Modern.az

Hillari Klintonun Bakıdakı səfər proqramı məlum olub

Hillari Klintonun Bakıdakı səfər proqramı məlum olub

Təhsil

30 İyun 2010, 10:51

ABŞ dövlət katibi Hillari Klintonun iyulun 4-də Bakıya edəcəyi səfərin proqramı məlum olub. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filipp Qordon keçirdiyi brifinqdə deyib ki, Klinton Bakıda prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. H. Klinton həmçinin gənclərlə media azadlığı və siyasi fəallıq mövzusunda müzakirə aparacaq.

Dağlıq Qarabağ münaqişəsinin həlli yolları dövlət katibinin Bakıda və İrəvanda keçirəcək müzakirələrinin bir hissəsi olacaq. Dövlət katibi “Böyük səkkizliy”in zirvə toplantısında ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin prezidentləri tərəfindən qəbul edilən birgə bəyanatda vurğulanan prinsipləri dəstəkləyir və tərəfləri bu prinsiplərə əsaslanaraq irəliləyişə çağıracaq. Filipp Qordon bildirib ki, bölgədə son günlər müşahidə edilən zorakılıq sabitliyin nə qədər vacib olduğunu xatırladır.

Həmin gün ABŞ dövlət katibi Azərbaycandan Ermənistana yola düşəcək. Dövlət katibi Ermənistan rəhbərliyi ilə apardığı danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə yanaşı Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini də müzakirə edəcək.

İyulun 3-4-ü regional turne çərçivəsində baş tutacağı bildirilən bu səfər Amerika diplomatının Azərbaycana son 18 ildə ilk ziyarəti olacaq. Sonuncu dəfə Birləşmiş Ştatların dövlət katibi Azərbaycana ölkə müstəqilliyini təzə qazananda səfər etmişdi. 1992-ci ildə Ceyms Beyker yeni müstəqil dövlətə dəstəyini ifadə etmək üçün Bakıya gəldi. O vaxtdan bəri yüksək rütbəli Amerika rəsmilərinin regional səfərləri adətən Azərbaycandan yan ötürdü.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi