Modern.az

«Ağ ölüm»ün izləri ...

«Ağ ölüm»ün izləri ...

26 İyun 2010, 16:35

26 iyun Narkotiklərin qanunsuz dövrüyyəsi və narkomaniya ilə beynəlxalq mübarizə günüdür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 250 milyondan çox xəstə narkotiklərdən asılılıqdan əziyyət çəkir. Rəsmi və qeyri-rəsmi məlumatlar göstərir ki, Azərbaycanda da narkotiklərdən istifadə və onların qanunsuz satışı ilə bağlı faktlar ildən-ilə artır.

Azərbaycanda daxili işlər orqanlarının əməkdaşları hər gün narkotiklərlə bağlı onlarla cinayət faktı aşkar edirlər. Ölkəmizdə narkomaniyaya, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı fəal mübarizə aparılsa da, bu problem respublikamız üçün narahatlıq doğurur. Modern.az-ın məlumatına görə, ekspertlər deyirlər ki, Azərbaycanda narkotik maddə istifadəçiləri arasında gəncləşmə prosesi müşahidə olunur, hazırda bu zərərli vərdişə yiyələnənlərin aşağı yaş həddi 18-ə enib

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2009-cu ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 3076 fakt qeydə alınıb. Ötən il narkotiklərlə bağlı cinayətlərə görə 2641 nəfər məsuliyyətə cəlb olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 22500-ə yaxən narkoman rəsmi  qeydiyyatdadır. Onlardan təxminən 400-ə yaxını qadın, 40-ı isə azyaşlı uşaqlardır. Amma bu, rəsmi qeydiyyata alınan narkomanların sayıdır, qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda göstərilən rəqəmdən bir neçə dəfə çox narkoman var. DİN rəsmiləri bildirirlər ki, aparılan mübarizə tədbirləri nə qədər gücləndirilsə də cənub ölkələrindən gətirilən narkotiklərin daşınması üçün Azərbaycandan tranzit kimi istifadə olunması problemin miqyasını genişləndirir.

Mütəxəssislər bildirirlər ki, Azərbaycanda istifadə olunan narkotik maddələr tiryək, heroin, ekstazi, həşiş, kokaindir. Məlumatlara görə ölkəmizdə narkotikin hər növünün öz alıcı təbəqəsi formalaşıb. Anaşa və tiryəkdən  maddi imkanları aşağı olanlar, heroindən isə həm imkanlılar, həm də daha təcrübəli narkomanlar istifadə edirlər. Vəzifəli şəxslərin narkomaniyaya tutulan övladlarının isə əsasən həblərdən istifadə etdiyi bildirilir. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının aylıq məlumatlarında da zərərli vərdişin aludəçilərinin müxtəlif vasitələrdən-marixuana, həşiş, tiryək, heroin, həb, ampula diazepamdan istifadəsinə dair faktlar yer alır.

BMT-nin Narkotiklər və Cinayətlə Mübarizə Təşkilatının hazırladığı «Dünya Narkotiklər hesabatın»a görə, Azərbaycan və azərbaycanlılar Əfqanıstandan Avropaya gedən heroin və başqa narkotik vasitələr trafikində önəmli yer tutur. Hesabata görə, Əfqanıstandan Avropaya narkotik daşıyanların yeni – «Şimali Balkan yolu» adlandırdığı marşrut məhz Azərbaycandan keçir: Əfqanıstan, İran, Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Bolqarıstana ildə ümumi heroin dövriyyəsinin 7 faizi daşınır. Hesabatda bildirlir ki, ümumilikdə Azərbaycana müxtəlif marşrutlarla ildə 11 ton heroin gəlir. Bunun 4 tonu Azərbaycan, Gürcüstan və ümumilikdə Qafqazda ya istehlak olunur, ya da hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunur. Qalan 7 tonun 6 tonu Gürcüstana və Qara dəniz vasitəsilə Bolqarıstana çatdırılır. 1 tonu isə Ukraynaya daşınır. BMT-nin rəqəmlərinə görə, Azərbaycanda 15-64 yaş arasındakı əhalinin 0.2 faizi tiryək, 3.5 faizi isə nəşə çəkir. Başqa sözlə, BMT-nin fikrincə, hər 500 nəfərdən biri tiryək, hər 33 nəfərdən biri isə nəşə çəkəndir. Adəm Qorxmaz

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir