Modern.az

Xəttat Seyfəddin...

Xəttat Seyfəddin...

26 İyun 2010, 17:02

Azərbaycanda oyma, yonma, cızma üsulu ilə sənət əsərlərinin yaradılması ənənəsi tarixən mövcud olub.  Əcdadlarımızın hələ lap qədim dövrlərdə daş üzərində oyub-cızdıqları və müxtəlif adət-ənənələri, əlamətləri özündə əks edirən şəkillər, fiqurlar bu günümüzədək gəlib çıxıb. Ağac üzərində oyma sənətinin tarixi isə yaxın keçmişdən başlayır. Bu sənətin ustadı tanınmış xəttat, əslən Cəbrayıl rayonun Böyük Mərcanlı kəndindən olan Seyfəddin Mənsimoğlunun fantaziyasından doğan kompozisiyalar bir-birindən baxımlı və olduqca rəngarəngdir. Ağac üzərində oyulub cilalanan  əsərlərə baxdıqca fikirləşirsən ki, onlara insan əli dəyməyib. 

 

Ərəb əlifbasının sehri

 

Onunla Milli Elmlər Akademiyasının Əlyazmalar institunun birinci mərtəbəsindəki emalatxanasında görüşdük. Hələ tamamlamadığı növbəti əsəri üzərində işləyən Seyfəddin müəllimlə ağac üzərində oyma sənətinin yaranma tarixi, onun özəllikləri, yaratdığı əsərlər barədə söhbətləşdik. 

-1964-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun fotolaboratoriyasında işə düzəldim. İşimlə əlaqədar institutda saxlanılan qədim əlyazmaları vərəqlədikcə qəribə hisslərə hakim kəsilir, içimdə narahatlıq hiss edirdim. Bir gün Türkiyədə çap olunmuş «Rəsmli Türk ədəbiyatı tarixi» adlı kitab əlimə keçdi. Kitabda üç formada bədii xətlə yazılmış Quran ayələrinə rast gəldim. Həmin yazıların altında bir seçdirmə də vardı: «Ərəb əlifbası türk sənətkarları əlində»…

Həmin cümlə mənim tayleimdə yeni bir səhifənin açılmasına səbəb oldu. Həmin andan başlayaraq ərəb əlifbasına hansı tərəfdən yanaşmağın yolları haqqında düşünərək fantaziyamı işə saldım. Qeyd edim ki, ərəb əlifbası yaradıcı adam üçün böyük imkanlar açır və bu mənada dünya əlifbalarından fərqlənir. Uzun götür-qoydan sonra belə qərara gəldim ki, ərəb əlifbasını ağac üzərinə həkk edim.

İlk əl işim müqəddəs Qurani-Kərimdən götürdüyüm «Allah hər şeydən xəbərdardır» kəlamının ağac üzərində həkk edilməsi oldu. O zaman artıq 48 yaşım vardı. Həmin işə baxandan sonra xeyli ürəkləndim və gördüm ki, ağac üzərində oyma məndə alınır. Beləcə yeni bir sənət növünün əsası qoyuldu…

 

7 aylıq zəhmətin bəhrəsi

 

- Daha sonra Azərbaycan klassiklərinin - Nizami, Xaqani, Nəsimi, Tusi, Füzulinin adlarını ağac üzərinə həkk etdim. Artıq işin yolunu tutmuşdum. Azərbaycan dekorativ tətbiqi sənət örnəkləriylə, kaliq yazılarla, Şirvanşahlar sarayı kompleksindəki oymalarla, Səbail kitabələriylə təmasda olanda onlara tamaşaçı-seyrçi gözüylə baxmır, yaradacağım növbəti əsər üçün mövzu axtarırdım.

Əsərlərimdən bir neçəsi  dahi Füzuliyə həsr olunub. İlk dəfə onun haqqında əsər yaratmazdan öncə çox eskizlər hazırladım, axırda ürəyimcə olan variant üzərində dayandım. Füzuliyə aid ilk əl işim hazırda Türkiyədə muzeydə saxlanılır. Güzgülü formada olan ağac lövhənin ortasında «Füzuli» sözləri, kənar hissədə isə onun bir beyti yazılıb. Əsərlərim arasında ən uzun müddətə başa gələni də Məhəmməd Füzuli ilə bağlıdır. Bu əl işinin düzəldilməsi 7 ay vaxt aparıb. 

Ümumiyyətlə hər bir işi görməzdən öncə təxminən bir ay kompozisiyanın necə qurulması haqda fikirləşirəm.

Bir dəfə Cəbrayıl rayonun Tarix-diyarşünaslıq muzeyi üçün sifariş aldım. Məndən Aşıq Qurbaniyə aid bir əsər yaratmağı və orada Xudafərin körpüsü ilə bağlı  elementlərin verilməsi xahiş edilmişdi. Bu sifarişi alandan sonra Qurbaninin qoşma, müxəmməs, təcnislərini diqqətlə oxudum. Fantaziyamı işə salıb çox mürəkkəb bir kompozisiyalı əsər işlədim. Bu əsərdə arzu, təsəvvür daha çoxdur. Əsərdə təkcə Qurbaninin adı və saz şəkli, Xudafərin körpüsünə aid elementlər əks olunmayıb, orada həm də Cənubi və Şimali Azərbaycanın birləşə bilməməsi təsvir edilib.

Dahi bəstəkar Üzeyir Hacıbəyovla bağlı əl işimi hazırlayıb qurtarana kimi onun «Leyli və Məcnun» operasını, «Koroğlu» üverturasını dönə-dönə dinləmişəm.

Son dövrlərdə Şah İsmayıl Xətainin adını ağac üzərində oydum. Bundan başqa Hüseyn Cavidin ev muzeyi üçün də bir neçə əsər işləmişəm. Ümumiyyətlə ağac üzərində yaratdığım əsərlərin sayı 40-dan çoxdur. Onların arasında Türk dünyasının görkəmli şairi Əlişir Nəvai, Böyük Moğol İmperiyasının hökmdarı Babura aid əsərlər də var. Baburun  portreti həkk olunan ağac löbhənin kənarında onun türkçülüyün qüdrətilə bağlı dediyi sözləri də həkk edilib.

Latın qrafikalı əlifba ilə bir sıra əsər hazırlamışam. Hüseyn Cavidin qızı Turan xanımın xahişi ilə ədibin 14 əsərinin adını latın əlifbası ilə bədii formada hazırladım. Amma istənilən halda ərəb əlifabsının həkk olunduğu əsərlərdəki plastikanı almaq mümkün olmadı.

13-cü əsrdə yaşamış böyük türk şairi Cəlaləddin Rumiyə aid də əsər işləmişəm.

Əcnəbiləri valeh edən nadir sənət inciləri

 

- Əsərlərimi əsasən qoz ağacı, bəzi hallarda isə fısdıq  üzərində işləmişəm. Qoz ağacının özünməxsus xüsusiyyəti var, möhkəmdir, görkəmi qədimiliyi xatırladır». Başqa ağaclar boş oduğundan onların üzərində oyma sənətilə məşğul olmaq mümkün deyil, tez sınır, xarab olurlar. İşlətdiym ağacları müxtəlif yollarla əldə edirəm. Əvvəllər özüm axtarıb əllərdən pulla alırdım. Haqqımda eşidənlər, tanıyıb-bilənlər də dəfələrlə özləri mənə təmənnasız ağac təklif ediblər. İndi onları mənə oğlum axtarıb tapır.

Bəzən  mənə sual edirlər ki, görülən işin ömrü nə qədər ola bilər? Cavabında deyirəm ki, bu əsərlər nadan əlinə düşüb sındırılmazsa, illər, əsrlər boyu  qala bilər.

Bir neçə dəfə Azərbayana gələn xaricilər əsərlərimə baxıb çox bəyəniblər. Təxminən 12 il bundan əvvəl Almaniyadan gələn tədqiqatçılar Əlyazmalar İnstitunun sərgi zalında asılmış əsərlərimdən ikisini aldılar. Həmin əsərlərdən biri orta əsrlərdə yaşamış miniatürçü rəsam haqqında idi, digəri isə kitab oxumaq üçün rəhil idi. Daha bir əl işiim Türkiyədə muzeydə saxlanılır.

Qədim əlyazmalarlar marqlanan digər bir alman türkşünası da əl işlərimdən birini alıb Almaniyaya aparıb. Ağac üzərində oymalar 7-8 dəfə Bakıda təşkil olunan müxtəlif sərgilərdə iştirak edib. Həmin əsərlər hazırda Əlyazmalar institunun sərgi zalını bəzəyir.

 

Bu sənətin izi də özümündür, cığırı da...

 

- Dünyanın heç bir ölkəsində bu şəkildə ağac üzərində oyma sənətilə məşğul olmurlar. Bu sənət Azərbaycana məxsusdur. Qədimdə Azərbaycanda ağacdan müxtəlif fiqurlar düzəldiblər, amma ağac üzərində yazı olmayıb. Bəzən mənə sual verəndə ki, ustadın kim olub, deyirəm ki, bu sənətin izi də özümündür, cığırı da. Xəttatlıq səbr, təmkin, yaradıcılıq qabiliyyəti, fantaziya tələb edir. Ağac üzərində oyma, daş üzərində oyma sənətindən daha çətindir. Çünki ağacın sınma ehtimalı çoxdur. Onu eninə deyil, gərək bitişi istiqamətində işləyəsən.

Bütün ustadlar yaratdıqları sənətin yaşaması üçün öz davamçılarını yetişdirməyə çalışıblar. Kim mənə müraciət edibsə, məmuniyyətlə ona bu sənəti öyrətmişəm. Sənətimi davam etdirənlərdən biri elə öz oğlumdur və onu bu işin mükəmməl ustası saya bilərəm. Əsərlərimin bəzilərini onunla birgə işləmişəm. Bundan başqa, daha biri neçə şagirdim olub ki, onların da gördüyü işlər məni qürurlandırır.

İstərdim ki, ağac üzərində oym sənətinin tədrisi təşkil olunsun. Yaxşı olardı ki, hansısa təhsil müəssisəsində bu sənət növünə aid şöbə açılsın. Bunun üçün heç kimə müraciət etməmişəm, ümidim var ki, nəhayət bu nadir sənət növünün tədrisi üçün də işlər görüləcək.

 

Yaxşı sənətkara qiymət verilməlidir

 

- İş zamanı maraqlı hadisələr çox olub.

Şah İsmayıl Xətai ilə bağlı əsəri işləməzdən əvvəl ona aid materiallar topladım, həmin materiallar arasında Xətainin Osmanlı sultanı Səlimə yazdığı məktublar da var idi. Həmin işi görüb başa çatdırma ərəfəsində iti alət ağacdan çıxıb əlimi kəsdi və bir neçə damla qan həmin əsərin üzərinə düşdü. Dedim elə özün də qan tökən olmusan, mənim də qanım töküldü üstünə.

Digər bir hadisəni sizə danışım. Bir dəfə qoz ağacı üzərində yaxşı bir əsər yaratmışdım. Həmin işə baxan bir polis işçisi dedi ki, bu ağacdan yaxşı ət taxtası olarmış… Bu da onun verdiyi qiymət idi…

Yaratdığım əsərləri xalqımın mənəvi sərvətləri sayıram. Onları heç vaxt satmaq üçün işləməmişəm. Onların hamısı mənim üçün çox qiymətlidir. Bir dəfə Füzuliyə aid əsərlərimdən birini 500 dollara almaq istədilər, satmadım. Aradan bir müddət sonra satmadığıma o qədər sevindim ki. Həmin iş hazırda Əlyazmalar İnstitunun sərgi salonunda saxlanılır. Bura gələn əcnəbilərin hamısı dönə-dönə o əsərə tamaşa ediblər.

Amma bəzən maddi sıxıntılar insanı çətin vəziyyətə düşürəndə sənətkar da əsərini satmağa məcbur olur. Ona görə də yaxşı sənətkara qiymət verilməlidir.

 

 

Müəllifin Şah İsmayıl Xətaiyə aid əsəri. 

Tünd qoz ağacından yonulmuş məscid formasında olan, "Məhəmməd Füzuli" sözü minarənin üstünə süfrə kimi sərilib.

 

Qoz ağacı üzərində "Bismillahir-rəhmanir-rəhim" sözü yazılıb. 

 

Türkün böyük şairi Hüseyn Cavidin ev muzeyi üçün emblem. 

 

Tünd qoz ağacı üzərində Türk dünyasının iki böyük şəxsiyyətinin adları qarşı-qarşıya yazılıb. Bunlar XIII yüzilin dahiləri-Şəms Təbrizi və Cəlaləddin Rumidir 

Əfqan Qafarlı

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir