Modern.az

Əli Həsənov: “Mən hər şeyə cavabdeh deyiləm”

Əli Həsənov: “Mən hər şeyə cavabdeh deyiləm”

30 İyun 2010, 12:05

Bu gün Avropa Yayımçılar Birliyi və Norveç İctimai Yayımçılarının maliyyə dəstəyi və Azərbaycan Media Mərkəzinin əməkdaşlığı ilə “Yeni media erasının dəyərləri” mövzusunda konfrans və seminar işə başlayıb. Tədbirin açılışında iştirak edən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan mətbuatının mövcud durumunu azad olmayan mətbuat kimi dəyərləndirməyin düzgün olmadığını deyib: “Bu, əsl ədalətsizlikdir. Azərbaycanda kütləvi informasiya vasitələri senzuraya məruz qalmır, informasiya əldə etmək üçün heç bir maneə yoxdur”. Bununla yanaşı, Əli Həsənov bildirib ki, hökumət yerli medianın bəzi problemləri olduğunu da etiraf edir. O, jurnalist peşəkarlığının artırılmasının, reketçilikdən və KİV-lərin insanların şəxsi həyatına qarışmaq praktikasından azad olunmasının vacibliyini qeyd edib.

 

Əli Həsənov diffamasiya haqqında qanunla bağlı da danışıb. Prezident Aparatının sözçüsü deyib ki, Azərbaycan hökuməti böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğvinə dair qanun qəbul etməyə hazırdır. Amma gərək jurnalist peşəkarlığı artırılsın. Gərək jurnalistlərin vahid əxlaq kodeksi qəbul edilsin, media kapitanları bu kodeksə əməl edəcəklərinə söz versinlər. Sonra bu qanun qəbul edilə bilər.

ATƏT-in media üzrə keçmiş nümayəndəsi, ekspert Mikloş Haraşti İctimai Televiziyanın yaradılmasını və parlamentdə diffamasiya haqqında qanun layihəsinin müzakirə olunmasını müsbət hal kimi qeyd edib. Mətbuatdakı problemlərə toxunan Haraşti bu sırada jurnalistlərin həbsdə olmasını, qanunvericilikdə boşluqları göstərib. Ekspert xarici yayım şirkətlərinin FM tezliyindən çıxarılmasına da münasibət bildirib. “Hökumət bu qərarını dəyişdirməlidir. Çünki əhali onları sevirdi”. Haraşti deyib ki, Azərbaycan hökuməti həm də hüquq-mühafizə orqanlarına göstəriş verməlidir ki, onlar media nümayəndələrini qeyri-jurnalist fəaliyyətinə görə təqib etməsinlər. Buna misal olaraq cənab Haraşti hazırda həbsdə olan jurnalist Eynulla Fətullayev və bloggerlərdən danışıb: “Azərbaycan hökumətinin bir neçə gün vaxtı var ki, Eynulla Fətullayevi azad etsin və ona kompensasiya ödəsin”.

 

Yayıma gəldikdə, Mikloş Haraşti deyib ki, hazırda bir çox səslər eşidilmir: “Seçki ərəfəsində müxalifətə də yer verilməlidir. Televiziyalar həm əyləncə, həm də xəbərləri ətraflı işıqlandırmalıdırlar”.

 

Seminarın aparıcısı Erik Fixtelius bir neçə dəfə israrla Əli Həsənovdan “Niyə Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarına əməl etmir, niyə Eynulla Fətullayev azadlığa buraxılmır” suallarına cavab istəyib. Nəhayət, Əli Həsənov “Mən hər şeyə cavabdeh deyiləm. Mən jurnalistin həbsə qədərki fəaliyyətinə görə cavabdeh ola bilərəm. O, həbsə girəndən sonra cinayətkar sayılır” deyib. Əli Həsənov tədbir təşkilatçılarına iradını da bildirib. Deyib ki, “bütün dünya belə düşünmür. Siz, Haraşti dünya demək deyil. Biz bu məsələlərin hardan idarə olunduğunu bilirik”. Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır