Modern.az

Əmircanın susuz sakinləri: "Kimlərsə insanları dövlətdən narazı salmağa çalışırlar"

Əmircanın susuz sakinləri: "Kimlərsə insanları dövlətdən narazı salmağa çalışırlar"

29 İyun 2010, 13:19

Suraxanı rayonu Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsində (köhnə 4-cü mədən) yaşayan sakinlərin içməli suyu 1 aydan çoxdur quruyub. Modern.az-ın əməkdaşı sakinlərin xahişi ilə həmin ərazidə olaraq onların şikayətlərini dinləyib.

Atamoğlan Rzayev küçəsinin sakinləri adından danışan Yusif Haqverdiyev bildirdi ki, 1 aydan çoxdur suları gəlmir. “İndiyə qədər İcra Hakimiyyətinə, su idarəsinə, bələdiyyəyə müraciət etmişik, bizə dedikləri bu olub: “Gedin suyunuz veriləcək”. Amma suyun qabağını kəsən yezidlər, onu vermirlər ki, vermirlər...”. İçməli sudan korluq çəkən sakinlərin sözlərinə görə, beş il əvvəl onlara qəsəbənin su, işıq, qaz, yol problemlərinin həllini vəd edən deputata da əlləri-ünləri yetmir. Susuz sakinlərdən Misirxan Mustafayev dedi ki, 10 gün bundan qabaq etiraz əlaməti olaraq yolu da kəsiblər: “İcra başçısının müavini Xanoğlan müəllim bizə söz verdi ki, suyunuz gələcək. Polis çağırıb camaata zorakılıq göstərməklə yolu açdılar. Prezidentimizin belə bir sərəncamı olub ki, rayon İcra Hakimiyyətləri yerlərdə əhalinin problemlərini öyrənib və onları yerindəcə həll etməlidir. Biz İcra Hakimiyyətinin qarşısına gedirik, amma bizi oradan qovurlar. Deyirlər ki, “niyə gəlmisiz?”. Deyəndə ki, “bir aydır suyumuz gəlmir”, deyirlər ki, “su idarəsinin problemidir, gedin onlar həll eləsin”. Su idarəsinə gedəndə ordan bizə bildirilər ki, su yoxdur. Əgər su yoxdursa, biz yolu kəsəndən sonra suyu bir saat verir, yenə niyə kəsirlərlər? İstəyirlər ki, magistral yolu kəsək, ondan sonra problemi həll eləsinlər?”

Rza Əliyev adlı sakin su gəlməyə-gəlməyə Su idarəsinin  işçiləri gəlib indan 60 manat supulu istəyiblər. “Qoca kişiyəm, polis göndərirlər məni qorxudub gücnən pul alırlar. Onlara deyirəm ki, mən qonşulardan su gətirirəm, mənə yalandan deyirlər “sənin köhnə borcun var”. Neçə il ermənilərin içərisində yaşamışam, onlarda belə zülm görməmişdim, indi bizim musəlmanlar bizə bu zülmü verirlər”.

Zeynəb Əzizova adlı digər şikayətçi sakinin sözlərinə görə, içməli suyu pulla alırlar: “Bir maşın suyu 30 manata satırlar, o da içməli deyil. Camaatı gündüzlər evlərində tapmaq mümkün deyil, yazıqlar neyləsin uzaq məsafələrdən su daşıyırlar. Paltarlarımı qızımgilə aparıram yumağa. Adam nə qədər qohumgilə gedər, vallah utanırıq”.

Sakinlər dedilər ki, onların supulu borcu da yoxdur.

Məryəm Məmmədova adlı sakin dedi ki, ayda cəmi 75 manat təqaüd alır, onun da yarısnın su almaq üçün xərcləyir.

Sözügedən küçədə yaşayan Asif Əliyevin sözlərinə görə, bir neçə yüz metr aralıdan su xətti keçirr: “Amma ordan su çəkmək üçun Su idarəsi məndən 3 min manat pul istəyir”.

Narazı sakinlər dedilər ki, əhaliyə süni problemlər yaradan hansısa qüvvələr insanları dövlətdən narazı salmağa çalışırlar: “Bu nə deməkdir? Hakimiyyətlə xalqı niyə üz-üzə qoyurlar?”.

 

"Yayın bu cırhacırında "yezidlər" suyumuzu kəsiblər". 

 

Hamı su maşınını gözləyir...

 

"Deyirlər Sabirabadı su basıb, gedirik ordan su gətirməyə".

 

"Urra!!! Su maşını gəldi!!!"

 

"Dərdimizi kimə deyək ki, əncam çəksin?"

 

"Borcum yoxdu, bu da mənim qəbzlərim, niyə suyumu vermirlər?"

 

"Bəlkə siz bizə bir yol göstərəsiniz..."

Mail Ağaxanov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir