Modern.az

“Hər nə olursa olsun, bu torpağa, bu Vətənə sahib çıxmalı, onu qorumalıyıq”

“Hər nə olursa olsun, bu torpağa, bu Vətənə sahib çıxmalı, onu qorumalıyıq”

29 İyun 2010, 11:48

Modern.az saytının suallarına 116 saylı Qəbələ seçki dairəsindən millət vəkili Fəttah Heydərov cavab verir

 

- Fəttah müəllim, soyad sonluqları ilə bağlı xeyli vaxtdır müzakirələr gedir. Bu məsələyə münasibətiniz necədir?

- Azərbaycanlı Azərbaycan vətəndaşıdır, Türkiyə vətəndaşı Türkiyə vətəndaşıdır. Qazaxlar, türkmənlər, özbəklər də türkdürlər. Ancaq biri Qazaxıstanın, biri Türkmənistanın, biri Özbəkistanın vətəndaşıdır. Soyadı götürməklə bunlar eyniləşə bilməzlər. Çünki, millət öz daşıyıcısı olduğu xalqın hər şeyini özü  ilə daşımalıdır, dilini, leksikasını, adını, soyadını və s. Ona görə də bu məsələdə bir az zaman, vaxt lazımdır. Bunu qanun çərçivəsinə salmaq nə dərəcədə doğru olar, biri hansısa soyadı qəbul etmək istəmir. Hökmən  “-lı, - li, - lu, - lü”, ya da “- zadə” olamlıdır? Bunları təhlil etsək, yenə görərik ki, bunlar da başqa millətdən bizə keçmədir. Əsl azərbaycanlı kimdirsə, onun adı, soyadı elə olmalıdır. Yeni doğulan uşaqlarımıza ən mübarək, ən gözəl azərbaycanlı adlarını və soyadlarını verməliyik.

- Siz hansı formanı təklif edərdiniz?

- Azərbaycan vətəndaşı hansını istəyirsə, onu. Onun hüququna toxunmaq olmaz.

- Siz ağsaqqalsınız, dünyagörüşlü insansız, necə olmasını istərdiniz? 

- İnsanlar inqubator deyillər. Gürcüstanda bir neçə formada soyad var: “-ze, -şvili, -ani” və s. Onu çərçivəyə salmaq olmaz ki... Kimin ürəyi necə istəyir, o cür də ad, soyad qoyur. Onu qanun şəkilində çərçivəyə salmaq olmaz ki, vətəndaşının  soyad sonluğu belə yazılmalıdır.

- Axı “- ov, - yev” də ruslardan gəlib. Bu məsələyə necə baxırsınız?

- Biz türkük, amma Türkiyə vətəndaşı deyilik. Biz azərbaycanlıyıq. Qazax da türkdür, amma qazaxdır. Ona görə də məsələləri qarışdırmaq olmaz. Azərbaycan adını qaldırmaq lazımdır. Türk millətləri içərisindən ən qabiliyyətli, ən şirin, ən gözəl dili, insanları olan bir xalq kimi biz gələcəyə baxmalıyıq.

- Axı bəzi mütəxəssislər başqa şəkildə danışırlar.

- Mütəxəssislər bu məsələni düzəldə bilməz. Bu, xalqın öz işidir. Azərbaycan vətəndaşı milli-mənəviyyatını necə qəbul edirsə, elə də olmalıdır. Burada heç bir standart ola bilməz. Bu gün yeni doğulan uşqlara gözəl adlar qoyublar. Vaxt vardı Aygün adı yox idi. Səməd Vurğun bir poema yazdı, bir qızın adını Aygün qoydu, Elxan adı da belə. Bu kimi adlar sonradan yarandı. Bunu həyat özü diqtə edəcək, təki Azərbaycan insanı öz müstəqilliyini dərk edə bilsin. Özünü digər millətlərdən, xalqlardan, fərqli  və müstəqil  olduğunu dərk edə bilsin. Azərbaycan dilinə uyğun olan  hansı ad, soyad varsa,  inşallah, o adla da getdikcə millətimiz inkişaf edəcək. Sovet höküməti bizə “- ov, - yev” gətirməmişdi. O “- ov, - yev”i biz Rusiya ilə birləşəndən sonra gətirmişdılər. Nəcəf bəy Vəzirov, Əbürrəhim bəy Haqverdiyev, Mirzə Fətəli Axundov və s. Bunlar ki sovet dövründə yaşamayıblar. Bu dövrün, həyatın diqtəsi idi ki, onu da qəbul etdilər. O adla da öz fəaliyyətlərini davam etdirdilər. Bu gün zərərli haldı ki, böyük tarixi şəxsiyyətlərin soyadlarının “- ov, - yev”  sonluğunu nəyinsə, kiminsə xoşuna gəlməmək üçün götürürlər və bütün tarixi arxivlərdə olan sənədlərin üstünə su axıdırlar. Üzeyir Hacıbəyov SSRİ xalq artisti olanda ona Üzeyir Hacıbəyov kimi ad vermişdilər, Hacıbəyli kimi yox.

Cəilil Məmmədquluzadə... Zadə fars sonluğudur. Heç kəs dəyişə bilməz bunu. Bu dəyişməyə heç kəsin haqqı yoxdu. Bu tarixdir. İnsanlarımız o dövrdə doğulublar, təhsil alıblar, fəalyyət göstəriblər. Onlara qarşı düşəmən münasibət göstərmək də olmaz. Bu gün bütün İslam ölkələrində bütün İslam şəxsiyyətlərinin adları insanlara qoyulur. Allahın yüz gözəl adı var. Bunun biri mənim adımdır. Biri Əkbər və sairədir. Bunlar ərəb adlarıdır ki, bunları heç kim inkar edə bilməz. Amma bu da bizim ad deyil. Ancaq oturuşub,  vətəndaşlıq hüququ qazanıb. Yaxşı, Heydər Əliyev adını bundan sonra hansı soyadla tanıtmaq istəyirsiniz? Heydər Əliyev kimi doğulub, oxuyub, cəmiyyətdə tanınıb, müstəqil Azərbaycanın keşiyində mərd dayanıb. Azərbaycanı inkişaf etdirib, dünyaya tanıdıb. İkinci gəlişi ilə də yenə də müstəqil Azərbaycanın banisi, qurucusu olub. Hansı adla təqdim edəcəksən ki, bəzi bizim o deputatların xoşuna gəlsin. Mümkün deyil.

- Fəttah müəllim, yeri gəlmişkən, Milli Məclisin 5 illik fəaliyyətini şəxsən siz necə qiymətləndirirsiniz?

-  Milli Məclisin 5 illik fəaliyyətini müsbət qiymətləndirirəm. Çünki lazım gələn qanunvericilik aktlarının əksəriyyəti Milli Məclisdə qəbul olundu. Milli Məclisdə qəbul olunan qanunların əksəriyyəti ümumiyyətlə dövlətin sütünları olan digər hakimiyyət qurumları ilə qarşılıqlı rəy əsasında qəbul olunur. Yəni ümumi dövlətçiliyimizə xidmət edən qanunlardır və onların əksəriyyəti işlək qanunlardır. Ola bilsin ki, haradasa  müəyyən bir məsələlər, bir Avropa Şurasının, yaxud hansısa bir beynəlxalq qurumun xətri xoş olsun deyə, başqa qanun da qəbul olunur. Əgər cəmiyyət bunu heç qəbul etmirsə, bu qanun da işləməyəcək və gələcəkdə o qanuna yenidən baxacağıq.

- Parlamentin üzvlərinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Parlamentin üzvlərinin hamısının fəaliyyətini yüksək qiymətləndirirəm. Bəzən deyirlər ki, biri çox, biri az danışır. Danışmaq fəaliyyət deyil. Bizim millət vəkilləri xalqla daim ünsiyyətdə olurlar, onların problemlərini həll edirlər. Eyni zamanda hər bir millət vəkili qəbul edilmiş qanunlara fikir, rəyini bildirir. Deputatlıq fəaliyyəti təkcə danışmaqla bitmir. Rəyini bildirir. Komissiyalarda deputatlar öz fikirlərini deyirlər. Adam var Milli Məclisdə çox danışır, ancaq onun fikirlərini qəbul etmirlər. Həmişə xalqın, millətin əleyhinə danışır. O da öz borcunu belə yerinə yetirir. Ola bilsin ki, o, müxalifət düşərgəsindədir. O, müxalifətçiliyini yerinə yetirir. İqtidar “yox” deyəndə o, “hə”, iqtidar “hə” deyəndə o, “yox” deməlidir. O da öz funksiyasını yerinə yetirir.

- Müxalifətin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Hörmətli Prezidentimiz bu barədə öz fikrini açıq deyib. Dünya dövlətləri, ictimaiyyət qarşısında deyib: “Bizdə güclü müxalifət yoxdur”. Niyə yoxdur? Çünki Azərbaycan xalqı yekdil xalqdır. Azərbaycan xaqlqında sağlam düşüncəyə münasibət daha qabarıq, daha üstündür. Bizim xalq təsadüfən müstəqilliyini əldə etməyib. Azərbaycan xalqı digər respublikalarda yaşayan xalqlardan fərqli olaraq zaman-zaman böyük faciələr qarşısında qalıb. Azərbaycana qarşı müharibə elan etdilər, hücum etdilər. Ermənilər Azərbaycan torpaqlarını işğal etdi. Bunlar adi məsələ deyil. Digər qüvvələr Azərbaycanın ən sayseçmə olan, xalq tərəfindən tanınan bi kişisini-Heydər Əliyevi, 300 milyon adama rəhbərlik edən bir şəxsi ucalıqdan endirməyə çalışdılar. Bu, Azərbaycan xalqının gözü qarşısnda oldu. Heydər Əliyev Azərbacanda olanda, sonra Moskvada işləyəndə onun öz xalqına, torpağına münasibətini görürdülər, bilirdilər. Heydər Əliyev hakimiyyətə ikinci gəlişindən qısa müddətdə müharibəni dayandırdı. Onu  danışıqlar müstəvisinə keçirtdi. Azərbaycanda quruculuq işlərinə başladı, hüquqi dövlət yaratdı, prezidentli bir respublika yaratdı. Pezidentli respublika yaratmasaydı, qruplaşmaların, bölünmələrin  qarşısını almaq mümkün olmayacaqdı. Tarix də bunu sübüt edir. Bu gün Gürcüstan, Ukrayna, Qırğızıstanda baş verən hadisələrə baxaq. Amma Azərbaycanda inkişaf başladı. Xatirimə gəlir, 1995-ci ildə mən Qəbələdən deputat seçiləndə insanların başqa qayğısı yox idi, insanlar çörək haqda fikirləşirdi: bu gün çörəkbişirmə sexinə un gələcəkmi? Kim idi paltar, ev tikmək haqda fikirləşən. Çörək olacaq, olmayacaq? Az qala məktəblər bağlanmışdı, müəllimlər məktəbə getmirdilər. Belə vaxtda Heydər Əliyev bunların hamısını nizamladı, Azərbaycan Respublikası adlı bir sistem yaratdı. Parlament yaratdı. Qanunverici, icraedici, məhkəmə hakimiyyətini yaratdı. 3 dayaq üzərində möhkəm bir dövlət yaratdı. Qalan inkişaf gözünüzün qabağındadır. Əvvəlki ərzaq qıtlığı aradan qalxdı. Bütün bunlar gələcəyimiz üçün edilir. Neft strategiyası hazırlanıb. Bu, Heydər Əliyev tərəfindən o cür hazırlanmasaydı, indi neftimizin 10 sahibi vardı. Bu gün də o proses gedir. Demokratiya, başqa-başqa adlarla bizi çəkindirmək istəyir. Amma bizi çəkindirə bilməzlər. Bu gün ölkə inkişaf edir, yollar çəkilir, məktəblər tikilir, tədris ocaqları tamamilə simasını dəyişib, baxın universitetlərə, köhnə universitetlərdən əsər-əlamət yoxdur. İnsanlarımız da bu günün tələblərinə uyğun olaraq  maddi vəziyyətlərini davam etdirirlər, “bu gün nə edim, necə edim” sözü yoxdur. İşsizlik, yoxsuqluq 49 faizdən 11 faizə düşüb. 1995-ci ildə parlamentə seçiləndən sonra adamlar gəlirdi ki, 30 “şirvanlıq” bir iş tapsın, 15 “şirvan” ailəsinə göndərsin, özü 15 “şirvan”a da yaşaya bilər. Bu gün isə günü 15 “şirvan”a işləyən yoxdur. Tamamilə vəziyyət, həyat  dəyişdi, bu gün hər yerdə quruculuq gedir.

- Qarabağ məsələsi parlamentdə yetərincə müzakirə olunmadı. Bu barədə sizin fikirləriniz necədir?

- Əgər o cür məsələlər bizim Milli Məclisdə müzakirə ilə həll edilə bilərsə, onu çoxdan etmək olardı. Qarabağla bağlı Milli Məclisdə iqtidarlı, müxalifətli hamının rəyi birdir. Ərazi bütövlüyümüz təmin olunmalıdır. Ancaq 100 qərar da çıxarsaq, onun bir nəticəsi olmayacaq. Ona görə də boş danışıqlarla başımızı qatmaqdan başqa bir nəticəsi olmayacaqdı. Yoxsa biz bunu çoxdan edərdik. İndi 2 yolumuz var. Çox yaxşı şans yaranıb. Azərbaycanı tanıtmaq lazım idi. İlham Əliyev bir Prezident kimi Azərbaycanı tanıtdı. Azərbaycanın düz yolda olduğunu göstərmək lazım idi. Azərbaycanın müstəqillliyinin əbədi olacağını sübut etmək lazım idi. Heydər Əliyev bu ifadəni işlətmişdi: “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, daimidir”. Bu müdrik ifadəni təsdiq etdirmək lazım idi ki, bu belədir. İlham Əliyev bunu sübut etdi. Əsas mövzu odur ki, Azərbaycanın müstəqilliyi bir nömrəli prioritet məsələdir. Bunu heç kəs bu çərçivədən kənarda həll edə bilməz. Mərhələlərlə həll olunmasını qəbul edirik. İndi müsbət işartılar var. Artıq Rusiya, Amerika və  Fransa da o mərhələyə gəlib çatıb ki, özləri də anlayıblar ki, indiyə qədər göstərdikləri münasibət düz deyil. Çünki Azərbaycanla iqtisadi əlaqələr saxlamadan, bizim enerji resurslarımızdan faydalanmadan onların özləri üçün də çox çətin olar. Müharibə ocağının saxlanması dünya müharibəsinə başlanmasına, insanlara xələl gətir bilər.

- Sizcə, sülh yolu ilə bu məsələ həll oluna bilərmi?

- Bizim hamımızın istəyi odur ki, sülh yolu baş tutsun. Çünki istənilən müharibənin sonu da sülhdür. Müharibə əbədi davam edə bilməz. Müharibə olsa da belə, o gəlib hansısa bir sülh ilə nəticələnməlidir. O sülhü indi bağlasaq yaxşıdır. Bunu Ermənistan rəhbərliyi, hakimiyyəti dərk etməlidir. Bu gün düşdükləri vəziyyətləri və gələcəkdə onları gözləyən, yenə də gələckdə sülhə cəlb edən məsələləri dərk etməlidirlər. Onlar dərk etsələr, biz bu varianta razıyıq. İnşallah sülh yolu ilə həll olunar. Çünki, bir Azərbaycan övladının yerə düşən dırnağını yüz dənə mühaibəyə dəyişmək olmaz. Erməni inadkarlığı, “Böyük Ermənistan” xülyasına düşmək tamamilə ağılsızlıqdır. Çox şükürlər olsun ki, indi dünyada erməniləri müdafiə edənlər yavaş-yavaş gerçəkliyi başa düşürlər.

- Fəttah müəllim, növbəti parlament seçkilərində iştirak edəcəksiniz?

- Bu mənim şəxsi işimdir. Real nədisə odur, həyat kim üçün nəyi diqtə edirsə, o da olacaq. İnsanlar gərək Allahın rəva bildiyi məsələrlə də barışsın. Tutaq ki, mən istəyirəm ki, bu məsələ belə olsun. Bu o vaxt belə olacaq ki, Allahdan da razılıq gəlir. Azərbaycanda mentalitetdə  dedi-qodu yaratmaq da var... Kimin gələcəyi nədirsə, o özünə məxsusdur. Əgər seçicilərim istəsə ki, bir də seçilim, əlbəttə onların sözündən çıxmaq düzgün olmaz. Həyatın özünü bilmək olmur. Hər nə olursa olsun, biz bu torpağa, bu Vətənə sahib çıxmalıyıq, onu qorumalıyıq...

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər