Modern.az

Parlament jurnalistləri deputat Gültəkin Hacıbəylini necə xarakterizə edirlər?

Parlament jurnalistləri deputat Gültəkin Hacıbəylini  necə xarakterizə edirlər?

29 İyun 2010, 17:52

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat Gültəkin Hacıbəyli barədə fikirlərini bildiriblər. Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?  

 

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Milli Məclisin ən fəal deputatlarından biridir. Neçə illərdir ki, onun fəaliyyətinin müsbət tərəflərini görürük. Millətçi və demokratik ruhlu xanımdır. Jurnalistlərlə münasibəti çox yüksəkdir. Seçicilərinə də imkanı daxilində köməklik göstərir. Bütün deputatlara onun kimi aktiv olmağı arzu edirəm”.

 

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Onun Milli Məclisdə çıxışlarını çox az eşitmişəm. Ola bilsin mən olduğum iclaslarda o, olmayıb. Ancaq mən onun hansısa təkliflə çıxış etməsinin şahidi olmamışam. Adətən Milli Məclisin iclaslarına gec gəlir, tez də gedir. Amma beynəlxalq tədbirlərdə fəal iştirak edir. Bir sıra beynəlxalq sənədlərin qəbul olunmasında fəallıq göstərib.

Avropa Şurası Parlament Assembleyasında

ermənilərə layiqli cavablar verib. Amma konkret olaraq Milli Məclisdəki fəaliyyəti ürəkaçan deyil. Jurnalistlərlə münasibəti isə normaldır. Seçiciləri ilə necə işləməsi barədə bir müddət öncə mətbuatda yazılar gedirdi. Onun bu istiqamətdə də fəaliyyətindən xəbərdaram”. 

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Bütün jurnalistlər onu çox istəyir. Mətbuata açıq insandır. Çox savadlı deputatdır. Beynəlxalq təşkilatlarda Azərbaycanı layiqincə təmsil edir. İctimaiyyət də onun fəaliyyətindən razıdır. Növbəti IV çağırış parlamentdə də təmsil olunmasını istərdim”.

 

“Mərkəz” qəzetinin əməkdaşı Vasif Cəfərov:  “Onun öz seçiciləri ilə çox aktiv işlədiyini eşitmişəm. Milli Məclisdə çox az hallarda çıxış edir. Bir neçə dəfə onun çıxışının şahidi olmuşam. Jurnalistlərlə çox isti münasibəti var. Qapalı insan deyil. Çox mülayimdir”.

“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu: “Azərbaycan parlamentində 14 qadın millət vəkili təmsil olunur və onların hər birinə ayrı-ayrılıqda hörmətim var. Ancaq bu xanım parlamentarilər içərisində 5 qadın millət vəkilinə─Zeynəb xanıma, Gövhər xanıma, Rəbiyyət xanıma, Qənirə xanıma və təbii ki, Gültəkin xanıma daha böyük hörmətim var. Onları özümə daha yaxın, daha doğma hesab edirəm. Gültəkin xanım Bakıda anadan olsa da, əslən mənimlə yerlidir-qonşu kənddəndir. Belə bir yerlimin olması ilə fəxr edirəm, qürur hissi keçirirəm. Çünki o, öz seçicilərini parlamentdə ləyaqətlə təmsil etməklə yanaşı, həm də Azərbaycanı Avropa məkanında çox uğurla təmsil edir. O, Avropa Şurası Parlament Assembleyasında bir neçə məsələ üzrə məruzəçidir. Və məhz onun hazırladığı məruzə nəticəsində Moldovanın keçmiş müdafiə naziri siyasi məhbus kimi azadlığa buraxılıb. Bu Gültəkin xanımın necə böyük bir çəkiyə malik olduğunun göstəricisidir. Gültəkin xanımın ən müsbət keyfiyyətlərindən biri də odur ki, o, parlamentdə və Azərbaycan siyasətində millətçiliyi, türkçülüyü ilə seçilir. Mən arzu edərdim ki, o, 3-cü dəfə parlamentə seçilsin və bitərəflərin təmsilçisi kimi parlament sədarətində əyləşsin”. 

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Gültəkin Hacıbəyli Azərbaycanda sözün əsl mənasında millət vəkili adına layiq olan az sayda deputatlardan biridir. O, Milli Məclisin iclaslarında nadir hallarda çıxış etməsinə baxmayaraq (sonuncu 5 ildə 5 dəfə çıxış etdiyinin şahidi olmuşam), Azərbaycanı AŞ PA-da və digər beynəlxalq tədbirlərdə təmsil edən ən fəal millət vəkili və deyərdim ki, əsl diplomatdır. Gültəkin xanım həm də Azərbaycanda elinə-obasına, millətinə bağlı olan, damarlarından türk qanı axan Böyük Türkçü, Bütöv Azərbaycançı millət vəkilidir. O, bunu 10 illik deputatlıq fəaliyyətində tam sübuta yetirib. Gültəkin Hacıbəyli seçildiyi dairədə də fəallıq göstərir. Mən özüm bir goranboylu kimi, eyni zamanda 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Gültəkin Hacıbəylinin deputatlıq fəaliyyəti ilə bağlı reportaj hazırlayan bir jurnalist kimi səmimiyyətlə deyə bilərəm ki, Gültəkin xanım Goranboyda çox sevilir. O, həqiqətən də Goranboyda çox işlər görüb və həmişə sadə vətəndaşların yanında olub. Məhz seçicilərinin hüquqlarını qoruduğu üçün Goranboyun, Naftalanın bir çox məmurları ilə, icra başçıları ilə düşmən olub. Bunu yəqin ki, mətbuatdan oxuyanlar da var. Mənə elə gəlir ki, Azərbaycandakı mövcud reallıqlar olmasaydı, Gültəkin Hacıbəyli bir millət vəkili kimi seçiciləri üçün daha böyük işlər görərdi. Gültəkin xanımın parlament jurnalistləri ilə münasibətləri də çox yaxşıdır”.

 

“Ayna” qəzetinin əməkdaşı Fərəh Sabirqızı: “Gültəkin xanımı sözün əsl mənasında aktiv, çalışqan deputat  kimi xarakterizə etmək olar. Daim öz üzərində işləyir, media ilə sıx əlaqə yaradır. Nədənsə çəkindiyini görməmişəm. Bəzi həmkarları kimi müsahibə zamanı verilən kəskin suallara görə jurnalistlərdən küsmür. Məncə, parlamentdə olan media işçilərinin hər biri ilə normal münasibəti var. Bildiyim qədər seçiciləri ilə də daim əlaqədədir, çoxlarına kömək edib. Gültəkin Hacıbəyli həm də gözəl xanımdır. Onun təkcə deputat kimi fəaliyyətini yox, həm də davranışını, xarici görünüşünü, sadə və eyni zamanda zövqlü geyim tərzini bəyənirəm”.

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Gültəkin xanımı fəaliyyəti dövründə məqamı gələndə ortaya milli mövqe qoymağı ilə fərqlənən deputatlardan biri kimi tanıdıq. Bir sıra prinsipial məqamlarda hətta məmur özbaşınalığına qarşı etiraz edən millət vəkillərindən biridir. Jurnalistlərlə münasibətin normal olmasına diqqət yetirən millət vəkilidir. Hesab edirəm ki, Gültəkin xanım bu 5 ildə parlamentdə yetərincə öz potensial bacarıq və intellektini nümayiş etdirə bilmədi. Ola bilsin bu, mövcud reallıqlardan irəli gələn məsələdir. Bəlkə də o, maneələrlə rastlaşdı. Fikrimcə, o, növbəti 5 ildə də millət vəkili seçiləcək. Çünki o, deputatlığa layiqdir. Deyə və edə bilmədiklərini növbəti parlamentdə gerçəkləşdirməyi ona arzu edirəm”.

“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Ağa Cəfərli: “Gültəkin xanım az saylı intellektual deputatlardandır. Kifayət qədər aktiv deputatdır. Jurnalistlərə tez-tez müsahibə və açıqlamalar verir. Dostum Kamil Həmzəoğlunun dediyinə görə, seçicilərinin problemləri ilə ciddi məşğul olur. Səmədli kəndində öz hesabına məktəb tikdirib. Beynəlxalq təşkilatlarda Azərbaycanı uğurla təmsil edir”.

  

“Media forum” saytının əməkdaşı İmdad Əlizadə: “Milli Məclisin fəal deputatlarındandır. Eyni zamanda o, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvüdür. Hakim partiyanın üzvü olmasa da, müxtəlif sahələr üzrə hakimiyyət haqqında tənqidi fikirlər səsləndirib. Jurnalistlərlə münasibəti normaldır. O, seçiciləri ilə işləməyin vacibliyini başa düşür. Bir müddət əvvəl Goranboyda məktəb direktoru qanunsuz olaraq işdən çıxarıldığı üçün Gültəkin xanım əlindən gələni etdi ki, o, öz iş yerinə qayıtsın. Hətta bu məsələdə icra hakimi ilə onun arasında konflikt də yarandı. Buna baxmayaraq, Gültəkin xanım həmin qadının hüquqlarını müdafiə etməyi layiqincə bacardı”.

 

APA-nın əməkdaşı Elbrus Seyfullayev: “Ötən çağırış parlamentdə daha aktiv idi. Bu çağırış parlamentdə xanım deputat kimi öz soyadını milliləşdirməklə böyük cəsarət nümayiş etdirdi. Ümumilikdə onun fəaliyyətini müsbət xarakterizə edirəm. Mətbuata münasibətdə problemi yoxdur. Eşitdiyimə görə, öz seçildiyi rayonunda baş verən neqativ hallara qarşı mübarizə aparır. Bəzən problemlə üzləşir. Ona fəaliyyətində uğurlar arzulayıram”.

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı: “Gültəkin Hacıbəylini Milli Məclisin ən savadlı deputatlarından hesab edirəm. O, müsahibələrində ensiklopedik biliklərinə rəğmən fikirlər söyləyir. Azərbaycanı AŞ PA-da aktiv təmsil edən millət vəkilidir. Seçiciləri ilə necə işlədiyindən də xəbərim var. Hətta deyərdim ki, seçicilərinin problemləri xanım millət vəkilini yerli icra qurumları ilə düşmən edib. Jurnalistlərlə çox yaxşı münasibəti var. Ancaq nədənsə bu çağırış Gültəkin xanım Milli Məclisdə az çıxış etdi”.

 

ATV telekanalının parlament müxbiri Bəxtiyar Səlimov: "Mən ilk dəfədir ki, parlament jurnalistlərinin bu layihəsinə qoşuluram. Bu da millət vəkili Gültəkin Hacıbəyliyə olan böyük hörmətimdən irəli gəlir. Onu çox intellektli və layiqli bir millət vəkili kimi dəyərləndirirəm. Ölkəmizi beynəlxalq tədbirlərdə yüksək səviyyədə təmsil edir. Jurnalistlərlə münasibəti digərlərinə nümunə olacaq səviyyədədir". "Hürriyyət" qəzetinin əməkdaşı Zülfüqar Hüseynzadə: "Gültəkin xanım Azərbaycan parlamentarizminin ən ünlü simalarından biridir. Təəssüf ki, bəzən cəmiyyətimizdə xüsusi çəkisi, sözü, yeri olan bir sıra ziyalılarımızı Biləcəridən o tayda kimsə nə tanıyır, nə də fikriylə hesablaşır. Gültəkin Hacıbəyli isə Azərbaycanın sərhədlərini adlaya bilib və ölkəmizi istənilən beynəlxalq səviyyəli kürsüdən ləyaqətlə təmsil edir. Əminəm ki, onun potensialı hələ uzun illər dövlətçiliyimizə şərəflə xidmət etməyə yetəcək".  Günay Musayeva

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...