Modern.az

Türkiyə müxalifəti prezidentliyə vahid namizədini açıqladı

Türkiyə müxalifəti prezidentliyə vahid namizədini açıqladı

16 İyun 2014, 17:42

Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) prezidentliyə vahid namizəd kimi Milliyətçi Hərəkat Partiyasına (MHP) İslam İşbirliyi Təşkilatının keçmiş rəhbəri Ekmeleddin İhsanoğlunun adını verib. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, MHP lideri Dövlət Baxçalı “bu, millətimiz üçün çox xeyirli bir addır”, - deyib.

Qeyd edək ki, bu gün CHP lideri Kamal Kılıçdaroğlu MHP lideri ilə görüşündə İhsanoğlunun namizəd kimi adını təklif edib. Kılıçdaroğlu Baxçalı ilə görüşündən sonra deyib:

“Bir müddətdir sizlər də bilirsiniz, iki partiyanın dəstəkləyə biləcəyi bir şəxslə bağlı düşünürdük. Hörmətli MHP başqanı ilə bunları müzakirə etdim. Hər kəsin qəbul edə biləcəyi hörmətli, dürüstlüyü ilə seçilən, hər kəsə örnək ola biləcək bir nəfəri – Ekmeleddin İhsanoğlunu təklif edirik. Özü bu haqda fikirlərini açıqlayacaq. Qeyd edim ki, demokratiya ilə bağlı yeni bir olaya şahidlik edirik. Çəkişmədən uzaq, sülh və ədalət bir dövrü başlatmaq istəyirik”.

MHP lideri isə bunları deyib: “Bu gün xeyirli bir addım atılmaq ərəfəsindəyik. CHP lideri Kamal Kılıçdaroğlu Türkiyənin yetişdirdiyi dəyərli bir övladını, hörmətli Ekmeleddin İhsanoğlunun namizədliyini təklif edib. MHP də bu namizədin ətrafında bütünləşəcək. CHP-nin və onun liderinin dəyərli bir nəfəri irəli sürməsi bizi məmnun edib. Bu şəxsin namizədliyinin dəstəklənməsi üçün çalışacağımızı bildirirəm”.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-na təyin olunub. İqtidarın prezidentliyə namizədi hakimiyyətdə olan AKP-nin lideri, baş nazir Rəcəb Tayyib Ərdoğan olacaq.

Əgər birinci turda namizədlərdən heç biri səslərin çoxunu qazanmasa, prezident seçkilərinin ikinci turu avqustun 24-də keçiriləcək.
Qeyd edək ki, Türkiyə tarixində ilk dəfə prezident ümumi səsvermə ilə seçiləcək. İndiki prezident Abdullah Gül 7 ildir bu vəzifədədir. Konstitusiyaya edilən dəyişikliyə görə, bundan sonra prezidenti xalq seçəcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı