Modern.az

Həbsdə olan bloqçu Emin Millinin atası vəfat edib

Həbsdə olan bloqçu Emin Millinin atası vəfat edib

29 İyun 2010, 11:14

Həbsdə olan gənc bloqçu Emin Millinin atası Paşa Abdullayev vəfat edib. Emin Millinin vəkili Elton Quliyev "Media forum" saytına bildirib ki, bir sıra xəstəlikdən əziyyət çəkən 75 yaşlı Paşa Abdullayevin vəziyyəti iyunun 29-u gecə pisləşib və bir neçə saat sonra o, dünyasını dəyişib.

Elton Quliyevin sözlərinə görə, Emin Millinin atasının dəfninə buraxılmasına icazə almaq üçün hüquqi işlər aparılır.

Emin Milli (Abdullayev Emin Paşa oğlu) 1979-cu ildə Bakıda doğulub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1999-2000-ci illərdə Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator işləyib. 2001-2002-ci illərdə Almaniyada oxuyub. 2002-ci ildən 2004-cü ilə qədər Fridrix Ebert Fondunun Azərbaycanda rəhbəri olub. 2005-ci ildən ictimai fəaliyyətlə məşğul olan Emin Milli 2009-cu il iyulun 8-də Bakının “Livan” restoranında davadan sonra digər gənc fəal Adnan Hacızadə ilə birgə tutulub. Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri ilə təqsirli bilinən Emin Milli Səbail Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Salyanda yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

Əsəb xəstəliyi, yüksək qan təzyiqi və böyrək çatışmazlığından əziyyət çəkən Paşa Abdullayev oğlunun həbsindən bir müddət sonra Sabunçu rayonundakı 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş və müalicəsini paytaxtdakı 1 saylı Klinik Xəstəxanada davam etdirmişdi.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR! Sülhməramlılar Xocalıdakı bazalarından belə çıxır