dünyanın QHT fəaliyyəti praktikasında əsasən sosial mahiyyətin üstünlük daşıdığını bildirib. Ə.Həsənov bu gün Azərbaycan dövlətinin bütün QHT-lərə tərəfdaş gözü ilə baxdığını və onların büdcə vəsaiti hesabına maliyyələşdirilməsi yolunda atılan addımları qarşılıqlı əməkdaşlığın vacib məqamları kimi qiymətləndirib. “Hakimiyyətə aid bütün məsələlərin həllində, o cümlədən daxili və xarici siyasət məsələlərinin müəyyənləşdirilməsində vətəndaş təşəbbüskarlığının QHT-lər tərəfindən artırılması onlara hərtərəfli dövlət dəstəyini zəruri edir. Azərbaycan hökumətinin burada çəkinəcəyi, qorxacağı və utanacağı heç nə yoxdur”, - Ə.Həsənov deyib.

 

Daha sonra tədbirdə çıxış edən QHT rəhbərləri Məhərrəm Zülfüqarlı, Qubad İbadoğlu, Rauf Zeyni, Akif Nağı, Vahid Qazi, Sahib Məmmədov, Səadət Bənənyarlı, Eyyub Hüseynov və Seymur Yusifli Milli Hesabat haqqında öz fikir və təkliflərini bildiriblər.

 

 

 

 

 

 

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir