Modern.az

Pirr qələbəsi

Pirr qələbəsi

29 İyun 2010, 20:31
Yaxud təslimçiliyə sövqetmənin qələbə eyforiyası  

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı ABŞ, Rusiya və Fransa prezidentlərinin "Böyük səkkizlər"in Kanadanın paytaxtı Toronto şəhərində keçirilən zirvə toplantısı çərçivəsində imzaladıqları bəyanat qəribə də olsa nə Azərbaycanda, nə də Ermənistanda şok effekti doğurmadı. Əslində ATƏT-in Minsk qrupuna həmsədrlik edən və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan hər üç dövlətin başçılarının Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ortaya qoyduqları çılın-çılpaq mövqe şok effekti doğurmalıydı... Xüsusilə də Azərbaycanda. Amma təəssüf ki, belə olmadı. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) başqa demək olar ki, ölkədə fəaliyyət göstərən heç bir siyasi partiya həmsədr ölkələrin təqdim etdiyi kapitulyasiya sövqetmə bəyanatına münasibət bildirmədi.

Ermənistan isə əksinə həmsədrlərin imperativ bəyanatını birmənalı şəkildə dəstəkləyərək özünün ənənəvi manipulyativ manevrlərini daha geniş şəkildə davam etdirməyə başladı. Şübhəsiz ki, həmsədr ölkələrin dövlət başçılarının bəyanatına münasibətdə işğalçı Ermənistanın mövqeyi tamamilə başadüşüləndir. Çünki sənəd təcavüzkar ölkənin "arzu və istəklərinə", eləcə də həmsədr ölkələrin konkret zaman kəsiyində uzlaşdırılmış maraqlarına damamilə uyğun gəlir.

Bəyanatda yer alan və bəzi yerli KİV-lərin diqqətdən kənarda saxladığı istiqamətlərdən biri ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təsəvvürlərinə və perspektiv planlarına aydınlıq gətirməyə əsas verir: "Minsk qrupuna həmsədrlik edən dövlətlərin başçıları dayanıqlı tənzimlənmənin bir sıra prinsiplərə, o cümlədən Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması, Dağlıq Qarabağ üçün bölgənin təhlükəsizliyini və özünüidarəni təmin edən aralıq statusunun müəyyənləşdirilməsi, Ermənistanla Dağlıq Qarabağı əlaqələndirən dəhlizin yaradılmasına əsaslanması faktının münaqişə tərəflərinin tanıması faktını irəliyə doğru atılan vacib addım kimi baxırlar".

Həmsədr dövlətlərin başçılarının bəyanatında Dağlıq Qarabağın gələcək statusu barədə imperativ şəkildə ifadə olunan prinsiplər də öz əksini tapıb: "Dağlıq Qarabağın yekun statusu bölgə əhalisinin məcburi hüquqi qüvvəsi olan öz iradəsini ifadə etmə yolu ilə müəyyənləşdirilməlidir".

Sənəddə, "məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtması, beynəlxalq təhlükəsizlik zəmanəti, sülhməramlı əməliyyatlar" və s. bu kimi prinsiplər də yer alıb. Zənnimcə, yanaşma göz qabağındadır. Minsk qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransanın dövlət başçılarını öz sözlərinin Dağlıq Qarabağın Azərbaycandan qopardılmasıyla bağlı "mustafaçını" növbəti dəfə açıq şəkildə dilə gətiriblər. Və bu mövqe çox güman ki, Türkiyə və Azərbaycan türklərinin kəskin etirazı qarşısında Ermənistanla imzalanmış protokolları ratifikasiya etməkdən müvəqqəti geri çəkilən AKP hökumətilə də razılaşdırılıb. Əks təqdirdə, "iyirmi"lərin zirvə toplantısına qatılan Rəcəb Tayyib Ərdoğan Minsk qrupu üçlüyünün birgə bəyanatını bu qədər açıq və birmənalı şəkildə dəstəkləməzdi. Zənnimcə, Ərdoğanın Toronto açıqlamalarında yadda qalan ən önəmli məqamlardan biri də Türkiyənin İsraillə hava məkanını bağlaması faktıdır. Amma nədənsə baş nazir Ərdoğanın və AKP hökumətinin Qəzzaya münasibətdə sərgülədiyi aşırı təəssübkeşliyini kiçicik bir hissəsi də Azərbaycana münasibətdə nəzərə çarpmır. Ortada yalnız bəlağətli söz var. Türkiyə ilə Ermənistanın hava məkanı isə açıqdır və heç vaxt da qapanmayıb. Təyyarələr də, necə deyərlər, belədən-beləyə uçmaqda davam edirlər.

Əslində, Rəcəb Tayyib Ərdoğanın Torontoda sərgilədiyi mövqeyə görə Türkiyəni qanmağa dəyməz. Əvvala AKP-nin strategiyası və hədəfləri artıq hər kəsə bəllidir və bu hədəflər arasında Azərbaycan sadəcə Türk Millətinin basqısı altında hələlik öz mövqeyini müəyyən qədər də olsa qoruyub saxlayır. Digər tərəfdən, Obama, Medvedyev və Sarkozinin birgə bəyanatından vəcdə gələn "sapı özümüzdən olan baltaları" görəndə AKP-yə şükür etmək məcbuyyətində qalırsan.

Azərbaycanın bəzi kütləvi informasiya vasitələri, eləcə özlərini müstəqil ekspert kimi təqdim etməyə səy göstərən, maskası dəfələrlə yırtılmış "politoloq"ları ABŞ, Rusiya və Fransa prezidetlərinin birgə bəyanatını az qala diplomatiyamızın böyük qələbəsi kimi qələmə verməyə çalışırlar. Ölkə KİV-lərinə aramsız açıqlamalar verən Rasim Musabəyov isə adıçəkilən sənədin yenilənmiş Madrid prinsiplərini qəbul etməyən Ermənistana təzyiq vasitəsi olduğunu deyir... Görəsən nəyə əsasən? Bəlkə Rasim Musabəyov həmsədrlərin bəyanatı ilə ümumiyyətlə tanış olmayıb, yaxud bu bəyanatı onun üçün oxuyanlar "müstəqil eksperti" məhz bu ntolar üzərində "oxumağa" vadar ediblər. Harahatedici məqamlardan biri də Minsk qrupu üçlüyünün bəyanatı ilə bağlı hakimiyyətə yaxınlığı ilə seçkilən bəzi şəxslərin yanaşma tərzidir. Amma nədənsə, adlarını bu yazıda çəkmək istəmədiyim "qələbə eyforiyalı" şəxslərin heç biri bu bəyanatın nəyinin, harasının və hansı hissəsinin Azərbaycanın mənafeyinə uyğun gəldiyini demirlər.

Axı Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, dövlətimiz heç vaxt Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, ərazi bütövlüyümüzü şübhə altına alan heç bir sənədə imza atılmayacaq, hətta yüz il keçsə də belə Dağlıq Qarabağın müstəqilliyini qəbul etməyəcək və nəyin bahasına olursa-olsun Azərbaycanın Dağlıq Qarabağ üzərindəki suveren hüquqlarını və ərazi bütövlüyünü təyin edəcək. Dövlət başçısının prinsipal mövqeyi ortalıqdadır. Belə olduğu təqdirdə, həmsədrlərin Dağlıq Qarabağın Azərbaycandan qopardılmasına xidmət edən, təzyiq xarakterli bəyanatını tərif yağışında yuyanların məqsədi olduqca şübhəli təsir bağışlayır... Baş verənləri "qələbə" kimi dəyərləndirənlərin bər-bəzəkli açıqlamaları mənə 1990-91-ci illəri, Birinci Körfəz Müharibəsini xatırlatdı. Təbii ki, müqayisə nisbidir, yəni o zaman İraq Küveyti işğal etmişdi, Azərbaycan əraziləri isə Ermənistanın işğalı altındadır. Amma bu "qələbə" faktoruna yanaşmanın fəlsəfi mahiyyətində müəyyən oxşarlıqlar var və Birinci Körfəz Müharibəsində acı məğlubiyyətə uğrayan İraq hökuməti bütün bunlardan sonra Bağdadın mərkəzi meydanında "qələbə paradı" keçirirdi və baş verənləri "İraq xalqının ABŞ üzərində tarixi qələbəsi" kimi qiymətləndirirdi...

Allah göstərməsin, əgər Azərbaycanda da məğlubiyyəti qələbə kimi sırımaqda canfəşanlıq nümayiş etdirən və bu sahədə xüsusi istedada malik olanların mövqeləri üstün gələrsə, o zaman nələrin baş verəcəyini düşünmək belə istəmirəm... "Qələbə"nin tarixi əhəmiyyəti haqqında iqtidarlı-müxalifətli müxtəlif rakurslardan bər-bəzəkli söz demək yarışına çıxanların ifasında yeni "sabun operaları" lentə alınacaq, ANS-li, "Yeni Müsavat"lı bu "müdhiş qələbə" barəsində geninə-boluna danışacaq və yazacaqlar. Vahid Mustafayev isə bu böyük olayı özünün növbət filmlərindən birinin süjet xəttində "tarixin yaddaşına" köçürəcək (Allah Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən Çingiz Mustafayevə rəhmət eləsin).

"Azadlıq" meydanında "qələbə" paradı keçiriləcək, "qələbə"nin şəninə şeirlər, poemalar, romanlar yazılacaq, mahnılar qoşulacaq. Bəziləri yeni doğulan uşaqlarına "Qalib" və "Qələbə" adlarını verməklə sevinc hisslərinin nahayətsizliyini nümayiş etdirəcəklər... 

...Bütün bunları təsəvvür etmək belə istəmirəm. Biz əsil Qələbənin, millətimizə şərəf gətirəcək, bizi torpaqlarımızın hər qarışına sahib edəcək Qələbənin izində olmalıyıq. Bizə Qələbə lazımdır. Sözün bütün mənalarında! Gerçək Qələbə!    
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir